Romantik faciənin mistik qatı
Hüseyn Cavid zamanın
fövqündə duran, fikrin və xəyalın romantik
uçuşunu kosmik ənginliklərə yüksəltməyi
bacaran qüdrətli sənətkardır. Onun romantikasında
fikrin qanadlarını ən uzaq fəzalara uçuşlar
üçün tükənməz enerji ilə təmin edən
yüksək tarixilik duyğusu var. Fəqət H.Cavidi
dünyanın böyük romantik sənətkarlarından fərqləndirən
qüvvətli bir cəhət var: Hüseyn Cavidin romantizmi
Şərqin və bütün dünyanın ən kamil fəlsəfi
cərəyanı olan sufizm bulağından dirilik suyu
içib. Onun qəhrəmanları Haqqın dərgahına
gözəllik və sevgi qanadlarında gedib çata bilərlər.
“Mən fəqət hüsni-xuda şairiyəm // Yerə enməm
də səma şairiyəm” – misraları H.Cavidin
bütün çərçivələri
söküb-dağıdan, əngin səmalara qapı
açan romantik fəlsəfəsidir. Xudanın hələ
heç kimin görmədiyi hüsnü ən kamil
hüsndür. H.Cavid bu məchul, fəqət əbədi
gözəllik mənbəyi olan ilahi hüsnü tərənnüm
edir.
Füzuli Leylini
yaratdığı kimi, Cavid də ülvi bəşər
övladı olan Xumarı ilahi hüsnün, ilahi eşqin
daşıyıcısı kimi yaradır və onun Şeyx Sənanla
əl-ələ tutub haqqa doğru uçuşunu mayasında
ilahi səadət olan nurlu faciə kimi yaradır. Sənan və
Xumar öz anlayışları ilə insanları bir-birindən
ayıran uçurum dərələri öz ölümləri
ilə birləşdirməyə, insanlığın
Tanrıya yetmək üçün körpü rolu oynaya
bilirlər. Beləliklə, də H.Cavid öz
yaradıcılığında yerləri və göyləri
birləşdirməyə nail olur.
Könlüm quşu geyib yenə
matəm libasını,
Ağaz edibdi nəğmeyi-möhnət
fəzasını.
Oldu bəlayi-millətə hər
kəs ki, mübtəla,
Dilxun olubdu Saliki biçarə
bərmala.
Millət qəmilə az
qalır axır cünun ola,
Hər dəm, odur ki, ney tək
ucaldır sədasını.
Hüseyn Cavidin bu şeiri
yaradıcılığının ilk illərində,
“İrşad” qəzetinin 19 yanvar 1906-cı il tarixli sayında
çap olunub. Diqqət çəkən budur ki, Cavid əfəndi
bu şeirdə özünü “Salik”, yəni sufizmin təriqət
yolçusu deyə təqdim edir. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı
tarixinə milli romantizmin banilərindən biri kimi daxil olub.
Belə çıxır ki, o, romantik olmaqdan öncə sufi
(mistik) imiş. Yaxud özünü belə hesab edirmiş. Təbii
ki, onun şeirlərində mistik-sufiyanə deyimlərdə
var, fəqət Cavid sufizmi- XX əsr təsəvvüfçülüyü
ən çox romantik filosofun “Şeyx Sənan” faciəsində
təcəssüm tapıb. Bu günə qədər
“Şeyx Sənan” müxtəlif aspektlərdən tədqiq və
təhlil olunub. Görkəmli cavidşünas Zahid Əkbərov
1967-cı ildə “Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi”
mövzusunda namizədlik dissertasiyası müdafiə edib, on
il sonra əsər monoqrafiya halında “Elm” nəşriyyatında
çap olunub.
Şeyx Sənan mövzusu həmişə
H.Cavidi narahat edirmiş. Azərbaycanın xalq artisti, professor
Rza Təhmasib xatirələrindən birində yazırdı:
“Cavid özünün ilk mənzum dram əsəri” “Şeyx Sənan”ın
ayrı-ayrı səhifələrini hələ
1912-1913-cü illərdə Tiflisdə mənə oxumuşdu.
Yadımdadır, Cavid Tiflisdə “Şeytanbazar”da bir mənzil
tutmuşdu. Oradan Şeyx Sənan dağı aydın
görünürdü. Cavid, Əziz Şərif və mən
bir neçə dəfə həmin dağa gəzməyə
getmişdik. Cavid burada Şeyx Sənana istinad edilən qəbrin
yanında xeyli dayanar, diqqətlə ona baxardı. Sonralar
başa düşdüm ki, o ruhən və fikrən bu yerlərə
yaxın olmağa bir ehtiyac duyurmuş”. H.Cavid Şeyx Sənan
mövzusuna birdən-birə gəlməmiş,
görünür, bu mövzunun ağırlığı
üzərində xeyli düşünməli olmuşdur. Bunu
biz “Şeyx Sənan” (Türbəsi önündə) adlı
şeirdən də hiss edirik.
Oyan, ey piri-xoşdil! Qalq,
ayıl bir xabi-rahətdən!
Qiyamətdir, qiyamət!..
Qalq, oyan, zevq al bu fürsətdən.
Mələklər göydən
enmiş,
feyz alırlar xaki-pakindən,
Seçilməz şimdi əsla
məqbərin
gülzari-cənnətdən...
Məlumdur ki, “Şeyx Sənan”
həm də Azərbaycan ədəbiyyatında ilk mənzum
tarixi faciədir. Və bu mövzunun tarixi, yaxud əfsanəvi
olub olmaması xüsusi bir söhbətin mövzusudur.Fakt
budur ki, H.Cavid bu möhtəşəm əsərində-romantik
faciədə ilahi eşq problemini qoyur. Və əgər əsərin
sonluğunu sufizmdən ayırsaq, “Şeyx Sənan” əhəmiyyətsiz
fəlsəfi ricətlər yığınına çevrilər.
Bu sonluğa gəlmək üçün bir sıra məsələlərə
aydınlıq gətirməliyik. Mərhum Cavidşünas
Zahid Əkbərov “Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi”
(1977) monoqrafiyasında əldə olan tədqiqatlara əsaslanaraq
aşağıdakı qeydləri vurğulayır: “Bəziləri
“Şeyx Sənan” dastanını sufi sənətkar Fəridəddin
Əttarın (1119-1230) şair xəyalının məhsulu zənn
edir, Şeyx Sənan surətini yaradarkən onun
özünü nəzərdə tutduğunu güman edirlər”.
“Dastan, heç şübhəsiz folklor materialı əsasında
yaranmışdır”, “Şeyx Sənan əfsanəvi bir
şəxsin adıdır”, “Şeyx Sənanı tarixi şəxsiyyət
kimi təsvir edirlər”, “bəziləri Şeyx Sənanı Əttarın
mürşidi sayırlar”, “Sənan Şamda bir şəhərin,
bir də yeddi yüz nəfər müridi olan bir şəxsin
adıdır”, “Şeyx Sənan və İbn Səqqa
ayrı-ayrı şəxsiyyətlər deyil, eyni bir şəxsin
adlarıdır”, “Şeyx Sənan adlı tarixi bir simanı
axtarmaq əbəs yerə vaxt itirməkdən başqa bir
şey deyildir”, “Şeyx Sənan” qissəsinin qəhrəmanı
Şeyx Sənan (İbn Səqqa) əfsanəvi deyil, XI-XII əsrlərdə
yaşamış, tarixi bir şəxsiyyət olmuşdur.
Şərqşünas və cavidşünasların fikrincə,
F.Əttarın “Məntuqüt-teyr” traktatına daxil olub,
Şərqdə oxucular arasında çox sevilən “Şeyx
Sənan” hekayəsi H.Cavidin eyni adlı romantik faciəsinin əsasında
dayanmışdır. Bizcə bu fikir həqiqətə daha
çox uyğundur.
“Cavidnamə” (2010) müəllifi
Azər Turan yazır ki, “Şeyx Sənan” “Dünya ədəbiyyatında
təsəvvüf anlamlarının bir küll halında
dramaturgiyaya tətbiq edildiyi ilk əsərdir...” Şeyx Sənanı
türkləşdirən ilk “Şeyx Sənan”dır. “Şeyx
Sənan” haqqında bu ən müasir fikir onun sufi əsər
olduğunu təsdiq edir.
Şeyx Sənan kimdir? H.Cavid
burada mübahisə üçün imkan yeri qoymur. Onu
aydın şəkildə təqdim edir:
Səni annən doğurdu
Turanda,
Yaşadın bir zaman da
İranda,
Kəsbi-İrfan için, fəzilət
için
Sonra İranı tərk edib
gəldin,
Ərəbistanl ixtiyar etdin.
Gənc ikən kəsbi-iştihar
etdin.
Lakin ən son yerin, zəki Sənan!
Olacaq son nəfəsdə
Gürcüstan.
Qapılıb hissə olmasan
gümrah,
Olacaq məqbərin ziyarətgah.
Mürşidi-əzəm
Şeyx Kəbrin bu sözləri Şeyx Sənanın təkcə
bioqrafiyasını yox, həm də taleyini əks etdirir.
Mürşidi-əzəm Şeyx Sənana eşqin bəlasına,
ehtiras və nəfsini faciəsinə düçar
olacağını bildirir.
Şeyx Sənan ustadına
belə cavab verir:
Bən otuz yıl cihanda
zahidvar,
Bilmədim qız-qadın nədir
zinhar.
Nə qadar bəndə varsa
hissü həyat,
Ehtirasatə düşmənim...
heyhat!
Bana biganə, zevqi-nəfsani,
Sevdiyim yalnız
eşqi-ruhani...
Otuz yaşlı, sağlam
ruhlu böyük dinü-iman sahibi, nüfuzlu bir şeyx,
şeyxlərin rəhbəri vaxt gəlir ki, xəyalət aləmində
bir gavur qızını, xristian imanlı gürcü
qızı Xumarı görür və şaşırır.
Xumar ona nəinki ülviyyət rəmzi olan Zəhranı və
bütün dünyanı, dinü-imanı, ərşü-əlanı
unutdurur. Bəlkə Şeyxin əqidəsi möhkəm
deyil? Yox, o, dini sevən və onun fəlsəfi mahiyyətini
külli-aləmə bəyan edən bir mübəlliğdir.
Əsərdə Şeyx Sənana qarşı duran mənfi
obraz kimi düşünülmüş Şeyx Mərvan Sənandan
soruşanda ki, sən ki qadından ürkərdin, indi niyə
fikrini dəyişdin, Şeyx Sənan ona belə cavab verir:
Onu seçməz sənin
gözün əsla,
O mələkdir, qadın
deyil, haşa!...
Şeyx Sənan Xumara
qovuşmaqdan ötrü qarşısına qoyulan
bütün şərtləri qəbul edir: dini-imanı
atır, şeyxlərdən ayrılır, boynundan xaç
asır, şərab içir, iki il donuz otarır, yalnız
bir şərti – Quranı yandırmaq təklifini qəbul
etmir. Bütün bunlar Şeyx Sənanı romantik bir sevgi qəhrəmanından
çox, ilahi eşq sahibi, sufi-mistik filosof kimi səciyyələndirir.
Artıq onun üçün dinlərin, məscid və kilsənin,
məscid və meyxanənin heç bir fərqi yoxdur. H.Cavidin
böyük mürşidi dahi Füzuli yazırdı:
Ayrı bilmişsən,
Füzuli,
məscidi meyxanədən,
Səhv imiş ol kim,
səni biz əhli-irfan
bilmişiz.
“Şeyx Sənan” da sufi plan
Dərviş obrazı ilə bağlıdır. Elə əsərdə
Şeyxi və Xumarı, ümumən onların məhəbbətinin
ilahi səviyyəsini dərk edən yeganə obraz da məhz
dəli Dərvişdir.
Şeyx Sənan ona
“piri-mürşid” – deyə müraciət edir. O, Xumarı
görüncə, “Lailahə illəllah!” – deyə kəlmeyi
– şəhadət gətirir, ona ilahi bir varlıq kimi səcdə
qılır, onu “nuri-həqq” adlandırır. Xumar da Şeyx
Sənanı eyni ucalıqda qiymətləndirir.
Əvət, ən möhtərəm,
nəcib insan...
Hələ dursun kəmalı,
mərifəti,
Onda var sanki evliya sifəti.
Bu, artıq insani yox,
ilahi-mistik bir qiymətləndirmədir. Şeyx Sənan sevgini
ucalığa doğru hərəkət, ülvi bir yüksəliş
hesab edir: “Bəni hər kim sevərsə, yüksəlsin!”-deyir,
“Şeyx Sənan” əsəri mistik-sufi bir sonluqla başa
çatır. Romantik faciənin səbəbi ilahi eşqdir.
Eşq və etiqad, ibadət və məhəbbət
arasındakı konfliktdə eşq etiqada... qalib gəlir.
Şeyx Sənan Xumara olan ilahi sevgidə məxluqdan Xaliqə
gedən yolu intixab edir.
Əsərin sonunda Şeyx Sənan
Xumarın əlindən tutub “Ya allah!” deyərək sonuncu pənahgaha
– UÇURUMA atılırlar. “Ucalım, haqqa doğru, gəl
ucalım!” deyir Şeyx Sənan. Şeyxlər və müridlər
“uçdular” deyərək onları yola salırlar. Sənanın
“O donuzlar ki, otladır Sənan // Hiç fərqi yoxdur
onlardan” deyə donuz adlandırdığı şeyxlər və
müridlər də, Xumarın atası Platon da, gürcülər
də, xristian dininin xadimi Papas da bu uçuşa mat
qalırlar.
Şeyxlər və
müridlərin sözləri ilə desək, bu UÇUŞ
“müdhiş səadət”, “dilbər fəlakət” idi.
Cavidşünas A.Turan bu
uçuşun mahiyyətini belə izah edir: “Türk təsəvvüf
düşüncəsində və eyni zamanda bu
düşüncənin hələ hasilə gəlmədiyi
çox-çox əvvəlki çağlarda bəlkə də
ən ciddi məqamlardan biri həmin uçmaq məsələsidir.
Yunis Əmrə
“Divan”ında cənnət—uçmaq şəklində belə
ifadə edilmişdir.:
Uçmaq –
uçmağım dedigün,
möminləri yeltəndigün
Vardur ola burğac huri arzum
yoğdur uçmağ
içün.
Bu bir həqiqətdir ki,
türk özünün səma adamı olması
inamını heç zaman tərk etməyib, göy mənşəli
bir xilqət olduğuna inanıb.
Tək Tanrılı
türkün müqəddəs “Quran” vasitəsilə öyrəndiyi
cənnətin qədim türk dilindəki sinonimi uçmaq
idi.
Dərvişin xəbər
verdiyi və ümumun şəhadət gətirdiyi kimi,
Şeyx Sənanla Xumarın fəzada sanki bir mələk
olaraq uçduqlarını bütünlüklə romantizm ədəbi
metodunun imkanları çərçivəsində incələmək
yetərli deyil, burada göyə qayıdan türk oğlu Sənan
var, Tanrı sevgisinin müqabilində cənnətlə –
uçmaqla müjdələnmiş Sənan var”. (Hüseyn
Cavid . 2007, s. 77). Beləliklə də aydın olur ki, H.Cavid
ilahi eşq sahibi Şeyx Sənanın Tanrıya qovuşma məkanı
olaraq uçmağı-cənnəti seçir. M.Füzulidən
misal gətirdiyimiz beyt də sübut edir ki, sufi
üçün nə Allaha qovuşmağın vasitələrinin,
nə də cənnət və cəhənnəmin fərqi
yoxdur. Bu yerdə ekstaza gəlməyin bütün vasitələri
– məscid də, meyxanə də, şer də, şərab
da, rəqs də, musiqi və məşuqə də eyni səviyyədə
məqbuldur. Əsas odur ki, insan arif olsun, bəsirət
gözü mənziləsində səmimi (və sevən) qəlb
sahibi olsun.
Sufizmdə bir qadına olan məhəbbət
tanrıya qovuşmaq yollarından biridir. Burada ibadət,
poeziya, musiqi, rəqs kimi vasitələr mövcuddur. Filosof
alim, AMEA-nın müxbir üzvü, professor S. Xəlilov
yazır: “Konkret bir qadına olan məhəbbətin ilahi
eşqə aparan yolda bir vasitə kimi dəyərləndirilməsi
sufi poeziyasının heç də bütün klassik
formalarına aid olmayıb, “məhəbbət dini”nin tərənnümçülərinə
xasdır ki, bunların da ən böyük nümayəndələri
İbn Ərəbi və Mövlanadır.
İbn Ərəbi qadına
həsr olunmuş şeirlərdə həddindən artıq
açıq-saçıqlığa yol verdiyinə görə
lənətlərə məruz qalmış... Məhz bu xəttin
nümayəndəsi olan F.Əttar isə “Şeyx Sənan”
hekayətində belə deyir: “Həqiqi aşiq heç bir
dini tanıya bilməz, belə ki, onun imanı məhəbbət
özüdür Onu cəmiyyətdə tutduğu mövqe də
maraqlandırmır, çünki aşiqlikdən daha yüksək
mövqe yoxdur”. H.Cavidin də bu konuda qənaətləri,
güman edirik ki, bütün oxuculara bəllidir: “Mənim
tanrım gözəllikdir, sevgidir!”, “məhəbbətdir ən
böyük din” və s.
M.Füzuli yaradıcılığına həsr olunmuş yazılarımızda göstərmişdik ki, sufi poeziyada məşuqə rolunu əvvəlcə gözəl qadın oynayır, aşiqin sevgisinin ilahi gücü ilə o tədricən Allah səviyyəsinə yüksəlir – allahlaşır. Məşuqə əslində Allahdır.
H.Cavidin “Şeyx Sənan” faciəsində də belədir. Artıq qeyd etdiyimiz kimi Sənan ilahi eşqin faciəsini yaşayır və o, əslində bu faciənin qəhrəmanı kimi ucalır. Cavidin cəsarəti və əslində əsərin sufi gücü bundadır ki, o, məşuqə olaraq xristian qızı Xumarı seçir. Şeyx Sənanın mürşidi Şeyx Kəbirin qızı ülviyyət rəmzi olan Zəhranı da seçə bilərdi.
Və daha bir fakt maraqlıdır: Xumar Şeyx Sənanın aləminə röyada, xəyalda daxil olur. Amma Cavid onu röyada saxlamır, yerə endirir, Sənana real şəkildə təqdim edir. Sənan öz qeyri-adi, ilahi məhəbbəti ilə onu yerdən göyə-səmalara qaldırır, ona mələk kimi uçmaq qüdrəti bəxş edir. Şeyx Mərvan Şeyx Sənanı bir qadından ötrü dini-imanı atmaqda qınayanda Sənan Xumar “qadın deyil, mələkdir” deyir, onu “üluhiyyət heykəli” adlandırır.
Xumara olan ilahi eşq sayəsində allahlaşdığını Dərviş Şeyx Sənana söyləyir: “camalında nuri-həqq”, “xuda qiyafətində” olduğunu irəlicədən bəyan edir.
“Şeyx Sənan” həqiqətən də H.Cavidin “hüsni-xuda şairi” olduğunu təsdiq edən möhtəşəm sənət əsəridir.
H.Cavidin “Şeyx Sənan ” əsəri romantik faciə olmaqla bərabər, eyni zamanda sufizmi səhnəyə gətirən ilk dram əsəridir. Deyə bilərik ki, müəllif bu əsərlə ilk mənzum tarixi faciənin, poetik teatrın, eyni zamanda həm də sufi-mistik teatrın əsasını qoymuşdur.
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,
filologiya elmləri doktoru
525-ci qəzet.- 2011.- 25 iyun.- S.26.