“Azərbaycan həmişə ürəyimdədir...”
Bu, o vaxtlar, Sovetlər Birliyi çökəndən sonra, mənim yaxın və uzaq xaricə, ümumiyyətlə, ölkədən kənara olan ilk səfərim idi. Bakıdan Qazaxıstanın o zamankı paytaxtı Almaatıya yola düşərkən planımda ünlü Qazax şairi Oljas Süleymenovla görüş nəzərdə tutulmamışdı. Amma iş elə gətirdi ki, almaatılı həmkarım – Qazaxıstan EA Fəlsəfə İnstitutunun elmi işçisi, esseist-tənqidçi Rüstəm Janqujinlə dostlaşdım və o, təklif etdi ki, Oljas ağa ilə görüşüb söhbətləşək. Doğrusu, mənim Oljas Süleymenovla görüşməyə elə bir xüsusi həvəsim yoxdu; digər tərəfdən ona deyiləsi və ya ondan umulası elə bir xahişim-filanım da yoxdu. Bir də ki, Oljas məşhur adamdır, nə üçün onu iş-gücdən eləyək, vaxtını alaq? Amma Rüstəm dönə-dönə təkid etdi ki, mütləq bu görüş baş tutmalıdı;, axı, bu necə ola bilər ki, Almaatıya gələsən, türk dünyasının məşhur şairini görməyəsən?..
Mən razılaşmalı oldum. Səfər yoldaşım Rafiq bəy özü ilə Bakı aeroportunun qəzet- kitab köşkündən yolda oxumaq üçün bir neçə jurnal və məcmuə, o cümlədən O. Suleymenovun “Az İ Ya” kitabını da alıbmış. Sovet dönəmində dissedent olmuş, vaxtı ilə Azərbaycanı gəzib dolaşmış, Bakı mitinqlərində çıxış etmiş, dilli-ağızlı Rüstəm Janqujin, sən demə Oljasla çox yaxın dostmuş. Biz akademiyanın beş addımlığında yerləşən, doqquzmərtəbəli, təkbloklu binaya- Oljasın ofisinə getdik. (Yeri gəlmişkən, qeyd edim ki, mənim son zamanlar rus mətbuatından aldığım məlumata görə, sonralar R.Janqujin Ukraynada siyasi mühacir kimi yaşamalı olub.-F.M.) Oljas ağa həm partiya sədri, həm Baykanur – Nevada ictimai təşkilatın rəhbəri, həm Yazıçılar İttifaqının katibi, həm də deputat idi. Ümumiyyətlə, Oljas iş- gücü başından aşan adamdır. Onun ofisi yaşadığı binanın birinci mərtəbəsində, düz liftin yanında yerləşirdi. Kiçik giriş otağında onun köməkçisi Bulat bizi gözləyirdi. O, dedi ki, Oljasın yanında adam var, bu, qocaman bir aktyordur (mən indi həmin aktyorun ad-familiyasını unutmuşam), SSRİ xalq artisti və Dövlət mükafatı laureatıdır, vaxtı ilə tarixi qəhrəmanların, dövlət rəhbərlərinin,o cümlədən Leninin, Kirovun rolunu oynayıb; son vaxtlar bu aktyoru kinoya, səhnəyə dəvət etmirlər, güzəranı ağırdır, ona görə də reklamlara çəkilir, ekranda- efirdə gah hansısa firmanın yağ- pendirini, qənd-çayını tərifləyir, gah da ədasını-səsini dəyişib ad-sanına yaraşmayan hoqqalar çıxarır. Oljas ağa bir neçə gün əvvəl onu çağırıb məzəmmət eləyib ki, sənə bu cür “rollarda” çıxış etmək yaraşmaz, hörmətli-nüfuzlu adamsan, reputasiyanı qoru. Həmin aktyor isə cavabında deyib ki, dolanışığım çətindir, məcburam ki, bu cür pəstahlar çıxarmaqla birtəhər başımı girləyim. Yenə də Bulatın dediyinə görə, onda Oljas çıxarıb ona altı yüz dollar pul verib və bərk-bərk tapşırıb ki, nəbadə bir də səni reklamda- filanda görüm, get öz iş-gücünlə məşğul ol, ciddi rollarda oyna. Amma aradan az keçməmiş həmin aktyor yenə reklama çəkilir və Oljas Süleymenov bunu görəndə çox əsəbləşir; indi budu ha, onu yenə çağırıb yanına, ya danlayır, ya da ola bilsin ki, təzədən cibxərcliyi təklif edirdi.
Mən Oljasın köməkçisi, pəhləvan
cüssəli Bulatdan soruşdum ki, sən öz adının
mənasını bilirsənmi? O gülüb dedi ki, əlbəttə, bilirəm, bu,
rusca “stal” deməkdi. Mən dedim ki, bizdə Bulat yox, Polad
deyirlər. O, cavabında dedi ki, bunu da bilirəm, üstəlik
sizin müğənni Poladı da (Bülbüloğlunu)
şəxsən tanıyıram, vaxtilə Moskvada
Az sonra
Oljasın otağından yaşlı bir kişi
çıxdı: o, pərt idi, deyəsən, şair bu
qocaman aktyoru möhkəmcə məzəmmət etmişdi. Və
nəhayət, boy-buxunu ilə heç də öz köməkçisindən
geri qalmayan ucaboy, idmançı görkəmli Oljas ağa
qapıya sarı gəlib bizimlə əl tutaraq köhnə
tanışlar kimi öpüşdü, bir az
ləngitdiyinə görə üzrhaqlıq etdi. Keçib
onun sadə, yığcam otağında əyləşdik:
katibə qız kofe gətirdi. Mən bir il
əvvəl “Azərnəşr”də azərbaycanca çap
olunmuş “Az i Ya” kitabını Oljasa təqdim etdim. O
soruşdu:
– Bunu siz
tərcümə etmisiniz?
– Xeyr... Tərcüməçi
Natiq Səfərovdur.
– Bəs
tərcüməsi necə çıxıb?
– Əla.. Natiq çox istedadlı tərcüməçidir.
Yaxşı, Oljas Öməroviç, bəyəm bu kitabdan
sizdə yoxdur?
– Vallah, mənə
göndərməyiblər. Bəlkə də
göndəriblər, hələ gəlib çatmayıb.
İndi poçtlar düz-əməlli işləmir
axı. Bu günlərdə “Az i Ya”
Türkiyədə də çap olunub, amma orada müəyyən
qeyri- dəqiqliklərə yol verilib. Hə,
deyirsiz tərcüməçiyə söz yoxdur? Lap yaxşı. Şad oldum...
Sonra Oljas öz iş-gücündən
danışdı. “1001 söz” kitabı üzərində
işlədiyini bildirdi. Sözarası mənzilinin
də ofis yerləşən binada olduğunu xatırlatdı;
hərçənd bu barədə artıq bizə Rüstəm
bəy (mən Janqujinə bu cür müraciət edirdim) bu
barədə məlumat vermişdi.
– Beş
otaqlı mənzilim var. Məndən aşağıdakı
qonşum tək- tənha yaşayan bir qadındır, daha
doğrusu, ona tək də demək olmaz, çünki bir iti
də var. Mən ona başqa bir yerdə mənzil alıb oraya
köçürmək istəyirəm...
Mən
zarafatla dedim:
– Birinci mərtəbəni
də zəbt etmisiniz, Oljas Öməroviç... İndi
üst-üstə on beş
otağınız olacaq.
O qəhqəhə
çəkib ürəkdən güldü:
– Nə
on beş otaq, canım? Bura
balaca bir ofisdir. Əvvəllər pis
gündəydi. Dalandarlar öz
süpürgə- bellərini buraya yığırdılar.
Üfunətdən durmaq olmurdu. Onları birtəhər dilə tutub
çıxartdım. Buraları
özüm təmir etdirmişəm. Partiyamıza
isə digər ictimai təşkilatlar üçün nəzərdə
tutulan binada yer veriliblər.
Sonra
öyrəndik ki, vaxtı ilə “türk millətçisi”
kimi ad çıxarmış bu məşhur
türkoloq-şairin ailəsi beynəlmiləldir: arvadı yəhudidir,
iki qızı var, özü isə qazax dilini o qədər də
mükəmməl bilmir. Amma çox geniş
erudisiyalı, enerjili, cəsur, qorxmaz adamdır; öz
xalqını, ümumiyyətlə, bütün türk
xalqlarını hədsiz dərəcədə sevir. Türkçü olmaqla yanaşı dünyanın
bütün xalqlarına eyni dərəcədə ehtiram
göstərir. Dünyanı sərhədsiz
görmək istəyir. Sözarası xatırlatdım
ki, mənim elmi-fəlsəfi yazılarımdan birinin adı məhz
elə bu cürdür: “Sərhədsiz dünya”. Oljas ağa kitabın adını və
ideyasını təqdir etdi.
O.Süleymenov
Kunayevlə sonralar dostluğa çevrilən
tanışlığından, “Dimeke”nin (o, Qazaxıstanın
keçmiş dövlət rəhbəri Dinmühəmməd
Kunayevə belə müraciət edirmiş) köməyindən
, özünün uzun müddət DTK tərəfindən
izlənməsindən danışdı.
– Mənə
o illərdə millətçi damğası vurub
axırıma çıxmaq istəyirdilər. Guya
mən ruslara nifrət edirmişəm. Bu, əlbəttə,
əsassız ittiham idi. Mən ruslara niyə
nifrət etməliyəm ki? Bu xalqın
dilində təhsil almışam, onun mədəniyyətini, ədəbiyyatını
sevirəm. Nə qədər rus dostlarım var! Yəqin ki, bilirsiniz, mən ixtisasca geoloqam. Amma
iş elə gətirdi ki, təbiətin dilini öyrənə-öyrənə
qədim dilləri də öyrənməyə
başladım. Və öz axtarışlarımda
özüm üçün də gözlənilməz olan
faktlarla qarşılaşdım: sən demə, zahirən
bir-birindən uzaq olan dillərin tarixi qohumluqları
olurmuş. Məsələn, rus və türk
dilləri kimi. Hər şey mənim
“İqor polku haqqında dastan”la bağlı
apardığım araşdırmalardan başladı. Bu
əsərdə nə qədər qədim türk sözləri
varmış!Amma mənim arqumentlərim,
misallarım nədənsə çoxlarının xoşuna
gəlmirdi. Onlar deyirdilər ki, türk dili hara,
slavyan dilləri hara? Adımı
pantürkist qoydular. Bilirsiniz də, otuzuncu
illərdə “pantürkist” damğası ilə nə qədər
alimi, ziyalı məhv ediliblər. Amma mən
“pantürkist”olanda artıq 60-70-ci illər idi, yəni 37-ci il arxada qalmışdı. Məni
açıq-açığına ittiham edə bilmirdilər,
ona görə də yeni bir cəza metodu
hazırlamışdılar. Necə
olursa-olsun Süleymenovu məhv etmək. Az
qala hər dəqiqəmi izləyirdilər. Amma
bu güdülməyin bir sonu olmalıydı, ya yox? Bir dəfə
öz evimə gələrkən qaranlıq girişdə mənə
hücum çəkdilər: üstümə bir neçə
nəfər düşüb məni amansızcasına
döyməyə başladılar. Əllərində metal
parçası da vardı. Məqsədləri
məni öldürmək və ya heç olmasa şikəst
etmək idi. Mən uzun illər idmanla məşğul
olmuşam, fiziki cəhətdən güclüyəm,
dağda-daşda gəzmiş geoloq adamam. Amma
onlar da qüvvətli idi. Nə isə... Təsadüf nəticəsində
sağ qaldım... Bir sözlə “Az i Ya” əsərinə
görə başım çox bəlalar çəkdi. Bu əsərlə bağlı çox alimlərə
müraciət etdim. Səsimə səs verənlər az oldu. 1976-cı ildə əsər
“Jajuşi” (Yazıçı) nəşriyyatı tərəfindən
çap olunandan sonra bu kitab ətrafında böyük
hay-küy qopdu. Moskva mətbuatında məni
yıxıb sürüməyə başladılar. Dəqiq bilirdim ki, bu kampaniyanın başında o
vaxtlar MK-da ideoloji sahəyə rəhbərlik edən Suslov
durur. Mən dözə bilməyib Kunayevə müraciət
etdim: “Dimeke, xahiş edirəm ki, mənim yazdığım
açıq məktubu Mərkəzi Komitənin büro
üzvlərinə paylayasız”. Kunayev söz verdi
ki, mənim kitabımla bağlı Brejnevə müraciət
edəcək. Belə də oldu. O, “Az i Ya”nı şəxsən Baş katibə təqdim
etdir. Kitab Brjnevin çox xoşuna gəlir.
Hətta, o təəccübünü də bildirir: “Axı
bu kitabı nə üçün tənqid edirlər? Burada ruslar əleyhinə heç nə yoxdur. Yaxşı kitabdır”. Doğrusu,
Kunayev bunu mənə deyəndə əvvəlcə
inanmadım. Amma az sonra Qazaxıstan
Kompartiyasının XV qurultayına məni üzv seçəndə
hər şey məlum oldu. Kunayev bu yaxınlarda çap
olunmuş memuarların da “Az i Ya”nı
Brejnevə təqdim etməsi barədə ətraflı
söhbət açıb. Əlbəttə, bu
hadisədən sonra “keqebe” mənim yaxamdan əl çəkdi.
Mən həyatım üçün Kunayevə
minnətdaram. Amma, necə deyərlər,
bəzən şahın da dilənçiyə işi
düşür; elə bir vaxt gəldi ki, mən də
Kunayevi müdafiə edəsi oldum. Bilirsiniz ki, bir
neçə il əvvəl Kolbin adlı
birisini gətirib Qazaxıstanın birinci katibi təyin edəndən
sonra Kunayevə qarşı güclü kampaniya
başladı. Onu az qala bütün
iclaslarda tənqid və ya təhqir edirdilər. Mən onun müdafiəsinə qalxmalı oldum.
Keçmiş “dostlar”ı, onun tabeçiliyində işləmiş
adamlar, indi Dimekeni az qala xalq düşməni
elan etmişdilər. Günlərin bir günü mən ona
dedim ki, siz dünyagörmüş adamsız, böyük həyat
yolu keçmisiniz, öz xatirələrinizi qələmə
alın, öz bioqrafiyanıza aydınlıq gətirin:
axı, biz ölüb gedəcəyik, kitablar isə həmişə
qalacaq. O, tezliklə öz memuarlarını yazdı,
özü də bəzək-düzəksiz. Və kitabın
ilk səhifələrindəcə qeyd etdi ki, xatirələrimi
yazmağa mənə sövq və təhrik edən şair
Oljas Süleymenov oldu...
... Oljas Süleymenov indi siyasətlə məşğul
olduğunu vurğulayaraq bildirdi ki, onu bu işlə məşğul
olmağa çoxlu tərəfdarları və əsasən də
gənclər təşviq ediblər. “Mənim
camaat içində belə nüfuz qazanmağıma siyasətçilərin
bir çoxu qısqanır, paxıllıq edir. Məncə,
hətta, Nursultanın özü də...”
O,
kiçik fincandakı kofedən qurtum-qurtum içərək
uzun müştüklü, ağ “Marlboro”
siqaretini tüstülədə-tüstülədə arabir
ya söhbətin mövzusunu dəyişir, ya da ani fikrə
gedirdi. Belə anlarda onun kağız kimi dümağ, az qala tüksüz, kosa sifəti sərtləşir,
qartal bəbəklərini xatırladan ensiz, qıyıq
gözləri zəhmli bir ifadə alırdı. Az sonra kədərlə köksünü
ötürüb 20 Yanvar qırğınını və xəstə-xəstə
Bakıya gəlməyini xatırladı.
– Amma Bakıya gəlişim mənə baha başa
oturub. Ermənilər
məni hədələməyə başladılar: həm mətbuatda,
həm də mənə göndərilən məktublarda. O
vaxt çoxlu söyüş və şantajlar oldu mənə
qarşı. Bu ermənilər ki var,
düzünü düyək, səfərbər olmuş
adamlardır. Amma sizə qəribə bir şey deməliyəm:
mənə gələn erməni məktublarından yalnız
birində yazdığım şeir və tədqiqatlar təriflənmişdi.
Təsəvvür edin, bir erməni
qadını türkün yazdıqlarını təqdir edir.
Bax budur, o məktubu indi də əlimin
altında saxlayıram. Qəribədir, məktub
müəllifi Zori Balayanı söyür, onun ünvanına
dişinin dibindən çıxanı deyir.
– Bəlkə
o erməni öz millətini mənsubiyyətini dəyişib
qazax olmaq istəyir?
Oljas
ağa gülüb dedi:
– Hər
şey ola bilər... Hə,
de görüm Əliyevlər necədir? Bilirsən
də, sizdə iki məşhur Əliyev var.
– Bilirəm...
Mən sövq-təbii bildim ki, “Əliyevlər” deyərkən
o, Əbülfəz Əliyevi (Elçibəyi) və Heydər
Əliyevi nəzərdə tutur.
– Hər
ikisi dostumdur. Ümumiyyətlə, ədəbiyyatçı
dostlarım olduğu kimi, siyasətçi dostlarım da az deyil. Axı, mən həm də siyasətçiyəm,
partiya rəhbəriyəm... Hə, bəs mənim
dostum Bəxtiyar necədir? Vahabzadəni
deyirəm. Eşitmişəm Aydın Məmmədov
rəhmətə gedib, bu xəbəri eşidəndə yaman
kədərləndim. Elçinlə, Anarla, Şahmarla,
Məmmədlə, Kamalla, Sabirlə də xoş münasibətim
var. Ümumiyyətlə, mənim çoxlu azərbaycanlı
dostlarım var: Bakıda, Moskvada, Almaatıda... Bir
dəfə Moskva Televiziyası ilə çıxışda
demişəm ki, Bakı dünyada sevdiyim iki şəhərdən
biridir. Azərbaycan türkləri elə-belə adamlar
deyil... Azərbaycan həmişə ürəyimdədir...
Oljas ağa siqaretini tüstülədə-tüstülədə
öz yaradıcılığından, arzu və
düşüncələrindən danışırdı. Arabir geniş alnına,
mefistofelsayağı dartılmış çatma
qaşlarının üstünə axan uzun saçlarını,
çəkdiyi siqaret kimi ağ, uzun
barmaqları ilə geri darayırdı...
Əl
verib ayrılanda Oljas ağa dedi:
– Dostlara salam deyərsən... Hə, deyirsən Xəlil
Rza ilə eyni təşkilatda – akademiyada işləyirsən
hə? Elə isə mənim ona xüsusi
salamlarımı yetirərsən. O, olduqca vətənpərvər,
öz xalqını hədsiz dərəcədə sevən
bir insandır...
Şairin
yaşadığı yerin yaxınlığından keçərkən
diqqətimizi, az qala hündür evlərin
divarlarına dırmaşan fəhlə geyimli adamlar cəlb
etdi. İstər-istəməz ayaq saxlayıb tamaşa etməli
olduq; bir qrup adam küçədəki
binaların üstünə vurulmuş lövhələri dəyişirdilər.
Sən demə, uzun illər Karl Marksın
adını daşıyan küçəyə indi D.
Kunayevin adını qoyublarmış. Bu
“addəyişmə” işini görənlər, hiss olunurdu
ki, aşkarca tələsirlər. Sanki
qazax qardaşlar tarixin təzədən təkrar
olunacağından ehtiyat edirdilər. Amma, çox
güman ki, tarix heç vaxt eyni qaydada təkrar olunmur...
Qəribə
işləri olur dünyanın: mən Bakıya qayıdanda
eşitdim ki, Xəlil Rza Ulutürk rəhmətə gedib,
özü də biz Almaatıda Oljas ağa ilə görüşən
gün – 1994-cü il iyun ayının 22-də.
Mən bir böyük şairin salamını
başqa bir böyük şairə yetirə bilmədim.
... Aradan illər keçib. İndi
Oljas Süleymenov öz ölkəsindən kənarda diplomatik
missiyasını yerinə yetirir. Xalqımız
ona – cəsur, qorxmaz, mərd qazax şairinə ehtiram bəsləyir.
Ən azı ona görə ki, Oljas ağa 20
Yanvar qırğınında xəstə halda uçub
Bakıya gəlmiş, xalqımıza
başsağlığı və təsəlli vermişdi.
Firuz MUSTAFA
525-ci qəzet.- 2011.- 22 iyun.- S.7.