“Sənət həyatdan bir pillə yüksəkdir...”
Ömrünün 75 ilində
də gənc yaşlarında olduğu kimi böyük bir həvəslə,
tükənməz enerji ilə çalışır,
yaşayıb yaradır. Artıq vərdişə
keçmiş jurnalist-publisist işgüzarlığı,
intensiv ictimai xadim fəallığı, qaynar tələbə
auditoriyası və ən nəhayət ədəbi-bədii
yaradıcılıq ehtirası... onu sakit dayanmağa qoymur. Ən
ümdə səbəb isə hər gün gənclər əhatəsində
olması, insana və insanlığa sonsuz işıqlı məhəbbətidir.
Onun
yazıçı-dramaturq portretini işıqlandıran
çox parlaq palitralar içərisində diqqəti daha
çox cəlb edən iri saxnaqlı böyüdücü
şüşənin arxasından qayğıyla baxan və
xeyirxahlıqla gülümsəyən gözləridir.
Yumşaq səsi onun parlaq nitqinə, əzəmətli
çöhrəsinə bir qədər mülayimlik, məhrəmlik
bəxş edir.
Filologiya elmləri doktoru,
professor Aqşin Babayevin yazıçı-dramaturq kimi öz
orijinal yolu, bədii obrazlar aləmi, süjet və konfliktləri
vardır. Aqşin müəllimin ədəbi-bədii maraq
dairəsi genişdir. Səhnə, efir, ekran bu dramaturqun janr
müasirliyindən xəbər verir.
Onun mövzuları və əsərlərinin
bədii ideyası, bir sözlə sənətkar idealı
müasirliyi, çağdaş mənəvi-sosial problemləri
əhatə edir. Öz sənətkar əqidəsinə,
publisist-dramaturq qələminə inandığı
üçün ən aktual siyasi-sosial məsələnin bədii
təcəssümünə həvəslə ürəkdən
girişir. Müasir mövzuların məsuliyyətini hiss edən
sənətkarların bir çoxu daha çox tarixə
üz tutur. Tarixin keçmişin nisbətən
ala-toranlığında dolaşaraq müvəqqəti maraq
qazana bilir. Lakin A.Babayevin siyasi-mənəvi
yaradıcılıq mövqeyi sabit və aydın olduğu
üçün həyatın bağrından qopub gələn
səslərə daha çox qulaq asır. Onları maraqla
dinləyir və oxucusuna çatdırır. Bəzən
tarixi, tarixi-əfsanəvi mövzularda yazmağın çətinliyini,
çağdaş mövzuların isə qələmə
tez, asan gəldiyini söyləyirlər. Bəlkə də bədii
yaradıcılıq özünəməxsusluğu
baxımından bu fikirdə müəyyən bir həqiqət
vardır. Lakin biz bu mülahizəni bütövlükdə qəbul
edə bilmərik. Burda əsas şərt müasir
mövzuların konkret olaraq xarakteridir. Məsələn, hələ
tam mənası ilə özünü həyatda təsdiq etməyən
müasir siyasi mövqelər vardır. Bunların bədii əsərə
gətirilməsi ən azı müəllifdən yanılmaz
dünyagörüşü, uzaqgörənlik, əqidə
bütövlüyü tələb edir. Aqşin Babayevin
1993-cü ildə qələmə aldığı “Xilaskar” sənədli-publissistik
pyesi sübut edir ki, yazıçı öz əqidəsində,
xarakterində bütövdürsə, onun sənətkar
zövqü də müasirdir, mükəmməldir.
Əlbəttə, zəngin
həyat və sənət yolu keçmiş, neçə-neçə
hekayə, povestin, lirik parçaların, çeşidli janr və
üslublu səhnə əsərinin müəllifi olmuş təcrübəli
bir filoloq-pedaqoqun sabitləşmiş xarakteri başqa bir
istiqamət ala da bilməzdi. Filologiya elmləri doktoru,
professor, II dərəcəli Dövlət müşaviri
(2004), Azərbaycan Respublikasının Əməkdar jurnalisti
(1987), yazıçı-dramaturq, şair, pedaqoq, tədqiqatçı
alim Aqşin Əlisəttar oğlu Babayev (23 noyabr 1936) 30 dan
artıq kitabın, Moskvada çapdan çıxmış
“Kişilər az yaşadı” romanının müəllifi,
məşhur Türk şairi Nazim Hikmətin cəfakeş
araşdırıcısı, Türkiyənin “Nazim Hikmət
Kültür və Sanat Vaqfi” rəyasət heyətinin
üzvü və s. kimi vəzifələrin daşıyıcısı
öz işıqlı fəaliyyəti ilə müasir Azərbaycanlı
ziyalısına bir nümunə, örnəkdir.
Aqşin Babayevin rəngarəng
janr və üslublu yaradıcılığı (1.Səhnə
əsərləri: “Xilaskar”, “Yaralar”, “Olmuş əhvalat”, “Əli
cibində olsun”; 2.Ekran əsərləri: “Nekroloq”, “Dəvətnamə”,
“Mükafat”; 3. Efir əsərləri: “Əzizim vətən
yaxşı”, “Əyri gözlük”, “Gecikmiş bahar”,
“Dörd divar”, “Günlərin bir günündə” və s.)
yazıçı-publisistin həyat duyğusunu gözəl
ehtiva edir.
Milli müstəqillik
yolları ilə irəlilədikcə qarşımıza
çıxan problemlər bizi keçdiyimiz yollara
dönüb bir də baxmağa məcbur edir. Belə məqamları
xatırlamaq üçün tarixi faktlarla yanaşı,
yaxın keçmişimizi doğru-düzgün, bəzək-düzəksiz
təqdim edən bədii ədəbiyyat gözəl vasitədir.
Aqşin müəllimin 2008-ci ildə işıq üzü
görmüş “Səhnə, ekran, efir” adlı kitabı məhz
bu tipli əsərlərdəndir.
Kitab üz
qabığında adları çəkilən həmin bu
üç bölmə üzrə verilmiş 12 sayda dramatik
formalı bədii nümunələri özündə
toplayır. Həmin əsərlər öz orijinal
janr-üslub rəngarəngliyi ilə bərabər,
çağdaş günlərin problemlərini əks etdirir.
Əsərlərin hər biri spesifik janr-üslub tipinə
malik olduqları üçün problemlərin bədii-estetik
dərkini asanlaşdırır, oxucunu mütaliədən dərhal
sonra düşünməyə sövqləndirir. Çox
mürəkkəb həyat yolu keçmiş müəllifin
zövqü, dünyaduyumundan irəli gələn həssas,
estetik sözü bizi sevindirir və ibrətləndirir.
Kitabın “Səhnə”
adlandırılan birinci bölməsi “Xilaskar” pyesi ilə
açılır. Pyes Azərbaycan Xalqının
böyük xilaskar oğlu, ümummilli liderimiz Heydər Əliyevin
ikinci dəfə rəhbərliyə gəlişinə həsr
olunmuşdur. Məlumdur ki, 1990-cı illərdə Azərbaycanın
ictimai-siyasi həyatında bir qarışıqlıq hökm
sürürdü. Keçmiş sovet dövlətinin təsiri
ilə əvvəlki rəhbərlik hakimiyyətdən getmək
istəmirdi. Respublika çıxılmaz vəziyyətdə
idi. Xalqın taleyi həlli müşkül olan ciddi bir
münaqişə ilə üzləşmişdi. Pyesin əsasında
məhz belə bir problemin konflikti durur.
Dramaturq faktik sənədlərə
əsaslanaraq hadisələrin burulğanlı gedişini
müxtəlif tipli tanış simaları, onların öz
sözü və səsi ilə bədii obrazların əlaqə
və münasibətlərində canlandırmağa müvəffəq
olmuşdur. Əsərdə qarşıdurmalar, dəyişən
və tutaşan siyasi mövqelər izlənilir, getdikcə gərginləşən
süjet ünsürləri bir-birini əvəz edir. “Xilaskar”
müəllif tərəfindən sənədli-publisistik pyes
adlanmış olsa da, əsərin bədiilik məziyyəti
obrazların həyatiliyində, mövqelərin seçimində,
hətta xarakterlərin adlandırılmasında da
özünü büruzə verir. Mövzuya uyğun olaraq Ədalət
adlı bütöv xarakterli namuslu bir gənc əsərin mərkəzində
dayanır. Ədalətin ilk səhnədə
tamaşaçılara daxili bir həyəcanla müraciəti
düşündürücü bir ekspozisiya olmaqla hadisələrin
gələcək mahiyyətindən xəbər verir. Ədalət
tamaşaçılara üzünü tutaraq təəssüf
dolu intonasiya ilə deyir: “Görəcəyiniz hadisələr
həqiqətdir. Həqiqət, həqiqət, yalnız həqiqət!”
Ədalətin həqiqətdən
danışması təsadüfi deyildir. Onun ən gözəl
müşahidəsi mənsub olduğu xalqı yaxşı
tanımasıdır. O dövrdə liderlik iddiasında
olanların əksəriyyəti xalq adından
danışır, populist şüarlar səsləndirirdilər.
Ədalət belələrini başa salırdı ki, sizlərin
xalq adından danışmağa haqqınız yoxdur. Xalq
kimdir? “Xalq ala-qaranlıqda evindən çıxıb bir
parça çörək qazanmaq üçün metroda,
avtobusda, trolleybusda əzilənlər, gecəsini
gündüzünə qatanlar, ailəsinin yanında
başıaşağı olanlardır. Bir də bax, burda
böyrümüzdə Şəhidlər xiyabanında
yatanlardır xalq!”
Beləliklə, böyük
xilaskarın siyasi gəlişinə tarixi ehtiyacın vacibliyi
pyesdə əsaslı şəkildə öz əksini
tapmış olur. Buna görə də əsərdə diqqəti
cəlb edən ən mühüm keyfiyyət real hadisələrin
həqiqət prizmasında bədii tonda verilməsində
özünü göstərir.
“Yaralar” adlı pyes artıq
müəllifin çağdaş bədii nəsr
üslubundan ünvan verir. Aqşin Babayevin görkəmli nasir
kimi, bədiiliyin simvolik obrazlılığından, nəsrin
gözlənilməz sonluq faktorundan, novellavarilik tərzindən
təkrarsız ustalıqla istifadə etməsi ilk
baxışdan oxucunun diqqətini çəkir. Burada klassiklərə:
məsələn, Mopassana, Qoqola, Çexova, C.Məmmədquluzadəyə
və Ə.Haqverdiyevə... məxsus “müəllif laqeydliyi və
soyuqqanlılığı”, “tendensiya gizlinləri” kimi
üslubi çalarlar özünü göstərir. Bu mənada
“Yaralar” pyesi klassik əsərlər sırasında hesab oluna
bilər.
Pyesdə bədii şərtilik,
simvolik məna tez ünvanlaşmır. Artıq burada bədii
simvolikanın rəmzilik diapazonu genişlənir. Oxucu
düşüncəsində assossiasyalar zənginləşir.
Müharibə əlili Namiqin yaraları getdikcə sağalmaq
əvəzinə daha da dərinləşir. Çünki
yaralar təkcə Namiqin fiziki şikəsliyini əks etdirmir;
yaralar artıq bütün cəmiyyəti
bürümüşdür. Bu obrazın bədii-dramaturji tərcümeyi-halı
müasir dünyamızda təkrarlanan faciəvi hadisələrin
təəssüfləndirici
yaşarlılığını sübut edir.
Pyesdə şəkil-portret mühüm estetik obraz yükü daşıyır. Həmin şəkil-portretin divara vurulması müxtəlif insanların xarakterlərini aşkarlamağa xidmət edir. Hətta bu məqamda müəllif klassikada istifadə edilmiş bir ədəbi-dramaturji priyoma işarə etməklə baş verən siyasi hadisələrin mahiyyətini açıqlayır. Epizoda müraciət edək:
“Möhsün – Heç.. deyirəm, nə olaydı bir bomba düşəydi bizim Şərq-Qərb institutuna.
(Şəkil öz-özünə tappıltıyla yerə düşür. Möhsün diksinir. İşıqlar sönür)
Möhsün: Elə bildim güllə atdılar...
Əbdül: Atdılar də... Güllə səsiydi.
Möhsün: Atan kimdir?
– Atan kazaxlardır”
Göründüyü kimi,
Rus qoşunlarının təxribatları, 90-cı illərdəki
Bakının vəziyyəti müəllifin yadına
C.Cabbarlının “1905-ci ildə” pyesindəki məşhur
“atan kazaklardır” sözlərini xatırladır. Fərasətli
oxucu, yaxud ayıq tamaşaçı elə o andaca atəş
açanların kimliyini müəyyənləşdirər.
Bəli, yeri gələndə
Aqşin müəllim fikrin yığcamlığı və
sərrastlığı naminə məlum bədii faktları
yada salmaqdan çəkinmir.
Aqşin Babayevin mədəniyyət
və incəsənətin, o cümlədən bədii
yaradıcılığın ən müasir nümunələrini
yaratması, bu sahədə çalışması heç
də təsadüfi deyildir. Onun atası Əlisəttar
müəllim tanınmış incəsənət adamı
olmuşdur. Aqşin Babayev həyat kitabını daha çox
sevir. Ona görə də daha çox yaşadığı,
bağlandığı həyatdan yazır. Amma sənətin
ecazkarlığını diqqət mərkəzində
saxlayır. Çünki, özünün dediyi kimi “Sənət
həyatdan bir pillə yüksəkdir”.
Ramin MUXTAROĞLU,
ADPU-nun dosenti,
AYB-nin üzvü
525-ci qəzet.-2011.- 14 iyun.- S.7.