Dünyada və Azərbaycanda
narkomaniya: dəhşətli sosial bəla kimi
Təbii fəlakətlər, siyasi-iqtisadi problemlər qarşısında can verən dünyanın bu gün ən böyük və qarşısı alınmaz bəlalarından biri, bəlkə də birincisi narkomaniyadır. Bu bəlanın müasir dünyada necə yaranması, yayılması fikri artıq köhnəlib və ondan necə qurtulmalı fikri bütün polemikaların ana mövzusudur. Əlbəttə ki, inkişaf edən dünyada qarşısı alınmayan bəlalarla üzbəüz qalmaq gələcək perspektivlərin üstündən xətt çəkir. Bu problemin qarşısını almaq üçün planlar cızılır, yollar axtarılır...
Regionun nəhəngi olan Azərbaycanda da bu sahədə vəziyyət heç də ürəkaçan deyil. SSRİ dağıldıqdan sonra yiyəsiz qalan sərhədlər müəyyən qadağalar sistemində belə əl-qol atmağa çalışanlara, asan yolla qazanc əldə etmək istəyənlərə böyük fürsət verdi. Dəniz, hava və quru sərhədlərindən maneəsiz şəkildə narkotik maddələr və onların prekursorları daşınaraq yüksək gəlir gətirən sahəyə çevrildi. Ən çox da İran vasitəsilə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin cənub bölgələrimizdən daxil olması bu bölgələrin əhalisinin müəyyən hissəsini öz təsiri dairəsinə asanlıqla sala bildi. Ölkədə siyasi sabitliyin olmaması, Ermənistanın elan olunmamış müharibəsi həyəcan təbili çalmağa imkan vermədi. Bu şübhəsiz ki, bir çox dövlətlərin ürəyincə idi. Azərbaycan kimi təbii sərvətlərlə zəngin olan bir ölkəni zəiflədib ələ keçirməyin yollarından biri də onu narkomaniya kimi bəlalarla üzbəüz qoymaq idi...
Sosioloji tədqiqatların nəticələrinə görə narkomaniya artıq Azərbaycanda kifayət qədər oturuşub və onun kökünü adi üsullarla kəsmək cəhdləri mənasızdır. Bəs çıxış yolu nədir? Çıxış yolu isə dünya təcrübəsinin daha modern formada tətbiqidir. İnkişaf etmiş ölkələrin təcrübəsində yer alan gənclər siyasəti, gənclərlə işin qurulması, bağça, məktəb və digər strukturlarda təbliğat vasitələrinin rəngarəngliyi, maarifləndirmənin bütün formalarından istifadə etmək irəliləyiş əldə etməyə kömək edə bilər. Təcrübə göstərir ki, işsizlik, asudə vaxtın səmərəli təşkil edilməməsi inkişafa can atan ictimai mühitin sönük olması və bu kimi problemlərin çoxluğu ailədə psixoloji sarsıntılarla böyüyən uşaqların, yeniyetmələrin sonradan bu yola düşməsinə “geniş imkanlar” yaradır. Artıq “kasıb balası narkoman olmaz” fikri köhnəlmiş mövzuya çevrilib və bu bəla cəmiyyətin bütün təbəqələrində özünə yer eyləyib. İnkarolunmaz faktdır ki, narkotik vasitələr çox bahalıdır və onları əldə etmək üçün külli miqdarda pul lazımdır. Pul isə hamıya bərabər paylanmır və hər kəs də “zamanın yaxşı pulu”nu qazana bilmir. Əksər imkanlı ailələrin övladlarının narkomaniyadan əziyyət çəkdiyi cəmiyyətdə tez-tez səsləndirilir. Bəla budur ki, günahkarlar uzaqda axtarılır. Birmənalı olaraq demək lazımdır ki, günahkar elə valideynlərin özləridir. Yəni milyonlar, dəbdəbəli həyat əldə etmək üçün övladına vaxt ayıra bilməyən, onu nəzarətdə saxlamayan valideyn sonra gözünün qarşısında məhv olan doğma balasının həyatını xilas etmək üçün dispanserlərə üz tutur.
Müşahidələr göstərir ki, son zamanlar artan oğurluq hadisələrinin kökündə də narkomaniya var. Məsələn, müxtəlif yollarla bu bəlaya düçar olmuş kasıb bir ailənin hər-hansı bir üzvü tələbatını ödəmək üçün pul tapmadıqda ilk öncə öz evindən, daha sonra isə digərlərinin əmlakını oğurlamaqla cinayətə əl atır və cəmiyyətin arzuolunmaz şəxsinə çevrilir.
Statistikaya görə, bu gün Azərbaycanda 25489 min narkoman qeydiyyata alınıb ki, bunun da 6 minini gənclər təşkil edir. Təəssüf doğuran haldı ki, bu gün həmçinin rəsmi qeydiyyatda 500-dən çox narkoman qadın var və bu rəqəm heç də reallığı özündə əks etdirmir. Hətta hamilə qadınların bu iyrənc əmələ qurşanmaları insanı heyrətləndirməyə bilmir. Onlar düşünmürlər ki, batinlərində daşıdıqları körpə həm də dünyanı qarşısında aciz qoymuş HİV virusunun da potensial daşıyıcısı ola bilər.
Narkomaniyanın yaratdığı sosial problemlərin qarşısı almaq üçün dövlətin mübarizə sistemi artıq işə düşüb. Respublikada narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı aparılan mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin yüksəldilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi diqqət mərkəzindədir. Ölkəmizdə bu aktual probleminin qarşısının alınması məqsədi ilə ulu öndər Heydər Əliyev tərəfindən vaxtilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, ümummilli lider hələ 26 avqust 1996-cı ildə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında fərman imzalayıb, eyni zamanda, 15 iyul 2000-ci il tarixli fərmanla “2000-2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə “Milli Proqram” qəbul edilib. Bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılıb.
Bundan başqa, ölkə prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət Proqramının təsdiq edilməsi barədə” sənəd 2007-2012-ci illərdə Azərbaycanda bu dəhşətli bəla ilə mübarizənin daha səmərəli təşkilinə ciddi təkan verməkdədir. Ölkə başçısının 28 iyun 2005-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoyub və bu yöndə fəaliyyətin hüquqi bazasını təşkil edib.
Onu da qeyd etmək yerinə düşər ki, bu gün Qarabağ probleminin öz həllini tapmaması təkcə regionun yox, həm də dünyanın gələcək inkişafının sağlam sütunlarının sarsıdılmasına yol açır. Nəzarətsiz zona kimi siyasi leksikona daxil olmuş Qarabağda və işğal olunmuş ətraf rayonlarda narkotik vasitələrin becərilməsi ən təhlükəli həddə çatıb. Bu zona həm də narkotiklərin tranzitində istifadə edilir. Təəssüflər olsun ki, dünya birliyi bunu görsə də heç bir əməli addım atmır. Onda belə bir sual meydana çıxır: Yoxsa dünyanı narkomanlar idarə edir?
Bizlərə isə hələlik yalnız bunu
demək qalır: Çalışın,
özünüzü və
ətrafınızdakıları bu dəhşətli bəladan qoruyasınız!
Hafiz TƏMİROV,
DİN Mətbuat Xidmətinin əməkdaşı,
polis baş leytenantı
525-ci qəzet.- 2011.- 22 iyun.- S.4.