HEYDƏROV (HEYDƏROĞLU) İBRAHIM BƏY İSA BƏY OĞLU (1879, Dərbənd – 1949, Ankara)

 

(Başlanğıcı ötən şənbə sayımızda)

 

DAĞISTANDA

 

İnqilabın lap başlanğıcında Zaqafqaziyanın hər bölgəsində böyük-kiçikliyindən asılı olmayaraq bütün xalqlar özlərinin Milli Komitəsini yaratmışdı. Müsəlmanların yaratdığı belə qurum ya “Milli Komitə”, ya da “Müsəlman Komitəsi” adlanırdı. Həmin komitələrin sədrləri çox keçmədən yerli İcraiyyə Komitələrinin sədri təyin edildi. İbrahim bəy Heydərov da Dağıstanda yaradılan Müsəlman Komitəsinin sədri seçildi. Bunu nəzərə alan Zaqafqaziya Xüsusi Komitəsi (OZaKom) 9 mart 1917-də onu Dağıstan Vilayəti Müvəqqəti İcraiyyə Komitəsinin sədri təyin etdi.

Mart ayında Bakıda Müsəlman İctimai Təşkilatları Komitəsi yaradıldı. 16 mart 1917-də Bakıda. Azərbaycan ziyalıları nümayəndələrininnın iclası keçirildi və ona İbrahim bəy sədrlik etdi. Ancaq 22 martda F.x.Xoyskinin sədrliyi altında keçirilən yığıncaqda öncəkində seçilmiş büronu tanımadı və Məhəmmədhəsən Hacınskinin başçılığı altında Müsəlman İctimai Təşkilatları Müvəqqəti Komitəsinin Milli Bürosunu seçdi. Bu rəhbərliyə ruhani Molla Ağa Əlizadə, jurnalist Məhəmmədəmin Rəsulzadə, neft sahibkarları Yusifəli Əlizadə və Mirzə Əsədullayev, müəllimlər İslam bəy Qəbulzadə və S.B.Axundov, mühəndislər İbrahim bəy Heydərov və Behbud xan Cavanşir, tacir Ağarza Tağıyev seçildilər. Müvəqqəti Komitənin İcraiyyə Komitəsinə isə Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoyski, onların müavinləri N.Nərimanov və Əbdüləli bəy Əmircanov daxildilər (bax: “Kaspi” qəzeti, 29.3.1917).

Xüsusi Komitə 5 aprel 1917 sərəncamıyla İbrahim bəyi Dağıstan vilayətinin komissarı (valisi) təyin etdi.

Bakıda Qafqaz müsəlmanlarının I qurultayında da (15-20 aprel 1917) rəyasət heyətinin üzvü seçilməsi onun artıq bütün Cənubi Qafqazda ən nüfuzlu siyasətçilərdən birinə çevrildiyini göstərirdi.

Komissar (vali) İ.b.Heydərov öz fəaliyyətində yenə maarifçiliyi önə çəkir, Türk dilinin təhsil dilinə çevrilməsi ideyasını dəstəkləyir və bu düşüncəni gerçəkləşdirməyə çalışırdı. O, 15 iyun 1917-də Teymurxanşurada müəllimlər üçün Türk dili kursları açılmasına nail olmuşdu.

1917-nin noyabrında Rusiyanın hər yerində Müəssislər Məclisinə seçkilər keçirildi. Dağıstan üzrə seçkilərdə iki partiya iştirak edirdi. O dönəmin təbliğat vərəqlərinin birində oxuyuruq: “Dağıstanda iki partiya var. Onlardan biri müsəlmanların mənafeyini qoruyan Dağıstan Milli Komitəsidir. Milli Komitə tələb edir ki, müsəlmanların problemləri şəriət üzrə həll edilsin. Buna görə də Dağıstanın ən ağıllı alimlərinə: imam Nəcmüddin Qotsoluya (Qotsinskiyə), İbrahim bəy Heydərova, Heydər Bammata, Məhəmməd Kadi Dibirova, həkim [Bəybala bəy] Sultanova, Cəmaləddin Qarabudaxkəndliyə, Zübair Temirxanova səs verin.

İkinci partiya Dağıstan Sosialistlər qrupudur. Oraya Cəlaləddin Qorxmazov, Mahaç Dahadayev, Məhəmməd-Mirzə Xizroyev, Əli bəy Taxo-Qodi, Əbdülməcid Zülpükarov daxildir. Sosialistləri heç kim tanımır. Onlar Allahı inkar edir, Dağıstan haqqında düşünmürlər”.

12 noyabrda İbrahim bəy Heydərov Rusiya Müəssislər Məclisinə üzv seçildi. Ancaq 1918-in yanvarında Lenin Müəssislər Məclisini qovduqdan və Məclisi müdafiə edən nümayişçilər Petroqradda güllələndikdən sonra Zaqafqaziya hakimiyyəti də bolşevikləri tanımadı. Bu zaman sosialistlər Dağıstanda da ayaqlandılar və birləşib İbrahim bəyin yerinə başqa komissar seçdilər. İbrahim bəy yenidən Bakıya dönməli oldu.

 

ZAQAFQAZİYA SEYMİNİN ÜZVÜ

 

1918-ci ilin başlanğıcında Tiflisdə, Müəssislər Məclisinə seçilmiş deputatlardan ibarət Zaqafqaziya Seymi yaradıldı. İbrahim bəy Heydərov da Dağıstanı təmsilən Seymdə Müsəlman Sosialist blokunun üzvü oldu. 15 fevral 1918-də o, Seymin 3-cü iclasında Müsəlman Sosialist bloku adından geniş çıxış etdi və qarşıda duran başlıca vəzifələrdən söz açdı.

O, Seymin 17 fevral 1918 tarixli qərarı ilə yaradılmış xüsusi nümayəndə heyətinin tərkibində Trabzon sülh konfransında iştirak etdi (fevral-mart 1918). Hələ Trabzonda olarkən – Seymin 13 martdakı 17-ci iclasında Y.P.Gegeçkori’nin başçılıq etdiyi ilk Zaqafqaziya hökumətində İbrahim bəyə ümumi müfəttiş (dövlət nəzarəti naziri) vəzifəsi tapşırıldı. Xatırladaq ki, İbrahim bəy Heydərov (Müsəlman Sosialist bloku) bu konfransa Zaqafqaziya nümayəndə heyətinin tərkibində müsəlmanlardan Məhəmmədhəsən Hacınski (Müsavat), Miryaqub Mehdiyev (Rusiyada müsəlmanlıq), Xəlil bəy Xasməhəmmədov (Müsavat), Əkbər ağa Şeyxülislamov (Hümmət) və Heydər Abaşidze (sosial-demokrat) ilə birgə qatılmışdı. Məhəmmədəmin Rəsulzadə (müşavir) və Əhməd Pepinov (katib) da nümayəndə heyətində çalışırdılar.

Martın sonunda danışıqlar dalana dirənəndə heyətin sədri A.İ.Çxenkeli İbrahim bəy Heydərovu və biri gürcü, biri erməni olmaqla 3 nümayəndəni 22 martda Tiflisə göndərdi ki (M.Rəsulzadə və M.Mehdiyev də onlarla birgə döndü), danışıqlar haqqında Seymə bilgi versinlər və danışıqları davam etdirmək üçün Seymdən gərəkli göstərişlər alsınlar.

Zaqafqaziya hökuməti və Seym ilə Seym qruplarının 25 martdakı birgə iclasında İbrahim bəyin təklifiylə Trabzon konfransının ilk 5 iclasının qərarları oxundu. Çıxışında o dedi: “...Brest-Litovsk sülhünə dayanan Türkiyə Batum, Qars və Ərdəhandan vaz keçmək fikrində deyildir, çünki Türkiyənin keçmişdə zəbt edilmiş vilayətlərini geri alması xalqın və ordunun ruh yüksəkliyinin artmasına səbəb olmuşdur”.

Y.P.Gegeçkorinin baş nazir olduğu ikinci kabinədə də İbrahim bəy dövlət nəzarətçisi vəzifəsində saxlanıldı (26 mart 1918). İ.b.Heydərov onunla Tiflisə gəlmiş 4 nəfərlə birgə həmin gün Trabzona qayıtdı. 29 martda bu şəhərə çatan İbrahim bəy 30 martda yenidən Tiflisə geri çağırıldı. O, həmin gün Türkiyə heyəti ilə “xüsusi və məhrəmanə” bir görüş keçirərək Qafqazdakı son durumla bağlı düşüncələrini belə açıqlamışdı: “Yeni kabinədə müsəlmanlara verilən vəzifələrin gerçək bir qiyməti yoxdur. İcraat gürcülərlə ermənilərin əlindədir... Ermənilər Sarıqamış yolunda çalışan 500 Osmanlı əsirini qətl etmişlər. Ümumqafqaz müsəlmanları Osmanlı ordusunun gecikmədən Qafqaza girərək anarxiyanı yatdırmasını arzu edirlər. Erməni və gürcülər isə Osmanlı ordusunun gəlməsindənsə alman ordusunun gəlməsini üstün tuturlar...”.

Burada İbrahim bəy heyət başçısı Çxenkeliyə “...gürcülər və ermənilər Osmanlılarla hərb edərlərsə Qafqaz müsəlmanlarının onların bu hərəkətlərində qətiyyən iştirak etmyəcəyini mütləq olaraq bilmələri lazım gəldiyini” demiş və Tiflisə dönmüşdü.

31 martda Bakıda Leninin birbaşa göstərişi ilə Şaumyan bandasının törətdiyi qırğından sonra Seym 2 aprel (20 mart) tarixli 17-ci yığıncağında İbrahim bəy Heydərov, Mustafa Mahmudov və Cavad bəy Məlikyeqanov’la birlikdə biri erməni, biri gürcü olmaqla başqa 2 deputatı da danışıqlar aparmaq üçün Bakıya göndərməyi qərara aldı. Bakı qırğınından dərhal sonra Trabzondan Tiflisə dönmüş Məhəmmədəmin Rəsulzadə isə qəti şərt qoydu ki, Seym, bolşevikləri Bakıdan çıxarmağa çalışmasa müsəlman fraksiyası Seymdən çıxacaq. (Bundan sonra Seym Bakıya 6 min nəfərlik hərbi qüvvə yolladı və həmin qüvvə məğlub edildi).

Qərardan həmən sonra yola düşən İbrahim bəyi aprelin ortalarında bolşeviklər Bakıda həbs etdilər. Onun azad edilməsi üçün tədbirlər görülməsi məsələsi iki dəfə Seymin gündəliyinə salınsa da (22-ci və 23-cü iclaslar) əməli bir iş görülmədi.

Baş nazir A.İ.Çxenkeli 26 aprel 1918-də yeni kabinəsini elan etdi. Burada da İbrahim bəyə keçmiş vəzifəsi – dövlət nəzarətçiliyi ayrılmışdı, ancaq bu vaxt o, hələ də Bakıda həbsdəydi.

Düzdür, İ.b.Heydərovun azad edilməsi tarixi dəqiq bilinməsə də bunun may ayına düşdüyünü güman edə bilərik. Tiflisdə çıxan “Kavkazskoye slovo” (“Qafqaz sözü”) qəzeti 21 may 1918 tarixli 100-cü sayında bolşeviklərin ona ölüm hökmü çıxarması haqqında şayiələrin əsassız olduğunu və onun yaxın zamanlarda azad ediləcəyini yazırdı.

 

ŞİMALİ QAFQAZ HÖKUMƏTİNDƏ

 

Həbsdə olmasına baxmayaraq o, 11 may 1918-ci ildə elan edilmiş Şimali Qafqaz Xalqları Cümhuriyyətinin Əbdülməcid Tapa Çermoyev tərəfindən təşkil edilən ilk hökümətində (11.05.1918-15.12.1918) nəqliyyat, poçt və teleqraf naziri vəzifəsini tutmuşdu. İ.b.Heydərov Şimali Qafqaz Xalqları Cümhuriyyəti hökumətinin səlahiyyətli nümayəndəsi kimi Azərbaycan Cümhuriyyəti ilə adıkeçən dövlət arasında 28 noyabr 1918-də müqavilə imzalayanlardan biriydi.

Həmin ilin 15 dekabrında İttifaq Şurası (Şimali Qafqaz Xalqları Cümhuriyyətinin Parlamenti) fəaliyyətə başladı. İttifaq Şurası Çermoyevin istefasını qəbul edərək yeni kabinə təşkilini keçmiş daxili işlər naziri Pşimaxo Kotsev’ə həvalə etdi. Kotsevin kabinəsində İbrahim bəyə yollar naziri görəvi verildi (15.12.1918-25.03.1919). Xatırladaq ki, bu hökumətin maarif naziri yurddaşımız Nurməhəmməd bəy Şahsuvarov’du.

 

 

(Ardı gələn şənbə sayımızda)

 

525-ci qəzet.- 2011.- 25 iyun.- S.28.