Milli mədəni irsimizdə
Çövkən: həm mədəniyyət, həm idman nümunəsi
Bu
gün Azərbaycan yalnız tarixi-mədəni abidələri,
misilsiz maddi mədəniyyət nümunələri ilə
deyil, həm də qeyri-maddi mədəni irsi ilə dünyada
tanınır.
Qeyri-maddi
mədəni irsimizin özünəməxsus tarixi və ənənələri
olan nümunələrindən biri də milli atüstü
oyunlar- çövkən oyunlarıdır. Qədimdən bu
günə qədər gələn bu oyunlara bu gün də
böyük maraq var.
Azərbaycanda
həmişə bir müqəddəslik, həmişəyaşarlıq,
məğrurluq var və daha neçə-neçə bu kimi
müsbət keyfiyyətləri özündə cəmləşdirib.
Atı nağıllarımıza, dastanlarımıza gətirən,
əsas qəhrəmanlardan birinə çevirən də elə
bu xüsusiyyətlərdir. “Koroğlu” dastanını oxuyub
Qıratı sevməmək mümkün deyil. Sadalanan keyfiyyətlərə
bu və ya digər formada başqa heyvanlarda da rast gəlmək
mümkündür. Ancaq atı onlardan fərqləndirən
bir xüsusiyyət də var – o, insanların əbədi dostu
və köməkçisidir. Bəşər övladı
tarixən atdan xeyir görüb, faydalanıb.
Xalq
arasında inama görə, əgər yuxuda at görmüsənsə,
arzuna, istəyinə çatacaqsan.
Çövkən – qaydaları pozulmaz
oyun
Azərbaycanın
qədimdən bəri müxtəlif milli oyunları olub ki,
onlar xalqımızın adət-ənənəsini
özündə əks etdirərək bugünkü
günümüzə qədər gəlib çıxıb.
Bunlardan biri də çövkən oyunudur ki, bu gün də
bu oyunlar yaşamaqdadır.
Çövkən
oyununun tarixi çox qədimdir. Azərbaycan ədəbiyyatında
və mədəniyyətində çövkənin izlərinə
çox rast gəlinir. Orta əsrlərə aid miniatürlərdə
bu oyunu əks etdirən müxtəlif səhnələr yer
alıb. Firdovsi, İbn Sina, Ömər Xəyyam, Hafiz, Nəvai,
Xosrov Dəhləvi, Nizami, Xaqani Şirvani, Xətai və
başqa Şərq şair və mütəfəkkirlərinin
əsərlərində də çövkənin adı
xatırlanır.
Qədim
miniatürlərdə kişilərlə bərabər
qadınlarımızın da çövkən oynamaları
bu oyuna olan böyük maraqdan xəbər verir.
Hazırda
bütün dünyada böyük həvəslə
oynanılan polo idman növünün çövkən
oyunundan yararlanaraq meydana gəldiyini söyləmək olar. At
üstündə oynanılan polonun iki əsr yaşı var.
Amma Azərbaycan xalqının milli atüstü oyunu olan
çövkən min ildən çoxdur ki, mövcuddur. Bu
oyun qədim tarixi olan atçılıq mədəniyyətimizin
bir hissəsidir.
Fiziki
qüvvə tələb edən çövkən oyununda
yüksək bacarığa, manevretmə qabiliyyətinə
malik olmaq oyunda iştirak edənlər üçün ən
əsas keyfiyyətlərdən biridir. Oyunun yaxşı
alınması üçün həm minici, həm də at vəhdət
təşkil etməlidir...
Oyunun
mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə
ayrılır və iki tərəfdə qoyulan dirəklərdən
ibarət rəqib qapılarından topu keçirmək tələb
olunurdu. Seçilmək üçün bir dəstənin
üzvləri mütləq o biri dəstəninkindən fərqli
geyimdə oyuna qatılırlar.
Bu
oyunların özəlliyi ondan ibarətdir ki, yaş həddi
tələb olunmur. Fiziki cəhətdən sağlam olan şəxs
hər vaxt çövkənlə məşğul ola bilər.
Çövkənin
müəyyən edilmiş qaydaları olduğunu diqqətə
çəkən mütəxəssis Rafiq Ramazanov bildirir ki,
bu oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən
ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli
olmaqla 30 dəqiqə davam edir. 10 dəqiqə fasilə olur.
Komandaların milli geyimdə, papaq, çuxa, arxalıq, qurşaq, at minmək üçün xüsusi şalvar, uzunboğaz çəkmə ilə meydançaya çıxması bəlkə də çoxlarının oyun kimi baxdığımız çövkənin əslində qeyri-mədəni irsimizin daşıyıcısı olduğunu göstərir. Komanda təmiz, səliqəli, eyni rəngli geyimdə olmalıdır.
Oyunçular eyni formadan, eyni uzunluqda olan çomaqdan istifadə
edirlər. Bu oyunda istifadə edilən top girdə və 38-41 sm arasında olur. Qapı çərçivəsindən cərimə meydançasına
daxil olub topu qapıya vurmaq hesaba alınmır.
Oyunlar uzunluğu 90 m-dən 250
m-dək, eni isə 60 m-dən 120 m-dək olan meydançada
keçirilir. Gənclər adi futbol meydançalarından
istifadə edə bilərlər. Oyunçular bir yerə toplaşmasınlar
deyə hücumçuların
öz meydançasında
hücum zonası xəttindən qapı sahəsi tərəfə,
müdafiəçilərin və yarımmüdafiəçinin
rəqib komandanın hücum zonası xəttini keçməsinə
icazə verilmir.
Komandanın tərkibi 5 nəfər
oyunçudan ibarət
olduqda, oyunçulardan
biri öz meydançasında hücum
zonası xəttini keçib qapısını
müdafiə edə bilər. Qapı meydançası qapı xəttinin orta hissəsində düzəldilir. Qapının
eni 3 m-dən 7 m-ə
qədər ola
bilər, hündürlüyü
isə 3 m-dən az olmamalıdır.
Qapının ön hissəsində radiusu 6 metrə bərabər olan yarımdairə çəkilir. Komanda üzvlərinin
qapı sahəsinə
daxil olmasına icazə verilmir. Rəqib komandanın oyunçuları qapıya
top vurduqları zaman atlarının qabaq ayaqlarının, müdafiədə
oynayan oyunçuların
atlarının arxa ayaqlarının qapı sahəsi xəttini keçməsi qayda pozuntusu sayılmır.
Çövkən oyunlarının hakimi isə, adətən, meydanı at üstündə
müşayiət edir. Ona yan xətlərdə duran iki hakim də köməklik göstərir.
Çomaq qarağac, tut, palıd, vələs, zoğal və nar ağaclarından
hazırlanmalıdır. Çomağın uzunluğu atın hündürlüyündən asılıdır.
Oyunçu geyim qaydalarına əməl etməyəndə,
kobudluq edəndə meydandan birdəfəlik və ya 2 dəqiqəlik
qovula bilər. Mütəxəssis bildirir ki, əvvəlki
illərdən fərqli
olaraq son illərdə
keçirilən turnirlərdə
qaydalara daha düzgün riayət edirlər.
Həm mədəniyyət, həm
idman
Beləliklə, göründüyü kimi bir neçə minillik yaşı olan atçılıq mədəniyyətimizin və tariximizin bir hissəsidir. Yuxarıda qeyd etdiyimiz kimi hələ qədim dövrlərdən başlayaraq, Azərbaycan bu gün dünyada populyar olan müxtəlif idman növlərinin meydana gəldiyi məkan olub. Güləş, qılıncoynatma, oxatma, at yarışları kimi cəsarət, igidlik tələb edən oyunlar çox böyük əhəmiyyət kəsb edib. Məsələn, Oğuz türklərindən bəhs edən “Kitabi-Dədə Qorqud” dastanında yazılır ki, bu diyarda igidlik göstərməyən, üz-üzə döyüşdə iştirak etməyən, öz cəsurluğunu nümayiş etdirməyən oğlanlara ad verilmirdi.
Azərbaycan SSRİ-nin tərkibinə daxil edildikdən sonra ittifaqın digər respublikaları arasında bu növ də daxil olmaqla, atüstü xalq oyunları üzrə mütəmadi yarışlar keçirilirdisə də, respublikamız bu yarışlarda iştirak etmirdi. 1000 il əvvəl həvəslə oynanılan “Çövkən”, “Sürpapaq”, “Baharbənd”, “Yaylıq”, “Gərdək qaçırmaq” və s. oyunlar haqqında əhalinin əksəriyyətinin, xüsusən də gənclərin heç bir anlayışı yox idi.
Hansı ki, hazırda bu oyunlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Azərbaycan qeyri-maddi irs abidələrinin Dövlət Reyestrinin layihəsinə daxil ediliblər. Onlardan ən çox tanınanı və seviləni çövkəndir.
Həmin dövrdə bu məsələ
yüngül atletika
mütəxəssisi, respublikanın əməkdar məşqçisi
Fikrət Hüseynovun diqqətini cəlb edir. O, bu sahədə tədqiqat
işləri aparmağa başlayır. Sirr deyil ki,
1000 il keçdikdən sonra
milli atüstü
oyunların bərpası gərgin axtarış və əmək
tələb edirdi. Nəhayət, 1958-ci
ildə Gəncənin Bağmanlar qəsəbəsinin
çıxacağında kiçicik
Cıdır düzü təşkil edən
Fikrət müəllim 4 kolxozdan atları
yığır və gəncləri öz
ətrafına toplayır. Bu dövrə
qədər Azərbaycan milli atüstü oyunlar üzrə
ittifaqmiqyaslı yarışlarda iştirak
edə bilmirdi. Bunu aradan
qaldırmaq üçün Gəncə ətrafındakı
4 kolxozda 10-a yaxın xüsusi
komandalar yaradıldı, məşqlər
başlandı. O, Azərbaycan atüstü
milli oyunlarının qaydaları
haqqında məlumatları çap edərək,
Cıdır meydanlarının rəhbərlərinə
paylandı ki, ona müvafiq hazırlıq işləri görülsün və bizim
komandalar bu
yarışa qatıla bilsinlər. Bu məqsədlə
Fikrət müəllim Sovet
İttifaqı Marşalı Semyon Budyonnıya
müraciətdən sonra Azərbaycan
komandası 1961-ci ildə Moskvaya dəvət
alır. İlk yarış Azərbaycan və
erməni çaparları arasında keçirilməli olur. Azərbaycan idmançılarının
yarışa qatıldığını görən ermənilər
çövkəni oynamaq üçün
ərizə verirlər. Məqsəd Azərbaycan
komandasını məğlub etmək idi.
Lakin onlar buna nail ola
bilmir və uduzurlar. Lakin 90-cı illərdən sonra
müxtəlif bölgələrdə fəaliyyət göstərən
atüstü idman
komandalarının fəaliyyəti dayanır.
Yeni nəfəs
Atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi ilə 2005-ci ildən başlayaraq Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə turnir keçirilir. Sözügedən kubok uğrunda turnir ənənəvi olaraq Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin bazasında təşkil edilir. Yarışın təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzidir. Qeyd edək ki, 2006-cı ilin 18 aprel tarixində ölkə prezidentinin müvafiq fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yaradılanda onun strukturuna Atçılıq Turizm Mərkəzi də daxil edilib. Əgər əvvəllər çövkənlə məşğul olan və yarışlarda iştirak edən cəmi 3 rayon vardısa, ötən 2 il müddətində onların sayı 13-ə çatıb.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 14 iyun.- S. 6.