Səni çox bəyəndik,
“Aida”
... Təxminən 30-35 il öncə Bakı səhnəsində “Toska” operasının tamaşasında Kavaradossi partiyasını italyan dilində səsləndirən xalq artisti Lütfiyar İmanovun bu çıxışı şəhərimizin bədii ictimaiyyətinin ciddi marağına səbəb oldu. Səhv etmirəmsə, opera teatrımızın tarixində ilk dəfəydi ki, azərbaycanlı sənətçi klassik, eyni zamanda mürəkkəb vokal partiyasını orijinalın dilində tamaşaçılara çatdırırdı.
Bir neçə gün öncə teatrın direktoru Arif Məlikov məni “Aida” operasının növbəti tamaşasına dəvət edərkən onu da bildirdi ki, “gəlməyin yaxşı olar, tamaşa axşamı xeyli sürprizlə qarşılaşacaqsan”...
Doğrudan
da klassik opera həvəskarları sözün həqiqi mənasında
yeniliklərlə üzləşdilər; orkestri
İtaliyanın görkəmli dirijoru Canluka Marciano idarə
etdi. Aida rolunda ilk dəfə olaraq gənc müğənni
Çinarə Şirin səhnəyə çıxdı.
Gürcüstanlı qonaq, məşhur tenor Teymuraz
Ququşvili Radames partiyasını, teatrımızın
istedadlı solistləri Fidan Hacıyeva Amneris, Əli Əsgərov
Misir şahı, Əvəz Abdullayev isə Amonasro
obrazlarını canlandırdılar. Opera isə
bütünlükdə italyanca səsləndi. Daha bir məqam;
həmin axşam teatra tamaşaçı axını təbii
ki, başadüşülən idi...
Cüzeppe Verdi yaradıcılığı italyan operasının misilsiz çiçəklənmə dövrünə təsadüf edir və realist incəsənətin nailiyyətlərinin bariz nümunəsi olaraq böyük əhəmiyyət daşıyır. Dahi bəstəkarın “Riqoletto”, “Trubadur”, “Traviata”, “Don Karlos”, “Otello”, “Aida” və digər klassik operaları dünya mədəniyyəti xəzinəsinin nadir inciləridir. C.Verdi operalarının hər hansı teatrda səhnəqrafiq təcəssümü həmin yaradıcı kollektivin istedadının və potensial imkanlarının real ifadəsidir. Nə gözəl ki, Azərbaycan Dövlət Opera və Balet Teatrının zaman-zaman C.Verdi operalarına müraciəti ənənəvi hal daşıyır. Fəxrlə deyə bilərik ki, vaxtilə səhnəmizə bəzək verən “Otello”, “Riqoletto”, “Don Karlos” kimi möhtəşəm tamaşalar həm bədii dəyərinə, həm də əsas rollarda çıxış edən vokalçıların bənzərsiz ifalarına görə sənətsevərlərin estetik tələblərinə cavab verib. “Aida” operasının tamaşası da bu baxımdan xüsusi tərifə layiqdir.
Yeri gəlmişkən, “Aida” çoxdan burada tamaşaya hazırlanıb. Quruluşçu rejissor Gürcüstanın əməkdar incəsənət xadimi Mixail Kvaliaşvili, bədii tərtibat müəllifi Azərbaycanın əməkdar incəsənət xadimi Əyyub Fətəliyev, rəqslərin quruluşçusu xalq artisti Qəmər Almaszadə, xormeyster əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Ötən müddət ərzində tamaşa öz təravətini, bədii gözəlliyini, səhnəqrafik keyfiyyətini itirməyib ki, indi də bu, dərhal nəzərə çarpır. Ancaq yaşa dolmuş ifaçıları cavan vokalçılar əvəzləmişlər ki, bu da çox təbii haldı. Əslinə qalsa teatrsevərləri də elə təzə səslər özünə cəlb etmişdi.
Ümumiyyətlə opera və balet teatrı rəhbərliyinin zamanın və tələbkar teatrsevərlərin estetik tələblərindən doğan yaradıcılıq axtarışları, novatorluq meyli çox məqsədyönlüdür.
Müxtəlif xarici ölkələrin adlı-sanlı vokalçılarının balet ustalarının, şöhrətli dirijorlarının tez-tez Bakıya dəvət edilmələri ciddi məna daşıyır. Beləliklə də hər bir tamaşa ilk növbədə yüksək bədii dəyəri, bütövlüyü, digər tərəfdən vokalçıların bənzərsiz ifaları ilə səciyyələnir. Dolğun tamaşalar bütünlükdə unudulmaz təsir bağışlayır. Daha bir önəmli məsələyə toxunaq: bu gün teatrımızda həm bas-bariton, tenor, həm də lirik-dramatik və metso-soprano səsli gənc, eyni zamanda istedadlı vokalçılar istənilən qədərdir. Təbii ki, onlar yüksək ifaçılıq mədəniyyəti, peşəkarlığı, aktyorluq məharəti ilə diqqət mərkəzindədirlər. Bunlarla bir sırada Dinarə Əliyeva, Elçin Əzizov kimi vokalçılarımız Moskvada – Rusiya Dövlət Akademik Böyük Teatrının aparıcı solistləridir. Bu, çox sevindiricidir.
“Aida”nın son tamaşası teatrın bu günü ilə bağlı müsbət fikirləri bir daha təsdiqlədi. Həmin axşam sənətsevərlər sözün həqiqi mənasında elitar bir tamaşanın, operanın bəzəyi olan səlis orkestr səslənməsinin, ürəyəyatan vokal ifaçılığının canlı şahidi oldular. Verdinin özünün vaxtı ilə dediyi: “Burada təsirli situasiyalar, rəngarənglik, əla təcəssüm, pafos var. Hadisələr musiqi axarında bir-birini ardıcıllıqla əvəzləyir” cümlələrini istər-istəməz yada salmalıyıq.
Məlumdur ki, opera tamaşasında bütün əsas komponentlər bir-birini tamamlamalı, əsərin səhnəqrafik şərhində böyük bədii keyfiyyət daşıyıcısına çevrilməlidir. “Aida” bu deyilənlərin zəminində hazırlanmış ən səliqəli, ən monumental, yüksək estetik zövq aşılayan baxımlı bir tamaşadır. Yada salım ki, “Aida” bu quruluşda teatrımızda 1965-ci ildə səhnəyə qoyulub. 45 il ötməsinə baxmayaraq tamaşa təzə-tər görünür. Həm rejissura, həm bədii tərtibat, həm də rəqslərin quruluşu arxaik təsir buraxmır. Təravət və estetik meyar perimetr və parametrinə görə “Aida” tamaşasını zinətləndirib.
Həmin tamaşanın mühüm cəhətlərinin ən mühüm əsası da odur ki, opera yaradıldığı dildə italyanca səsləndi.
Teatrın rəhbərliyi qəti qərara alıb: repertuardakı bütün klassik operaların tamaşaları yazıldığı orijinal dildə sənətsevərlərə çatdırılmalıdır. Məhz belədə əsər öz gözəlliyini, ədəbi materialın bakirəliyini qoruyub saxlaya bilər.
... “Aida”nın əvvəlki tamaşalarında Xuraman Qasımova və Qərinə Kərimova kimi istedadlı solistlərin çıxışlarını izləmişik. Hər ikisinin ayrı-ayrılıqda Radames rolunun ifaçısı, müqtədir sənətkar Lütfiyar İmanovla əla tərəf – müqabil olmasını da unutmamışıq. Ancaq sonralar Radamesi əsasən şəhərimizdə qonaq olan müxtəlif xarici ölkələrin vokal ustaları ifa etmişlər.
Fəqət gizli deyil ki, Ramfis, Amneris, Amonasro kimi əsas partiyaların ifaçılarını səhnədə arzuolunan səviyyədə görmürdük. Əsasən də səs-ifa baxımından vokalçılarımızın çıxışları razı salmırdı. Bu dəfə isə vəziyyət tam başqaydı. Aida (Çinarə Şirin), Amneris (Fidan Hacıyeva), Radames (Teymuraz Ququşvili) kimi çox ağır və mürəkkəb səciyyəli rolların əla ifaçıları ilə bir sırada Əli Əsgərovun (Misir şahı), Əvəz Abdullayevin (Efiopiya şahı, Aidanın atası), Əkrəm Poladovun (Ramfis) misilsiz çıxışları bütünlüklə tamaşada aktyor ansamblının bitkin təsir qüvvəsini artırdı. Sevindirici haldır ki, həm Əli Əsgərovun və həm də Əvəz Abdullayevin yaradıcılıqları, ifaçılıq ustalıqları xarici ölkə teatrları tərəfindən çox dəyərləndirilir.
Müxtəlif ölkə teatrlarından vokalçılarımıza ünvanlanan qastrol dəvətləri bizə çox şey deyir.
... Süveyş kanalının təntənəli açılış mərasiminə Misirdə böyük hazırlıq işləri aparılırdı. Odur ki, Misir hökuməti 1868-ci ildə Cüzeppe Verdiyə milli mövzuda bir opera yazmağı xahiş etdi, həmin bayram çağlarında Qahirədə ilk teatrın açılışı günündə həmin operanın da premyerası olmalıydı. C.Verdi bu gözlənilməz sifarişi öncə cavabsız qoydu. Fəqət 1870-ci ildə “Aida”nın süjetinin ilk cizgiləri ilə tanışlıqdan sonra o, buna baş qata biləcəyini bildirdi. Beləliklə həmin süjet əsasında operanın librettosu yazılıb hazırlandı. Beləliklə də C.Verdi bu liberettoya musiqi bəstələdi və dünya opera xəzinəsinin gələcək bir incisi də “həyat vəsiqəsi” aldı.
“Aida”nın ilk tamaşası 1871-ci il dekabrın 24-də Qahirədə baş tutdu, bir il sonra – fevralın 8-də isə opera Milanda göstərildi. Hər iki tamaşa misilsiz maraqla qarşılandı və Cüzeppe Verdi fenomenini daha möhtəşəm təntənəsinə çevrildi.
Ümumiyyətlə C.Verdinin bütün operaları, o cümlədən də “Aida” istər quruluşu, istər musiqi materialına – vokal ansamblları baxımından ən mürəkkəb səhnə əsərlərindən sayılır. Belə bir meyarı əsas götürsək hazırda teatrımızın repertuarında yer tutan “Aida” kollektivin zəngin potensial imkanlarını, yüksək peşəkarlığını, əla vokalçı solistlərin bir araya gəlməsini, nəhayət həm səhnədəki artistlərin, həm də orkestr ifaçılarının öz vəzifələrinə məsuliyyət hissi ilə yanaşmasını bariz surətdə nəzərə çarpdırdı. Əlbəttə, bunun üçün ilk növbədə teatrın rəhbərliyini təqdir etmək lazımdır. Şəhərimizdəki digər teatrlar istedadlı aktyor qıtlığından, rejissura baxımından sönük tamaşaların ərsəyə gəlməsindən, nəhayət tamaşaçı azlığından əziyyət çəkdikləri halda Bakı opera və balet teatrında həm opera və həm də balet truppalarında gənc milli ifaçı kadrların truppaya cəlb olunması sahəsində çox məqsədyönlü iş aparılır ki, bu da bizi sevindirməyə bilmir.
Bir qədər öndə qeyd etdiyimiz kimi “Aida” tamaşasında əla vokalçılar ansamblını təqdir etsək də hər halda ilk dəfə əsas partiyanın səhnə təcəssümünü verən Çinarə Şirin barədə xüsusi danışmalıyıq. Çinarənin uğuru onda idi ki, o, səhnədə tərəf müqabillərindən fərqlənmirdi, yəni proqrama baxmadan, teatrın heyəti ilə yaxşı tanış olmadan heç vəchlə bu xanım müğənninin belə bir klassik opera tamaşasında ilk çıxışını çətin ki, bilmək mümkündü. Çünki Çinarə Şirin vahid ansambl halında görünən vokalçılar arasında yalnız öz rolunun gözəl, səmimi ifa tərzi ilə seçilirdi.
Həm ariya və duetlərdə, həm də ansambl tərkibində oxumaları gözəl idi. Düzdür, bəzi mürəkkəb səhnələrdə ötəri bir naşılıq gözə çarpsa da, bu, o qədər də əhəmiyyət kəsb etmirdi. Əlbəttə, ilk dəfə belə partiyanın səhnəqrafik həllində kiçik çatışmazlıqlar labüddü. Zaman-zaman bu hallar təbii ki, yox olacaq. Pərdələrarası qısa söhbətimiz zamanı və tamaşadan bir gün sonra apardığımız fikir mübadiləsində gənc ifaçı yaradıcılıq həyatı ilə bağlı maraqlı açıqlamalar verdi. Üç il öncə Bakı Musiqi Akademiyasını bitirib. 2010-cu ildən opera və balet teatrının solistidir. Teatrda ilk rolu dahi italyan bəstəkarı Rudjero Leonkavallonun “Məzhəkəçilər” operasının tamaşasında Nedda obrazı olub.
XIX əsrin sonlarına yaxın italyan operasının həyatında baş verən dəyişikliklər zəminində ərsəyə gələn “Məzhəkəçilər” operası da o dövrün digər klassik operaları sırasında dünya teatrları səhnəsində çox böyük uğurlar qazanmışdı. Əsər Bakı teatrının səhnəsində də uzun müddətdir göstərilir və böyük vokalçılar dəstəsinin yetişməsində çox xidməti var. Çinarə Şirin Nedda rolunda səhnədə ilk yaradıcılıq işi ilə uğura imza atmış, az sonra isə “Sevil” operasında Dilbər rolu ilə sənətsevərlərin bir daha rəğbətini qazanmışdı. Məhz beləcə səhnədə inamlı addımları sayəsində teatrın rəhbərliyi “Aida” operasında əsas partiyanı ona etibar edib.
Hazırlıq 6 ay çəkdi. Ciddi məşqlər, aramsız axtarışlar, yüksək peşəkarlıqla ifa tərzinə vaqif olmaq – sonrakı uğurunun təməl daşı oldu.
Əlbəttə, ilk baxışda teatrda qısamüddətli iş təcrübəsi olan aktrisaya belə çox mürəkkəb bir obrazı həvalə etmək o qədər də asan məsələ deyildi. Ancaq Çinarənin gözəl səs diapazonu, çalışmaq əzmi, öyrənmək, musiqi materialını tam mənimsəmək həvəsi hamıda inam oyadırdı ki, gənc vokalçı Aida kimi klassik obrazı səhnədə layiqincə canlandıracaq.
Əlbəttə, ən önəmlisi bu idi ki, Çinarənin oyundaşları Fidan Hacıyeva, Əli Əsgərov, Əvəz Abdullayev, Teymuraz Ququşvili kimi müqtədir sənətkarlardı. Görünür, məsuliyyət hissini bir an da unutmayan Çinarə Şirin məhz bu ansambla uyarlı olmaq, bitkin vokal ifaçılığına xələl gətirməmək üçün ciddi çalışıb.
Tamaşanın uğurundan danışarkən təbii ki, İtaliyadan gəlmiş dirijor Canluka Marcianonun misilsiz ustalığından söhbət açmamaq mümkün deyil. Verdi musiqisinin səhnəqrafik təfsirində istər ayrı-ayrı solistlərin, istərsə də xorun ifa tərzində bəstəkarın musiqi dilinin ən inci nöqtəsinə qədər açıqlanması, xüsusən kütləvi səhnələrdə odavari marş sədalarının səslənməsi poetik və emosional idi. E.Marcianinin pult arxasında dirijor manerası, artistizmi, tamaşa gedə-gedə hər bir instrumentalçı, hər bir solistlə əllərinin mimikasının vasitəsi ilə “danışması” heyrətamizdi. Onun manerasını izləyərkən bir anlığa böyük Niyazimizi xatırladım.
“Aida”dan tamaşanın müsbət məziyyətlərindən qısa qeydlərimizi bitirərkən teatr kollektivinin diqqətini bir mühüm məsələyə də yönəltmək istəyirəm. Şəxsən mən istərdim ki, opera truppası bütün tamaşalara “Aida”nın zirvəsi ilə yanaşsın. Hər bir obraz, hər bir mürəkkəb, çətin partiya, bütünlükdə isə aktyor heyəti yüksək peşəkarlıq və məsuliyyət hissini unutmasın. Yalnız belə olduqda opera və balet teatrına tamaşaçı axınının ardı kəsilməyəcək. Çünki bura gələn hər bir sənətsevər biləcək ki, teatr adlı əsl məbədgaha ayaq basır, səhnədə böyük sənət dünyasına qovuşur, onun sehri ilə çulğalanır.
Fazil RƏHMANZADƏ
525-ci qəzet.- 2011.- 21 iyun.- S.6.