130 yaşlı qəzet
“Kaspi”nin qürur duyulası tarixi
XIX əsrin
sonlarında Bakıda rus dilində bir neçə qəzet nəşr
edilirdi. 1871-1872-ci illərdə ilk nəşr edilən
“Bakinskiy listok” (“Bakı vərəqəsi”) qəzeti iqtisadi və
ədəbi-siyasi mövzulara üstünlük verirdi. 1876-cı ildə Bakıda rus dilində nəşr
edilən “Bakinskiye izvestiya” (“Bakı xəbərləri”) qəzeti
isə Bakı Quberniya İdarəsinin rəsmi orqanı idi.
1900-cü ildə bütün Qafqazda 47 mətbuat
orqanı mövcud idi ki, onlardan 33-ü rus dilində nəşr
edilirdi.
Azərbaycanda
rus dilində nəşr edilən bu mətbuat orqanları
sırasında ən mühüm yeri “Kaspi” qəzeti tuturdu. Bu dövrdə
tanınmış azərbaycanlı ziyalılar bu qəzetin səhifələrində
maraqlı yazılarla çıxış edirdilər.
“Kaspi” qəzetinin
yaradılması ideyası “Bakinskiye izvestiya” qəzetinin
redaktoru Viktor Vasilyeviç Kuzminə məxsus olub. Qəzetin nəşrinə
icazə 1880-ci ilin 8 dekabrında verilib. Qəzetin
ilk sayı isə 1881-ci ilin yanvarın 1-də şəxsi mətbəədə
nəşr edilib.
“Kaspi” qəzetinin fəaliyyət
proqramı belə olub: 1) Yerli və ümumdövlət
işi haqqında baş məqalə; 2) Gündəlik hadisələrin
icmalı; 3) Rusiyada və xarici ölkələrdə neft
işi; 4) Port; 5) Nəsr əsərləri; 6) Xronika; 7)
Elanlar.
Qeyd edək ki, “Kaspi” qəzetinin
müxtəlif vaxtlarda ayrı-ayrı redaktorları olub: 1) Q.E.Startsev
– 1887-ci ildə V.V.Kuzminin xəstəliyi ilə bağlı qəzetin
müvəqqəti redaktoru olub; 2) V. P. Liçkuş – Xomutov
– yerli gimnaziyanın müəllimi olub, 1887-1888-ci illərdə
redaktorluq edib; 3) P. T. Qordiyevski, Tiflisdə nəşr edilən
“Qafqaz” qəzetinin əməkdaşı olub, 1888-1889-cu illərdə
redaktorluq edib; 4) N. A. Sokolinski, keçmiş hərbçi,
olub 1889-1897-ci illərdə redaktorluq edib.
1897-ci ildə
N. A. Sokolinskinin ölümündən sonra tanınmış
Azərbaycan milyonçusu və maarifpərvər xadimi H.Z.Tağıyev
qəzetin sahibi olur və qəzetin redaktorluğunu ilk dəfə
olaraq azərbaycanlı Ə. Topçubaşova həvalə
edir. Ə.
Topçubaşov 1907-ci ilə qədər qəzetin redaktoru
olub, bir müddət isə Ə. Hüseynzadə qəzetin
redaktorluğunu edib. Sonradan isə 1907-1919-cu illərdə
qəzetin redaktoru vəzifəsini A. A. Veynberq həyata
keçirib.
Qeyd edək ki,
“Kaspi” qəzeti 29-cu sayına qədər həftədə
iki dəfə çıxıb. Qəzet 1881-ci ilin iyulundan həftədə
üç dəfə, 1884-cü il
yanvarın 1-dən isə gündəlik olaraq nəşr
edilməyə başlayır.
“Kaspi” qəzeti
nəşr edildiyi ilk illərdə geniş ictimai
auditoriyanı əhatə etmək imkanında deyildi. Odur ki, fəaliyyətinin
ilk dövrlərində qəzet daha çox yerli xarakter
daşıyan mövzulara üstünlük verirdi. Yəni qəzetin səhifələrində neft sənayesi,
Zaqafqaziya dəmiryolu, ticarət və başqa mövzular
üstünlük təşkil edirdi.
Qəzetin ilk
redaktoru olan V. Kuzmin 1886-cı ilin yanvarın 1-də “Kaspi” qəzetinin
Azərbaycan dilində “Çıraq” adlı əlavəsini
nəşr etməyə çalışsa da, bu işi
reallaşdıra bilmədi. O dövrdə mövcud olan Senzura
Komitəsi buna icazə vermədi.
“Kaspi” qəzetinin
Azərbaycan mühitinə təsirinin artırılmasında
1889-cu ildən redaktorluq edən N.A.Sokolinskinin böyük rolu
oldu. Rusiya jurnalistləri arasında məşhur olan N. A.
Sokolinski qəzetin əhatə dairəsinin genişlənməsinə
ciddi zəhmət sərf etdi.
XIX əsrin
90-cı illərində demokratik ruhlu bir qrup
yazıçı-publisist qəzetlə əməkdaşlığa
başlayır. Bu dövrdə redaksiya heyətinə də yeni üzvlər
daxil edilir: M.Mahmudbəyov, N.Nərimanov, M.T.Sidqi, M.Şahtaxtlı
və başqaları. Tanınmış
jurnalist H. Zərdabi qəzetlə əməkdaşlıq
edir, məşhur folklor toplayıcısı T.B.Bayraməlibəyovun
yazıları nəşr edilir, N.Vəzirovun qəzetlə
yaradıcılıq əlaqələri möhkəmlənir.
Eyni zamanda qəzetin səhifələrində
rus və gürcü mədəniyyətinin aparıcı
xadimlərindən olan İ. Svedentsevin,
Qəzetə
yeni qüvvələrin cəlb edilməsi nəticəsində
tarixlə, etnoqrafiya və yerli xalqların ədəbiyyatı
ilə bağlı materiallar nəşr edilir. Eyni zamanda qəzetdə
Rusiyada və xarici ölkələrdə baş verən
yeniliklər, hadisələr əksini tapır. Məhz bu dövrdə qəzetdə “teatr və
musiqi” rubrikası açılır və burada Bakının
musiqi və teatr həyatı haqqında məlumatlar verilir.
Oxucular məhz bu qəzet vasitəsi ilə Azərbaycanın
görkəmli dramaturqları olan M F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin,
Bu dövrdə “Kaspi” qəzeti
öz oxucularını Azərbaycan klassik irsi, xalq
yaradıcılığı, ayrı-ayrı yazıçı
və şairlərin yaradıcılığı ilə də
Qeyd etdiyimiz
kimi, 1890-cı illərdən başlayaraq Azərbaycanın
tanınmış jurnalist və yazıçılarından
olan H. Zərdabi, M.A.Şahtaxtinski “Kaspi” qəzeti ilə əməkdaşlığa
başladılar. 1891-ci ildən elm və maarif xadimi olan M.A.Şahtaxtinskinin
bu qəzetdə yazılarına rast gəlmək
mümkündür. Hətta qəzetin
redaktoru N. A. Sokolinski üç ay müddətində
Bakıda olmadığı zaman qəzetin müvəqqəti
redaktorluğunu M.A.Şahtaxtinski yerinə yetirib.
“Kaspi”dəki məqalələrində
M.Şahtaxtinskinin böyük savad və istedadı, geniş
dünyagörüşü özünü göstərməkdədir. Bu yazılarda
onun maarifçi, filosof, publisist, tarixçi, diplomat kimi
yüksək qabiliyyəti görünməkdədir. M.F.Axundovun və H.Zərdabinin maarifçi
görüşlərini davam etdirən M.Şahtaxtinskinin
“Kaspi”dəki yazıları ciddi öyrəniləsi zəngin
bir irsdir. Şərq mədəniyyəti
və tarixinin gözəl bilicisi olan M. Şahtaxtinski həyatın
bütün sahələrində yenilikləri izləyir və
öz yazılarında əks etdirirdi. M.A.Şahtaxtinskinin
“Kaspi” qəzetində fəaliyyəti və məqalələrində
toxunduğu problemlər aktual və dəyərli idi.
“Kaspi” qəzetində
Azərbaycan mətbuatının banisi H.Zərdabinin də dəyərli
yazıları çap edilirdi. H.Zərdabinin bu qəzetdəki
fəaliyyəti 1896-1907-ci illəri əhatə edir. Öz yazılarında o, yüksək ixtisaslı
kadrların yetişdirilməsi üçün xüsusi məktəblərin
açılmasını, xalqın güzəranının
yaxşılaşdırılmasını, fəhlələrin
və onların uşaqlarının təhsil almasının
vacibliyini qeyd edirdi. Eyni zamanda o,
yazılarında kənd təsərrüfatının
inkişafına diqqət yetirirdi, təbii sərvətlərin
dağıdılmamasını, meşələrin
qorunmasını əhəmiyyətli hesab edirdi. 1897-ci ildə Azərbaycanın tanınmış
mütəfəkkiri Əhməd bəy Ağayev H. Z.
Tağıyevin dəvəti ilə Bakıya gəldikdən
sonra realnı məktəbdə pedaqoji fəaliyyətini davam
etdirir və “Kaspi” qəzetində əməkdaşlığa
başlayır. Bu dövrdə o, daha çox islam dini ilə bağlı məqalələr
yazaraq, “Kaspi”də çap etdirir. Özünün
məşhur “Maariflənmə ehtiyacları” məqaləsində
o, İslamın tarixinə, İslamın elmə, maariflənməyə
və inkişafa münasibətini açıqlayır, ciddi
təhlillər aparır (1893, N225).
Bu dövrdə Ə.
Ağayev “Kaspi” qəzetində çox dəyərli
yazılar çap etdirir: 1) “Azərbaycan-tatar dilində qəzetin
vacibliyi”(1900, N262), “Şərqdə mətbuat
məsələləri” (1900, N128).
Onun 1899-cu ildə
“Kaspi”də çap edilən (N262) “Şərqdə
jurnalistikanın icmalı” oçerki çox aktual və dəyərlidir.
“Kaspi” qəzetinin
fəaliyyəti tarixində Ə. Topçubaşovun
xüsusi xidməti var. Ə. M. Topçubaşovun “Kaspi”dəki
fəaliyyəti onun bir yaradıcı şəxsiyyət və
publisist kimi dünyagörüşünün
formalaşmasında böyük rol oynayıb. Ə.
Topçubaşov “Kaspi” qəzetində redaktor kimi 1898-ci ilin
24 iyunundan – 1907-ci ilin 20 oktyabrına qədər
çalışıb. “Kaspi” qəzetinin
bu dövrdə çıxan saylarını təhlil etdikdə
onun çox təcrübəli və istedadlı bir jurnalist
olduğunu görürük. Dünya mədəniyyəti
ilə tanışlığı, doğma ədəbiyyat ənənələrinə
bağlılığı onun görkəmli bir publisist kimi
formalaşmasına ciddi təsir göstərib. Qəzet redaktoru kimi böyük səlahiyyətlərə
malik olması onun redaksiya işində ciddi dəyişikliklər
etməsinə şərait yaradırdı. Məhz bu dövrdə 1890-cı illərin
sosial-iqtisadi və siyasi həyatı qəzet səhifələrində
əhəmiyyətli yer tuturdu. Açıq
imza ilə də Ə. Topçubaşovun çox məqalələri
çap edilib. Amma “Kaspi”də o,
yazılarını daha çox “T” və “Ə. M.”
imzaları ilə çap etdirirdi.
Ə. M.
Topçubaşov jurnalistikanın əsas vəzifəsini
xalqın ehtiyacını əks etdirməkdə də həqiqətə
xidmətdə görürdü. Odur ki, Ə.M.Topçubaşovun
“Kaspi”yə gəlişi ilə qəzet daha çox ictimai
maraq kəsb etməyə başladı. Bu
faktı sübut edən həm də qəzetin həmin dövrdəki
tirajı idi. “Qafqaz Təqvimi”ndə verilən məlumata
görə 1899-cu ildə “Kaspi” qəzeti 2500 tirajla, 1900-1902-ci
illərdə 3500 tirajla, 1904-cü ildə 5100 tirajla,
1906-cı ildə isə 10 000 tirajla nəşr edilirdi. Bu da Ə.M.Topçubaşovun yüksək redaktorluq
bacarığının nümunəsi idi.
Azərbaycan
milli istiqlal mücadiləsi və dövlətçiliyi
tarixində önəmli yer tutan Ə.M.Topçubaşov rus və
Qafqaz mətbuatında da dərin iz qoyub. Onun “Kaspi” qəzetində
nəşr edilən yazıları isə olduqca aktual və
maraqlıdır.
Qeyd edək ki, məhz Ə.M.Topçubaşovun
redaktorluğu dövründə “Kaspi” qəzeti “Ümumrusiya
Müsəlmanları qəzeti” kimi məşhurlaşdı və
oxunaqlı mətbuat orqanına çevrildi.
Qəzetin
redaktorluğunu edən Ə.M.Topçubaşov “Kaspi”də
çox kəskin və problem xarakterli yazılarla da
çıxış edirdi. Onun “Kaspi”də nəşr edilən
məqalələrindən biri belə adlanır: “Müsəlmanlar
azadlıq hərəkatında” (1905, N216). Məqalə
1905-ci ilin 17 oktyabrında çarın qəbul etdiyi məşhur
manifestə həsr edilib. Manifestin ümumi
təhlilini verən Ə.M.Topçubaşov məqalədə
bir məqama xüsusi diqqət yetirir: “Azadlıq o yerdə
yaşayır ki, orda insanlar onun uğrunda ölməyə
hazırdır. Kim həqiqəti
yaşatmaq istəyirsə, qoy milli-azadlıq hərəkatına
qoşulsun və həlak olsun, nəinki, hüquqsuz bir qul kimi
yaşasın”.
Qeyd edək ki,
Ə.M.Topçubaşovun publisistikasını fərqləndirən
başlıca cəhət onun yüksək
ideyalılığında və demokratikliyində idi. O, toxunduğu bütün
problemləri sadə, aydın və canlı olaraq təqdim
etməyi bacarırdı. Və bu, təsadüfi
deyildi. O, hələ yüksək savadı olmayan oxucunu
öyrətmək və ciddi yazılar qəbul etdirmək
üçün uğurlu müqayisələr aparır, bənzətmələrdən,
xalq məsəllərindən istifadə edirdi.
Onun
yazılarını fərqləndirən digər
başlıca xüsusiyyət isə aktuallıq idi. Həmin
aktuallıq bu gün də oxucuları cəlb edir və
maraqlandırır.
Ə.M.Topçubaşovun
“Kaspi”də çap edilən yazılarında Qarabağda olan
vəziyyətə, ermənilərin azərbaycanlılara
qarşı yürütdüyü siyasətə və
mövcud ziddiyyətlərə xüsusi diqqət yetirilirdi. Ə.M.Topçubaşov
“Kaspi” qəzetində nəşr edilən Azərbaycanın
ictimai-siyasi həyat hadisələrinə toxunan
yazılarında isə maarifçilik çərçivəsindən
kənara çıxır, Birinci Rus İnqilabı illərində
o, daha çox vicdan, söz, mətbuat azadlığı ilə
bağlı publisistik yazılar çap etdirirdi.
Qeyd edildiyi
kimi, “Kaspi” qəzetində nəşr edilən yazılar məzmun
və ideya baxımından çox zəngin və
maraqlıdır. Bu yazılar o dövrün problemlərinin
və aparıcı demokratik ziyalıların ideya və fikirlərini
öyrənmək baxımından çox əhəmiyyətlidir.
Qəzetin
materialları sübut edir ki, “Kaspi” ilk sayından son
dövrünə qədər Azərbaycanda maarifçilik
ideyalarının yayılmasında, keçmiş mədəni
irsin təbliğində, teatrın inkişafında, doğma
ana dilində mətbuatın yaradılmasında mühüm
rol oynayıb.
Nəsiman YAQUBLU,
tarix elmləri namizədi
525-ci qəzet.- 2011.- 11 iyun.- S.9.