Gələcəyin adamı...

 

Vaqif İbrahimoğlunun xatirəsinə...

 

...Uzun, incə, bir yoldayım...

Gediyorum gündüz, gecə...

 

O, zarafatyana oxuya-oxuya teatrın qapısını bağlayır, gözü ilə mənə işarə eləyir: yəni, gəl dalımca. Həmişəki iti yerişi ilə düzəlir yola. Mən sevinə-sevinə dalınca qaçıram...

O mənim müəllimimdir. Böyüyümdür. Ustadımdır. Onun yanında özümü həmişə inamlı, arxayın, ağıllı hiss edirəm. Birtəhər çatıb qoluna girirəm ki, arxada qalmayım. Elə həmişə bizi arxasınca çəkib aparır. Allah bilir hər qolundan mənim kimi neçəsi sallanıb...

Birinci dəfədir, məni özü çağırıb. Görəsən deyəcək? O isə hələ oxumağındadır. Azdramanın yanından keçirik. Bütün Bakı təmirdədir. Toz- duman aləmi bürüyüb. Mən ona qoşulub oxuyuram, Aşıq Veysəlin vəsf elədiyi yolla avtobus dayanacağına sarı gedirik...

...İki qapılı bir handa

Gediyorum gündüz-gecə...

Qəfildən kepkasını gözünün üstünə çəkir, yanakı mənə baxır:

Bir aydan sonra 60 yaşım olacaq. Mənim haqqımda yazı yazmaq istəmirsən?..

Heç bircə kəlməəlbəttə!” deməyə macal tapmıram...

Gör neçə ilin dostuyuq. Səni Mailə xanımın (anamın) yanında, radioda görəndə neçə yaşın olardı – 17, ya 18? Yadındadır, 50 yaşımda məni qəzetdə necə təbrik eləmişdin? İndi 60-a gəlib çatmışam. Bilmək istəyirəm mənim haqqımda fikirləşirsən? Bəlkə dəyişilmişəm, qocalmışam... Deyirəm qismətdir, birdən 70-ə gedib çıxmadım?..

Beynim informasiyanı- axırıncı cümləni istisna edərək qəbul edir (necə yəni birdən 70 yaşına çıxmadım?) Müəllimimin bəzi hadisələri öncədən görmək qabiliyyətini dəfələrlə sınayıb heyrətləndiyimiz günləri unuduram . Artıq yazacağım təbrik haqqında düşünürəm.

Düşünürəm, düşünürəm... Görəsən təbrikim niyə belə nisgilli alındı?.. Oktyabrın 18-də əlim əsə-əsə Vaqif İbrahimoğlunun nömrəsini yığıram:

Müəllim, sizi təbrik edirəm!

Çox sağ ol... (?)

Mən o yazını yazdım, amma sonra cırıb atdım.

– ...Niyə?

Çünki xoşuma gəlmədi. Ağlamalı alınmışdı. İstəmirəm. Gələn il başqasını yazaram.

Dəstəyin o tayında çox sevdiyim gülüşünü eşidirəm (o məni bu gərginliyin içində tək qoymayacaqdı):

Niyə cırdın ki? Gərək saxlayardın, lazım olanda nekroloq əvəzinə verərdin ...

...Kaş ki siz onu əlində kamera, “Yuğteatrında gedən təmirdən həvəsləreportajaparan yerdə görəydiz. Böyük rejissorəlində balaca kamera nəzarətdən dilxor olmuş ustaların ətrafında fırlanır. Növbəti dahiyanə kadrı qeydə alandan sonra uşaq kimi sevinərək: “yadda saxla, insanı həyatda saxlayan yeganə şeycanlı maraqdır” – deyir – “Marağını itirən adam ölmüş kimidir”...

Onun necə ustad olduğunu anlamaq üçün Vaqif İbrahimoğlunun 60 illik yubileyindən bir fraqmenti görmək kifayətdir: xatirə şəkli çəkdirmək üçün tələbələri yubilyarın başına toplaşırlar. Getdikcə genişlənən kadrı tutmaq üçün fotoqraf geri çəkilməli olur, yenə çəkilir, yenə çəkilir... Bir-birini qucaqlayaraq fotoya yerləşmək istəyən doğma insanların sayı isə artdıqca artır. Yuğteatrının yetişdirdiyi dörd nəsli obyektivə sığışdırmaq olmurfotoaparatın bir çıqqıltısı ilə bunu qeydə almaq mümkündürmü? Ustadın xeyir-duası ilə sənətə gələn adamları, qurulan ailələri göstərmək üçün uzun-uzun panoram lazımdır...

Vaqif İbrahimoğlunun tamaşalarından heç olmasa birini görənlər onun necə rejissor olduğunu yaxşı bilirlər. Bu tamaşaların ünvanlandığı hədəf hisslərin, düşüncələrin ötəsidirİnsan Ruhudur! Vaqif İbrahimoğlu dünya teatrı tarixində nadir rejissorların gördüyü bir işi gördüözəl, yeni bir teatr estetikasıpsixosof teatrı ( tərcümədəruhun hikməti”) yaratdı, bu estetikanın nəzəri əsaslarını işlədi nəhayət, təcrübəsini nümayiş etdirdi. Məhz Vaqif İbrahimoğlunun sayəsində Azərbaycan teatrı dünyada gedən qabaqcıl teatr prosesinin tərkib hissəsi sayılmağa layiq oldu.

Onun necə ziyalı olduğunu bilmək istəyənlər Vaqif müəlliminQapalı köşəadlanan kitabını vərəqləsinlər. Bir neçə il ərzindəÜç nöqtəqəzetinə yazdığı köşə yazılarından seçmələri 60 illik yubileyi ərəfəsində bir yerə topladı, öz ad günündə qonaqlarına hədiyyə etdi. Bu kitab, mədəniyyəti canlı hərəkətdə görən, əlini daim hadisələrin nəbzində tutan, xaosda gizlin nizamı görməyi bacaran ən əsasıdəqiq proqnozlar vermək istedadı olan bir sənətçinin yazdığı Mədəniyyət Müntəxəbatıdır.

Onun necə müəllim olduğunuYuğ”a daim qeyd dəftərçəsi ilə gələn onlarca jurnalistdən, ssenaristdən, yönətməndən, yazıçıdan, teatrşünasdan, musiqiçidən soruşun. Vaqif İbrahimoğlu yanına məsləhətə gələn hər adamdan tələb edirdi ki, niyyətini istedadlı adamın birdəfəlik aksiyası kimi gerçəkləşdirməsinmədəniyyət faktı kimi təsdiqləsin. Dərin sistemli düşünmək, iradəli dönməz olmaq, əxlaqı bütün məqsədlərin fövqündə görmək, Allahı tanımaqVaqif İbrahimoğlu pedaqogikası bu meyarlar üzərində qərar tutub.

Onun necə bir şəxsiyyət olduğu bəlkə bir çoxlarına ağır xəstəliklə çarpışdığı son bir ildə açıldı. Ölümündən bir gün qabaq müsahibə verdi, türkdilli teatrların ortaq layihələri ilə dünyaya çıxmağın vacibliyindən danışdı; “indi bir az rahatsızam, amma təbii ki, mən bu prosesə qatılacağam”- dedi. Ömrünün final səhnəsində yenə zarafatından qalmadı, yatağının ətrafına yığışanlar üçün mübariz qırmızı qvardiyaçıların marşını oxudu... Əslində, həyatı boyu dəfələrlə, çox ağır sınaqlarla beləcə təkbətək, üz-üzə durmuşdu. Buna şahidik. Üzülmüşdü, sarsılmışdı. Amma heç vaxt dizini yerə qoymamışdı. Arxasınca gələnlərin məsuliyyətini hiss elədiyi üçün ən yorğun vaxtlarında belə zəif görünməyi özünə rəva bilməmişdi.

Onun necə bir kişi olduğuAzərbaycanda teatr ölüb!” deyən neyçünsə fərəhlənən tənqidçilərə verdiyi cavabdan bilindi. Hətta teatr xadimlərinin özlərinin xəcalətlə şərhdən gizləndikləri bir vaxtda Vaqif İbrahimoğlu irəli çıxıb: “Azərbaycan teatrının öldüyünü deyənlər qoy Vaqif İbrahimoğlunun da öldüyünü sübut etsinlər. Əgər mən varamsa, yaşayıramsa, deməli, Azərbaycan teatrı da var! Mübahisə etmək istəyənlər tapılsa, dinləməyə hazıram!” O zamandan bəri heç kim, bir kimsə (!) Vaqif İbrahimoğlu ilə bu mövzuda mübahisəyə girişməyə cəsarət etmədi...

Pəhləvan gövdəli, iri cüssəli olmasa da, əsil qəhrəman idi. Çiyinlərində mədəniyyətinin yükünü daşıyırdı. Hələ biz cürbəcür ehtiyaclarımızın yükü ilə onun yanana qaçardıq. Birimizə diqqət, birimizə qayğı, birimizə , birimizə təsəlli, birimizə çörək lazım idi. Bircə dəfə olsun, kömək üçün gələnlərə öz yüksək məqamından həqarətlə baxmadı. İçimizdəki şəxsiyyəti açıb bizi tanıtdı. Ağlımıza gələn ideyaların, gördüyümüz işin, yaşadığımız həyatın dəyərini anlatdı. Onunla birgə sevinc, qürur, dolu günlər yaşadıq...

Onun uzaqlaşmaqda olan cənazəsinə baxanda ağrıdan ağırlıqdan büzüşdük. Demək artıq böyüklərin kölgəsindən çıxmaq vaxtıdır? Demək artıq böyümək zamanıdır? Mədəniyyət var, çünki mən varam!”fikrini bəyan edəcək qədər böyümək ...

Ustadımın daşıdığı yükün altına mən onun bütün tələbələri kimi öz çiynimi verəcəyəm.Uzun, incə bir yol”un davamını gedəcəyəm. Zarımayacağam... şikayətlənməyəcəyəm... qorxmayacağam...

...çünki qarşıdaçatmaq istədiyimgələcək”də onunmüəllimimin məni izlədiyini, gözlədiyini duyuram...

 

 

LALƏ

 

525-ci qəzet.- 2011.- 21 iyun.- S.7.