Səhnəyə həsr olunmuş iki ömrün simfoniyası

 

Bu yaxınlarda Teatr Xadimləri İttifaqının tamaşa salonunda Ramiz Fətəliyevin Amerika dramaturqu Nil Saymonun “Komiklər” əsəri əsasında yazdığı “Növbəti” pyesinin tamaşasına baxdım. Eşitdiyimə görə tamaşa artıq 9-10 dəfə gedib və demək olar ki, həmişə zal tamaşaçı ilə dolu olub. Tamaşanın quruluşçu rejissoru Ələkbər Tağızadə, quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi seçmələri Lyubava Qrinyovadır. Tamaşada xalq artisti Rafiq Əliyev – Villi Klark, xalq artisti Fuad Poladov – Ol lyuis, Emin Mirabdullayev isə – Ben Silverman obrazlarını təqdim edirlər. Onu da deməliyik ki, son dövrlərdə müasir tamaşalarda olduğu kimi bu tamaşada da kino elementlərindən istifadə edilib. Lakin bir çox tamaşalarda olduğu kimi bu istifadə kor-koranə, dəb xatirinə deyil, yerində və çox düzgün istifadədir.

Tamaşa Villi Klarkın – Rafiq Əliyev qaldığı köhnə, ucuz mehmanxananın xarici kino görüntüsü ilə başlayır. Köhnə və ucuz mehmanxananın küçədən görünən kino kadrlarında eyvan ön plana gəlir, eyvanın qapısı açılır və artıq calı Villi Klark – Rafiq Əliyev hava udmaq üçün bayıra boylanır. Kinoskopdan tuşlanan kadrlar ekrana verilir və ekrandakı kadrla canlı aktyor vəhdət təşkil edir. Onu da deməliyik ki, rəssam tərtibatında ancaq müəyyən vacib detallar təklif olunan məkanı təqdim edir. Belə ki, mehmanxananın xarici görüntüsündə verilən bir neçə planşet-divar, sonradan çevrilərək mehmanxana nömrəsi olur. Villi Klark (R.Əliyev) və Ol lyuisin (F.Poladov) cavanlıq illərində oynadıqları komik nömrələrdən çəkilmiş fotolar mehmanxana divarlarını bəzəyir. Bu bir növ keçmişə işarədir və tamaşanın nostalji təsirinə xidmət edir.

Tamaşa əsərin baş qəhrəmanı Villi Karkın – Rafiq Əliyevin təqdimatı ilə başlayır. Əsərin birinci qəhrəmanı gözümüz önündədir. Köhnə və ucuz mehmanxana nömrəsində qoca aktyor, unudulmuş ömrünün daha bir gününü yaşayır. Əlbəttə, əgər buna yaşamaq demək olarsa. Xalatda olan Villi Klark qocavari asta yerişlə, ehtiyatlı hərəkətlərlə Rafiq Əliyevin təqdimatında gözümüz önündə canlanır. Xarici rəsmi obraza uyğun dəqiq mimika və gözlərin ifadəsi tamamlayır. Villi Klark – Rafiq Əliyev mehmanxana nömrəsində köhnə televizor və iri kəfgirli, zəngli saatla baş-başa qalıb. Televizor işləmir, çünki televizorun işləməyi üçün onu cərəyana qoşmaq lazımdır. Villi Klark – Rafiq Əliyev nömrədə gəzişir və tez-tez sevinc ifadə edən razı nəzərlərlə iri kəfgirli saata baxır. Bu saat ona gəncliyindəki dəbdəbəli həyatı xatırladır. Xatirələr onu bir qədər də yaşada bilərdi, lakin saat zəng çalır və xatirələr pozulur. Sevincdən, razılıqdan əsər-əlamət qalmır. Villi Klark – Rafiq Əliyev əyilib, ayağındakı başmağı saata tolazlayır və zəngin səsi kəsilir. Obrazın dəyişkən xarakterində yeni çalarlar görünür, qəzəbdən, hirsdən əsər-əlamət qalmır. Atılan başmaq hədəfə dəyib. Villi Klarkın – Rafiq Əliyevin sevincinin həddi-hüdudu yoxdur. Mimika, eynək arxasından görünən gözlərində sevinc parlayır. Həftənin ancaq bir günü, III gün ona dəyməyə gələn və müəyyən ərzaq, siqaret və qəzet gətirən qardaşı oğlu Ben Silverman – Emin Mirabdullayev içəri girir. Villi Klark – Rafiq Əliyev davranışı, mimikası, gözlərinin ifadəsi və ən əsası da səs tembri ilə Ben Silvermana – Emin Mirabdullayevə olan münasibətini büruzə verir. Bu münasibət təbiidir. Vəziyyətin komikliyi ani olaraq artıq faciəvi notlara keçir. Məlum olur ki, qoca Villi qaldığı nömrədən kənara çıxmır. Bu otaq sanki onun tək adamlıq kamerasıdır. Aktyor bütün bu vəziyyəti, vəziyyətin əvvəl komikliyini, bu komiklikdə faciəviliyi inandırıcı boyalarla çatdıra bilir. Qardaşoğlu – Ben Silverman – Emin Mirabdullayev onun prodüseridir. Villi Klark məcburiyyət qarşısında qalıb Ben Silvermanın xidmətlərini qəbul edir. Onlar bir-birlərini xoşlamırlar. Hər iki aktyor davranışları, hərəkətləri və yaşantıları ilə təklif olunan vəziyyəti təqdim edirlər.

Ben Silverman – Emin Mirabdullayev öz növbəsində onu xoşlamayan bu qoca deyingən əmisinə olan münasibətini hərəkət toplusu, davranışı ilə sezdirir. Söz yox ki, mimika, gözlər və səs tembri də xarici portreti tamamlayır. Xarici portret rəsmi ilə daxili yaşantılar üst-üstə düşür. Qoca, deyingən, həyatı anlamayan Villi Klark – Rafiq Əliyev və sağlam, cavan və xoş görünüşlü, həyatını qurmuş Ben Silverman – Emin Mirabdullayev iki əks qütbün nümayəndələridirlər. Həyatın qəribə gərdişi onları bu nöqtədə birləşdirib. Ancaq hələ son deyil. Villi Klarkın – Rafiq Əliyevin acı zarafatları, sancmaları, ironiyaları çox böyük ustalıqla ünvanına tuşlanır. Ben Silverman – Emin Mirabdullayev nə qədər yayınmağa çalışsa da, özünü saxlaya bilmir. Onun ironiyaları Ben Silvermanı – Emin Mirabdullayevi artıq özündən çıxarır və o, cavab qaytarmalı olur. Tapılmış və ustalıqla təqdim olunan mizanlar toplusu obrazların dramaturji fikir yükünü dəqiqliklə tarazlayır. Lakin iki əks tərəfin istəyi, üçüncü tərəfin istəyi ilə tarazlanmalı və nəticə üzə çıxmalıdır. Ben Silverman – Emin Mirabdullayev Villi Klarkı – Rafiq Əliyevi 11 il bundan əvvəl naməlum səbəblərdən ondan ayrı düşmüş Ol lyuislə – Fuad Poladovla hansısa veriliş üçün yenidən calaşdırmaq istəyir. Bu artıq həm onun xilası, həm də Villiyə cavabıdır. Əslində Villi Klark – Rafiq Əliyev özündən çıxır, əsəbiləşir, keçmişi yada salır. İfa dramatik gərginliyi, rəng çalarlarının zənginliyi ilə göz oxşayır. Villi Klarkın – Rafiq Əliyevin tərəf-müqabili odur. Villi Klark – Rafiq Əliyev suallar içində çırpınır. Bu suallara isə onun cavabı yoxdur, ola da bilməz.

Ol lyuislə – Fuad Poladovla bağlı Villi Klarkın – Rafiq Əliyevin öz mülahizələri var. Onun uzun baş barmağı və tüpürə-tüpürə danışmağı Villinin yadından çıxa bilməz. Ancaq bunların heç biri səbəb yox, bəhanədir. Əsl səbəb Ol lyuisin 11 il bundan əvvəl gözlənilməz yoxa çıxmağı ilə bağlıdır. Nəhayət, iki əks tərəf görüşürlər. Villi Klarkın – Rafiq Əliyevin 34 il səhnədə tərəf-müqabili olmuş Ol lyuis – Fuad Poladov kasıb mehmanxana nömrəsinə daxil olur. Villi Klarkla – Rafiq Əliyevlə müqayisədə daha hündür boylu, düz qamətli olan Ol lyuis – Fuad Poladov nisbətən cavan görünür. Az keçmiş, məlum olur ki, bu ancaq görüntüdür. Səhnəyə verilmiş iki ömrün simfoniyası. Villi Klark – Rafiq Əliyev də, Ol Lyuis – Fuad Poladov da özlərini cavan və daha şux göstərməyə çalışırlar. Villi Klark – Rafiq Əliyev içində tüğyan edən qəzəbini Ol lyuisin – Fuad Poladovun üzünə çırpır. Üzü az qala qəzəbdən əyilib, gözlərindən od yağır. Sən baş barmağınla sinəmi deşib, danışanda üzümə tüpürməyinlə 34 il məni alçaltmısan. Ol lyuis – Fuad Poladov nisbətən sakitdir. Coşub-daşan, gözlərindən ildırım çaxan, hərəkətləri, davranışı idarəolunmaz olan və bununla da gülüş doğuran Villi Klark – Rafiq Əliyev, əks tərəfdə isə əsəbi olsa da, sözlərinə və hərəkətlərinə ölçü qoyan Ol lyuis – Fuad Poladov xatirələrə keçən anda dərhal dəyişirlər. Caz musiqisi səslənir və zaman geri qayıdır. Çılğın rəqs başlayır. Onlar qocalıqlarını, tənhalıqlarını, xəstəliklərini unudaraq cavanlıq şövqü ilə rəqs edirlər. Bu iki aktyorun yüksək peşəkarlıqla ifa etdikləri rəqs nömrəsini heyranlıqla seyr edirik.

Onlar çılğın hərəkətlərlə rəqs edirlər, gözgörəki cavanlaşırlar və hər şeyi unudurlar. Xatirələr nə qədər şirin olsa da, real həyat onları rahat buraxmır. Onlar televiziya kanallarının birində hansısa verilişdə iştirak etməlidirlər. Məşq etmək lazımdır. Ol lyuis – Fuad Poladov etiraf etməyə özünü borclu bilir: “Villi, sən həmişə birinci olmusan. Mənim adım afişada birinci olsa da, əslində birinci həmişə sən idin”. Villi kövrəlir. Hər iki aktyorun obraz nümayişində göstərdikləri dəqiqlik, bədii dolğunluq, rəng çalarlarındakı zənginlik ifaları daha cəzbedici edir. Villi Klark – Rafiq Əliyev də keçmişi unudur və o da etiraf etməli olur. Villi Klark – Rafiq Əliyev 11 il əvvəlki əhvalatı yada salır və Ol lyuisin – Fuad Poladovun qəfil yox olma səbəblərini soruşur. Villi onun ölüm xəbərini eşidəndə və bu xəbərin sonradan yalan olmasını biləndə odlanır. Villi Klark – Rafiq Əliyev artıq özünü saxlaya bilmir. Gözləri qəzəbdən parıldayır, nitqi daha kəskin olur, hərəkətləri əsəbidir. “Ay səni, lui, axı bu xəbərdən əla şou yaratmaq olardı. Sən səhv etmisən. Biz çox şey itirmişik... Hamısı da sənə görə, sənə görə, axmaq...” Şou alınmadı, şou baş tutmadı.

Məşq davam edir. Ol lyuis qapını döyüb, içəri girməlidir. Onun içəri girməsi üçün Villi “Kimdir?” deməli, olduğu halda, nədənsə “Növbəti” deyir. Ol lyuis – Fuad Poladov əsəbiləşib, özündən çıxır. “Axı niyə növbəti?” Məşq də, görüş də, savaş da bəhanədir. Onların sonuncu görüşüdür. Həmişə birinci olan Villi Klark yenə birinci olur. Ol lyuis – F.Poladov qəfil yox olub, sonra qəfil geri qayıdır, Villi Klark isə, əsl şoumen kimi qəfil yox olur və bir də heç vaxt geri qayıtmır. O, sonda da birinciliyini əlindən vermir. Hər iki aktyor obrazların dəqiq xarici təsvirinin təbiiliyinə nail olub, daxili yaşantını müəllif ideyasına uyğun təqdim edə bilirlər. Obrazın xarici rəsmi dəqiq rejissor mizanları, mimika, gözlər, səs tembri ilə tamamlanır.

Hər iki obraz, iki əks qütb kimi diqqəti cəlb edirsə, orta mövqedə olan Ben Silverman – Emin Mirabdullayev obrazı da üçüncü tərəf kimi diqqəti çəkir.

Finaldır, tamaşa sona çatır. Ol lyuis də – Fuad Poladov da Villi Klarkdan sonra ömrünü başa vurur. Ancaq Villi Klarkdan sonra “növbəti” olur. İki sənətkar ömrü, iki insan ömrü sona çatır, iki şoumen ömrünə nöqtə qoyulur.

Bu maraqlı tamaşa haqqında yazmaq istədiklərimi yazdım. Belə tamaşaların çox və uzunömürlü olması arzusu ilə yazımı bitirirəm.

 

 

Çingiz Ələsgərli

teatrşünas-dramaturq

 

525-ci qəzet.- 2011.- 21 iyun.- S.6.