Titanik zəhmətin
bəhrəsi
1970-ci ilin
1 sentyabrında indiki İqtisad Universitetinin yerləşdiyi binada, həmin il o zaman yeganə universitet olan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş ilk tələbələr
ikinci mərtəbənin
dəhlizinə yığışıb
həyəcanla ilk dərsi
gözləyirdilər. Elə
ilk gündən sıravi
gənclər arasında
fərqlənən bir
neçə nəfər
var idi ki,
onlardan da bəlkə birincisi uca boylu, arıq,
əsmər çöhrəli
Vilayət Quliyev idi. Hər ikimiz
cənublu olduğumuzdanmı,
ya nədənsə, elə ilk gündən, necə deyərlər, bir-birimizə quşumuz qondu, arxa cərgələrin
birində bir nimkətdə (mərhum Firuz Sadıqzadə demişkən) qərar tutduq. Yaddaşım namərdlik etmirsə, ilk dərsimiz “Ədəbiyyatşünaslığın
əsasları” idi və professor Mir Cəlal ağır addımlarla auditoriyaya girəndə sanki hamımız qarşımızdakı canlı
klassiklə görüşdən
bir qədər özümüzü itirmişdik.
Xülaseyi-kəlam, dəftərlərimizi açıb Mir Cəlalın aramla və təmkinlə dediyi mühazirəsini yazmağa başladıq və məni heyrətləndirən ikinci şey – Vilayətin muncuq kimi düzülmüş xətti oldu. Əlbəttə, bu, onun çoxyönlü istedadının ilk göstəricilərindən biri idi və beş illik təhsilimiz, 3 illik aspirantura dövründə Vilayət Quliyev istedadının bu cür saysız-hesabsız yönlərini görüb, dostum üçün qürur duyduğum halların bəlkə də hamısını indi xatirimə gətirə bilmərəm.
Tarixə bu qısa ekskursdan sonra 40 il qabaqkı gümani-zənnimin yanılmadığına və bu gün professor Vilayət Quliyev qələminin daha bir sanballı məhsulunun təqdimat bayramında söz demək şərəfinə nail olduğuma görə öz-özlüyümdə bir daha qürur duydum.
Hərdən Vilayətin gərgin diplomatik fəaliyyət prosesində hansı bir sehirbazlıqla isə vaxt və imkan tapıb ərsəyə gətirdiyi fundamental kitablara baxanda öz-özümə düşünürəm ki, yəqin məşhur perpetuum mobile deyilən şey elə professor Vilayət Quliyevdir və heç bir gərgin ictimai-siyasi iş, təpədən-dırnağa məşğulluq onun Azərbaycan ədəbi-ictimai fikrini zənginləşdirməyə yönəlmiş fəaliyyətinin qarşısını almağa, bu cür fundamental kitabların araya-ərsəyə gəlməyinə maneçilik törətməyə müvəffəq olmayacaq və bu yöndə bir dəfə işə salınmış beyin və qələm bir daha dayanmayacaq...
Qarşımızda müəllifin özü kimi məğrur-məğrur dayanan bu kitab da mənim bir qədər fantastik səslənən bu qənaətimin sübutlarından biri kimi qəbul edilə bilər. Və düşüncələrin bu axarında dahi Füzulinin 500 il öncə söylədiyi bu müdrik sözləri necə yada salmayasan?
Ey xacə, gər qulundan oğulluq murad isə,
Şəfqət gözüylə bax ona daim oğul kimi.
Vər oğlunu dilərsən ola sahibi-ədəb,
Əlbəttə, eylə zillətə mötad qul kimi.
Vilayət Quliyev də öz quluna – istedadına bir oğul kimi şəfqət gözüylə baxmaqla yanaşı, oğlunu, yəni bədənini də qul kimi zillətə mötad eləməkdən, zəhmətə alışdırmaqdan çəkinməmişdir və bu zillətdən, bu zəhmətdən bu gün də çəkinmir. Elə bunun sayəsində, özünə bu cür zülm eləməyin nəticəsi olaraq elmimizi tez-tez yeni-yeni əsərlərlə, qalın-qalın kitablarla, qiymətli nəzəri mülahizələr və dəyərli qaynaqlarla zənginləşdirir.
Professor Vilayət Quliyevi istedadlı, qabiliyyətli və ümidverən bir kadr kimi, insan sərrafı gözləri ilə görüb irəli çəkən Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu gün Heydər Əliyevin canı-canından, qanı-qanından olan oğlu, siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev Azərbaycan Respublikasının iqtisadiyyatının Ulu Öndərin tövsiyəsinə uyğun olaraq günbəgün deyil də, saatbasaat güclənməsi üçün mümkün olan hər şeyi edir və hər gün bu sahədə yeni-yeni uğurlar əldə edilir. Neft kapitalının insan kapitalına çevrildiyi indiki dövrdə artıq bizim alimlərimizin xarici ezamiyyətlərə getməyə, milli-mənəvi dəyərlərimizə yiyə durmağa kifayət qədər imkanları vardır. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının mühacirət irsimizi toplamaq üçün elmi əməkdaşlarını Türkiyəyə, Almaniyaya və başqa ölkələrə göndərməsi heç bir maddi maneə ilə qarşılaşmır. Bu, bu gündür. Dünən isə belə deyildi. Dünən mühacirət irsimizin toplanması, nəşri və şərhi işi professor Vilayət Quliyev kimi vətənpərvər entuziastların çiyinləri üzərində aparılırdı və bu təmənnasız fəaliyyətini bu gün də davam etdirməsi, belə bir sanballı kitab ortaya qoyması bizi sevindirməyə bilmir.
Akademik İsa Həbibbəyli həmişə özünü “elmin qara fəhləsi” adlandırır. Düşünürəm ki, eyni fəxri elmi titulu professor Vilayət Quliyevə də şamil etmək olar. Ancaq o da var ki, bu “qara fəhlələr”in fədakarlıqla kəsdikləri “kərpiclər” – bu cür sanballı kitablar olmasaydı, çağdaş elmimizin möhtəşəm sarayını tikmək də çox zor bir iş olardı və bəlkə də heç mümkün olmazdı.
Kitabın müəllif ön sözündə və naşir, eyni zamanda görkəmli tədqiqatçı Asif Rüstəmlinin sözardında istər bu toplunun mahiyyət və önəmi, milli müstəqilliyimizin və suveren dövlətçiliyimizin günü-gündən möhkəmləndiyi indiki dövrdə aktuallığının kəskinləşməsi, eləcə də professor Vilayət Quliyevin Azərbaycan mühacirətinin siyasi irsinin toplanması, nəşri və şərhi işində həyata keçirdiyi müstəsna xidmətlər haqqında kifayət qədər deyildiyindən, mən bir daha velosiped kəşf etməkdən vaz keçib yalnız bəzi mülahizələrimi bildirməklə toxdayacağam.
Belə bir kitabın tərtibi üçün materialların toplanması, seçilməsi, sistemə salınması, redaktəsi bir böyük əziyyətdir – bu bir yana dursun. Bir də var ki, ictimai, siyasi, tarixi mövzularda qələmə alınmış bütün bu çoxsaylı, rəngarəng materiallara şərh yazasan, onların müəllifləri haqqında qənaətbəxş məlumat verəsən – bu, bəlkə də birincidən daha böyük əziyyət, daha böyük “zillətdir”. Sağ olsun ki, bu əziyyətini yüksək səviyyədə təqdim edib, bununla da bir çox tədqiqatçıları əziyyətdən qurtarıb. Doğrudan da, 550 səhifəlik bir kitabı tərtib etmək və ona 550 şərh yazmaq sizə zarafat gəlməsin!
Deyəsən, Füzulinin 500 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan Respublikasının Prezident Aparatında Ümummilli Liderimiz Heydər Əliyev toplantı keçirirdi və o toplantıda bəndeyi-həqir də iştirak etmək şərəfinə nail olmuşdu. İndi yadımda deyil, deyəsən, “cənab”, yaxud “cənabları” müraciətlərindən hansının daha doğru olması məsələsi ortaya çıxdı və Ulu Öndər tərəddüd etmədən üzünü o zaman Azərbaycan Respublikasının xarici işlər naziri kimi yüksək bir vəzifəyə layiq gördüyü Vilayət Quliyevə tutaraq:
– Vilayət, sən dilçisən, bilərsən, de görək, hansı doğrudur? – deyə soruşdu.
Əlbəttə, Ulu Öndər bilirdi ki, professor Vilayət Quliyev ixtisasca dilçi yox, ədəbiyyatçıdır; ancaq onun qabiliyyətlərinə bələd olduğu üçün dilçi adlandırmışdı və eyni uğurla Vilayəti tarixçi, sosioloq, sənətşünas, politoloq, şərqşünas da adlandırmaq olardı və bütün bu adlar ona ana südü kimi halal olardı.
Bu çoxyönlülüyün, ensiklopedik biliklərin və bacarıqların bir səbəbini də mən Vilayət Quliyevin tam mənasilə Heydər Əliyev məktəbinin yetirməsi olmasında görürəm. Necə ki, dahi müəllim ictimai-iqtisadi, tarixi-mədəni sahələrin hamısının fenomenal bilicisi idi, onun şagirdi də bir çox sahələrdə yədi-beyzasını eyni dərəcədə nümayiş etdirməklə bu məktəbin layiqli məzunu olduğunu göstərməkdədir.
Görkəmli naşir Asif Rüstəmlinin səyi nəticəsində yüksək poliqrafik səviyyədə ərsəyə gəlmiş bu gözəl kitaba bir daha mübarək olsun deyir və dostum Vilayət Quliyevə vətən və xalq, elmimizin inkişafı naminə təmənnasız fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.
Teymur KƏRİMLİ
525-ci qəzet.- 2011.- 14 iyun.- S.7.