Bir sevginin işığında

 

İLHAM VƏ FƏRİZƏNİN BÖYÜK MƏHƏBBƏTİ ANILDI  

 

 “Divani-hikmət”də 1990-cu ilin Qanlı yanvarında qəhrəmancasına həlak olmuş İlhama və ona sadiq sevgili ömür yoldaşı Fərizəyə həsr edilmiş anım tədbiri keçirildi. 

Sevgiyə müqəddəs bir varlıq kimi baxanlar, incəsənət sevərlər, mədəniyyət insanları bu tədbirə toplaşıb – bir-birini təmiz, saf məhəbbtlə sevmiş, vətənə, onun müstəqilliyinə can fəda etmiş lham və Fərizəni anmağa gəldilər. Toyları iyunun 30-da olmuş bu cavanlar sevgi istisinə isinə bilməsələr də, adi həyatda sevinə bilməsələr də, milyonlarla insanın xoşbəxt, azad yaşamasına bais olaraq, şəhidlik zirvəsiə ucala bildilər. Bütün dünya da bilir ki, şəhidləri olanlar ali xalqlar sırasındadırlar və müstəqil yaşamağa layiqdirlər. 

Hər il keçirilən, artıq ənənə şəkli almış “İlham və Fərizə” tədbirinin təşkilatçısı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı qonaqları səmimi qarşılayıb tədbiri açıq elan eləyəndən sonra dedi: “9 ildi biz İlham və Fərizənin sevgisindən danışırıq. Daima cürbəcür çətinliklərlə rastlaşırıq. Bu çətinliklərə həmişə dözməyə hazırıq, necə ki hər il dözürük. 30 iyun sadəcə sevgililər günü deyil. 

Həmin tarixi biz tankın altından qaldırdıq. Ona görə də bu sevgililər günü kimi qeyd olunmalıdır. Bizim özümüzün sevgililər bayramımız”. Sonra isə Əvəz Zeynallı tədbirin aparıcılığını xalqın sevimlisi Şəmistan Əlizamanlıya həvalə etdi.  

 20 Yanvar hadisələrinin şahidləri həmin – 1990-cı ilin dəhşətlərini yada salaraq şəhidləri bir daha yad etdilər. 

Vətən deyəndə dodaqları titrəyən, vətənin sevimli oğlu Şəmistan Əlizamanlı tədbirə bu sözlərlə başladı: “20 Yanvarda düşmənin məqsədi 100-200 türk öldürmək yox, Azərbaycanı əzmək, milləti birdəfəlik susdurmaq idi. Amma Şəhidlərimiz buna imkan vermədi. İlham kimi oğullarımız sinəsini tank qarşısına verdi. Özü də əli yalın, silahsız. Bu, hər oğulun işi deyil. Yalnız belə oğullar şəhidlik zirvəsinə ucala bilərlər. Fərizə kimi qadın isə yalnız lham kimi oğula layiqdir. Onların hər ikisi nəinki müasir gənclərə, hətta gələcək nəsillərə nümunə ola biləcək qəhrəmanlardır!”. 

 Sonra isə İlham və Fərizənin adı ilə bağlı tədbiri elə ürək yanğısı ilə, vətənpərvər ruhda təşkil elədi ki, iki saata planlaşdırılan tədbir üç saatdan artıq çəksə də, iştirakçılar bunu hiss etmədilər. 

Tədbirdə çıxış edən Vahid Əziz – İlham və Fərizə sevgisinin əbədiliyindən söz açıb təəssüflə dedi: “Bəlkə də həmin yerdə nakam sevginin nəticəsi kimi iki yox, üç nəfər yatır. Kim bilir. Biz bu dəhşəti unutmamalıyıq. Təklifim isə budur ki, qoy dünyada kim sevgililər gününü neçə dəfə, istəyir qeyd eləsin, amma biz – azərbaycanlıların and yerimiz İlham Fərizə, sevgi nümunəmiz bu iki gənc olmalıdır”.

Sevimli qiraətçimiz Ağalar Bayramov tədbir boyu öz xüsusi avazlı, axarlı, ürəyəyaxın, vətən nisgilli, şəhid nəğməli, sevgi ətirli şerləri ilə iştirakçılara poetik, xoş anlar bəxş elədi. Hər şeri bir duyğu ilə deyə bilən şeir xiridarı çıxışında sevindirici xəbərini hamıyla bölüşdü. “İlham və Fərizə”yə həsr elədiyi yeni diskin yazılmasından, həmin diskdəki vətənpərvər ruhda oxuduğu şerlərindən danışaraq, yazdırdığı diskin çox uğurlu alınmasını qeyd elədi. 

Xalqın sevimli müğənisi Flora Kərimovanın “İlham və Fərizə” tədbirlərində çıxışı artıq ənənəvi xarakter alıb. Bu dəfə də müğənni sevgi ocağına toplaşanları yeni mahnıları ilə sevindirdi.  

20 Yanvar qanlı hadisəsinin şahidi , yazıçı Gülzar İbrahimova çıxış edərək dedi: 

Əsrlər boyu dahilərimiz öz yaradıcılıqlarında ideal aşiq surəti yaratmağa çalışıblar. Baş qəhrəmanlarının obrazlarında məhəbbətin ülviliyini, müqəddəsliyini oxucularına çatdırmağa çalışıblar. İlham və Fərizə əsrlər boyu dahilərimizin əsərlərində yaratdığı fantastik məhəbbəti reallığa çevirdilər. Onlar Azərbaycanımızın başına gəlmiş faciəli, qanlı Yanvar qırğınında canlarını qurban verərək, vətən sevgisini öz müqəddəs sevgiləri ilə yanaşı qoydular və sübüt elədilər ki, yalnız belə bir sevgi ucalığa layiqdir. 

Bu cavanlar, sadə bir azərbaycanlı ailəsi timsalında bütün sevənlərə nümunə oldular. 

Onlar özləri də bilmədən İlham və Fərizə adlı sevgi dastanı yaratdılar. Bu sevgi dünyada bütün sevgilərdən yüksəyə qalxıb sədaqət rəmzinə çevrildi. Heç bir məhəbbət əsəri İlham və Fərizənin yaratdığı sevgi dastanı yüksəkliyində deyil. 

Dahilərin yaratdığı əsərlərdə onların qəhrəmanlarının amalı yalnız sevgililərinə qovuşmaq olmuş, ondan başqa heç nə haqda düşünməmiş, bu yolda hətta aşiqlərin çoxu çirkin əməllərə əl ataraq, sevdiklərinə qovuşmağa çalışmışlar. 

Qəhrəmanımız isə həyatın mənasını tamam başqa bir şeydə – vətənə qurban getməkdə gördü. 

Bizim İlhamımız bütün mənfi fikirlərdən, xainlikdən uzaq vətənə olan məhəbbəti ilə yaşamış, böyük məhəbbbətlə sevdiyi sevgilisi belə onu elinə-obasına olan dərin məhəbbətindən ayıra bilməmişdi. 

Bizim İlham və Fərizənin heç bir mənfi cəhətləri olmadığından, onlar dünyanın ən böyük sevənləri sayılmalıdırlar. 

Sevgi qəhrəmanlarından çox nümunələr gətirmək olar, amma İlham və Fərizənin yazılmamış dastanında vətənə olan sevgi hansı yüksəklikdə durursa, cavanların bir-birinə olan sevgisi də həmin səviyyədən aşağı deyil. 

Azərbaycanın igid oğlu İlham, vətənini işğalçılıq məqsədilə onun torpaqlarına soxulan ruslardan, ermənilərdən qoruyarkən həlak olub. O, yalın əllə rus tankının üstünə yeriyib, sinəsindən düşmənə sipər düzəldib. 

İlham və Fərizə müqəddəsliyi, onları hamıya sevdirdi. Bu gün hamı – qoca da, cavan da, uşaq da Şəhidlər xiyabanının ilk şəhidləri- İlham və Fərizə qarşısında baş əyir, onlara dua oxuyurlar. Gənc oğlanlar İlhamdan igidlik, mərdlik öyrənir, gənc qızlar sevgililərinə sadiqlik ibrəti götürür. 

Bu iki müqəddəs gənc sağlıqlarında bir sevginin istisinə isinirdilərsə, indi milyonların məhəbbəti onlara behişt laylası çalır.

 

Sağlığında sevilənlərin məhəbbətinin ömrü qısa olur. Ölümündən sonra sevilənlər əbədi məhəbbətlə sevilir. 

Şair Eldar İsmayılov. Sevgililər gününə həsr elədiyi şerini oxudu.

 

Sevgililər gününə 

Bu gün coşub çağlıyır 

Bir çağdaş bayramımız , 

Özümüzə sədaqət 

Sabaha inamımız, 

Ay oğlanlar, ay qızlar, 

Arzu diləklə gəlin, 

Təmiz ürəklə gəlin 

Sevgililər gününə! 

Bu gün dünya gülümsər 

Bu gün müqəddəs bir gün. 

İlhamın, Fərizənin,

 Məhəbbəti, sevgisi, 

Qüruru yerin, göyün 

Gəlin, kölən atında, 

Simurqun qanadında, 

Sevgililər gününə!...

 

Sonra şair Sabir Almazov sevgililərə həsr elədiyi bir şerlə çıxış elədi. 

“Vedibasar” qəzetinin baş redaktoru Sərtib İslamoğlu belə dedi: “İlhamla Fərizə sevgini yaşatdılar və bununla özləri də milyonlarla insanın sevgisini qazandılar. İlhamı heç kəs saxlaya bilməzdi. Çünki onun qanında axan qan düşmənə nifrətə yönəlmişdi. Dünyanın ən böyük sevgi əsərlərində sevənlərin əlləri bir-birinə uzanılı qalıb. Ona görə də əlçatmaz məhəbbət kimi yaşayıb. Amma İlham və Fərizə bir-birinə qovuşmuşdu. Bununla belə Fərizə İlhamsız yaşaya bilmədi. Bu sevginin böyüklüyü də elə bundadı.

Türkiyədən gəlmiş İslam Yaqut çıxışında bildirdi ki, Azərbaycanı çox sevir. “Azərbaycan artıq 20 ildir ki, müstəqildir. Ölkə buna asanlıqla yox, İlhamların sayəsində nail oldu. Belə oğulları olan xalq müstəqil olmağa layiqdir.

Müharibə iştirakçısı, şair – Məhərrəm Zaman sevgi haqqında, şəhidlər haqqında şeir oxuyaraq, Azərbaycan xalqına qələbə müjdəsi arzuladı. 

“Əhdim var, qələbə müjdəsini özüm xalqa çatdıracağam!”, deyə aparıcı Şəmistan Əlizamanlı onun sözünə qüvvət verdi.

 Daha sonra Nəsibə İsrafilqızı İlham və Fərizəyə həsr elədiyi ürək yanğılı şerini oxudu. 

 

Bir gün evə dönəndə oğul balam quş oldu 

Yağılarla üzləşdi, güllələrə tuş oldu 

Fərizəm də dözmədi, eşqinə peyman etdi,

 İlhamımın yanına soyuq məzara getdi 

Xiyabanda analar, ağladılar, yandılar, 

Övladlarına baxıb keçənləri andılar.

Gəlib mən də baş əydim, bu cütlərin önündə 

İki qərənfil qoydum, dedim qoy sizin olsun 

Allah rəhmət eyləsin, qəbriniz nurla dolsun.

 

 

Nuridə Hüseynova və Şəmistan Əlizamanlının arzulardan xəbər verən qələbə müjdə həsrətli “Cənab leytenant” vətənpərvər mahnısı ilə tədbir yekunlaşdı.                   

 

 

Hüsniyyə

 

525-ci qəzet.- 2011.- 30 iyun.- S.5.