“Unutmağa kimsə yox...”
romanının müzakirəsi
Bu günlərdə bir neçə qələm adamının iştirakıyla görkəmli yazıçı Kamal Abdullanın yenicə çapdan çıxmış “Unutmağa kimsə yox...” romanının növbəti müzakirəsi keçirilib. Həmin dəyirmi masanlın materiallarını bir qismini oxucuların diqqətinə çatdırırırq.
ETİMAD BAŞKEÇİD: Hörmətli müzakirə iştirakçıları, bildiyimiz kimi, haqqında söz açdığımız “Unutmağa kimsə yox” romanıyla yazıçı Kamal Abdulla son illərdə üzərində işlədiyi, mübaliğəsiz olaraq ədəbiyyatımızın hadisəsinə çevrilmiş trilogiyanı tamamlamış oldu. Roman nəşr olunduğu vaxtan çox keçməyib, lakin artıq mətbuat səhifələrində və virtual nəşrlərdə əsər haqqında bir çox məqalələr, resenziyalar yazılıb. Bizim müzakirəmizi həm də kuluarlarda və mətbuat səhifələrində aparılan söhbətlər şərtləndirir. Ona görə də roman haqqında danışarkən artıq indiyəcən səslənmiş mülahizələrə də münasibət bildirməyinizi xahiş edirəm.
TEHRAN ƏLİŞANOĞLU: Müzakirəyə mən də qatılıb ilkin tezislərimi bölüşmüşəm; belə ki, roman haqqında söz demiş Arif Acaloğlunun, Rüstəm Kamalın rakurslarını bəyənməklə, təhlilə də, müzakirəyə də yeni aspektlər gətirməyə çalışdım. Romanda çox qatlar var, bir-birimizin dediklərini təkrarlamaqdansa, bacardığımız qədər bu qatlara varmağımız daha çox ədəbiyyatın xeyrinə olar. Mənə görə, “Unutmağa kimsə yox” Kamal Abdullanın yaradıcılıq ruhuna ən yaxın romanıdır; burda hər hansı yabançı söz, sxematik yanaşma bu bir qədər özgə, “tənha” mətni ədəbi prosesdən, oxuculardan ayrı sala bilər. Düşünürəm ki: təhlil zamanı differensiallaşan məqamlarla yanaşı, romanı bütövləyən cəhətlərə diqqətli olmaq gərəkdir. bir daha vurğulayım ki: romanın ədəbi prosesə girməsi də, tənqidin diqqətini çəkməsi də hələ yenicə başlayır. İnanmıram ki, prosesə fəal müdaxiləsi olan ədəbiyyatçılar, tənqidçilər bu müzakirədən kənarda qala. Müzakirəni tələsdirməsək, daha yetkin bəhrələrini görəcəyimizi zənn edirəm.
Doğrudur, müzakirə gedişində ədəbi tənqidin də bostanına hərdən bir daş atılır. Amma bir ədəbiyyatçı kimi eyni pritenziya ilə mən də “daşı atanlar”ın üstünə gedə bilərəm. Müzakirə başlanar-başlamaz, ən müxtəlif sahə mütəxəssisləri – filosoflar, kulturoloqlar, dilçi, şair, yazıçı bir-birinə aman vermədən roman haqqında söz deməyə başlayıb. Əlbəttə, K.Abdulla kimi son illərdə məşhurlaşmış, həm də qeyri-ordinar mətnlər ortaya qoyan bir romançı barədə söz demək hamının haqqıdır və üstəlik dediyimiz kimi,“Unutmağa kimsə yox” buna meydan verir də. Amma bilmək istəyirəm: nə olub, bu nə tələskənlikdir belə; roman ədəbi prosesə təzə girir, çox ədəbiyyatçılar, sizin qabartdığınız kimi desək, ədəbi tənqid – ədəbiyyat tənqidçiləri onu nəinki oxuya, heç əldə edə bilməyib hələ. Bir roman kimi ədəbi auditoriyaların, geniş oxucu dairələrinin süzgəcindən keçmədən bu növ təhlilləri ən çox romanın özünün dərki, yeriməsi, resepsiyası baxımından ziyanlı bilirəm.
SALAM SARVAN: Bu məsələdə sizinlə razılaşa bilmirəm. Birincisi ona görə ki, istənilən halda bütün bu müzakirələr həm də oxucular tərəfindən əsərin adekvat qavranılmasına xidmət edir, ikincisi isə, bu təcrübəyə xarici ölkələrin ədəbiyyatında da rast gəlinir. Orada hətta əlyazma halında olan əsərlərə resenziyalar yazılır. Sözsüz ki, zaman keçdikcə, sizin dediyiniz kimi, roman geniş oxucu dairələrinin süzgəcindən keçdikdən sonra başqa təhlillər, başqa yanaşmalar da meydana çıxacaq. Düşünmürəm ki, roman haqqında hazırda səslənən fikirlər və mülahizələr həmin gələcək təhlillərə xələl gətirmiş olsun. Həm də axı, məsələn, Tehran Əlişanoğlunun bu əsər haqqında fikir bildirməsi üçün o əsərin geniş oxucu dairəsinin süzgəcindən keçməsini gözləməyə lüzum yoxdur.
TEHRAN ƏLİŞANOĞLU: Məni doğru anlayın, heç o fikirdə deyiləm ki, Kultazın roman ətrafında açdığı sərbəst müzakirəyə yalnız ədəbiyyatçılar, tənqidçilər qatılmalıdır. Sadəcə münasibət bildirirəm. Ədəbi prosesin incəlikləri var: dərhal diqqəti cəlb edən əsərlər olur, məsələn, “Yarımçıq əlyazma” kimi; özü-özlüyündə dəyərli olub küy yaratmadan yerini alan əsərlər olur – “Sehrbazlar dərəsi” kimi. Bəzən səs-küy ədəbi xeyirdənsə ziyanlı olur; AYO-nun “Unutmağa kimsə yox”u müzakirəsində Qanturalının söylədiyi fikrə şərikəm: Kamal Abdullanın romanları ətrafında dərhal qızışan elmi-intellektual söhbətlər az qala oxucuları hürküdür, özlüyündə sadə olan mətnlərdən uzaqlaşdırır da. Sovet dönəmində belə şeylər olurdu, bəzən çox təriflənən, haqqında bəh-bəhlə danışılan əsərlərdən oxucu əksinə qaçırdı. İndi işə bax ki, hələ roman yazmağı düz-əməlli öyrənə bilməmiş şair Aqşin də bizə roman və ədəbi tənqid dərsi deməyə başlayır. Onun ədəbi tənqid barədə ibtidai fikirlərinə, olsun ki, başqa bir yerdə münasibət bildirəcəyəm, amma indilikdə deyim ki: hazırda bizdə bəzi şairlərdən fərqli məhz tənqidçilər yerinin harda olduğunu yaxşı bilir və “Unutmağa kimsə yox” romanı barəsində ən dürüst sözü də məhz onlar demişlər.
ETİMAD BAŞKEÇİD: Gəlin, söhbətimizi konkret məcraya yönəldək. Müzakirələr zamanı “Unutmağa kimsə yox” romanının sanki əvvəlki romanları unutdurmaq üçün yazılması ilə bağlı Salamın dedikləri ilə razılaşa bilmirəm. Yəni öz ontoloji quruluşuna görə bu əsərlər, sözsüz ki,fərqlənir, lakin göz önünə sərgilənən bədii gerçəklik baxımından onların “qohum” əsərlər olması şəksizdir. Bu barədə kitabın üz qabığındakı sözlərimi xatırlatmaq istərdim: “Buradakı içindən işıq saçan daş “Yarımçıq əlyazma”dakı Nur daşıdır. Buradakı Balaca “Sehrbazlar dərəsi”ndəki Qarağacdır. “Hadisələrin üfüqü”ndən Gunortac və Düzəngah yolu boylanır. Mənəvi rişələrin bir ucu “Yarımçıq əlyazma”ya, digər ucu isə “Sehrbazlar dərəsi”nə gedib çıxır, çevrə qapanır”. Burada F.Moriakın məşhur sözlərini xatırlamaya bilmirəm. O yazırdı ki: “Yazıçı bəzən anlayır ki, mahiyyət etibarilə o, əslində, bir kitab yazır, onun əvvəl yazdığı bütün əsərlər hansısa naməlum bir əsər üçün aparılmış qeydlərdir”. Əlbəttə, bunu hərfi anlamda qəbul etmək düzgün deyil, lakin buradakı həqiqəti də gözardı etmək doğru olmazdı. Həm də, nəzərə almaq lazımdır ki, müəllifin son illərdə nəşr olunmuş romanları bir trilogiya kimi nəzərdə tutulmuşdur və sonuncu romanın çapıyla bu trilogiyanın məramının uğurla reallaşdığını görürük. Bilindiyi kimi, “Yarımçıq əlyazma” ol zamanlardan, Dədə Qorqud dövrlərindən, “Sehrbazlar Dərəsi” ortaçağlardan, “Unutmağa kimsə yox” isə günümüzün hadisələrindən bəhs edir. Mənə elə gəlir ki, Kamal Abdulla bu xronoloji ardıcıllığı gözləməklə təkcə estetik mülahizələrdən çıxış etmir. Bu trilogiya bizim cəmiyyətin tarixi evolyusiyasının son dərəcə özünəməxsus şərhidir. Romanların oxucular arasında doğurduğu ilğini şərtləndirən amillərdən biri də budur.
“Unutmağa kimsə yox” romanında, eləcə də yazıçının digər əsərlərində fentezi mənşəli motivlərdən istifadə minillikləri əhatə edən böyük bir tarixi dövrün lakonik ifadəsi üçün lazımdır. Əks halda bu üç romanda cərəyan edən hadisələri “gerçəkçi” roman janrında (mən əsərlərin səciyyələndirilməsi zamanı bu tipli qradasiyanın aparılmasını tənqidçi-ədəbiyyatşünasların mətləbə dəxli olmayan icadı kimi qəbul edirəm) təsvir etmək üçün bir kiçik kitabxanalıq kitab yazmaq lazım gələrdi. Həm də, nəzərə almaq lazımdır ki, yazıçı istənilən halda gerçəkliyin estetik obrazını yaradır və onu modelləşdirir.
Romandakı hədisələrə “Həmin axşam göy üzü təmtəraqlı teatr pərdəsi kimi idi” sözləri ilə start verilməsi də, bu baxımdan, dürüst, vicdanlı oyun (söhbət yazıçı-əsər-oxucu münasibətlərindəki məlum oyun refleksiyasından gedir) qaydalarının müəyyənləşməsinə xidmət edir. Oxucu bəri başdan xəbərdar edilir ki, hadisələr məhz göy üzündəki bu teatr pərdəsi aralandıqdan sonra, onun arxasında baş verir. Yaşanmış gün artıq tarixdir. Tarixi, tarixi olduğu üçün isə virtual səciyyəli gerçəklikdən söz açmaq üçün bundan uğurlu başlanğıc tapmaq çətindir.
Kiçik
müzakirədə əsərin bütünlüklə təhlili
hardasa imkansızdır. Lakin
isnad edilməli olan başlanğıclardan biri də
antroponimlərdir. Nomina sunt omena (“ad tale deməkdir”) deyimindən
yola çıxsaq, buradakı adların – F.Q., Balaca və s. –
təbiətinin çözülməsi çox maraqlı
nüansları üzə çıxara bilər. Axı bəzən
Kafkada olduğu kimi cəmisi bir hərfdən ibarət olan
adın da öz bədii missiyası var. Baxmayaraq ki, məsələn,
E.Zolya öz personajlarının adlarını adres
kitabçasından götürürdü, bu adlar heç də
gözüyumulu götürülmürdü.
Yazıçı bu adları istənilən halda seçirdi
və bu seçimin özü nələrləsə şərtlənməmiş
deyil. Bu mənada, məsələn, “Unutmağa kimsə yox”
romanındakı nəhəng ağacın nə
üçün “Balaca”adlandırıldığı üzərində
düşünməyə dəyər. Özü də
ağac (həyat ağacı?) öz təbiəti etibarilə,
qədim türk mifolojisində bədəndən ayrılan
üç qut-ruh kimi, üç ipostası təmsil edir:
kökləri ilə yeraltı dünyanı, gövdəsilə
yer üzünü, “buluddan nəm çəkən” çətiri
iləsə göyləri – teatr pərdəsini xatırladan
göy üzünü.
Bildiyimiz kimi bir müddətdir
ki, Kultaz.com mədəniyyət portalında “Unutmağa kimsə
yox” romanının müzakirəsi aparılır. Mən əsərin
poetikası və arxitektonikası ilə bağlı Rustəm
Kamalın və Tehran Əlişanoglunun, Arif Acaloğlunun məqalələrini
xüsusi qeyd etmək istərdim. Lakin “hətərən-pətərən
estetika”yla (bunu “tüstü estetikası” da adlandıra bilərsiniz)
bədii əsərə yanaşmanı qəbul etmək
mümkün deyil.
RÜSTƏM KAMAL: Sizə
yaxşı məlumdur ki, bu roman haqqında ilk resenziya
yazanlardan biri də mənəm, imkan daxilində təəssüratlarımı
oxucularla paylaşmışam. Və düşünürəm
ki, Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı ona
görə diqqətini çəkdi ki, yazıçı fərqli
təhkiyə süjetqurma texnikası və üslub təklif
edir. Kamal Abdullanın öz sistemi – öz estetikası, fərdi
mifologiyası var. Kamal Abdullanın romanları bizim nəsr məkanınızı
köklü şəkildə dəyişdirir.
Mifologiya ilə məşğul
olan adam kimi, mənim üçün “Ünutmağa kimsə
yox” romanı əslində neomifoloji, kosmoqonik romandır.
Bütün personajların adları, davranışları,
romanın xronotopu mifoloji nüvəyə malikdir,
süjetiçi münasibətlər mifoloji məntiqə
tabedir. Roman özü sanki magik energetikayla yüklənir.
Romanda personajlar sanki əbədi, qapalı güzgü
sferasındadırlar. Burada zamanlar asanca yerlərini dəyişir,
yuxu və tarixi gerçəklik bir-birini rahat əvəz edir.
Bu romanın struktur-sistem
baxımdan da çox özəllikləri var. Ənənəvi
“qapalı” süjetəmalik romanlarımızdan fərqli
olaraq, bu roman açıq sistemə malikdir. İstənilən
müəllif müdaxiləsi-haşiyəçi istənilən
fraqment asanlıqla onun roman məkanına daxil ola bilir,
ümumi təhkiyə toxumasına “otura” bilir. Ancaq
sürrealist təfəkkür tərzi roman strukturu ilə
çox rahat davrana bilər, təhkiyə içində “səslənmələr”
mümkündür. Kamal Abdulla “süjetə azadlıq verən”,
ancaq onu fəlsəfi məntiqlə “cilovlayan”
yazıçıdır.
“Yarımçıq əlyazma”,
“Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox”
romanları Azərbaycanda magik realizmin
sınırlarını, mahiyyətini parlaq şəkildə
açıb göstərir.
Yeri gəlmişkən
qısa da olsa, mətbuatda romana həsr olunmuş bəzi
yazılarla bağlı bir-iki kəlmə mən də deyim.
Düzdür, yazıların hamısını izləyə
bilməmişəm.
Amma hörmətli dilçi
alim Aydjın Ələkbərlinin birinci məqaləsi (məktubu)
məndə bir qədər anlaşılmaz təəssürat
yaratdı. Aydın müəllim romanın bədii
xüsusiyyətlərini təhlil etmək, strukturunu və s.
araşdırmaq əvəzinə, kitaba ön sözü
yazmış tanınmış mifoloq Arif Acaloğlunun “tənqid”
etməklə məşğuldur. Bu, mənim təcrübəmdə
(bəlkə də resenziya ənənəsində) bəlkə
də ilk məqalədir ki, reserzent romanı qoyub qıraqda,
önsözünün əyər-əskikliyini ortaya
tökür.
Romanın müzakirəsinə
filosoflar da qatıldılar. İlk təəssürat belədir
ki, Azərbaycan fəlsəfəsi Azərbaycan ədəbiyyatına
lazımı səviyyədə girə bilmir. N.Mehdinin məqaləsində
müəyyən kompozisiya dağınıqları olsa da
maraqlı fəlsəfi duyumlar, fikirlər yetərincədir.
Bu tipli yazılara da öyrəşmək lazımdır
Prof. Məmməd Qocayevin
klassik təhlil üslubunda yazılmış, təfərrüatlı,
əhatəli, aydındildə yazılmış məqaləsini,
eləcə də metodoloji baxımdan və peşəkar ədəbiyyatşünaslıq
baxımından Tehran Əlişanoğlunun məqaləsini bəyəndim.
TEHRAN ƏLİŞANOĞLU:
“Unutmağa kimsə yox” romanının yenilikçi səciyyəsindən,
mifoloji-mistik dünyasından, sanki təbiət elmlərinə,
fizikaya xas kəşflərə meydan verməsindən, sirli
kainat, paralel dünyalar, hadisələrin üfüqü,
möhtəşəm ahəng kimi məsələlərə
varmasından söhbət getdi. Kamal müəllimin
özünün yadında olmaz, 1990-cı illərdə onunla
ilk söhbətlərimiz zamanı da o bəzən ətrafımızda
cərəyan edən hadisələrin mənə qəribə
gələn belə qeyri-adi izahlarına diqqət yönəldirdi.
Qəribə idi ona görə ki: əslində, orta məktəb
fizikasından bildiyim qədər adi qanunlarla izahı olan hadisələrə
başqa, özgə rakurslardan söhbət gedirdi. İndi
sevindiricidir ki, o zaman Kamal Abdullanı düşündürən
həmin məqamları yazıçı romana gətirib, bədii
fakta çevirib və deməli, başqalarını da bu
yöndə düşünməyə sövq edə bilib.
A.Acaloğlunun sözləri ilə desək: bütöv bir
kainatı hər üç romanından keçən
Qarağacın kölgəsinə yığa və
çözə bilib.
Amma etiraf edim ki: birbaşa həmin
kainatın özü, rəngarəng təzahürləri mənim
üçün çox da maraqlı deyil. Mənə görə,
ədəbiyyatın mərkəzində yenə də insan
durur, həmin kainatın varlığına yüksələn
də, özünü bu kainatın içində duyub-hiss edən
də yenə İnsandır. Roman haqqındakı yazımda
da ilk növbədə romanda qaldırılan sosial, psixoloji,
ekzistensial mündəricəyə diqqət çəkmişəm.
Roman bir roman kimi ustalıqla qələmə
alınmışdır və inanmıram ki, Kamal Abdullanın
imzasından tam xəbərsiz oxucu da dərhal romandakı
estetik mühitə düşəcək, burda baş verən
hadisələrə maraq göstərəcək.
Düşünürəm, yazıçının
böyük ustalığıdır ki, yeni bir rakursdan, bayaq
dediyim möhtəşəm ahəngin işığında
insanı da bütöv,
ömrü-varlığı-canatımları ilə canlı
təqdim edə bilir. Buna o, necə nail olur? – bax bunu, peşəkar
ədəbiyyatçılar, tənqidçilər analiz edə
bilər, incəliklərinə vara bilər. Doğrusu, Kultaz
saytında romanın müzakirəsi başlayıbsa da, hələ
ki təhlillər eninə istiqamətlənib. Yəni romana
müdaxilə edən hər kəs burda daha bir potensial rakursa
diqqət yetirir. Bütövlükdə romanın ideyasında
bu məsələlər necə uyuşur, bir araya gəlir,
bunun açımı, mənə elə gəlir ki, hələ
irəlidədir.
Şəksiz ki, romanın
pesepsiyasında hər kəs odu öz qabağına çəkməlidir
və çəkir də. Roman bədii dil zənginliyi,
üslub-dil poetikası baxımından təhlilə, bəli,
geniş material verir; ortada təzə mətləblər
varsa, dil yeni fikir yükü daşıyırsa, elə belə
də olmalıdır. Aydın Ələkbərov kimi hər
mənada qosqocaman bir dilçinin bu aspektdən müzakirəyə
qoşulması, hətta romanın onda yenidən mütaliəyə
böyük həvəs doğurmasını etiraf etməsi həqiqətən
sevindiricidir. Amma elə buradanca sormaq istərdim: əziz
Aydın müəllim, romanı məhz roman kimi çözməkdə
Məmməd Cəfər, Əli Sultanlı, Mikayıl Rəfili
kimi ustalıqları 1950-ci illərdə qalmış müəllimlərinizin
xiffəti nə deməkmiş? Yəni o zamanlardanmı ədəbiyyatımızı
izləməyin daşını atmısınız, ya siz
dilçilik elminin dərinlərinə gedirkən ədəbiyyatşünaslığın,
ədəbi tənqidin elə yerindəcə
saydığını zənn edirsiniz?
Bəli, roman geniş fəlsəfi
düşüncələrə də, kulturoloji yanaşmalara
da açıqdır. Fəlsəfəçi dostumuz Niyazi
Mehdi belə təzəliyi ilə seçilən mətnləri
heç vaxt əldən buraxmadığı kimi, “Unutmağa
kimsə yox” ətrafında da bir “hətərən-pətərənlik”
fəlsəfəsi açır. Xoş niyyət
aydındır, Ədəbiyyat növbəti dəfə Fəlsəfənin
hansısa metafizik dərinlərini çözmək
üçün yardımçı olur; amma filosofdan sormaq
istərdim: Ədəbiyyatdan təkanlanıb da ona beləcə
“material” kimi, fələsəfəyə aid məsələlərin
illüstrəsi kimi baxmaq nə dərəcədə
dürüstdür? Məgər romanın ideya-bədii
bütövlük kimi, estetik tam kimi önəmi daha vacib
deyilmi? O ki qaldı kulturologiyaya, hörmətli Timuçin Əfəndiyevin
məqaləsi Kamal Abdulla yaradıcılığı
haqqında ayrıca bir yazı kimi bəlkə də qiymətlidir,
amma Yunis Oğuzun tarixi romançılığından Musa
Yaqubun modernizminəcən olan paralellər heç inanmıram
“Unutmağa kimsə yox” romanının
çözümünə yardımçı ola.
SALAM SARVAN: “Unutmağa kimsə yox” romanı haqqında yazılarla çıxış etmiş Tehran Əlişanoğlu, Timuçin Əfəndiyev, Aydın Ələkbərli, Rüstəm Kamal, Rəhim Əliyev, Niyazi Mehdi, Yaşar söz yox ki, intellektual kəsimin təmsilçələridir. Bu adamlar həmin roman haqqında həm fəlsəfi, həm filoloji, həm dilçilik baxımından ciddi qənaətlərini ortaya qoyublar.
Təbii, bu o deməkdir ki, roman intellektual mətn olduğundan intellektuallar üçün material verir, onlar üçün bu romanda informasiya bolluğu var və buna görə də adlarını çəkdiyim fikir adamlarının yazmaq və danışmaq işini asanlaşdırır.
Ancaq mən sadə oxucunun tərəfinə keçərək bir neçə məqama toxunmaq istəyirəm. Məsələ ondadır ki, bu romanın mütəxəssislər tərəfindən elmi, bədii-estetik dəyərləndirilməsi nə qədər faydalı olsa da, bayaq dediyim kimi, oxucunun bu əsəri adekvat qavramasına xidmət etsə də, hər halda, onun mətnə yanaşmasında müəyyən fərqlərin olması labüddür. Yəni sadə oxucu mətnə Rüstəm Kamal və ya Tehran Əlişanoğlu kimi snayper gözlüyündən baxmır. Yənu, məsələn, “kosmoqonik mifologiyanın kosmoqonik reallığa çevirilməsi” kimi savadlı mülahizələr sadə oxucu üçün yad görünə bilər və bu da təbiidir.
Ona görə də mən bu romanda sadə oxucu üçün hansı sürprizlər olduğundan danışmaq istərdim. Əsəri oxuyandan sonra ilk çıxardığım bu oldu ki, “Unutmağa kimsə yox” sadə oxucuya fərqli oxu formatı diktə edir.Belə bir fikir var ki, ciddi ədəbiyyatın kütləviliklə arası yoxdur. Ancaq mən ədəbiyyatın kütləviliyini ədəbiyyatın qüsuru hesab eləmirəm. Əlbəttə ki, əgər bədii mətndə ikili kodlaşdırmadan istifadə edilibsə. Məhz ikili kodlaşdırma sayəsində bu romanın intellektual labirintləri həm də sadə oxucuya hesablanıb.
Ənənəvi oxu
formatı, oxu standartı var da. Adət eləmişik ki, bədii
mətndə hansısa obraz, hansısa qəhrəman olur və
sadə oxucu kimi biz o qəhrəmanın taleyini əsər
boyu izləyirik. Bu roman isə elə yazılıb ki, sən əsərdə
hansısa obraza ilişib qalmırsan, yəni gözləmirsən
ki, bu personajın aqibəti necə qurtaracaq, gözləyirsən
ki, bu əsər özü necə qurtaracaq, bu oyun özü
necə qurtaracaq.
Ənənəvi oxu
formatında sadə oxucu hadisəni eyni məkan (bizim real
dünya) və eyni zaman (bizim cari zaman) kontekstində izləyir.
Bu romanda isə o, fərqli zaman və məkan müstəvilərindən
keçməlidir. Demək istəyirəm ki, “Unutmağa kimsə
yox” sıravi oxucuların gözləntilərinə də tam
cavab verir. Romanın süjet stixiyasının paralel zamanlar və
məkanlar üstündə qurulması, mağaradakı sirli
yazının sadəcə bir sevgi şeiri olması, müəllifin
tarixi ilə tarixi-mifik zamanların prqanik səsləşməsi
bütün oxucular üçün maraqlı olacaq.
525-ci qəzet.- 2011.- 25 iyun.-
S.24-25.