Xatirələr burulğanında
Sənət
əsərinin geniş auditoriya qazanmasının bir neçə
mühüm fakt sırasında onun həyat həqiqətinə
obrazlı münasibəti, bədii detalların
inandırıcılığı və müəllifin səmimiliyi
çox mühüm rol oynayır. Bu sırada müəllifin
səmimiliyi vacib şərtlərdən biri kimi bütün
sənət əsərlərinin bel sütununu təşkil
edir. Yaradıcılığina xeyli dərəcədə bələd
olduğum Saleh Tahirovun bütün əsərlərində
oxucunu ilk sətirlərindən ələ alan əsas fakt
onlardakı müəllif səmimiyyətidir. Ömrünün
səksəninci illərini yaşayan Saleh müəllimin
bütün ədəbi-bədii nümunələrinin
hamısında onun insana, ətrafına münasibətində
özünü göstərən dərin səmimiyyət
var. Yazıçı-publisistin əvvəllər nəşr
etdirdiyi “Yollar mənzərələr”, “Həyat dastanı”
kimi kitablarında hadisələrə, dünyaya sənətkar
münasibətindəki bu qədər səmimiyyətin hardan
qaynaqlandığını əvvəllər bilmirdim. Sənətkarın
bu yaxınlarda nəşr olunmuş “Valeh və Minayə” əsərini
oxuyub bitirəndən sonra onun yaradıcılığına
bəzək verən böyük səmimiyyətin hardan
qaynaqlandığını anladım. Bunu mənə əsərin
janrı anlatdı. Məsələ burasındadır ki,
“Valeh və Minayə”ni müəllif özü sadəcə
“əsər” adlandırır. Əlbəttə “Valeh və Minayə”
böyük və ülvi məhəbbətin, zamanın, mühitin, bəlkə də elə taleyin əlçatmaz etdiyi bir məhəbbətin bədii-xronoloji tarixidir. Lakin bu tarix şəxsən mənim üçün elə doğma yerdən başlayır və elə doğma yerdə bitir ki, həmin
tarixin, həmin taleyin
personalarını tanımamaq
mümkün deyil. Əsərdəki
bütün hadisələr
mənim doğulub boya-başa çatdığım
doğma Dəvəçidə
(indiki Şabranda) baş
verir. “Valeh və Minayə” öz janrına görə sırf memuar əsərdir,
müəllifin öz taleyi,
öz həyat yolu ilə bağlı bir tarixin ədəbi-bədii
salnaməsidir. Bunu yəqinləşdirmək
üçün Valehin
əsərdə keçdiyi
ömür yolu ilə kitabın arxasında təqdim olunan müəllif bioqrafiyasını müqayisə etmək
kifayətdir. Ancaq maraqlı və
önəmli orasıdır ki, müəllif kiçik bir əyalət şəhərində 1941-1945-ci illər
müharibəsindən əvvəl, müharibə dövrü və ondan sonrakı hadisələri lokal
çərçivədə deyil, elə ümumiləşmələrlə
təsvir etmişdir ki,
əsəri oxuyan hər
kəs özünü bu mənzərənin,
o illərin, o hadisələrin
və bəlkə də müharibənin yarımçıq
qoyduğu o nakam məhəbbətin
iştirakçısı hesab edir.
Bədii
əsərin maraq doğuran keyfiyyətlərindən biri də
oxucunu düşünməyə, təsvir olunan hadisələrdən
onun özünün nəticə çıxarmasına
istiqamət verməsidir. “Valeh və Minayə” memuar əsəri
üç ciddi istiqamətdən oxucunu
düşündürür. Onlardan birincisi təsvir edilən
illərin – 1930-1960-cı illərin əyalət tarixi və
bu tarixdə insanın taleyidir. İkincisi, təsvir olunan, bəzən
tədqiq edilən həmin illərin hadisələrindən-kütləvi
repressiya, kütləvi gərginlik və bunları yaradan səbəblərdir,
üçüncüsü isə illərin, talelərin
ağır yükünə baxmayaraq, insanı
yaşamağa, yaratmağa, özünü qurmağa
çağıran sevginin, məhəbbətin böyüklüyüdür.
Müəllif bütün situasiya və gərginliklərdə,
çətinlik və zillətlərdə məhəbbəti
insanın xilaskarı kimi təqdim edir və təsadüfi
deyil ki, əsərdə bütün ictimai-siyasi hadisələrin
insan münasibətlərinin hamısı məhəbbət
fonunda təsvir edilir. F.Dostoyevskinin “dünyanı gözəllik
xilas edəcək” postulatı Saleh müəllimin söykəndiyi
əsas dirəkdir və bunun həqiqət olduğunu oxucuya
da öyrədir.
Mən
“Valeh və Minayə”ni oxuduqca böyük və ustad
yazıçımız İlyas Əfəndiyevin
“Sarıköynəklə Valehin nağılı”nı,
“Üçatılan”, “Geriyə baxma, qoca”sını,
böyük memuar ustası A.Gertsenin “Olmuşlar və
düşüncələr” əsərini
xatırlayırdım.
İlyas Əfəndiyevin “Geriyə
baxma, qoca” və “Üçatılan” povestləri tərəkəmə
dünyasının təsiri ilə Azərbaycanın müəyyən
tarixi dövrünün etnoqrafik, siyasi, məişət həyatının
bədii ümumiləşməsidir. A.Gertsen isə rus
siyasi-ictimai həyatının bütöv bir epoxasını
memuar janrında təqdim edir. Saleh Tahirov da bütöv bir
dövrün xarakterini yaratmaq üçün
qarşısına bədii ümumiləşdirmə xəttini
deyil, adi insanların və adi bir əyalət həyatının
tarixi-xronoloji istiqamətdə xatirələrlə təqdim
etmək vəzifəsini qoymuş və buna nail olmuşdur. Əsərin
ilk sətirlərində müəllif özü göstərir
ki, “qələmə alınan bu yazı, əsasən, 14-15
illik bir dövrü əhatə edir. Burada, başlıca olaraq
1932-45-ci illərdə Şabranda (keçmiş Dəvəçidə)
baş verən hadisələr öz əksini
tapmışdır.” Ancaq bu 14-15 ildəki hadisələr
Şabranın tarixi koloritini, bu yerdə yaşayan
insanların acılı-şirinli ömür yolunu, siyasi
hadisələri çox maraqlı şəkildə təqdim
edir.
Qeyd
etdiyim kimi, əsərin aparıcı xəttini Valehin
yaşca özündən xeyli böyük olan Minayəyə
məhəbbəti təşkil edir. Bu məhəbbət bəzən
qeyri-real görünsə də təmiz və ülvi bir məhəbbətdir.
Minayə özündən balaca Valehin ona məhəbbətini
başa düşsə də, bəzən qəsdən onu
uzaqlaşdırır, Valehi bir dost kimi sevir, onun uşaq
qayğıları ilə məşğul olur. Valeh də
öz məhəbbətinin ifadəsində son dərəcə
eleqant və səbirlidir. O da bu məhəbbətin heç
vaxt gerçəkləşməyəcəyinin fərqindədir,
lakin ürəyinin hökmündən uzaqlaşa bilmir. Beləliklə,
Valehin Minayəyə məhəbbəti bir dostluq rəmzi kimi
qalır. Valeh böyüdükcə Minayəni fəsadlardan
qorumağı özünə borc bilir.
Müəllifin
əsərdə təsvir etdiyi illər Azərbaycanın hər
yerində olduğu kimi, Şabranda da ciddi siyasi hadisələr
dövrüdür. Maraqlı hal orasındadır ki, əsərin
müəllifi həmin hadisələrə bu gün dəbdə
olan prizmadan – sovetlər dövründəki hər şeyi
qara rəngdə görmək, qara eynəklə qiymətləndirmək
prizmasından yanaşmır. Əlbəttə, o illərin
repressiyası da var, sovet imperiyasının milli inkişafa zərbələri
də var və s. Lakin S.Tahirovun əsərində o illərin
partiya, dövlət rəhbərləri arasında
yaxşı insanlar da mövcuddur. Bu adamlar
bir sıra hallarda vicdan və ədalət prinsiplərini də unutmurlar. Saleh müəllim o çətin
illərdə də bəzi quruculuq işlərinin getdiyini və bunun xalqın
taleyində oynadığı
rolu göstərir.
Samur-Dəvəçi kanalının tikintisi
və bu fakta elin münasibəti
əsərdə maraqlı
boyalarla təqdim edilmişdir.
Əsərdə bədii cəhətdən
ümumiləşdirilmiş maraqlı obrazlar var. Müəllif Minayəni Leyli timsalında bir gözəl kimi, onun cəbhədə
həlak olan əri Qazını vətənsevər bir insan kimi təsvir
edir. Əsərdə təsvir olunan
ailələr öz saflığı, milli mentalitetə sədaqətli
münasibətləri ilə
diqqəti cəlb edir. Müəllifin əsərdə ortaya qoyduğu əsas, ana xətt insan və müharibə problemidir. Dünyanın bir çox
sənətkarlarının – E.Heminqueyden tutmuş V.Astafyevə qədər böyük yazıçıların
yaradıcılığında qoyulan bu məsələyə
S.Tahirovun da öz münasibəti var.
Əlbəttə, müharibədə qələbə
eyforiyası ilk anda hamını riqqətə
gətirir. Ancaq eyforiyadan ayılıb
müharibənin törətdiyi
faciələri xatırlayanda
insan tamam başqa cür ovqata köklənir.
Saleh müəllimin Minayəsi
də qələbəyə
sevinir. Lakin ərinin cəbhədə
həlak olması onun bu sevincini
puça çıxarır.
“Valeh həyətə
girəndə gördü
ki, Minayə balkonun məhəccərinə
söykənib ağlayır.
Tək-tənha öz dərdinə
qapılıb, ümumi
sevincə qoşulmur.”
Minayənin qələbə sevincinə qoşulmamağı
oxucuda təəccüb
doğurmur. Yazıçı Viktor Astafyevin hekayələrinin
birində ayaqlarını
və qollarını
cəbhədə itirmiş
insan hospitalda müalicə olunduğu günlərin birində qələbə xəbəri
yayılanda bütün
həkim və xəstələrin “ura” sədaları altında xəlvətcə sürünüb
pəncərəyə çıxır
və xəstəxananın
beşinci mərtəbəsindən
özünü atıb
intihar edir. Müharibə budur, onun faciələri özündən
sonra daha aydın görünür.
“Valeh və Minayə”də Valeh böyüyür, özünün
gerçək məhəbbətini
də tapır, lakin müharibənin yaraları həm onun, həm də ətrafının həyatında əbədi
olaraq öz ağrısını göstərməkdədir. Bütün
bunlarla belə əsər nikbin bir ruhla bitir:
“Dünən uşaq olan Valeh bu
gün ata oldu, sonra o, baba olacaq, sonra
da ulu baba.
Həyat
öz axarı ilə gedir, o daim dövran edir.” Bu nikbinlik,
bu ovqat oxucunu özünə inama, həyata sevgi və ümidlə
yanaşmağa səsləyir.
Könül NİFTƏLİYEVA,
fəlsəfə doktoru
525-ci qəzet.- 2011.- 23 iyun.- S.4.