“Azərbaycan – doğma
diyar” festivalı başlayıb
YUNESKO-nun 2005-ci il oktyabrın
20-də qəbul etdiyi
“Mədəni özünüifadə
müxtəlifliyinin qorunması
və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq ölkəmizdə yaşayan
milli azlıq və etnik qrupların
mədəniyyəti Azərbaycan
mədəniyyətinin tərkib
hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin,
adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü
iş aparılır.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və
təşkilatçılığı ilə 2006-cı, 2008-ci illərdə
“Azərbaycan-doğma diyar”
devizi altında keçirilmiş azsaylı
xalqların incəsənəti
festivalı respublikanın
ictimai-mədəni həyatında
mühüm hadisə
kimi yadda qalıb.
Nazirliyin mətbuat
xidmətindən verilən
məlumata görə,
görülən işlərin
davamı olaraq ölkədə yaşayan
milli azlıq və etnik qrupların
mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma
və tarixi dostluq münasibətlərinin
möhkəmləndirilməsi məqsədilə Heydər
Əliyev Fondunun dəstəyi, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə iyunun 14-dən
18-dək “Azərbaycan – doğma
diyar” devizi altında milli azlıqların III Respublika
incəsənəti festivalı
gerçəkləşəcək.
Festivalın təşkilat komitəsi yaradılmış, nazirliyin
müvafiq şöbələri
tədbirin keçirilməsinə
səfərbər olunaraq,
festivalın emblemi, afişası, dəvətnamələri
hazırlanıb. İyunun 16-da Muzey Mərkəzində “Qloballaşma dövründə
Azərbaycanda etnik mədəniyyət” mövzusunda
dəyirmi masa, daha sonra 5 dildə
“Azərbaycanda yaşayan
xalqların mahnıları”
CD diski ilə bağlı tədbir keçirilməsi planlaşdırılır.
Lənkəran, Şəki
şəhər, Astara, Masallı, Lerik, Balakən, Zaqatala, Qax,
Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı,
Şabran rayon mədəniyyət və turizm şöbələri
tərəfindən azsaylı xalqların bədii kollektivlərinin
Bakı şəhərinə ezam edilməsi və festivalda
iştirakı təmin olunub. Festivalın yekun
konserti iyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrında baş tutacaq.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 15 iyun.- S.7.