Vurulmuş
Ailə albomumuza baxıram. Şəkillərdən birində anamın qucaqdayam, o birində məktəbliyəm, bir başqasında gözlərimi qıyıb təəccüblə fotoaparata baxıram. Məqsədim, “novator” şairlər demiş, “özümü axtarmaq” deyil, uşaqlıqda yanından qaçıb getdiyim (ya da yanımdan qaçıb gedən) zamana fotoların gözüylə baxmaqdı. Fotolara baxdıqca düşünürəm ki, şəkillərdə başqaları daha maraqlıdı. Gülümsəyənlər, üz turşudanlar, dəcəllər, kostyumu asılqanı ilə birgə geyinmiş şax duruşlu kişilər, qocalmamış qadınlar...
Atamla anamın toy kasetinə
baxıram. Mənim olmadığım yeganə məclisdi bu,
amma əvəzində, nənələrim, babalarım
burdadı. Yeriyirlər, gülürlər,
danışırlar. Keçmişdən gələn səsləri
nə qədər təmizdir, doğmadır. Sanki
yaşayırlar. Bəlkə də yaşayırlar. Elə
bil yaşayıblar...
Fotolarda da, kasetlərdə də
aydınca görünür ki, qadınlar
saçlarını “minik sərçəyə” kəsdirib,
paltarlarını isə Zeynəb Xanlarovadan “prokat”a
götürüblər. Bir az da alınmamış Aydan Şənərlik
var. Dəyişməyən isə bircə məsələdi:
fotoaparatı, ya da kameranı görən kimi hamı çəngəlindəki
kolbasanı qaytarıb boşqaba qoyur. Bəziləri isə
kameranı görməkdə gecikib deyə, tikəsini
ağzında saxlayıb; elə bil şkafdan konfet
oğurlayan uşağı “iş” üstündə tutublar.
Babalarımın
kostyumları təmiz Yuqoslaviya malı, siqaretləri “Malbro”du,
əsəbləşəndə çeynədikləri
bığları şəvə kimidi və... nə vaxt istəsələr,
Şuşaya gedə bilərlər deyə, yerişləri,
gülüşləri şuxdur.
Yavaş-yavaş
yaddaşımın qaranlıq künclərinə
işıq düşür. Yəqin mənim
olmadığım bu məclisin kulisində qadınların
adamları əşyalara görə dəyərə mindirən
ənənəvi məntiqi yenə öz işində olub:
Qızın cehizindəki qab-qacaq “çexski”, mebeli
“rumınski “, televizoru “yaponski”di.
Biz “Torqovı”
dövrünün çosuklarıyıq. Deyirlər ki,
siqaretin bahalısının, içkinin təmizinin,
paltarın keyfiyyətlisinin olduğu yeganə yer
“Kubinka”ymış. Toyların dəbdəbəlisi
“Abşeron” mehmanxanasında olurmuş. Deyirlər ki, “Parapet”
bağında yaxşı dondurma verirlərmiş. 25 rubl
böyük pul imiş, “Jiquli”nin rəngi “bordovı”
olmalıymış, yaxşı adamlar çoxuymuş və
adamlar yaxşı yaşayırmış...
80-ləri deyə bilmərəm,
amma 90-cı illəri küçə-küçə,
saqqız-saqqız, söyüş-söyüş,
mahnı-mahnı, ölüm-ölüm xatırlayıram.
Çünki 80-ci illərin içində cəmi dörd il
yaşamışam, 90-ları isə bütünlüklə.
Əvvəl “Dendi” kompyuterləri
və ordakı “Super Mario” , sonra isə “Sega” və “Mortal
Kombat” oyunu, “turbo” saqqızları, “Fanta”nın şüşə
qablaşdırması, ən güclü adamın Vandam, ən
yaxşı futbolçunun Baccio, ən məşhur radionun
“Sara” olduğu zamanlar...
Vandamla bağlı yadıma
bir cümlə düşür. Qonşu məhlənin
uşaqlarından kimsə təxminən belə demişdi:
“Vandamlardan ən güclüsü Ceki Çandı”. Həmin
vaxtlar bir saqqız vardı ki, onun içindən məşhur
döyüş filmi aktyorlarının şəkilləri
çıxırdı. Satıcı bir albom da satırdı
və həmin alboma saqqızdan çıxan şəkilləri
sırayla yapışdırıb qaytarana futbol topu verirdi. 13
nömrəli şəkil heç vaxt tapılmırdı (nəbadə
düşünəsiniz ki, nəhsdi ona görə ha! ). Biz
fanta qapağında maşın uduşu olanacan həmin 13
nömrəni gözlədik, sonra isə şəkil
yığmağı tərgidib “Fanta” qapağı
yığmağa başladıq. Uduşda maşın
olduğunu biləndə, əvvəllər “tərləmisən,
içmə, bunlar sok deyil, poroşokdu” deyən valideynlər
“uşağın könlü istəyir, qoy içsin“ə
keçdilər. İki maşının pulunu “Fanta”ya xərcləyib,
bir şey yiyəsi olmayan adamlar “Koka Kola” firması haqqında
belə bir şaiyə yaymağa başladılar: guya kimsə
“Kola”nın içinə lezva atıb və lezva orda əriyib.
Bunun dalınca isə təxminən belə cümlələr
gəlirdi: gör bizə nə içirdilər eee... mən
uşaqları qoymuram içməyə, özüm susayanda
içirəm... ta məndən keçib onsuz da...
“Kola”nın ümummilli gileyə
dönüşdüyü illərdə adamlar “Sara” radiosunun
axşam 6-dakı musiqi proqramına elə qulaq
asırdılar ki, elə bil sonralar dövlət
televiziyasında “Sən bir nəğmə” verilişinin
aparıcısı olacaq Ceyran xanım İbonun mahnısından
sonra onlara “Fanta”dan nəyə görə maşın uda bilmədiklərini,
niyə o saqqızdan 13 nömrənin
çıxmadığını deyəcək. Niyə
Qorxmaz Əlilinin lototronuyla bizim əlimizdəki biletin
heç vaxt düz gəlmədiyini başa salacaq. Elə bil
açıqlayacaq ki, niyə həmin proqramda sonacan ayaqüstə
dayanan uzunayaq xanımların üzlərindəki məşq
edilmiş gülüşdə, bığları İbrahim
Tatlısesi yamsılayan Ağadadaş Ağayevin oxuduğu
mahnıya sonsuz nifrət var.
1996-cı il idi. Yaşım
10 və mənim üçün dünya məhləmiz qədər
bir yeriydi. Qonşuda bir qız sevirdim. “Sara” radiosunda hər
axşam İbonun “Haydi söylə” mahnısına qulaq
asıb, o qıza sevgimi necə söyləmək haqda
için-için düşünürdüm. Kafamda min
cür senaryo qururdum və o senaryoların hamısı
İbonun kliplərini yamsılamaq idi. Neyləyə bilərdim,
“bir kulunu çox sevirdim, o məni heç sevmiyor”du. O zamanlar
hələ disklər yoxuydu və mən dayımın əngin
videokaset kolleksiyasından İbonun filmlərini
çırpışdırmışdım : “Allah Allah”,
“Hülya”, “Mavi mavi”, “ Gülümse bir az”, “Fosforlu”,
“Yalnızım “. Ən çox sonda İbonun
öldüyü filmləri sevirdim. İlk sevginin çosukca
və təmiz ağrısı məni elə
düşünməyə vadar edirdi ki, İbo kimi səhnədə
mahnı oxuduğum yerdə ölsəm, Hülya qiymətimi
bilər. Qızın adı Leyla idi deyə Hülya ilə
onun arasında bir uyğunluq tapmışdım. Dərd
orasıydı ki, İboyla öz aramda oxşarlıq tapa
bilmirdim. Onun kimi səsim olmadığı üçün
çarə qalırdı ancaq onun kimi ölməyi
düşünməyə. Bala-bala böyüdükcə və
qızın mənə meyli olmadığını
anladıqca İbonun yox, Hülyanın öldüyü filmləri
sevməyə başladım. Çünki bu daha sərfəliydi.
Birincisi, mən sağ qalırdım. İkincisi isə,
ölən sevgilinin arxasından ağlamaq, əzab çəkmək,
fəryad etmək daha kədərli və yaradıcı
görünürdü. Sonralar Borxesdə o yaşdakı
düşüncələrimi bütünlüklə ifadə
edən bir cümlə oxudum: “ Əlbəttə, mən də
bütün yeniyetmələr kimi o yaşlarda mümkün qədər
bədbəxt olmağa çalışırdım“.
Zaman ötdü və “ABA”
televiziyası “Sara” radiosunun şöhrətini əlindən
aldı. Bu dəfə də Tatlısəsin kliplərinə
vurğunluq dövrüm başladı. “Haydi Söylə”nin
klipinə baxırdım və səhəri gün məktəbdə
sevgilimin gülüşü ilə Gülbən Ərgənin
klipdəki şirin gülüşü arasında paralel
axtarırdım. İbrahim “ Allahım, nəydi
günahım” klipində Pınar Dilşəkərə
şillə vururdu, Pınar xanım da üzünü
otobüsün çamına söykəyib
xısın-xısın ağlayır, klipin axırını
gözləyirdi ki, İbo gəlib onun yanında otursun və
barışsınlar. Çarpayıma uzanıb bu səhnəni
min dəfə xəyal etmişdim, amma bu şarkını
Kayahan mənim üçün bəstələməmişdi.
“İbonu vurublar” xəbərini eşidəndə elə bildim ki, kimsə mətbəxdəki radiomuzu, radio “Sara”nın 6-dakı verilişini, “ABA” kanalını, ilk sevdiyim qızı, Hülya Avşarlı sevgi filmlərini, Gülbən Ərgənin gülüşünü, Pinar Dilşəkərin avtobusdakı ağlayan görüntüsünü dartıb əlimdən alıb, bunların hamısını itirmişəm. Kimsə uşaqlığımın məni ən çox ağrıdan, amma mənim üçün sevimli dövrünün xatirələrini, görüntülərinə, qoxularına və SƏSinə güllə atıb. Adam da səsə güllə atarmı? Atmaz. İbo mənim üçün təkcə Səsgələn deyil, həm də İşıqgələndi. Adam da işığa güllə atarmı? Atmaz.
İbonun
orkestrə, mikrofona ehtiyacı yoxdu. Pop da oxuya bilər,
türkü də, uzun hava da, hoyrat da, türk sanat muziyi də.
Onun oxumadığı, sadəcə qonaq kimi dəvət
olunduğu onlarla tədbirdən görüntülərə
baxmışam. Hamısında da mənə elə gəlib
ki, qəfil yerindən qalxacaq və bir uzun hava oxuyacaq. Hamı
da bundan sonra elə davranacaq ki, elə bil onlar özləri onu
səhnəyə çağırıblar, heç də dəvətsiz,
təklifsiz oxumayıb. Məsələn, o, deputat olsa,
Türkiyə Böyük Millət Məclisində birdən
belə bir uzun hava oxuya bilər :
Yara sızlar,
Ox dəyib yara sızlar.
Yaralının halından,
Nə bilsin yarasızlar.
Arabeskçilərin
içində yeganə sənətçi odur ki, filmləri
təkcə yüngül sevgi tematikası ilə məhdudlaşmır.
Filmlərinin yönətməni özü olmağa
başlayandan Türkiyənin müxtəlif təbəqələrindəki
insanların durumuna özünəməxsus yorumlar gətirdi.
“Fosforlu” filmindən bir fraqmenti xatırlayıram. Filmin qəhrəmanları
Şahin (İbo) və Fosforlu adlı (Sevtap Parman) bir yerdə
böyümüş iki cüvəllağıdı.
Uşaqlıqdan bir yerdə oğurluqlar edib, zindana
düşüblər. Missiyaları bir növ Robin Qud
missiyasıdı: varlıdan alıb kasıba vermək. Bir
gün vapurda çantalı bir kişini qaralayırlar ki,
portmanatını oğurlasınlar. Oyunu qururlar və
kişinin cüzdanını
çırpışdırırlar. Şəhərin sakit
bir parkına gəlib nə qədər qazandıqlarına
baxmaq üçün portmanata açırlar. Portmanatdan
işıq pulu, qaz pulu və başqa, borclara aid sənədlər
çıxır...
Onun səsi həmişə
müxaliətdə olub, özü isə dövlətin
yanında. Abdullah Uçmakın dəstəsinin
atdığı güllə İbonun başının
sağ tərəfindən dəydi və onun sol tərəfini
iflic etdi. Səhər günü başbakan Ərdoğan
Tatlısəsin ona yazdığı, Tayyip bəyə
öygü dolu sms-i jurnalistlərə oxudu. Sonra xəstəxanada
ziyarətinə getdi. Orda Ərdoğanın İbonun sağ əlindən
tutduğu fotolar çəkildi. Sanki Rəcəb bəy belə
demək istəyirdi: İbocuum, sol tərəfin olmadıqca
biz sənin yanındayıq. Sol tərəfin olmadıqca səsin
təkcə boğazından yox, həm də seçki
qutularından çıxa bilər. İbo isə sanki belə
demək istəyirdi : Vurmayın, arkadaşlar, bən
yaralıyım.
...Amma onu vurdular...
QİSMƏT
525-ci qəzet.- 2011.- 11 iyun.- S.10.