“Polşadakı
Azərbaycan siyasi mühacirəti irsindən”
kitabının təqdimatı
olub
TƏRTİBÇİSİ VƏ ELMİ REDAKTORU
VİLAYƏT QULİYEV OLAN BU NƏŞRDƏ AZƏRBAYCAN
TARİXİLƏ BAĞLI MÜHÜM MƏTLƏBLƏR
İŞIQLANDIRILIB
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Mərkəzi Elmi
Kitabxanasında Azərbaycanın
Macarıstandakı səfiri
Vilayət Quliyevin tərtibçisi və elmi redaktoru olduğu “Polşadakı Azərbaycan siyasi mühacirəti irsindən”
kitabının təqdimat
mərasimi keçirilib.
Tədbirdə giriş sözüylə
çıxış edən tədqiqatçı Asif
Rüstəmli V.Quliyevin elmi fəaliyyəti, indiyə qədər
nəşr olunan kitablarının mövzusu və əhəmiyyəti
barədə məlumat verib. A.Rüstəmli
iştirakçıları təqdim olunan yeni kitab haqda da məlumatlandırıb.
Mərasimdə
çıxış edən AMEA Ədəbiyyat
İnstitutunun direktoru Bəkir Nəbiyev bildirib ki, kitabda Azərbaycan
siyasi mühacirət nümayəndələrinin 1930-cu illərdə
Polşada dərc edilən və elmi ictimaiyyətə məlum
olmayan publisistik və tarixi-ədəbi irsinin nümunələri
toplanıb, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala
Məmmədzadə, Mir Yaqub və Xalq Cümhuriyyətinin digər
görkəmli xadimlərinin azadlıq mübarizəsi
işıqlandırılıb. B.Nəbiyev
müəllifin alim və diplomat kimi gördüyü işləri
yüksək qiymətləndirib, onu ən fəal və fədakar
tədqiqatçılardan biri olaraq gördüyünü
bildirib. Akademik qeyd edib ki, Vilayət
Quliyevin son illərdə apardığı elmi tədqiqatlar
da elə diplomatik fəaliyyətinin mühüm bir hissəsi
kimi dəyərləndirilə bilər.
Təqdimat mərasiminə
telekörpü vasitəsilə qatılan V.Quliyev isə deyib
ki, bu il Azərbaycan dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünü qeyd edəcək
və kitab bu əlamətdar hadisəyə həsr olunub: “Azərbaycan
qarşısında hər birimizin borcumuz var. Bunu harada
olmağımızdan asılı olmayaraq yerinə yetirməliyik.
Kitabda ilk dəfə dünyanın siyasi xəritəsinə
“Azərbaycan” adını gətirənlərin sonradan bu ideya
uğrunda apardıqları mübarizə əks olunub”.
Daha sonra Ədəbiyyat
İnstitutunun direktor müavini, tanınmış alim Teymur Kərimli
çıxış edib (onun çıxışı bu
sayımızda dərc olunub).
Sonra professor Qəzənfər
Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad
Məcid, professor Nazif Qəhrəmanlı Vilayət Quliyevin
elmi yaradıcılığı barədə, onun əsərlərinin
önəmliliyi haqda çıxış ediblər. Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov
bu kitabın tarixçilər üçün də dəyərli
məxəz olduğunu vurğulayıb.
Sonda Vilayət
Quliyev tədbirə qatılanlara minnətdarlığını
bildirib, səslənən fikirlərə münasibətini
açıqlayıb, düşüncə və mülahizələrini
bölüşüb.
525-ci qəzet.-
2011.- 14 iyun.- S.7.