“Sənət
adamlarının siyasətdən kənar qalması mümkün deyil”
MÜSAHİBİMİZ
PARLAMENTİN MƏDƏNİYYƏT KOMİTƏSİNİN
SƏDRİ NİZAMİ CƏFƏROVDUR
–Nizami müəllim,
son ayların ən çox müzakirə mövzularından
biri gənc sənətçilərin,daha
doğrusu,qalmaqallı şou-biznes nümayəndələrinin,
o cümlədən , bəzi aktyorların dalbadal hakim Yeni Azərbaycan
Partiyasına (YAP) üzv qəbul edilməsidir. Bəs siz YAP
üzvü, siyasət adamı və mədəniyyətlə
yaxından əlaqəli olan bir ziyalı kimi bu məsələyə
necə yanaşırsınız?
–İndi vəziyyət belədir ki,sənət
adamları da siyasətlə ciddi məşğuldurlar və
mən burada təhlükəli bir hal görmürəm .Belə
düşünürəm ki,əksinə,bu onların
yaradıcılığına təsir göstərə bilər.
Eyni zamanda, YAP bu gün Azərbaycanı idarə edən bir
partiyadır, ölkənin ictimai-siyasi həyatı bu təşkilatdan
asılıdır. Belə olan halda,əlbəttə, YAP
üçün də maraqlıdır ki,sənət
adamları,xüsusilə,gənclər, sənətin şou
deyilən çevik hissəsi ilə məşğul olanlar
bu təşkilatda təmsil olunsunlar. Bu, həm də
onların özləri üçün maraqlı və
önəmlidir. Belə düşünmək də
düzgün olmaz ki, bu nəsə bir aksiyadır,yaxud, bu nəsə xüsusi bir hadisədir
ki,kimlərinsə diqqətini özünə cəlb etsin.
Bu, belə deyil,bu,ümumi ictimai prosesdir və hər zaman bu
cür məqamlar ola bilər.
–Sizə də
məlumdur ki, şou- biznes və burada təmsil olunanlar daha
çox qalmaqallarla özünə ad çıxarıb. Bu
baxımdan, şou- biznesdəki qalmaqalların gələcəkdə
hakim partiyaya sıçraması,onun da bu məsələyə
cəlb edilməsi mümkündürmü?
–Bu sahə tamam ayrıdır. Əslində
belə düşünmək olar ki, bu gün Azərbaycan
şou-biznesində peşəkarlıqdan bir xeyli kənaraçıxmalar
var. O cümlədən, qalmaqallar yaratmaq, bu fonda diqqəti cəlb
etmək, bunlar da ortadadır. Ancaq bundan sonra həmin şəxslər
əgər bir partiyanın üzvüdürlərsə, həm
də bu məqamı nəzərə
almalıdırlar,ümumiyyətlə,
çalışmalıdırlar ki,o siyasi təşkilatın
nüfuzuna xələl gətirməsinlər. Yəni, partiya,
özü də hakim siyasi təşkilat üzvü olmaq
onlar üçün əlavə bir məsuliyyətdir.
–Necə
düşünürsünüz, burada müəyyən
imtiyazlar əldə etmək,karyera qazanmaq və sair, istəklər
də ola bilərmi?
–Mən buna inanmıram. Əlbəttə,
partiyanın işində iştirak, onun müxtəlif
orqanlarında təmsil olunmaq və sair, burada müəyyən
bir partiya karyerası amili,faktoru mövcuddur. Onlar da bu prosesdə
iştirak etməlidirlər. Amma belə düşünsək
ki,onlar bura müəyyən məqsədlərlə,karyerist
kimi gəliblər, o zaman təbii ki,bu istəklər YAP tərəfindən
qəbul olunmayacaq.Demək istəyirəm ki,burada
qarşılıqlı hörmət və ehtiram
olmalıdır. Onlar təbii ki, həm YAP-ın nüfuzundan
istifadə edəcəklər-belə bir partiyanın
üzvü olmaq özü əlavə dividentdir-həm də
onun qayda-qanunlarına əməl etməli olacaqlar.Yəni, həm
nüfuz,həm məsuliyyət!
–Ümumilikdə,sənət
adamlarının siyasətə qatılmasını necə
qiymətləndirirsiniz? Qeyd edək ki, bu məsələyə
yanaşmada da birmənalı olmayan fikirlər var...
–Bu, həmişə olub. Sənət
adamları nə qədər özlərini siyasi münasibətlərin,
siyasi mübarizənin fövqündə görsələr,təsəvvür
etsələr də,hər halda onların siyasətdən kənarda
qalması mümkün deyil. Ümumiyyətlə,yaradıcılıq
özü məfkurədirsə, bir ideologiyadırsa,istər-istəməz
burada həmin təsiri və təzyiqi öz üzərində
hiss edir. Bir məsələ də var ki, hər bir siyasi iradə,
hər bir siyasi partiya istər-istəməz cəmiyyətin ən
müxtəlif qüvvələrini ,o cümlədən, sənət
adamlarını özünə çəkir. Burada həm sənət
adamlarının bir şəxsiyyət,bir vətəndaş,
bir insan kimi ictimai-siyasi proseslərdə iştirakının
labüdlüyü var, həm də təbiidir ki,
partiyanın cəmiyyəti,daha çox qüvvəni,fərqli
düşüncə kəsimini öz arxasınca aparmaq istəyi
var.Bu, hər bir siyasi təşkilatın istəyidir. Bu
baxımdan da,burada elə bir ziddiyyət görmürəm.
–Sizcə, bu
gün Azərbaycanda əsl şou- biznes varmı və daha
çox kimləri izləyir,dəyərləndirirsiniz?Açığı
desək, bizdə şou-biznesi şor-biznes kimi qiymətləndirənlər
də var...
–Mən belə düşünmürəm.
Əvvəlki illərlə müqayisədə indi Azərbaycanda
sənətin şou- biznes sahəsi çox inkişaf edib. Bu
gün Azərbaycanda yüksək səviyyəli,peşəkar
şou-biznes nümunələri var. Buna misal olaraq
“Bakılı oğlanlar” Şən və hazırcavablar
klubunu, “Planet parni iz Baku” teatrını göstərmək
olar. Eyni zamanda, son zamanlar ATV kanalında yayımlanan
şou-biznes verilişlərini,proqramlarını qeyd etmək
yerinə düşər. ATV-də bu yöndə xeyli
müsbət irəliləyişlər var. Xüsusilə
“SOY” prodakşının layihələrini qeyd etmək
lazımdır. Bunlar çox uğurlu layihələrdir. Eyni
zamanda, Rafaellə Coşğunun duetlərini uğurlu hesab
edirəm.Bununla yanaşı, şou-biznes nümayəndəsi
kimi Aygün Kazımovanın sənətini yüksək qiymətləndirirəm.
O,demək olar ki,əsl peşəkar sənət
adamıdır. Demək istəyirəm ki, maraqlı,yüksək
səviyyəli şou-biznes nümunələri var və
bunları inkar etmək mümkün deyil.Ancaq əlbəttə,hələ
bu sahədə peşəkarlığın
artırılması istiqamətində görülməli
olan çox işlər var.
–Bəs,
şou- bizneslə bağlı ayrıca qanunun qəbuluna necə,
ehtiyac varmı?
– Bilirsiniz, zaman-zaman bu yöndə də
çeşidli fikirlər,təkliflər səslənib,ortaya
qoyulub. Amma şəxsən mən belə hesab edirəm ki, bu
istiqamətdə xüsusi bir qanunun qəbuluna ehtiyac yoxdur.
Çünki sənət,yaradıcılıq,şou-biznes elə
bir sahədir ki,onu hansısa qanunla tənzimləmək bir o qədər
də mümkün deyil. Burada hər şey təbii şəkildə,təkmilləşmə
yolu ilə getməlidir. Amma bununla belə,təbii ki, bu sahədəki
durumu müzakirə etmək üçün
telekanalların,xüsusilə,prodakşn şirkətlərinin
təmsilçilərinin sənət
adamları,ziyalılarla,Mədəniyyət komitəsinin
üzvləri ilə bir araya gəlməsə də
lazımdır. Elə bilirəm ki, bunun heç kimə
ziyanı olmaz.
VAHAB
525-ci qəzet.-
2011.- 23 iyun.- S.5.