“Qaçaq Nəbi tarixi”nin “arxiv
ömrü” sona çatdı
FƏDAKAR TƏDQİQATÇI BƏHLUL
BƏHCƏTİN AMALI 80 İLDƏN SONRA GERÇƏKLƏŞDİ
Zəngəzurun
sonuncu qazısı, islamşünas, tarixçi,
folklorşünas Bəhlul Bəhcətin 1930-cu illərdə
yazdığı, 80 ildən bəri arxivdə saxlanan
“Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər
üzrə)” kitabı çapdan çıxıb. 290 səhifəlik
bu tədqiqat əsərinin müəllifi 1918-ci ildə Cihad
Bəyannaməsi ilə xalqı rus bolşevik və erməni
daşnaklarına qarşı mübarizəyə
qaldırıb, özünün yaradıb rəhbərlik
etdiyi fədailər dəstəsi ilə Laçınlı
Sultan bəylə çiyin-çiyinə Rusiya, ABŞ,
Fransa, İngiltərənin silahlandırıb dinc, əliyalın
müsəlmanların kütləvi qırğınlarına
rəvac verdikləri Andronikin 30 minlik qoşununa qarşı əlində
silah mücadilə aparıb, 24-cü ildə tutularaq birinci dəfə
tam 10 il Bayıl həbsxanasında saxlanıb,
M.C.Bağırovun şəxsi israrına rəğmən
sovet hakimiyyətini qəbul etməsə də, həbsxanada
onun zəkasından istifadə edilib, ərəb, fars, rus dillərini
kamil bildiyindən elmi-fəlsəfi, siyasi ədəbiyyatlardan
tərcümələr etməyinə şərait
yaradılıb, 1934-37-ci illərdə Azərnəşrdə
və Az.RAİ-nin ədəbiyyat bölməsində
çalışıb, bu illərdə Quranı, “Şahnamə”ni
ilk dəfə orijinaldan dilimizə tərcümə edib,
1922-ci ildə Tehranda fars dilində, ötən il isə Azərbaycan
dilində nəşr edilən “Məhəmməd Peyğəmbərin
və ailəsinin tarixi” kitabını yazıb, “Qarabağ
tarixi”, “Nizami və Qafqaz folkloru” və digər fundamental tədqiqatları
tamamlayıb, Sarı Aşıq, Nəbati
yaradıcılığını toplayıb tədqiq və
nəşr etdirib. Təəssüf ki, Bəhcətin Azərbaycan
tarix və ədəbiyyatına dair əlyazmalarının
bir çoxu itib-batıb, tərcümələri özgə
adlarla çıxıb. Hüseyn Cavid, Salman Mümtaz, Əli
Nəzmi, Əmin Abid, Əhməd Cavad, Əlağa Vahid və
bir çox müasirləri ilə sıx ünsiyyətləri
olan, ziyalılar arasında adı hörmətlə Bəhlul
Əfəndi deyə çağırılan ədib (Bəhcət
təxəllüsüdür, ərəbcə “gözəllik”,
“nəciblik” mənalarını verir) 15 mart 1938-ci ildə 3
aylıq həbsdən sonra kamil iman əhli olaraq əqidəsindən
dönmədiyinə, sovetləşməyə qarşı
olduğuna, Zəngəzur camaatını Cihada
çağırdığına görə NKVD
üçlüyünün qərarı ilə güllələnib.
Məzarının yeri bəlli deyil.
Qaçaq Nəbi
olduğu kimi
Azərbaycan xalqının ən çox sevdiyi, vəsf etdiyi Qaçaq Nəbinin həyatı və mübarizəsini əks etdirən ən etibarlı, bitkin, dolğun mənbə, heç şübhəsiz, Bəhlul Bəhcətin bu əsəridir. Ona görə ki, müəllif Qaçaq Nəbinin müasiri, həmyerlisi, onu və dəstəsindəkilərin əksəriyyətini yaxından tanıyan, görüşüb söhbətləşən, mübarizəsinin məramını yaxşı bilən müdrik insandır. Bəhlul Əfəndinin araşdırıcı kimi tədqiqat subyektinə yanaşma metodu, mövqeyi bir çox müasirlərindən fərqli olaraq tamamilə düzgündür, inandırıcıdır, obyektivdir: “Qaçaq Nəbi tarixini müxtəsər də olsa yada salanlar olmuş olsa da, lakin bir qədər yalan-yanlış və qeyri-təbii halda nəzərə çatdırıldığından o qədər də uğurlu alınmamışdır...Biz Qaçaq Nəbi tarixini nə əfsanələrlə dolu qeyri-təbii hadisələrin bir-birinə quraşdırılmış macəralar yığını hesab edirik, nə də Qaçaq Nəbini “olmayan sərgüzəştlər” qəhrəmanı və ya xalqı əyləndirici hekayələr sahibi “Don Kixot” kimi tanıyırıq. Biz Qaçaq Nəbini həyatın ziddiyyətləriylə mübarizədə şöhrət qazanmış bir amil hesab edirik və onun həyat-mübarizə tarixinə də bu baxımdan yanaşmağı lazım bilirik”.
55 başlıqda verilmiş fakt, detalın hər biri Qaçaq Nəbi hərəkatının mahiyyətini, fərdi şücaətinin, igidliyinin konkret bir səhifəsidir: “Qaçaq Nəbinin Xinzirəyə hücumu və Bedrus bəylə keşişi öz evində öldürməsi”, “Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi”, “Xuçmanski Lütvəli bəyi öldürməsi”, “Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçevan kəndində ermənilər tərəfindən öldürülməsi”, “Maltəpə Sarımsaqlıda Naxçıvan naçalniki Slovenki və Zəngəzur naçalniki Səlim bəylə döyüşü”, “Əliquluşağında erməni tacirlərin xəyanəti və öldürülməsi”, “Çətəndaşda savaşı və Telli Qaranın vurulması”, Güllü Pir, Qoparandağ, Qısırdağ davası, Kürdlər kəndində, Ərikli dağ, Murov, Dikpilakanda və digər savaşların hamısının iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilir. Qaçaq Nəbinin qaçaqçılıqdan əvvəlki həyatı (“ Yurdu”, “Nökərçilik”, “Ailə vəziyyəti, “Qaçaqçılıq və onun ümumi səbəbləri, “Xalq Qaçaq Nəbiyə nə cür baxırdı”, “Qaçaq Nəbinin 1-ci dəfə tutulması”, “Qaçaq Nəbinin 2-ci dəfə tutulması”, “Həcərin 1-ci dəfə tutulması” və s.) sadə, aydın, dəqiq boyalarla göstərilir.
Xalq qəhrəmanının və Həcərin fiziki görkəmi, boy-buxunu (təəssüf ki, bizim kinoda gördüyümüz, yaddaşımızda da çox zaman eləcə canlanan Nəbi-Həcərin tamam əksi olan!) canlı təsvirlə oxucu gözləri önündə canlanır: ”Nəbi gödək boylu, yığcam cüssəli, zirək və yüngül hərəkətli bir oğlan idi. Nəbi qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Həcər qarayanız, yəni qaraya yaxın qarabuğdayı rəngdə çöhrəyə malik sağlam bədənli xoşsima bir qadın idi.”
Nəbinin mənəviyyatını, əxlaqi keyfiyyətlərini səciyyələndirən sətirlər də inandırıcıdır, çünki bu xarakterlər bir çox konkret hadisələrdə özünü büruzə verir: “Nəbi öz hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxarmazdı. O, qadına hörmət barəsində çoxdan çox ehtiyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına qarşı çox diqqətcil və qayğı göstərən idi. Nəbi öz yoldaşlarına gizli oğurluğu qadağan etmişdi, onun bütün qarətləri müəyyən bir məqsədlə olurdu. O yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi. Təsadüfi yol kəsmək onların işi deyildi”.
Bəhlul Behcət bu xalq qəhrəmanlarının milli, etnik kimliyinə dair yer alan mübahisələrə, guya onların kürd olmasına dair yazılanlara məqamında dürüst qiymət, dəqiq bilgi verərək yazır: “Aşağı və Yuxarı, hər iki Mollu türk qövmünə mənsubdur”.
İrandan Şuşaya qaçaq mal daşıyan tacirlərə 10 il mühafizlik, bələdçilik, nökərçilik etmiş etibarlı, qorxubilməz kəndçi balası Nəbinin danışığı da sadə, təbiidir, dialekt, şivə sözləri müəllifdə olduğu kimi saxlanıb:” Nəbi atlılara tərəf çağırıb dedi:-ey binamuslar, yenə düşmüsünüz Mahmudun dalına şotdadırsınız. Adınızı bəy qoyub camaatı yığıb tökürsünüz mənim üstümə...Adə, ay kürd, mənə güllə atmasanız da, o dılğır bəylərə də qoşulmayın! Nəbi bu davada divan atlısını çox kürşütdü” və sair.
Təkcə Qaçaq Nəbi
(1850-96) ömrünə yox, həm də bütövlükdə
XIX əsr Qarabağ-Zəngəzur tarixinə, coğrafiya,
etnoqrafiya, məişətinə güzgü tutan bu
kitabın mətnini hazırlayan və ön sözün
müəllifi professor İsrafil Abbaslı ilə elmi redaktor və
naşir tarix elmlər namizədi Əlağa Cəfərova
nəcib əməllərinə, zəhmətlərinə
görə təşəkkürlər düşür.
Qaçaq Nəbiyə
xalq məhəbbətinin səbəbi
Bəhlul Bəhcət həm də Nəbinin şəninə xalqın qoşduğu çox sayda şeirlərin də ilk toplayıcısı olub, bu qəhrəmanların xalq tərəfindən bu qədər çox sevilməsini, adına çox miqdarda şeir, mahnıların qoşulmasını da həm igidliyi, həm də kəndlilərə qəlbən yaxınlığı, xeyirxahlığı ilə bağlayır; ...kasıb bir ailə var-yoxunu satıb nişanlı tək oğluna verir ki, gedib Şuşadan sevgilisinə toy hədiyyələri alıb gətirsin, toy günü də təyin olunub, qayıdanbaş yolda oğrular oğlanı yağmalayır, ailənin başçısının ümidi tək Nəbiyədir, dağlara çıxır, Nəbini tapır, əhvalatı danışır, Nəbi, Həcər sonuncu pul, qızıllarını kişiyə verir, toya qalan 3 günü də oğrunun tapılmasına sərf edir, oğruları tapıb şey-şüylərlə birlikdə haqlı cəzalarını almaları üçün toy gedə-gedə əlləri bağlı pristavın yanına göndərir....onun üstünə göndərilənlərin bir çoxu aldanmış, şirnikləndirilmiş kəndli cavanlar olardı, Nəbi həmişə tapşırarmış ki, onların atların vurun, özlərin yox ...qəndi, çayı, duzu müsəlman kəndlərinə ermənilərdən 5-6 qat baha satan erməni tacirlərinin İrandan gətirdikləri qaçaq malının bir hissəsini alıb Padar düzündə aclıq çəkən kasıb camaata payladır...Yüzbaşının öz nəfinə yığdığı vergini camaata paylayıb yüzbaşının möhürü ilə borclarını tamam ödədiklərinə dair sənədlərin yazıb verir...Atları tara düşüb qalanda bir neçə gün pay-piyada yol gedirlər, kasıb insanlar öz atların onlara vermək istəyəndə deyir: “Əgər mən camaat atı aparsaydım, bu qədər yolu burayacan piyada gəlməzdim, sizin atınız mənə lazım deyil. Siz mənə mülkədar atlarının yerin göstərin”.
Müasir tariximizdən çox
da uzaq zamanda durmayan bu qəhrəmanının dəstəsindəkilərin
sayı heç zaman 20 nəfərdən artıq olmayıb,
lakin bu qaçaq dəstəsinin sayca 10-20 dəfə
artıq düşmən üzərində qələbələrinin
birinci uğuru onların qoçaqlıq, igidliyində,
digəri xalqın onlara arxa, dayaq durmasında (“Nəbi Dəmirçilərli
Bədəl Şəfi oğlunun evində”, “Nəbinin kəndlilərlə
səmimi əlaqəsi” və s.), Nəbiyə Osmanlıdan hədiyyə
göndərilmiş “Aynalı” tüfəngi, Rüstəmbəyovun
ilxısından seçdiyi cins Bozatında idisə, o biri
yandan da Nəbinin dəfələrcə sınaqdan
keçirdiyi savaş, döyüş taktikasında idi: “Nəbinin hərəkət və fəaliyyəti
üçün dağlıq yerlərdə olub ətrafında
möhkəm sığınacaq rolun oynayan qayalar və
dağlar olan ərazilər əlverişli idi, açıq və
düzənlik yerlərdə qalmaq Nəbi üçün
heç əlverişli deyildi, qorxulu idi....Qaçaq Nəbinin
üsyançı bir qaçaq olduğu o qədər
mühüm əsaslara şamildir ki, onun kimi ikinci bir Nəbini
Azərbaycan məmləkətində xatırlamaq çətindir.
O çar hökumətindən
qaçmışdı. Ona Naxçıvanda baş verən
bir olay üstündə haqsız yerə 8 il katorqa cəzası
verilib Şuşaya aparılarkən sıldırım dağ
keçidindən qolubağlı üzüaşağı
özünü atmışdı. Onun qaçmasına səbəb
şəxsi arzu və fərdi cinayət üstündə
olmamışdı.”
Nəbi hərəkatının
motivi və mahiyyəti
Son abzasa bunları da əlavə edək: ”Qazaxda, Gəncədə, Qarabağda, Bakıda bir
çox mahallarda çar hökumətinin dəhşətli
qanunlarına qarşı etirazlar, üsyanlar olsa da, onların
qaçaqlıq dövrü və göstərdikləri fəaliyyətləri
Nəbinin qaçaqçılıq hərəkatında olan
hadisələri bir yekun olaraq nəzərdən
keçirdikdə çar hökuməti Azərbaycanı
işğal etdikdən ta son mərhələsinədək
onun kimi bir qaçaq gözə çarpmayacağı
aydın olacaq, kəmiyyət və keyfiyyətcə heç
biri Qaçaq Nəbinin fəaliyyət və hərəkatına
bənzəməyir....Çar hökuməti Qafqazı
işğal etdikdən ta Qaçaq Nəbinin zamanınacan Nəbiyə
oxşar bir qaçaqçılıq hərəkatı
görməmişdi. Qaçaqlar çox
olmuşdusa da, Nəbi kimi mütəşəkkil və
çox uzun zaman davam gətirə biləni
olmamışdı. Qaçaq Nəbidən başqa bu qədər
mütəşəkkil başqa heç bir qaçaqlıq fəaliyyətini
təsəvvür etmək imkanı yoxdur. Belə
qüvvətli və mütəşəkkil hərəkat və
bununla bərabər tutduğu yol və gözlədiyi məqam
olduqca xarakterik bir hərəkat ancaq Nəbiyə məxsusdur”.
Nəbinin əsil düşmənlərinin urus, naçalnik,
pristav, saldat, kazak, erməni olduğu xalqın ona
qoşduğu mahnılarda da öz əksini tapıb:
Qazamata çəkib urus hasarı,
Dörd yanı çevrəmə qurulub barı.
Nəbinin sədası düşüb hər yana,
Naçalnik, pristav oldu yan-yana.
Qazamatın
yanı tökmə qaladı,
Saldat da bir yandan yaman bəladı.
Üçtəpə
düzündən qopubdur sazaq,
Düzülüb
qarovul saldatla kazak.
Nəbinin
birçəyi oyma-oymadı,
Qırdı saldatları, birin qoymadı.
Həcər xanım heç Nəbidən doymadı.
Bu davada Nəbi
tufan eylədi
Kazakları qırıb fiğan eylədi.
Burda Nəbi
yenə bir ad eylədi
Erməni
Ginkuru bidad eylədi
və
sair.
“Nəbi qardaşını öldürən ermənilərdən
Mehdinin intiqamını almaq üçün çox
çalışdı, ancaq onu öldürənlər
çar hökumətinə bağlı naçalnik,
pristavların təhriki ilə aradan
çıxmışdılar.
Bəhlul
Bəhcətin “Qaçaq Nəbinin fəaliyyətinin
yekunu”nda gəldiyi qənaətlər eynən başqa bir
müasiri-Azərbaycan istiqlal məfkurəsinin və dünyəvi,
demokratik Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin
“Azərbaycan tarixində qaçaq hərəkatı” məqaləsindəki
dəyərləndirmələri ilə üst-üstə
düşür: ” Azərbaycanda qaçaq
hərəkatı əsasən rus çar rejiminə və
yerli zülmkarlara qarşı mübarizə prosesində
meydana gəlmişdir....Nəbinin əsas düşmənləri
çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə
kasıbları və onların hüquqlarını müdafiə
edirdi. Nəbinin mübarizə
apardığı ərazi Zəngəzur və
Naxçıvan vilayətləri idi. İstismarçı
imperializmə və rus çar rejiminə qarşı
mübarizə aparan qaçaqlara xalq yaxından köməklik
edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla
təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə
vuruşur, sıxışdırıldığı zaman
İrana və Türkiyəyə sığınırdı.
Çar idarəsi bu hərəkatı
yatırtmaq üçün bütün vasitələrə əl
atırdı...dastanlarda “Nəbi urusları burda qoymadı”
misrası olduqca çox işlədilir. 1896-cı
ilin mart ayında Nəbi Kərbaladan dönərkən
Türkiyə ilə İran sərhəddi arasında olan
Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən
hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də Azərlərin qəlbində
yaşayır. Onun qəhrəmanlığını
əks etdirən dastanlar söylənilir” (www.rasulzade.org).
Bəhlul Bəhcət tez-tez arxivlərindən əldə
etdiyi sənədlər, yazışmalardan da nümunələr
gətirir, Nəbinin artıq Rusiya və İranın
başağrısına çevrildiyini faktlarla göstərir.
Həcərin Nəbidən
sonrakı həyatı
“Həcər
Nəbini İranda el adətiylə dəfn edib Zəngəzura
geri dönür, qohumlarının yardımı ilə bir
müddət gizli yaşayır, sonra üzə çıxıb
Aşağı Molluda Nəbinin yaxın qohumu olan Həmzə
adlı gənc bir çobanla ailə qurur, yaşayır, Nəbidən
övladı olmamışdı, Həmzədən
övladı olur. Həcər bütün
ömrünü Nəbi ilə keçirdiyi günləri
xatırlamaqla başa vurdu”. Bu məlum fakt
tədqiqat, araşdırma kitabında bir neçə dəfə
yada salınır. Qeyd edək ki, Həcər
1914-cü ildə 54 yaşında dünyasın dəyişib.
Başdaşına əksi həkk olunmuş məzarı
Qubadlının Aşağı Mollu kənd qəbiristanlığında
dururdu. Nəvəsi Əliş kişi Böyük Vətən
Müharibəsində igidliklər göstərib sinəsi
orden-medallarla dolu qayıtmışdı, 93-cü il avqustun
31-də Qubadlını müdafiə etməli olan (!) 7
batalyon bütün silah, döyüş sursatı ilə bərabər
yuxarıdan verilmiş əmrlə açıq-aşkar xəyanətlə
rayon ərazisindən çıxarılandan sonra kəndlərdə
qalıb ermənilərlə döyüşlərdə
Şəhid olanlardan biri də Həcər yadigarı Əliş
kişi idi. Çoxlu övladları var.
1988-ci ildə
“Aydınlıq” qəzetində çıxmış “Elin bu
günündə gələydin, Nəbi” başlıqlı,
“Gənclik” jurnalının may 89-cu il nömrəsində
“Yaddaş” başlıqlı yazılarımdan üzübəri
“Qubadlısız 16 il” (“Nurlan”, 2009) kitabımda da gedən, Həcərin
80-ci illərə qədər sağ-salamat yaşayan həmyaşıdları,
onu görüb tanıyan qonum-qonşularını dinləyib
yazdığım bu sətirləri eynən buraya
köçürürəm: “...Nəbidən sonra da köhnə
düşmənlər 30 yaşlı Həcəri rahat
buraxmırdı, hələ də gəncliyini,
şuxluğunu özündə saxlayan, tənha yaşayan dul
qadının adına müxtəlif
böhtan, şər-şəbətə uydurub
yayırlar. Bu da həm Həcərə, həm
qohum-əqrəbasına çox toxunur. Kəndin
qeyrətli kişilərindən olan qohumu Həmzənin
ömür-gün yoldaşı rəhmətə gedibmiş,
övladı ilə tənha qalırmış. Bir
axşam Həmzə qabağında qoyun-quzusu yolağanın
ağzından keçəndə çağırır: “Ay
Həmzə, burdan gəl, bu mitil bükülüsün də
at çiyninə, arxamca gəl”. Həmzə bu kişi qeyrətli
qadın necə deyirsə, elə də eliyir. Düz gəlib
girir Həmzənin həyətinə, qonşudan da bir
neçə nəfər ağsaqqal-ağbirçək
çağırır, Nəbiynən ev sahibəsinin ruhuna
Quran oxutdurur, sonra deyir: “Ay ellilərim, siz Allah şahidisiniz
ki, mən Nəbini necə istəmişəm, ömrümdə
xəyalıma da gəlməzdi ki, Nəbidən sonra kiminsə
adın tuta bilərəm, amma neynim, görürsünüz
ki, bu namərdlər mərdi də qova-qova namərd eliyəndilər,
təzədən dağa-daşa düşmək də
çox gecdi, bunu da Nəbinin, özümün ad-sanın
qorumaq xatirinə eliyirəm, ay molla, mənim kəbinimi bu
şahidlərin iştirakı ilə kəs bu Həmzəyə,
day bu gündən Allahın izniynən oluram bu yetimlərin
analığı, Həmzənin halalı”. Həcərin
Həmzədən bir qızı da olur. Nəvəsi,
2-ci dünya müharibəsinin veteranı, əlili olan,
orden-medallı Əliş kişi doğma
kəndini, yurd-yuvasını tərk eləmir, tüfəngini
götürüb öz məhləsindəcə erməniləri
gözləyir, öldürür də, özü də
şəhid olur – 93-ün 30 avqustunda. O rəhmətliklə
“Qaçaq Nəbi” kolxozunda taxıl təhkimçisi olanda
çox söhbətlərim olmuşdu, yaşlılardan
eşidib öyrəndiklərimi ona da
danışmışdım, demişdi ki, hamısı
düzdü, elə deyilən kimidi...”
Məhəmməd
Əmin Rəsulzadə yazır: “Çar idarəsinin
qaçaqların ailəsinə etdiyi zülm heç bir
insanlığa, heç bir ədalət qanunlarına
sığmırdı. Şair Zakiri təhqir
etmək üçün Şuşanın komendantı
Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə
verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir.
Bəzi qaçaq arvadlarının rus əsgərlərinin
təcavüzünə məruz qalması hələ də
yaddan çıxmamışdır. Bu barədə “Azərbaycanda
yeniləşmə hərəkatı” adlı
kitabımızın “şair Zakir” bölümündə məlumat
vermişik”( www.rasulzade.org). Əlavə
şərhə ehtiyac varmı?!
Xəyanət davam edir...
Həcər
xanımın 20 ildən bəri əsirlikdə, qəriblikdə
qalan biz Azərbaycan kişilərindən onsuz da incik ruhunu son
illərdə əvvəl bir rəhmətlik şairimiz
incitdi, düzdü sonra nə qədər yanlış səhvə,
günaha batdığın anlayıb üzürün xalqdan
dilədi. Ancaq bu lafı bu yaxınlarda boyu iddiası,
ağlı gödəni ilə tərs mütənasib
yazıçımız radio çıxışında təkrar
elədi; guya Həcər Nəbidən sonra erməniyə ərə
gedibmiş... Təəssüflər olsun ki, Azərbaycanda bu
gün səsi gur çıxanların bir çoxu elə Nəbi-Həcər
kimi qeyrətli vətən övladlarının qəsdinə
duran, sifariş alan, imkan düşən kimi arxadan vuran rus
Slovenski, fars Əmir Bahadır, erməni Arzumanyan, sapı
özümüzdən olan baltalar-var-dövlət hərisi
Şahhüseyn kimilərinin dop-doğmaca törəmələridir.
Nə edək, biz də belə qövmük, ona görə də
cəzamızı çəkirik!
...Nəhayət
Peterburqdan Tiflisə gələn qəti təlimat üzrə
içində fars, rus casusları, başda salmaslı
Arzumanyan olmaqla bütün qüvvələr birləşir,
həlqə daralır, xəyanət öz işini
görür, əvvəlcə ən yaxın, sadiq
silahdaşları bir-bir aradan götürülür, ən
etibar etdiyi Şahhüseynin şəxsən İran şahzadəsi
Əmir Bahadırın elçisi ilə gizli
görüşü təşkil edilir, xan titulu, bir neçə
kəndi torpağı qarışıq ona verən imzalı
fərmanı göstərilir, rus çarının
qızıl medalı, hərbi rütbə, vəzifə vəd
olunur. 15 ildən çox ələkeçməz,
gülləbatmaz dağlar qartalına çevrilən Nəbi
İranla Türkiyə arasındakı bir kənddə tələyə
düşür. “Qaçaq Nəbi ilə
açıqdan açığa mübarizədə aciz qalmış
çar hökuməti məmurları, xüsusilə də Zəngəzur
mahalı naçalniki Səlim bəy yeni iş üsulu fikirləşib
Nəbini tamam yox etmək, ya da onun qüvvəsini zəiflətmək
qəsdinə düşmüşdü. Bu
üsul Nəbi ilə yoldaşları arasında fitnəkarlıq
törətməkdən ibarət idi. Nəbi də, Həcər
də Şahhüseynin düşdüyü fikirdən xəbərdar
ola bilməzdi. Belə xəyanət
onların xəyalına da gələ bilməzdi.... Məşədi Paşanın Dəhvardəyirman kəndində
həmişə düşdükləri evdə qonaq olur, gecə
xeyli keçənədək onu qonaq saxlayır, gecə
vaxtı burdan çıxıb Larni kəndinə
yollanırlar. Şahhüseynin arxadan
atdığı güllələr gecənin
qaranlığında Nəbinin həyatına son qoyur. Nəbinin ömrünün 46-cı baharı, gecə
saat 2 radələri idi...Həcər onu nahaq yerə evdə
gözləyirdi. Həcər o gecə
sabahadək yatmadı, Nəbini gözlədi, amma Nəbi gəlmədi.
O artıq yox idi.” (səh 225).
Ortada olan
fakt budur ki, Azərbaycan xalqı heç bir qəhrəmanına
Nəbi, Həcər qədər sevgi göstərməyib,
140 ildən çoxdur Vətənimizin cənubunda,
şimalında, Kərkükdə, Anadoluda ən çox
sevilən, oxunan, dinlənilən populyar xalq
mahnılarından bir çoxunda Qaçaq Nəbi ilə Həcər
vəsf edilir (ən böyük xanəndəmiz Xan
Şuşinskidən başlamış, Kamil Cəlilov,
Aşıq Əsəd, ustad ozan Nevid Müsmirədək) və
“Qaçaq Nəbinin tarixi”ndən görünür ki, bu
sevginin həqiqətən də real tarixi, mənəvi kökləri
var. Belə ümumxalq sevgisi hər kəsə nəsib olmur.
Və bir
də dünya qaçaqçılıq tarixində bənzər
nümunəsi olmayan Qaçaq Nəbi ilə Həcərin Azərbaycanın
heç yerində abidəsi yoxdur, təkcə Qubadlıda
vardı, 20 ildir ora da yoxdur...Elin bu günündə gələydin,
Nəbi!
Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri
Birliyinin sədri,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
525-ci qəzet.-
2011.- 22 iyun.- S.6.