Xalça MuzeyindəSilahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasımüzakirə olunub

 

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması” mövzusunda Beynəlxalq təlim gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi və Beynəlxalq Muzeylər Şurasının (İKOM) Azərbaycan Milli Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən tədbiri giriş sözü ilə adıçəkilən nazirliyin şöbə müdiri Fikrət Babayev açıb. F. Babayev çıxışında silahlı münaqişələr nəticəsində mədəni irsə daha çox zərər dəydiyini diqqətə çatdırıb. Məsələnin ciddiliyini və əhəmiyyətini nəzərə alan beynəlxalq birlik 1954-cü ildə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasını qəbul olunub. Həmin konvensiyanın icra mexanizmi kimi işğal zamanı mədəni sərvətlərin qorunması haqqında Protokol da qəbul olunub. Lakin problemin həlli istiqamətində yaranan boşluqlar 1999-cu ildə Haaqa Konvensiyasına dair II Protokolun qəbul edilməsi üçün şərait yaradıb.

Haaqa Konvensiyasının II Protokolu Azərbaycan tərəfindən 2001-ci il aprelin 17-də ratifikasiya edilib. Azərbaycanda bu Konvensiyaya həsr olunmuş bir neçə seminar, konfrans və “dəyirmi masa” keçirilib.

BXQK-nın Azərbaycan nümayəndəliyinin başçısı Şerin Pollini isə “Rəqabət aparan prioritetlər: Mədəni sərvətlərin humanitar qanunlar əsasında qorunması və BQXK-nın Azərbaycanda fəaliyyəti” mövzusunda əhatəli çıxış edib. Onun sözlərinə görə, fikrincə, münaqişələr zamanı mədəni sərvətlərin qorunması üçün səmərəli sistemin yaradılması həllini tapmalıdır.

BQXK-nın hüquqi qaydalar üzrə regional məsləhətçisi Maria Teresa Dutli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması qaydaları və 1954-cü il Haaqa Konvensiyasının II Protokolunun əhəmiyyəti” mövzusunda geniş məlumat verib.

Qeyd olunub ki, cari ilin dekabrın 12-13-də iştirakçı dövlətlərin konfransı baş tutacaq. Konfransda 12 üzvdən ibarət YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Sərvətlərin Qorunması Komitəsinin 6 yeni üzvünün seçkiləri keçiriləcək.

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru və İKOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva isə çıxışında “Haaqa Konvensiyası və Azərbaycanda onun həyata keçirilməsi sahəsində görülən işlər” haqqında ətraflı məlumat verib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 15 iyun.- S.7.