Rəssam Sənan Abusəmədzadənin fərdi
sərgisi açılıb
Rəssam Sənan Abusəmədzadənin fərdi yaradıcılıq sərgisinin açılışı keçirilib. Sənan Hilal oğlu Abusəmədzadə 6 mart 1968-ci ildə Bakı şəhərində anadan olub. 1984-1988-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1991-1997-ci illərdə isə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn fakültəsini bitirib. Bədii yaradıcılıq fəaliyyətini görkəmli Azərbaycan rəssamı Böyükağa Mirzəzadənin rəhbərliyi altında davam etdirib, təsviri sənətin sirlərini bu görkəmli fırça ustasından öyrənib. İncəsənətə olan dərin marağı, işgüzarlığı ilə fərqlənən S.Abusəmədzadə 1998-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub.
Mənzərə, portret, natürmort, tematik əsərləri özünəməxsus rəng və kompozisiya həlli ilə seçilir. Öz əsərlərində doğma Azərbaycanın o, cümlədən Abşeronun təbiət gözəlliklərini tərənnüm edir. Bu əsərlərinin lirik və romantik əhval ruhiyyəsi rəssamın vətənpərvərliyindən xəbər verir. S.Abusəmədzadənin yaratdığı portret əsərləri dərin psixologizmi, nikbin əhval-ruhiyyəsi ilə insanı cəlb edir. Azərbaycan xalqının həyat tərzi və məişətindən bəhs edən natürmortlarında təsvir olunan qədimi mis qablar, xalçalar rəssamın öz sənətinə peşəkar yanaşmasından xəbər verir.
S.Abusəmədzadənin əsərləri Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, İsrail, Səudiyyə Ərəbistanı, Rusiya, Avstriya, Fransa və Türkiyədə keçirilmiş sərgilərdə nümayiş olunmuş, bir neçə əsəri isə sadalanan ölkələrdə şəxsi kolleksiyalara daxil olunub.
S.Abusəmədzadə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bir neçə əsəri alınaraq Dövlət Rəsm Qalereyasının fonduna salınıb.
20 ilə yaxın bir müddəti əhatə edən yaradıcılıq fəaliyyəti dövründə S.Abusəmədzadənin fərdi sərgisi ilk dəfə keçirilir və tamaşaçılar onun əsərləri ilə tam şəkildə tanış olmaq imkanı əldə ediblər.
Sərgidə rəssamın müxtəlif illərdə yaratdığı natürmort, portret, mənzərə janrında yaratdığı 50-ə yaxın əsər nümayiş etdirilir.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 11 iyun.- S.20.