Türk Dünyasında ədəbiyyat,
ədəbiyyat(ımız)da Türk Dünyası
Yazıçıların XIII Qurultayı
qarşısında düzənlənən silsilə tədbirlər
çərçivəsində oxunmuş məruzədən
bir hissəni oxuculara təqdim edirik
Türk Dünyası! Dünya içrə dünya deyilən böyük coğrafi-mədəni ünvandan söhbət gedir... Və bu söhbət Ədəbiyyat planında, Söz sənəti üzərindədir. Gəlin ilk öncə aydınlaşdırmağa çalışaq: Türk Dünyasında dərinləşmiş ilişkilər ( – Ədəbiyyatla da dərinləşdirməyə çalışdığımız ilişkilər), “Türk birliyi”, bu birliyin mahiyyəti nədir, nə üçün vacibdir? Mümkün cavablardan biri yəqin belə olardı: Türk Dünyası türk dövlət və topluluqlarını çevrələyən, türkün maddi-mənəvi ünvanlarını ehtiva edən coğrafi və habelə etnoqrafik məkandır. Türk birliyi zamanında mövcud olmuş bir soy birliyidir. Türk birliyinin bütün soy coğrafiyamız üzrə oturuşması, bəlkə daha doğru olar desək, hərəkətə keçməsi lazımdır. Türk Dünyasının ümumdünya miqyasında görünməsinin digər uğurlar, başarılar, töhfəflərlə yanaşı önəmli dərəcədə Ədəbiyyatla bağlılığını, Prezident Heydər Əliyevin 6 noyabr 1996-cı ildə – Türk Dünyası Yazıçılarının III Qurultayındakı nitqindən götürdüyümüz fikirlərlə ifadə edək: “...Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası, bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır.
...Xalqlarımız tarix boyu insan həyatının bütün sahələrində, bəşəriyyətin bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və böyük bədii əsərləri, musiqisi ilə parlaq səhifələr yazmışlar. Bunların arasında şairlərimizin, yazıçılarımızın xidməti və tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin qiyməti çox böyükdür.”
Doğrudan da, Türk birliyi ideyası uğrunda hərəkatın alt yapısını tarix boyu yaradıcı insanlar, şairlər, ozanlar, dərvişlər, fikir adamları oluşdurublar. Qələm adamının türk birliyi adına verdiyi dəstəyin ( – o dəstəyin ruhani, ideoloji, fəlsəfi, kültürəl libasda olmasından asılı olmayaraq) gələnəyi, təcrübəsi var və yeni ədəbi nəsil də o xəttin qırılmamasında maraqlı olmalıdır. Bir gürcü filminin adı ilə desəm , “Köklərə borclu budaqlar” kimi...
Kaşğarlı Mahmudun, Əhməd Yasəvinin, Yunus İmrənin, Əlişir Nəvainin, Məhdumqulunun... adı bu gün, onların zamanındakı digər sənət-peşə yiyələrindən daha intensiv xatırlanan, daha tez-tez çəkilən mənəvi ünvanlardır. Heç təsadüfi deyil ki, onların hər biri Türk Dünyası Ədəbiyyatı dedikdə gözlər önünə ilk sırada gələn böyük adlar arasındadır...
Türkçülüyün, eləcə də maarifdə, ədəbiyyatşünaslıqda, dil və əlifba islahatında türkçülüyün ilk ataları Azərbaycandan Mirzə Fətəli Axundov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu,
Türkiyədən Əhməd Vefiq Paşa, Süleyman Paşa, Mehmet Əmin Yurdaqul, Əhməd Cevdət, Fuad Köprülüzadə, Ziya Göyalp,
Qazaxıstandan Mağjan
Jumabay,
Tatarıstandan Yusuf
Akçura,
Başqirdistandan Zəki Vəlidi
Toğan, Şəyexzada Babiç,
Kırımdan İsmayıl
Qaspıralı,
Özbəkistandan Əbdülrauf
Fitrət, Əbdülhəmid Çolpan, Abdulla Qadiri,
Əfqanıstandan
Şeyx Cəmaləddin Əfqani kimi klassikləri rəhmətlə
anırıq.
Ədəbiyyatda rəhmət (rəhmətlə anmaq), gələnəklərin
davam etdirilməsi, onların Türk Dünyası adına, Ədəbiyyat adına, Sənət
adına diləklərini gerçəkləşdirmək
yaxud XXI yüzil güncəlliyi ilə uyumunu
sağlamaqdır, təbii.
Həmin klassiklərin
ardınca gələn, yenə klassik təyini ilə
tanımlayağımız ədiblər:
Azərbaycandan Hüseyn
Cavid, Əhməd Cavad,
Türkiyədən Yəhya
Kamal, Mehmet Əmin Yurdaqul, Mehmet Akif Ərsoy, Fazil Hüsnü
Dağlarca, Arif Nihat Asya, Nəcib Fazil Qısakürək,
Hüseyin Nihal Atsız;
Özbəkistandan həmvətənimiz
Maqsud Şeyxzadə, Xalid Səid Xocayev;
Kırımdan Numan Çələbi
Cihan, Bəkir Çobanzadə,
Rumıniyadan Mehmet Niyazi;
Quzey Qafqazdan: Qaysın Quliyev;
Tatarıstandan Abdulla Tukay;
Xakasiyadan prof. Nikolay Katanov;
Sibirdən
Bolat Söleymanov və bir çox başqaları öz
genetik yaddaşlarının peşinə düşdülər.
Biz bu yerdə Haqq
dünyasında olan, cənnətdə olduğuna
inandığımız Şəhriyar, Bəxtiyar Vahabzadə,
Rəfiq Zəka Xəndan, Xəlil Rza Ulutürk, Şahmar Əkbərzadə
(Azərbaycan), Çingiz Aytmatov (Qırğızıstan),
Rauf Pərvi (Özbəkistan), Şakir Səlim, Yunus
Kandım (Kırım), Petri Huzanqay (Çuvaşıstan)
kimi “Ortaq Türk keçmişindən ortaq Türk gələcəyi”nə
aparan yolun geridönməz olması üçün
Ömür qoymuş ədibləri bir daha rəhmətlə
anırıq. Eyni zamanda ulu Tanrıya
şükranlıqlarımızı yetiririk ki, bu gün də
bu yolda ÖMÜR sərf edən, sağlığındaykən
klassikləşmiş ədiblərimiz və öz
yollarını bəlirləmiş gənc ədəbi
qüvvələrimiz var.
lll
Ədəbiyyatı
ictimai-mədəni durumumuzun, halımızın ədəbi-bədii
inkası kimi götürsək, durumumuz, halımız da,
Anadolular demiş, söz konusu olur. Yaşadığımız binalar
“Polski”, “Nemse”, “Stalinka”, “Xruşşovka”, “Kiyevski”,
“Leninqradski”, yaxud “gecəqondu”, təmir işlərimiz
“Evroremont”, yaxud kustar üsullu. Geyimimiz ya “Kitayski”, ya “Avropa
lll
Demək, türk şeirinin
(türkçü şeirin) mövzusu məsələsinə
bir az daha aydınlıq gətirsək, deməliyəm
ülkülü ədəbiyyatla yanaşı, səmimiyyətlə,
sadəlöhvcəsinə yazılmış, türkün
dilində (fərq etməz hansı türkcədə
olur-olsun) yazılmış hər bir şeir dəyərlidir.
Biz, Türkcədə gözəl yazmaq
özü elə millilikdir, dilə, mədəniyyətə
xidmətdir yanaşmasına da sayğı duyuruq.
Böyük fikir adamı
Ziya Göyalp “Türkçülüyün əsasları”nda
yazırdı: “Milli kültür ilə mədəniyyəti
bir-birindən ayıran, kültürün, özəlliklə,
duyğulardan, mədəniyyətin isə, özəlliklə,
bilgilərdən meydana gəlmiş olmasıdır. İnsanda duyğular üsula (metoda) və iradəyə
(istəyə) tabe deyildir. Bir millət digər
bir millətin dini, əxlaqi və estetik (bədii)
duyğularını təqlid edə bilməz”. Bax, bizdə
də, bir halda ki ədəbiyyat təsərrüfatımızdan
danışırıq, əslində doğma dövlət
dilimizdə yazan hər kəs, dilimizə çevrilmiş hər
əsər “Ədəbiyyatımız və Türk
Dünyası” mövzusunda dartışmaya cəlb oluna bilər.
Ancaq türkçü şeir, türk şeiri, türk ədəbiyyatı
hansıdır – deyə soruşsanız mən şəxsim adına Ziya Göyalpın milli kültür və
mədəniyyət üzrə tətbiq etdiyi yanaşmanı
tətbiq edərdim. – Məncə, düstur budur – sözlərin
hansı dildə olması yetərli deyil, şüur,
düşüncə, təfəkkür türkcə
olmalıdır, iş türkcə olmalıdır, türkə,
türkün ehtiyaclarına, istəklərinə görə
olmalıdır... Türk Dünyasına nə gərəklidir,
Türk Dünyası aydınının üzərinə
hansı görəvlər düşür və qələm
adamı öz adamlığını (kimliyini, mənini) qələmlə
ağ kağız üzərində necə
biçimləndirir?
lll
“Türklərin
bütün sənət qollarında görünən
estetik-bədii özəllikləri də təbiilik, sadəlik,
zəriflik və orijinallıqdır. Türkün
xalçalarında, çini məmulatlarında, memarlıq və
hüsnxəttində qabarıq görünən də məhz
bu estetik (bədii) üstünlüklərdir” (Ziya Göyalp).
– Yenə “əsl şair sadəlövh olar yaxud əsl
şeir sadəlövh düşüncənin məhsuludur”
sözlərinə qayıdıram... Bilirsiz, məncə,
yuxarıda dediyimiz məqamların ümumiləşmiş
ifadəsi də məhz elə bu sözlərə
uyğundur.
Fikrimizi davam etdirmək
üçün yenə Ziya Göyalpa üz tutaq: “Xalq
şairləri ölçülü olduğunu bilmədən
çox gözəl lirik şeirlər yazırdılar. Təbii ki, bu bir ilhamla, yaradıcılıqla
baş verirdi. Metod (üsul) və təqlid
ilə edilmirdi. Osmanlı vəzninə gəlincə, bu
vəzn fars şairlərindən
alınmışdı. Bu vəznlə şeir yazanlar fars ədəbiyyatını dərs kimi
öyrənir, metod (üsul) vasitəsiylə əruzu tətbiq
edirdilər. Buna görə də əruz vəzni milli kültürümüzə
əsla daxil ola bilmədi.” Əgər
böyük türkçünün fikirlərini
paylaşırsaq, o zaman, xalq ruhunun ədəbiyyatda dirçəldilməsi,
epos təfəkkürünün ədəbiyyatda geniş
yayılması, folklor örnəklərinin sistemli
toplanması ( – necə ki, Folklor
İnstitutu bu işi layiqli biçimdə yerinə yetirməyə
çalışır – ) ilhamlı yaradıcılıq
ortamının gəlişməsinə yararlı olardı –
desək yanlış olmasın gərək.
Türk şeiri,
türkçü şeir qavramları üzərinə daha
bir neçə kəlmə söyləyək:
– Səmimi, duyğusal və
Nizami müəllimin sözü ilə desək, sadəlövh
şeir (örnəyi, SƏHƏRin, Zirəddin
Qafarlının, Barat Vüsalın, Məlahət
Yusifqızının şeirləri kimi);
– Heca vəznində
yazılmış şeir (örnəyi, İbrahim
İlyaslının, Vasif Süleymanın, Vaqif
İsaqoğlunun, Əlirza Həsrətin şeirləri kimi);
– Düzgünlüyü, əxlaqı
anladan, bu yönü çatdıran əsər (Aşıq Əli
Quliyevin, Məhəmməd Astanbəylinin, Səməd
Qarçöpün şeirləri kimi, Məmməd Orucun nəsri
kimi);
– Türk Dünyası
ünvanını daşıyan əsər (Arif Əmrahoğlunun,
Güllü Yoloğlunun, Azər Turanın, Qənirə
Paşayevanın kitabları kimi);
– Türk dilinin gözəlliklərini
ən doğru biçimi ilə təcalla etdirən əsər
(Səfər Alışarlının, Əlabbasın nəsri
kimi);
– Ortaq türk
keçmişindən ortaq türk gələcəyinə
boylanan yazarların işləri (Elbariz Məmmədli, Namiq
Hacıheydərlinin şeirləri kimi);
– Comərd, təmənnasız,
ilhamlı yazarın qələm məhsulu (Rəsmiyyə
Sabir, Saqif Qaratorpaq, Zahid Saritorpaq kimi);
– Formaca türk
kültürünü yansıtmasa da içərik (məzmun-mündəricə)
baxımından türk ruhunu biçimləndirən
yazılar (örnəyi, Dəyanət Osmanlının
şeirləri kimi) və s.
Türk
şeiri professor Nizami Cəfərovun təbirincə desək,
“dünyanı xaosdan qurtarıb, harmoniyaya gətirməyə”ə
xidmət etməlidir.
Qocaman şairimiz Fikrət
Sadıq bir şeirində deyir: “Əslində əslində əslində
deyil”. Bu günlərdə Avrovijin-2011-də Azərbaycanın
1-ci, iki il öncə 3-cü yerə çıxması, ondan
da bir qədər öncə Türkyənin 1-ci yerə
çıxması bir daha sübut edir ki, türk insanı
tamamilə yad dildə, yad formatda, yad mədəniyyət hadisəsində
belə qısa zaman kəsiyində öncül ola bilir. Sizə deyim, örnəyi, saz yaxud muğam
yarışmasında bir Batı Avropalının qalib gəlmə
şansını necə dəyərləndirirsiz?
–Heç təsəvvür edə bilirsizmi? Bizim
gənclərin qələbəsi bir yandan
xalqımızın istedadını göstərirsə, digər
yandan türkün üfüqügenişliyini,
üfüqünötəsini can atmasnı, əzmini,
axtarış ehtirasını biçimləndirir müəyyən
qədər. Müqayisəmi uyğunsuz bulmayın: Necə
ki, türklər az qala bütün
İlahi dinləri qəbul etmişlər. Biz
dünyanı bizimkilər, bizimki olmayanlar bölməmişik,
yadlara, yabançılara sadəcə olaraq çevrəmiz
içinə girməyənlər kimi baxmışıq.
Qədim türklərin xarici ölkələrə
“çöldəki el”, “dış el” deməsi misali...
Osmanlının İrlandiyaya tonlarla taxıl göndərməsi
kimi... Xaosdan kosmosa keçidi təmin etmək səyi və
yetənəyi kimi... Bu hal türkün qanındadır,
canının cövhərindədir...
lll
Dəyərli ədəbiyyatsevərlər,
mən bu məruzəyə hazırlaşarkən internet və
telefon üzərindən Azərbaycanda və
respublikamızdan kənarda yaşayan bir neçə
aydına önərilərini soruşdum. Onlardan da ən
planlı cavab verən mətbuatımızın
tanınmış imzalarından olan Soylu Atalı oldu. O
da, “Türk Dünyasında ədəbiyyat, ədəbiyyat(ımız)da
Türk Dünyası...” mövzusunun planını bu
biçimdə görür:
– Azərbaycan ədəbiyyatında
milli ruhun etkiləri – Nəsimilik ədəbiyyatın
üstünlüyü kimi. Poeziyanın təriqətləşməsi
və ictimai həyatın nizamına birbaşa təsiri;
– İnsan
halının, duyğularının poeziya vasitəsiylə bəşəriləşməsi
– Füzulilik ədəbiyyatın üstünlüyü kimi. Türk mənliyinin
Füzulilikdə aşkarlanması. Türk ruhunun təmizliyindən
gələn heyrətin, ali kədərin
dünyaya gərək olan poetik aşamaları;
– Əski Azərbaycan ədəbiyyatında
türk dilinin yeri – türk düşüncə tərzinin, fəlsəfəsinin
poeziya vasitəsiylə ifadəsi;
–
Türkçülüyün milli şüura çevrilməsində
ədəbiyyatın rolu;
– Döyüşkən ədəbiyyat ideyası...
Çəkilən adlar üzərində dayansaq, Nəsimi üzərinə professor-doktor Qəzənfər Paşayevin ötən il işıq üzü görmüş “Nəsimi haqqında araşdırmalar” kitabını, Nəsiminin qəbrinin Türkiyədə olması ilə bağlı versiyaların güncəlləşməsini; Kərbalada Füzuli Şeir Şöləninə 2009-cu ildə bu sətirlərin müəllifin də daxil olduğu Azərbaycan nümayəndə heyətinin getməsini; hər iki şairin əsərlərinin latın qrafikalı əlifba ilə Prezident Sərəncamına uyğun olaraq 25 min sayla nəşr edilməsini vurğulaya bilərik. Ancaq Soylu heç şübhəsiz, bu faktları istəmir, o adlar içində olan mahiyyəti, Nəsimi, Füzuli adları ilə kodlaşmış energetikanı, necə deyim, mənəvi-ruhi halı, o halın çağdaş inikasını nəzərdə tutur. Elə isə gəlin, yenidən Ziya Göyalpa üz tutaq. Sosial inkişaflarının üç ayrı-ayrı aşamasında bir-birinə bənzəməyən üç müxtəlif mədəniyyət dairəsinə girmiş türklər qövm dövləti həyatındaykən Uzaq Doğu, Sultan dövləti dövründəykən Doğu mədəniyyətinə girmişlər, milli dövlət dövründəykən isə Batı mədəniyyəti yolunu tutmuşlar deyə düşünən klassik türkçünün fikirlərinə yenidən müraciət etsək görərik ki, sanki Ziya Göyalpdan Soylu Atalıya, Akif Səməd rəhmətlik demiş, “bircə qarış yol var imiş”: “...Mədəniyyət dairələrinin də özlərinə məxsus coğrafiya sahələri və bu sahələrin müəyyən sınırları var. Örnəyi, bir nağıl, ya da bir adət müəyyən bir nöqtəyə qədər yayılır, ondan o yana gedə bilmir. Ona görə ki, hər mədəniyyət başqa bir sistemə mənsubdur. Bir qayda olaraq, hər mədəniyyətin başqa bir məntiqi, başqa bir gözəllik anlayışı, başqa bir həyatgörüşü vardır. Buna görə də mədəniyyətlər bir-birinə qarışmırlar. Yenə buna görədir ki, bir mədəniyyəti bütün sistemi ilə qəbul etməyənlər, onun bəzi bölümlərini mənimsəyə bilmirlər.
...Mədəniyyətlərin coğrafiya sınırları ayrı olduğu kimi tarixi inkişafları da bir-birindən asılı deyildir. Bu inkişafların bir başlanğıcı və bir sonu vardır.”
(Ardı olacaq)
Əkbər QOŞALI,
Azərbaycanda Atatürk
Mərkəzinin şöbə
müdiri,
Dünya Gənc Türk Yazarlar
Birliyinin başqanı
525-ci qəzet.- 2011.- 14 iyun.- S.6.