Tarix səhifələrinə məktublardan
yayılan işıq
1747-ci ildə Azərbaycanda
yaranan xanlıqlardan biri də İrəvan xanlığı
olub. Əsasən Qacarlar idarə etdiyi İrəvan
xanlığı da Naxçıvan xanlığının
siyasi taleyini yaşamışdır. O da Naxçıvan
xanlığı kimi 1747–1797-ci illərdə müstəqil
dövlət olmuş, 1797–1828-ci illərdə isə burada Fətəli
şahın hakimiyyəti hökm sürmüşdür. Tarixən
qədim Azərbaycan torpaqlarını əhatə edən
İrəvan xanlığı mürəkkəb və uzun
tarixi yol keçmişdir. Sovet hakimiyyəti illərində
erməni tarixşünasları İrəvan
xanlığının yaranması, ictimai-iqtisadi vəziyyəti
və siyasi tarixi haqqında arxiv sənədlərini öz
xeyirlərinə dəyişmiş, uydurma kitablar
yazmışlar. Bu azmış kimi İrəvan və
Naxçıvan xanlıqlarının tarixini şərqi Ermənistanın
tarixi kimi yazıb ictimaiyyəti aldatmışlar. Bu sırada
M.Q. Nersesyanın, Q.A. Ezovun, B.M. Arutyanın, V.R. Qriqoryanın
yazdıqlarında olan kobud səhvləri, uydurmaları İrəvan
xanlığı haqqında tədqiqat aparan alimlərimiz elmi
faktlarla, ilkin mənbə olan arxiv sənədləri ilə təkzib
etmişlər. Ciddi tədqiqat əsərlərindən Fuad Əliyevin,
Urfan Həsənovun “İrəvan xanlığı” (1997 və
2007-ci illər nəşri) və “İrəvan
xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi”
(2010) monoqrafiyalarını qeyd etmək yerinə düşər.
Eləcə də Naxçıvan xanlığının tarixinə dair yazılmış monoqrafiyalarda İrəvan xanlığı ilə bağlı xeyli məsələlərə toxunulmuşdur. Akademik İsa Həbibbəylinin “İrəvan şəhəri necə varsa” adlı elmi məqaləsi tariximizdə mühüm hadisədir. Çünki müəllif bu məqaləsində İrəvan şəhərinin tarixinə aktual yanaşmış və saxtakar ermənişünaslara layiqli cavab vermişdir.
Hər bir xanlığın tarixində olduğu kimi, İrəvan xanlığının keçdiyi inkişaf yolunda onun xarici siyasəti əsas yer tutur. Gürcüstanın paytaxtı Tiflis şəhərindəki Milli Əlyazmalar Mərkəzində rus şərqşünası Konstantin Nikolayeviç Smirnovun 39 nömrəli fondunda XVIII əsrdə İrəvan xanlarının qonşu dövlətlərlə yazışmaları (Məktublar külliyyatı) saxlanılır.
İrəvan xanlarının məktubları (təxminən 197 məktub) 1936-cı ildə mütəxəssis alim K.N. Smirnov tərəfindən kitab kimi nəşrə hazırlansa da, bu günədək nəşr olunmamışdır.
Alimin “Giriş”də yazdıqlarından məlum olur ki, o, ərəbşünas Cahangir Qayıbovla birlikdə İrəvana yaradıcılıq ezamiyyətinə getmişdir.
Smirnovun yazdığına görə, məktubların orijinalı Ermənistanın Ədəbiyyat Muzeyində saxlanılır. Məktubların əksəriyyəti fars dilində, bir neçəsinin isə ərəbcə olduğunu qeyd edən tərcüməçi daha sonra bildirir ki, diplomatik yazışmaların hamısının fotosurətini çıxartmış və gətirib Tiflisdə Dövlət Tarix Muzeyinə təqdim etmişdir.
Maraqlı haldır ki, şərqşünas Smirnov İrəvan xanlarının diplomatik məktublarını olduqca səmimi bir dillə oxuculara təqdim edir. O, bu məktublarla tanış olandan sonra Rusiya hərbiçilərinin Azərbaycan xanlıqları, o cümlədən İrəvan xanlığı haqqında olan bəsit fikirlərini kəskin tənqid etmişdir. Hətta, göstərir ki, bu diplomatik yazışmalara ancaq qibtə etmək olar. Məqamındaca deyək ki, Məhəmməd xanın hakimiyyəti dövründə İrəvan xanlığının diplomatiyasının çox orijinal olduğunu önə çəkən müəllif yazır ki, görəsən gənc xanın apardığı siyasətin arxasında kim dayanır.
Müəllif belə bir maraqlı suala özü də cavab verir: Bəzən deyirlər ki, onun anası əsas diplomatik yazışmaların sahibidir. Amma bu doğru deyil. Çünki son illərdə aparılan araşdırmalar təsdiq edir ki, həyata keçirilən xarici siyasətin arxasında Qacarların kürəkəni, Məhəmməd xanın bacısının əri naxçıvanlı Kalbalı xan Kəngərli dayanırdı. Elə əslində dolayısı yolla alim bu suala belə bir sualla da cavab verib: ağıllı bir siyasəti istiqamətləndirən İrəvan Taleyranı kimdir? Sonra alim davam edərək deyir: “Gənc xan belə yüksək səviyyədə hərəkət edə bilməzdi, ola bilər, bəlkə bu onun Şadlı tayfasından olan anasıdır?”.
Həmin illər İrəvan xanlığını idarə edən İrəvan Taleyranı Kalbalı xan idi. Yeri gəlmişkən, Smirnov məktublarda rast gəldiyi bir fikri burada da təkrarlayır: “Məhəmməd xanın anası Şadlı tayfasındandır”.
Onun anasını gürcü qızı yazanlar səhv edirlər. Smirnov qeyd edir ki, məktublar külliyyatı nəfis xətlə yazılıb. Elə şairanə dildə yazılıb ki, bəzi yerləri tərcümə etməkdə çətinlik çəkirdik.
Bu məktublarda İrəvan xanlığının münşisi (katibi) Mirzə Məhəmməd Müslüm (ədəbi ləqəbi Əl-Qüdsi) haqqında da ətraflı məlumat vardır. Elə məktublar külliyyatını nəfis, orijinal və diplomatik dillə nəşrə hazırlayan da Qüdsidir.
K.N. Smirnov Qüdsi və onun yazı üslubu haqqında danışmaqla bərabər, həm də qeyd edir ki, Qüdsinin özü belə yazı formasına təxminən 40 səhifə ithaf etmişdir. Münşinin üslubu haqqında Smirnov yazır: “Qüdsinin üslub nümunələri göstərir ki, ruslar Cənubi Qafqazın əyalətlərini tutmazdan əvvəl yuxarı təbəqənin mədəniyyət səviyyəsi işğalçıların fikirləşdiyi qədər köhnə, bəsit olmayıb. Xanlar utanırdılar ki, təhsilli insanlarda elmi yarımçıqlıq hiss olunsun”.
Elə bunun özü Smirnov kimi çox bilikli və nüfuzlu hərbi şərqşünasın “Məktublar külliyyatı”na verdiyi qiymətdir.
Bunu Naxçıvan xanlığının da diplomatik məktublarına şamil etmək olar. Heç də əbəs yerə çar Rusiyası kimi böyük hərbi gücə malik olan dövlət Naxçıvanın cəsur xan sərkərdələri Kalbalı xana və Ehsan xana diqqət ayırmazdı. Naxçıvan ölkəsinə aid yazdığı kitablarda Smirnov müəyyən qədər ermənipərəst mövqe tutsa da, İrəvan xanlarının məktublarından vəcdə gəldiyini gizlətməmişdir. Və bu çapa hazır kitablarda Yermolovu, Qriboyedovu və Sisiyanovu tənqid atəşinə tutub. “Məktublar külliyyatı” elmi dövriyyəyə daxil olmadan olmadan İrəvan və Naxçıvan xanlıqları haqqında ətraflı, doğru-dürüst söhbət açmaq, yazmaq mümkündürmü? Əlbəttə ki, yox!
Külliyyatda Türkiyə hökuməti ilə 13 məktub, o cümlədən Həsənəli xanın (Sarı Aslanın) 3 məktubu aşkar edildi.
Dağıstan ləzgilərinə ərəb dilində 6 maraqlı məktub və gürcülərlə, ruslarla diplomatik yazışmalar xanlıqlar dövründə aparılan xarici siyasət bəzi tədqiqatçıların yazdıqları ilə üst-üstə düşmür.
“Məktublar külliyyatı”nın orijinalının fotosurətləri Tiflis arxivlərinin hansı küncündəsə tədqiqatçılarımızı gözləyir. Əgər İrəvanda indi Matenadaranda (Əlyazmalar İnstitutunda) saxlanılan orijinallara əlimiz çatmırsa, Smirnovun 1936-cı ildə İrəvandan Tiflisə gətirdiyi fotosurətlər köməyimizə çata bilər. K.N. Smirnovun şəxsi arxivində çapa hazırlanmış kitabları nəşr etdirə bilsək, xalqımız bundan çox faydalana bilər.
Burada bir haşiyə çıxmaq yerinə düşərdi. Smirnov yazır: “1936-cı ilin əvvəlində 564 sənədi (12 qovluqda) Tiflisə gətirdim. Onlar əsasən fars və türk, bir neçəsi isə ərəb dillərində idi. Ən köhnə sənədlər XVI əsrə aiddir” [6]. Əlbəttə alim sənədlərin orijinalını yox, fotosurətini dövlətin tapşırığı ilə Tiflisə gətirib. Onun yazdığına görə Qafqazda “Şərq dillərində olan sənədlərin kolleksiyası” Gürcüstan Dövlət Tarix Muzeyində olub. İndi zaman Azərbaycanın xeyrinə işlədiyindən, ciddi elmi axtarışlar bu sənədləri də üzə çıxara bilər.
K.N. Smirnovun şəxsi arxivində 13 səhifəlik bir əlyazma da saxlanılır. “Cənubi Qafqazın İran xanlıqları XVI–XIX əsrin sənədlərində”. Burada Naxçıvan xanlığından da ətraflı söhbət açılır.
Həmçinin, 50 səhifəlik “Eçmiədzin-İrəvan sənədləri” (Üçkilsədəki arxivdən gətirilən) bizim tariximizi əks etdirir. İrəvan xanlarının “Məktublar külliyyatı”nda Naxçıvan xanı Abbasqulu xanın İrəvan xanı Hüseynəli xana yazılmış məktubuna cavab olaraq Hüseynəli xanın Naxçıvan xanına, Kəngərli tayfasının ağsaqqalı, vəkili Kərim Sultana və naxçıvanlılara məktubu, həmçinin İrəvan xanının münşisinin naxçıvanlı naşir Molla Məhəmmədə yazılan məktubları vardır. Vaxtilə K.N. Smirnovun çapa hazırladığı “Məktublar külliyyatı” nəşr olunmamış qalmışdır. Məqsədimiz gərgin axtarışlar nəticəsində əldə etdiyimiz həmin məşhur diplomatik məktubları nəşr etdirib elmi dövriyyəyə daxil etməkdir.
Musa RƏHİMOĞLU
(QULİYEV)
525-ci qəzet.- 2011.- 15 iyun.- S.6.