Həqiqətmi, əfsanəmi,
nağılmı...
Yazın
oğlan çağı, Novruzun gül əyyamıydı. Məqsədimiz,
məramımız Qəbələyə sarı- gözəlliklərə
doğruydu. Əsrarəngizliyi görmək, ilhamlanmaq, xəyala
dalmaq arzusundaydıq. Qəlbimizdə Qəbələyə məftunluq
işığı yanırdı. Vəzifəmiz bu cənnət
bağında qədim və müasir tarixi öyrənmək,
oxumaq və qələmə almaqdı. Xariqələr
yaradıb cah-cəlal quranlara ehtiram və minnətdarlığımızı
bildirməkdi. Eşqə düşmüş kimi tələsir,
həyəcanlanırdıq...
Artıq Şirvanın qədim paytaxtı Şamaxı arxada qalır. Ulu Əfzələddin Xaqani, böyük Seyid Əzim Şirvani, dahi Mirzə Ələkbər Sabir kimi dühalarımız qəlbimizi sevindirir, ruhumuzu təzələyir, fəxr edir, qürur duyuruq. İlan kimi qıvrılan abad yol zil dərəyə enir, yuxarıya qalxır, yüksəkliyə dikəlir. Möcüzə dünya, tamaşa yaradır, heyrət doğurur. İsmayıllı dağlarının arası ilə şütüyən el yolu boyunca gözəlliklər aləmi bir-birini əvəzləyir, mənzərə mənzərəyə qovuşur, gözə işıq düşüb qəlbə sığal çəkirdi. Nə göz doyur, nə könül. İlahi, bu yerlərin füsunkar təbiəti nə təkrarsız, nə bənzərsizdi!
Qəbələ ərazisində yol boyu sıralanan arxalı dağlar bəyaz libasını atmışdı. Hərdən yal-yamacda gizlənib qalan qar parçaları son köçünü sürür, əriyib aşağılara sarı tökülürdü. Bəzənib-bərtənən dağlar artıq yamyaşıl libasa bürünürdü. Sarı rəngli novruzgülü ətir saçır, bəyaz çiçəklər naxışlanır, boynu buruq tər bənövşə bizlərdən utanırmış kimi gizlənmək istəyir. Elə bil çəmənzar xalı-xalça toxuyurdu...
Nohurgölün tamaşasına duranda qarşımızda elə bil dünya gözəli Göygöl canlandı. Bütün gözəlliyi, bütün əsrarəngizliyilə. Biri dünya gözəli, biri də Qəbələnin bənzərsiz, qənirsiz gözəli. Gölün sahilinə çatar-çatmaz, min rəngli yaşılbaş ördəklər qorxmuş kimi qəfildən pırıltı ilə havaya qalxıb, gölün o biri başına tökülərək səs salır, qışqırır, suya baş vurur, dərinliyə cumurdular. Göldəki balıqların sürü ilə üzmələri, hərdən atılıb-düşmələri də bir ayrı tamaşa. Göl hər tərəfdən yam-yaşıl sıx ormanla qurşaqlanaraq kəməndə salınmışdı. Yaşıl meşənin dərinliklərində bizi görmüş, duymuş kimi al-əlvan boyalı meşə xoruzları qaqqıldaşır, quqquldaşır, haray-həşir salırdılar.
Təzəcə yarpaq açan ağaclar gölün göz yaşı tək dupduru ayna sularında güzgülənirdi. Suyun qırçın ləpələri oynayır, şərqi qoşur, mahnı bəstələyirdi. Təbiətin camalına tamaşa edir, gözlərimiz gülür, qəlbimiz fərəh hissilə sevinirdi. Nə doya bilirsən, nə ayrıla bilirsən. Ayıl-mayıl qalırsan.
Qoruyucular dedilər ki, bir azdan buraya insan axını başlayacaq, daha qonaq-qaralı olacaq. Ayaq basmağa yer olmayacaq. Qonaqlar tarla, qavalla gəlir, dincəlir, təbiəti oxşamaqdan doymurlar. İllaha da əcnəbi qonaqlar. Elə hey baxır, boylanır, xəyala dalıb, sehrə düşürlər. Belə gözəlliyi görmədiklərini etiraf edirlər. Siz nə xoşbəxtsiniz, belə təbiətiniz, belə gölünüz var-deyər. İnşallah yazda, yayda bir də gələr, hamıyla qaynayıb- qarışarıq- deyirlər.
Qəbələyə çatar-çatmaz Günəş yorğun-yorğun əzəmətli Şahdağın arxasındakı yatağına çəkildi, gözəgörünməz oldu. Şəhərdə şər qarışır, aləmə qaranlıq çökürdü. Bu dəm hər yan çil-çıraq içində yanır, aləm nura qərq olurdu. Göz-göz yanan işıq yaşıllaşan meşənin üzərinə qızılı rəng ələyirdi. On dörd gecəlik bədrəl ay camalını göstərir, nazlanırdı. Göydəki ulduzlar sayrışır, sanki göydən qoparaq şəhərin üstünə səpələnir, bir ayrı tamaşa qururdular.
Avtomobilimiz şüşə tək dümdüz yolla bir qədər irəlilədikdən sonra sola səmt aldı. Yol boyunca qarşı-qarşıya qatarlanan sərvlər bizi salamlamış kimi çil-çırağa qərq olmuş möhtəşəm, əzəmətli bir binaya- çay kənarı “Qafqaz Riverside” hotelinə uğurladı. Taybatay şüşəli qapılar üzümüzə açıldı. Hotelə daxil olanda yüksək mədəniyyət, dərin hörmət və ehtiramla qarşılandıq. Nura qərq olmuş işıqlar ağ mərmərə əkslərini salmışdılar. Hər yan dümağ, bəm-bəyaz görkəmdə göz oxşayır, bir ayrı gözəllik yaradırdı...
Lap tezdən oyanmışdım. Dan sökülür, səhərin gözü açılırdı. Günəş yorğun-yorğun yatağından baş qaldırır, qızılı haləsini göstərir, zərrin şəfəqlərini aləmə yayırdı. Uzaqlarda başı bəyaz çalmalı, vüqarlı Şahdağ əlçatmaz, ünyetməz görkəm almışdı. Bir qədər bərilərdə yaşıl meşələrin görkəminin üzərinə bəyaz-dümağ don geydirən pəmbə buludlar Qəbələyə sarı sallanırdı, ara-sıra göz yaşı tökürdü, muncuqlayırdı. Dəmiraparan çayı da öz axarında, zümzüməsində idi.
Bəri başdan etiraf edim ki, mən dəfələrlə xarici ölkələrdə rəsmi dövlət tədbirlərində nümayəndə heyətinin tərkibində olmuş, yüksək səviyyəli mehmanxanalarda qalmışam. Lakin “Gilan-Turizm”in “Qafqaz Riverside” hotelinin bərabərini, müqayisəyə gələnini görməmişəm.
Uca Tanrının yaratdığı gözəlliklərə yüksək mənəvi dəyərlərə malik insanın zövqü, arzuları əlavə olunanda bir ayrı aləm olur. “Gilan Turizm”ə məxsus “Qafqaz Resort” və “Qafqaz Riverside” hotelləri, kotteclər, “Qafqaz SPA sağlamlıq və əyləncə mərkəzi”, “Qafqaz-Park” Gənclik Mərkəzi, digər turizm kompleksləri, ümumiyyətlə, turizm sahəsində görülən, görüləcək işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi Qəbələni beynəlxalq turizm məkanına çevirir.
Avropa, dünya standartlarına uyğun memarlıq üslubunda tikilmiş binalar, turizm kompleksləri yüksək zövqlü, yüksək mədəniyyətli insanın yaradıcı ruhunun, həyat eşqinin, gözəlliklərə sevgisinin əksidir. Heydər Əliyev Fondunun Qəbələdə, “Qafqaz Resort” hoteldə keçirdiyi beynəlxalq musiqi festivallarında dünyanın ən məşhur bəstəkarlarının əsərləri səslənəndə bu gözəllik musiqiyə, beynəlxalq rəssamlıq sərgilərində isə canlı rəng çalarlarına çevrilmişdi.
Əvvəllər Qəbələdə bir neçə dəfə olmuşdum. Yaxşı xatırlayıram. Yaraşıqlı dağlar, yaşıl ormanlar arasında geniş dərədəki düzənlik həmişə sellərə, sulara qərq olan daşlı, kəsəkli, sal qayalı, yarğanlı, uçurumlu xarabanı xatırladırdı. Küskün, miskin görkəmi gözdən, könüldən iraq düşmüşdü. Nə baxanı, nə qoruyanı, nə əncam qılanı vardı. Dəliqanlı çaylar aşır-daşır, elə hey bir yandan sökür, dağıdırdı.
Hazırda, kiçik zaman kəsiyində bu geniş ərazidə təbii-coğrafi şəraitin gözəlliyinə uyar yeni, yaraşıqlı, gözoxşayan bir şəhər salınmışdır. “Gilan-Turizm”in tayı, bərabəri, əvəzi, bənzəri olmayan şəhəri. Könül oxşayan gözəllikdən doymur, baxdıqca baxmaq istəyirsən, ayıl-mayıl olur, heyrətdə qalırsan. Elə bil cənnət bağına düşürsən.
“Qafqaz Riverside” hotelinin arxasında yaşıllıqlar qoynunda gül-çiçəyə qərq olan, sıralanan kotteclər vaxtı ilə dağların yamaclarında qatarlaşan böyük alaçıqları xatırladır. Gözəl istirahət yeri, dinclik, rahatlıq guşəsi... Kotteclərin daxilində hər şey səliqə-sahmanlı, hər şey göz oxşayan, könül xoşlayan. Bu da bir dünya, bir ayrı aləm.
Çay kənarı “Qafqaz-Park” Gənclik Mərkəzini gəzirik. İlahi, nələr yoxdu bu aləmdə. Qayalar üzərində qırmızı qranitdən hazırlanan at heykəlləri, müxtəlif vəhşi heyvanların qranit heykəlcikləri. Gülə, çiçəyə batmış uşaq dünyasının oyunları, əyləncələri... Geniş göldə qayıqda üzən kim, buz üstə xizək sürənlər kim – çalıb, çağıranlar, dövrə qurub oynayanlar, yallı gedənlər... Daha nələr, nələr. Gələsən gərək, görəsən gərək, sevəsən gərək.
Çay kənarı “Qafqaz Riverside” hotelindən xeyli aralıda bir qədər əvvəl tikilmiş “Qafqaz Resort” cənnət guşəsinə heyranlanırıq. Yaşıllıqlar qoynunda ucalan əzəmətli binalar, əyləncə mərkəzi qürur verir, göz oxşayır, könül xoşlayır. Fərəhlənir, sevinir, qürur keçirir, XXI əsrin Qəbələsini yaradan əllərə eşq olsun –deyirik.
Meşənin ətəyində bir bina da diqqətimizi çəkir, böyük marağımıza səbəb olur. Xəbər verdilər ki, ümummilli liderimiz Heydər Əliyev 2002-ci ilin 8-9 noyabr tarixlərində burada istirahət etmişdir. Çox güman ulu öndərimiz binadakı geniş eyvandan şəhərin gözəlliyini seyr etmiş “Qəbələ Qafqazın incisidir” müdrik kəlamını bir daha xatırlamışdır. Mən onunla olduğum səfərləri, söhbətlərimizi böyük məmnunluqla yada salıram.
Dəmiraparan çayının həzin laylasında gen və uzun dərə boyunca arxalı dağlar və sıx ormanlar qoynunda qərar tutan Qəbələ şəhəri ana təbiətin harmoniyasında dünya tamaşası qurmuşdur. Di gəl heyrət içində, heyranlanma, möcüzələr aləminə dalma.
Heyrətə gəlirəm. Belə bir çöllü biyabanda dünyanı valeh edən cənnət bağı yaratmaq fikrinə düşmək, arzularını həyata keçirmək nə qədər çətin və müşkül məsələdir! İstəyini, arzusunu, diləyini yəqinləşdirib, reallaşdırmaq, həyata keçirmək, cah-cəlal qurub yaratmaq, xalqının istifadəsinə vermək hünəri, əqidəsi, inadı, inamı dərin hörmət, ehtiram və minnətdarlıqla qarşılanır. Əhsən, eşq olsun söylənir.
Bir gün hər şeyi unutmuş kimi gülşən seyrinə çıxdıq. Axarlı-baxarlı dağların qoynuna, meşənin dərinliklərinə vardıq. Dağların əlçatmaz qayalıqlarında dağ kəllərinin kəllə-kəlləyə gəldiklərinin səsini aydın eşidirdik. Qaragözlü, şax buynuzlu, xallı marallar ara-sıra hönkürür, hərdən meşəyə şaqqıltı salırdılar. Bu əsrarəngiz təbiətdə quşlar Novruz eşqilə şadlıq içində cəh-cəh vurur, bəh-bəh söyləyirdilər. Ağız-ağıza verib elə hey oxuyur, nəğmə toxuyur, şərqi bəstələyirdilər. Hər birinin də təkrarsız səsi, bir ayrı avazı. Turaclar qıy vurur, pırıldayır, qartallar göydə qanad saxlayırdılar.
Bir azdan təbiət döndü, dəyişdi. Göyün qaşı qaraldı. Yuxarılarda göy guruldadı, ildırım çaxdı, şimşək aləmi dilimlədi, doğradı. Hər yanı lərzəyə saldı. Selləmə yağış dağı, dərəni başına götürdü. Necə deyərlər, tut ucundan göyə çıx. Lakin deyirlər, yaz yağışı ərlə arvadın savaşı kimidi. Tez dolur, tez də boşalır. Yenidən heç nə olmamış kimi üstümüzə günəş doğdu. Min rəng çalarlı göy qurşağı bizi kəməndə saldı, bir ayrı tamaşa yarandı. Təbiət ilhama səsləyir, gözəlliyə çağırırdı. Bir dəm sinəmdən bir bayatı pərvazlandı.
Bu dağlar,
Ağ
çalmalı bu dağlar.
Ruhuma layla
çalır
Bu dərələr,
bu dağlar.
Ertəsi günü təbiət aləmindən ayrılıb musiqi dünyasına qovuşmağa tələsirik. Yol boyu öz-özümə düşünürdüm. Qəbələ hara, “Beltmann” piano fabriki hara. Ağıla gəlməz, xəyala sığmaz bir möcüzə. Gözlərimə inanmadım. Bu məkan əfsanə deyil, həqiqətin nağıl dünyasıdı. Yerli mahir ustaların istedadı, zərif hissləri, incə duyğularının təsdiqi, təntənəsidi.Göz oxşayan pianonun bəyaz şirmayı dillərinə əl toxunanda dahi bəstəkarlar Üzeyir bəy, Qara, Fikrət, Bethoven, Ştraus, Bax, Şopenin incilərini xatırlayır, pərvazlanır, pərvaz xəyal olursan, ruhlarını şadlandırırsan.
Vaxtilə Almaniya, İtaliya, Hollandiya, Rusiya və başqa dövlətlərdən pianolar Azərbaycana gətirilir, mənəvi aləmimizi bəzəyirdi. Hazırda Qəbələ piano fabrikinin məhsulu xarici dövlətlərə göndərilir və yüksək qiymətləndirilir. Düşünür və qəlbən deyirsən, bu möcüzəni xəyala gətirən, böyük həvəslə yerinə yetirən, qurub-yaradan insanlardan möhkəm iradə və hünər tələb edir.
Budur, “Gilan Holdinq”in daha bir müəssisəsindəyik, xalq arasında “Jalə” adı ilə məşhur meyvə-konserv zavodundayıq. Adı şirin, dadı şirin “Jalə”də. Geniş ərazini əhatə edən bu zavod müasir şəhəri xatırladır. Dünya standartlı avadanlıq, sənətlərinin vurğunu olan ustadların işləri, yüksək texnoloji proses heyrət doğurur. Müxtəlif meyvələrdən çəkilən şirələr satışa getməzdən əvvəl təkrar-təkrar yoxlanır, min süzgəcdən keçirilir. Mədəni iş şəraiti, tələbkarlıq, ifrat təmizlik göz oxşayır, könül xoşlayır. Sevindirici haldır ki, əvəzi olmayan “Jalə” şirəsi artıq onlarla xarici ölkələrdə süfrələri bəzəyir.
Fındıq zavodu da bir ayrı möcüzədir. Zavodun geniş fındıq sahəsinin bol məhsulu, üstəlik, ətraf ərazilərdən gətirilənlər müəssisəni yetərincə təmin edir. Burada da avadanlıq müasirdir. Fındığı təmizləmək, qurutmaq, seçim aparmaq, hətta una çevirmək və digər proseslər mexanikləşdirilmişdir. Yüksək keyfiyyətli məhsul təkcə ölkəmizdə deyil, Almaniya, İtaliya, Hollandiya, Rusiya və başqa dövlətlərdə yüksək qiymətləndirilir. Alıcısı çox, tələbat da yetərincə. Ümumiyyətlə, “Gilan Holdinq”in fabrik və zavodları yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsul istehsal etməklə yanaşı, yerli əhalinin işlə təmin olunmasında, maddi rifahının yüksəlməsində xüsusi rol oynayır. XXI əsr Qəbələsini quranların sevincindən, qurub-yaratmaq eşqindən hamıya pay düşür.
Ucadan ucadı, qocadan qocadı, cavandan cavandı Qəbələ. Uludu, ixtiyardı, bəxtiyardı Qəbələ. İlahi varlıq, ülvilik timsalıdı Qəbələ. Çilçıraqdı, nur işıqdı, dünyaya yaraşıqdı Qəbələ. Cənnət bağıdı, güllü gülüstandı, bir ayrı dastandı Qəbələ. Həqiqətdi, əfsanədi, nağıldı, röyadı Qəbələ. Günü gündən gözəlləşən, inkişaf edən, xariqələr yaradılan möcüzədi Qəbələ. Gör-götür dünyası, ibrətamizlik, heyrətamizlik, heyranlıq aləmidi, tamaşadı Qəbələ. Müqayisəyə gəlməzdi. Nə tayı, nə bərabəri, nə bənzəri, nə əvəzi olan bir ayrı aləmdi Qəbələ. Təbiəti cana məlhəmdi, gözlərə işıq, qəlbə təpərdi, hünərdi Qəbələ!
Başı qarlı dağdı, gen dərədi, zil bərədi, keçilməz sədd, basılmaz qala, alınmaz eldi Qəbələ. Yazılmayan tarix, yozulmayan sirdi, sehrdi, pozulmaz etibar, düz ilqardı Qəbələ. Şiri-nərlər oylağıdı, gözəlliklər yaylağıdı, qənirsizliklər yığnağıdı Qəbələ. Azərbaycan təbiətinin zümrüd daşı, başının tacı, dərdlər əlacıdı Qəbələ. Bu füsunkarlığı, bu əsrarəngizliyi gözünə təpmək, sinənə səpmək, ürəyinə köçürmək, bağrına basmaq istəyirsən. Daha da mənən zənginləşmək, saflaşmaq, durulaşmaq, ilhamlaşmaq eşqinə düşürsən. Ona qovuşmaq, onunla olmaq, onunla qalmaq xəyalına dalırsan.
Ayrılıq. Nə göz doyur, nə könül. Axar-baxarlı dağlar, yam-yaşıl meşələr Qəbələni qoynuna alır, laylasını çalır. Günəş qızılı rəngini aləmə saçır, tamaşa dünya yaranır.
Əziz oxucular! Qəbələnin haqqında
görüb qələmə aldıqlarımız olsa-olsa dəryadan
damla, güllü- gülüstandan bir tər qönçə,
zirvəli dağların bir mənalı baxışı,
dümağ, bəm-bəyaz buludların göz yaşı
tökməsinin bir anı, həqiqətin möcüzəsinin
bir şam-çırağı ilə müqayisəyə gələ
bilər. Bizə belə gəlir ki, kim Qəbələni
görübsə, dünyanı görüb. Kim Qəbələni
görməyibsə, dünyanı görməyib. Tələsin,
gəlin, görün. Heyrət içində heyranlanın.
Sevinin, şadlanın, qürur duyun, fəxr edin,
qurub-yaradanlara eşq olsun-deyin.
Teymur BÜNYADOV,
akademik
525-ci qəzet.- 2011.- 23 iyun.- S.6.