İnsan
hüquqları ümumxalq hərəkatının tərkib
hissəsinə çevrilib
İNSAN
HÜQUQLARI AYLIĞI UĞURLA BAŞA ÇATIB
Məlum
olduğu kimi, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin
18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun
18-i ölkəmizdə İnsan Hüquqları Günü
kimi qeyd olunur.
Müstəqil
dövlətimizin milli bayramlarından və əlamətdar
günlərindən biri – “İnsan Hüquqları
Günü” ölkəmizdə təntənəli şəkildə
qeyd olunmaqla yanaşı, bizlər, ümumiyyətlə insan
hüquqlarının müdafiəsi ilə məşğul
olan hər bir kəs üçün olduqca əziz və
önəmli bir gündür.
Müasir
dövrdə insanın hüquq və azadlıqları,
onların təmini və səmərəli şəkildə
müdafiəsi hər bir dövlətin və cəmiyyətin
inkişafının mühüm faktoru kimi
çıxış edir. İnsan hüquqları insanın təbiətinə
məxsus olan hüquqlardır, bu hüquqlar insana məhz insan
varlığı olduğu üçün məxsusdur, onlara
hörmət olunması, riayət edilməsi və müdafiəsi
dövlətin ən ali vəzifəsidir.
Bu əlamətdar
günlə əlaqədar Ombudsmanın təşəbbüsü
ilə ənənəvi olaraq hər il “18 iyun Milli İnsan
Hüquqları Günü” ərəfəsində mayın
18-dən iyunun 18-dək respublikamızda “İnsan
hüquqları aylığı” keçirilir. Bununla
bağlı yerli və mərkəzi icra hakimiyyəti
orqanlarına eləcə də, vətəndaş cəmiyyəti
üzvlərinə – QHT və KİV-lərə bu ərəfədə
tədbirlərin həyata keçirilməsi, insan
hüquqlarına diqqətin bir qədər də
artırılması və həmin hüquqların təmini
və təbliği məqsədini daşıyan tövsiyələr
verilir.
“İnsan
aylığı” çərçivəsində həyata
keçirilən tədbirlər planı demək olar ki, əhalinin
bütün qruplarını əhatə edib və onların
fəal iştirakları ilə yadda qalıb.
“İnsan
hüquqlarına dair gənclər festivalı” təşkil
olunub, “Müasir dünyada insan hüquqları” mövzusunda
inşa və “Mənim hüquqlarım” mövzusunda rəsm
müsabiqəsi keçirilib ki, bu da gənclərin insan
hüquqları dəyərlərinə yiyələnmələri
istiqamətində öz töhfəsini verməkdədir.
İnsanlarda
öz hüquqlarını öyrənməyə
çağırış məqsədi daşıyan Vəkil
hanı?” bədii filmi, “Onun ürəyi”,
“Yarımçıq gündəlik” filmləri
tamaşaçıların diqqətinə təqdim olunub. Azərbaycan
Respublikasında İnsan Hüquqlarının Müdafiəsi
üzrə Milli Fəaliyyət Planının müddəaları
demək olar ki, dövlət qurumları üçün
aylıq çərçivəsində tədbirlər
planının hazırlanması və həyata keçirilməsi
istiqamətində əsas mənbə olub.
Rayon-şəhər
İcra hakimiyyəti orqanları da “İnsan hüquqları aylığı
çərçivəsində fəallıq göstərib,
müxtəlif məzmunlu silsilə tədbirlər həyata
keçiriblər.
Bakı
şəhərinin on bir rayonunu və respublikanın digər
bütün rayon və şəhərlərini əhatə
etməklə bu tədbirlər geniş miqyasda icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilib.
Milli azlıqların məskunlaşdığı rayonların yerli İcra Hakimiyyəti orqanlarından aldığımız məlumatlarda milli azlıqlarla da görüşlərin təşkil olunduğu, onlara hüquq və vəzifələrinin izah olunduğu bildirilib.
Müvəkkil əhalinin müxtəlif qrupları – uşaqlar, əlillər, qadınlar, ahıllar, hərbi qulluqçular, məhkumlar və müxtəlif qapalı müəssisələrdə saxlanılan şəxslərlə görüşlər keçirmiş, onların vəziyyəti ilə maraqlanıb, müraciətlərini qəbul edib.
“İnsan hüquqları aylığı” çərçivəsində Müvəkkil əhali qruplarından biri kimi, hüquqlarının müdafiəsini daim diqqətdə saxladığı psixiatriya xəstəxanalarında müalicə olunan ruhi xəstələrlə də regionlarda görüşlər təşkil olunub, onların saxlandığı müəssisələrə ardıcıl baxışlar keçirib.
Qeyd olunmalıdır ki, İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Ombudsman və onun MPM qrupunun üzvləri azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, o cümlədən psixiatriya xəstəxanalarında da müntəzəm olaraq planlı monitorinqlər aparır, başçəkmələr həyata keçirir, müraciətləri yerində araşdıraraq müvafiq tədbirlər görürlər.
Aylıq çərçivəsində Ombudsmanın təşəbbüsü əsasında respublikanın baş psixiatrı ilə birgə regionlarda keçirilən bu tədbirlər zamanı rayonlararası ruhi-əsəb xəstəxana və dispanserlərinin baş həkimlərinin iştirakı ilə, Salyan, Gəncə, Qazax, Mingəçevir və Şəkidə yerləşən ruhi-əsəb xəstəxanalarında psixiatriya sahəsindəki problemlərə, xəstələrin vəziyyətinin daha da yaxşılaşdırılmasına həsr edilmiş regional müşavirələr də keçirilib.
Aparatın əməkdaşları tərəfindən də müvəqqəti saxlanma təcridxanalarında, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində baş çəkmələr həyata keçirilib, saxlanılan şəxslərlə görüşlər təşkil olunub, onlara ünvanlanan hüquqi maarifləndirmə işləri həyata keçirilib.
Fəaliyyətimizdə insan hüquqları təhsili də daim inkişaf etdirilən istiqamətlərdən olub. Belə ki, müxtəlif universitetlərlə əməkdaşlıq çərçivəsində aidiyyəti fakültələrin tələbələri Ombudsman Aparatında davamlı şəkildə istehsalat təcrübəsi keçir və bu sahədə bilik və bacarıqlara yiyələnirlər.
Aylıq çərçivəsində respublikamızın regionlarında gənclərin, məktəb şagirdlərinin, tələbələrin, müəllimlərin iştirakı ilə “HİV/AİDS və İnsan hüquqları”na, “28 may Respublika Günü”nə, o cümlədən “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” və “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”nə həsr olunmuş müxtəlif mövzularda maarifləndirici seminar-treninqlər də təşkil olunub.
Bu ərəfədə, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa Müvəkkilin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar millət vəkilləri, ölkənin tanınmış jurnalistlərinin, qəzet və jurnalların baş redaktorlarının, həmçinin 32 dövlət qurumunun mətbuat xidmətləri rəhbərlərinin iştirakı ilə ardıcıl məsləhətləşmələr aparılıb, müzakirələr təşkil olunub.
Yeri gəlmişkən qeyd etməliyəm ki, əhalinin bütün qruplarının vəziyyəti ilə maraqlanan Müvəkkil şəhid ailələrini də yaddan çıxarmır, mütəmadi onlara baş çəkir.
Müvəkkil aylıq çərçivəsində regionlara səfəri zamanı dövlətimizin Milli Qəhrəmanına verdiyi dəyərin bir nümunəsi kimi Mübariz İbrahimovun xatirəsinə elə şəhidin adını daşıyan liseyin həyətində ucaldılan heykəlinin açılış mərasimində də iştirak etmiş, öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Aylıq çərçivəsində həyata keçirilmiş və əsas məqsədi insanların hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşıyan tədbirlər zamanı Ombudsman Aparatının nəşrləri də geniş əhali kütləsi arasında yayılıb.
“İnsan hüquqları aylığı”na iyunun 18-də yekun vurulub və sayca 9-cu olan Ombudsmanların Bakı beynəlxalq konfransı ilə ölkəmizdə Milli İnsan Hüquqları Günü təntənəli şəkildə qeyd olunub.
Bu gün hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə insan hüquqları əhalinin kütləvi şəkildə iştirakının təmin edilməsi ilə ümumxalq hərəkatının tərkib hissəsinə çevrilib.
Həyata keçirilən tədbirlər və islahatlar, idarəetmənin təkmilləşməsi insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına və öz hüquqlarının həyata keçirilməsi üçün qətiyyətli addım atmaları istiqamətində öz töhfəsini verməkdədir.
Bu baxımdan, ölkəmizdə Ombudsmanın təşəbbüsü
ilə davamlı olaraq həyata
keçirilən bütün
tədbirlər, ardıcıl regional ictimai dinləmələr
insan hüquqlarının
təbliği, pozulmuş hüquqların
bərpası istiqamətində müvafiq dövlət
qurumları, QHT və KİV-lər, həmçinin
beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq,
o cümlədən insan hüquqları mədəniyyətinin
formalaşdırılması müsbət təcrübə kimi hər il
yeniliklərin və uğurlu nəticələrin əldə
olunmasına, əhali arasında hüquq mədəniyyətinin
çiçəklənməsinə öz töhfəsini verir və insan hüquqları sahəsində
Azərbaycan təcrübəsini daha da inkişaf etdirir.
Rəşid RUMZADƏ,
Azərbaycan Respublikasının
İnsan
Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatının Hüquqi
maarifləndirmə sektorunun Baş
məsləhətçisi
525-ci qəzet.- 2011.- 22 iyun.- S.2.