Hədiyyəniz bir dəstə
gül
(Aqşin Babayev haqqında portret oçerk)
“Məndə yaşayanlar” silsiləsindən
İndiki dövrdə
insanları təəccübləndirmək asan deyil. Eyni bir
adamın səni dəfələrlə heyrətləndirməsinə
isə çox nadir hallarda təsadüf edilir. Əslində,
tanıdığın insanın o günə qədər
bilmədiyin təzə bir məziyyəti ilə tanış
olmaq həmin insanı o anda yenidən kəşf etməyə
bənzəyir. Haqqında söhbət açacağım
insan öz sadəliyi və təvazökarlığı,
xeyirxahlığı və təmənnasızlığı,
elmi fəaliyyəti və bədii
yaradıcılığı ilə sıx-sıx təəccübləndirməyi
bacaran, bu il anadan olmasının 75 illiyi tamam olan Aqşin
Babayevdir.
Aqşin müəllim “El”
jurnalına müsahibəsində jurnalistin “Sizi oxuculara necə
təqdim edək: alim, nasir, dramaturq, şair, jurnalist, professor,
tərcüməçi?” sualına hər zamankı səmimiyyəti
ilə belə cavab vermişdi: “Başa düşürəm,
yəqin fikirləşirsiniz ki, məgər bütün
bunları bir simada birləşdirmək olarmı? Bu, bizdə
genetik xasiyyətdir. Atam da mənim kimi bir sahə ilə kifayətlənmirdi.
Həm rejissor, həm rəssam idi, həm musiqi alətləri
ustası, həm də təşkilatçı...”
A.Babayev şəxsiyyət
olaraq bütöv, yaradıcı insan olaraq sinkretik sənətkardır.
O, jurnalistin sıraladığı “kimlik”lərin hər
birinin, türklər demişkən, haqqını
artıqlaması ilə verən, daşıdığı
alim adına yaraşan, tutduğu vəzifələrin öhdəsindən
layiqincə gələn, işlədiyi kollektivə şərəf
gətirən şəxsiyyətdir. Gözəl nasir, görkəmli
türkoloq-alim, istedadlı dramaturq, kövrək şair, dəyərli
ssenarist, mahir publisist, təcrübəli pedaqoq və
tanınmış ictimai xadimdir.
Aqşin müəllimi şəxsən
tanımayanlara onun xarici portret cizgilərini bir neçə
cümlə ilə təqdim edirəm: Ucaboylu, enlikürək,
geniş alınlı, gümüşü saçları,
üst dodağını xəfifcə örtən çal
bığları, iri çərçivəli eynəyi
arxasından baxan qayğılı gözləri, daima səliqəli
geyimi, şax məğrur yerişi və ağayana
oturuşu-duruşu... İndi necə təəccüblənməyəsən
ki, bu iriqamətli bədəndə son dərəcə yuxa
bir ürək döyünür, “özgə”nin ən
kiçik kədərinə kövrələn, tərəf-müqabilinin
nəşəli ovqatına anında şərik olan ürək!
Bu həssaslıq ailədən, bir az da onun musiqi duyumundan
qaynaqlanır. Bəlkə də çoxları bilmir ki,
Aqşin müəllimin gözəl tar çalmağı
var. İlk musiqi müəllimi atası olub, sonradan görkəmli
tarzənlər Əhsən Dadaşov və Məmmədağa
Muradovdan dərs alıb. Universitetin ansamblında
çıxış edib.
Aqşin Əlisəttar
oğlu Babayev 23 noyabr 1936-cı ildə Bakıda anadan olub. Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsini
bitirib(1959). Aspiranturanda təhsil alıb və Nazim Hikmətin
dramaturgiya yaradıcılığına dair namizədlik
dissertasiyası müdafiə edib.
Haşiyə: O zaman türk
filologiyası ilə məşğul olmaq, türk
dramaturgiyasından yazmaq asan deyildi, qadağalar vardı.
Stalinin ölümündən sonra “türk” sözünə
nəzarət hələ də davam edirdi. Bununla bərabər
cəmiyyətdə müəyyən mülayimləşmə
də yox deyildi. Aqşin müəllim Türkiyə ədəbiyyatı
üzrə aspiranturaya imtahan verir, yüksək qiymətlə
daxil olub, qiyabi təhsil almağa başlayır...
Davamını özündən dinləyək: “Nazim Hikmət
sağ idi. Dissertasiya mövzum onun dramaturgiyasına həsr
olunmuşdu. Üçaylıq yaradıcılıq məzuniyyəti
götürüb Moskvaya yollandım. Burada tanınmış
nazimşünas Əkbər Babayev məni apardı şairin
Moskvadakı mənzilinə. Qapını Nazim Hikmət
açanda gözlərimə inanmadım. Yəni doğrudan
da mən bu dahi insanla üz-üzə dayanmışam?
– Mərhaba, buyurun, – deyə
Nazim bizi içəri dəvət etdi.
Sonuncu dəfə
özündən xeyli gənc olan Vera Tulyakova ilə evlənmişdi.
Qadın bizim üçün çay gətirdi. Oturub
heyranlıqla Nazimə baxırdım. Əkbərlə
ordan-burdan bir-iki kəlmə kəsəndən sonra
üzünü mənə tərəf çevirdi:
– Buyur, – dedi.
– Mən sizin
dramaturgiyanızdan əsər yazmaq istəyirəm.
– Çox nahaq yerə.
Açığı, belə
söz eşidəcəyimi gözləmirdim. Pərt halda
dönüb Əkbərə baxdım. Onun üzündə
isə sakit, arxayın bir təbəssüm gördüm.
Nazim sözünə davam elədi:
– Məndən də əvvəl
Əbdülhəq Hamid var. Yaxşısı budur, ondan yaz.
– Hamiddən yazırlar. Mən
sizdən yazmaq istəyirəm.
Necə yazacağım barədə
bir az söhbət eləyəndən sonra aramız
açıldı. Moskvada qalanda iki gündən bir onun evinə
gəlirdim, söhbət edirdik...”
50-ci illərin sonlarından
başlayan Nazim Hikmət heyranlığı Aqşin müəllimi
Ustadın bədii irsinin yorulmaz tədqiqatçısına
çevirir. Respublikamızın elmi ictimaiyyəti Əkbər
Babayev, Tofiq Məlikli, Anar, Qadir İsmayıl, Azər Abdulla,
Rəşid Quliyev, Aytən Babayeva kimi nazimşünasları
yaxşı tanıyır. Aqşin müəllim özü də
mötəbər elmi məclislərdə və məqalələrində
adları çəkilən nazimşünasların tədqiqatları
haqqında səxavətlə söz açır.
Türkologiya elmimiz A.Babayevi yalnız Nazim Hikmətin dram
yaradıcılığının yox, bütövlükdə
türk dramaturgiyasının ən böyük tədqiqatçısı
kimi qəbul edir. Aqşin müəllim 1996-cı ildə
müasir türk dramaturgiyasına həsr etdiyi dissertasiya
işinə görə filologiya elmləri doktoru alimlik dərəcəsi,
1998-ci ildə professor elmi adını almışdır.
Görkəmli türkşünas-alimin “Nazim Hikmətin
yaşamı”, “Türk ədəbiyyatı müntəxəbatı”,
“Türk dramaturgiyası”, “Cümhuriyyət dövrü
türk ədəbiyyatında sosial motivlər”, “Azərbaycan
və türk dünyası” kitabları son dərəcə dəyərli
elmi-nəzəri mənbə və dərs vəsaitləridir.
Aqşin müəllimin bu
yaxınlarda dərc olunan “Nazimi yaşadanlar” adlı yeni
informasiya və düşüncələrlə zəngin məqaləsi
(“525-ci qəzət”, 21 may 2011) alimin Nazim Hikmətin xatirəsinə
əbədi ehtiramının təzahürüdür. Təsadüfi
deyildir ki, A.Babayev şairin bacısı mərhum Samiyə
Yaltırım tərəfindən Türkiyədə 1991-ci
ildə yaradılmış Nazim Hikmət Kültür və
Sənət Vəqfi adlı qurumun fəxri üzvüdür.
Nazim Hikmətdən
başlayan elmi axtarışlar Aqşin müəllimi
bütövlükdə zəngin və qədim türk ədəbiyyatına
istiqamətləndirmiş, onu müasir türk söz sənətinin
ən nüfuzlu tədqiqatçılarından birinə
çevirmişdir. Onun 2003-cü ildən Ali Attestasiya
Komissiyasında bu sahə üzrə Ekspert
Şurasının üzvü olması da təsadüf
sayıla bilməz.
A.Babayev müxtəlif ictimai
vəzifələrdə çalışmışdır.
1959-1962-ci illərdə Azərbaycan Dövlət Televiziya və
Radio verilişləri Komitəsində türk verilişləri
şöbəsində redaktor və baş redaktor müavini,
1970-1977-ci illərdə Xarici verilişlərin Baş
redaktoru, 1976-1990-cı illərdə Azərbaycan Dövlət
Televiziya və Radio verilişləri Komitəsində sədr
müavini işləmişdir.
A.Babayev 1972-1975-ci illərdə
Türkiyədə çalışmışdır. İlk
dəfə 1975-ci ilin son günlərində 5-ci kurs tələbəsi
ikən tərcüməçi kimi işləməyə
getdiyim Ankarada Aqşin müəllimin mütərcimlik
istedadı, türk dili və ədəbiyyatının incəliklərinə
dərindən bələdliyi haqqında SSRİ Səfirliyinin
yüksək ranqlı diplomatlarından xeyli xoş sözlər
eşitmiş, qürur hissi keçirmişdim. O zamanlar hələ
bilmirdik ki, sonralar bu xarici ezamiyyətin dərin həyati
müşahidələri Aqşin müəllimin
yaradıcılıq təxəyyülündən
süzülərək neçə-neçə hekayə və
povestin, eləcə də “Ayrılıq” kimi gözəl bir
romanın bədii materialına çevriləcək, tərcüməçi
kimi deyilməsi mümkün olmayan mətləblər
yazıçının müxtəlif əsərlərində
öz bədii-estetik həllini tapacaqdır.
Mətbuat, radio, televiziya,
bütövlükdə kütləvi informasiya vasitələrinin
aparıcı xadimlərindən biri kimi şöhrət
qazanan A.Babayev 1977-1982-ci illərdə Azərbaycan Jurnalistlər
İttifaqının idarə heyətinin katibi işləmiş,
səmərəli yaradıcı xidmətlərinə görə
“Əməkdar jurnalist” fəxri adına layiq
görülmüşdür. İkinci dərəcəli
Dövlət müşaviri olan A.Babayev 1991-2006-cı illərdə
Azərbaycan Milli Məclisi Aparatının Mətbuat xidməti
şöbəsinə rəhbərlik etmişdir.
Kiçik bir xatirə: 80-ci
illərdə Türkiyə türkcəsində bir radio-pyes
yazmışdım. Efirə hazırlanması
üçün Aqşin müəllimin icazəsi lazım
idi. O, daha əvvəllər də mənim türkcə qələmə
aldığım xeyli ədəbi-publisistik materialın, o
cümlədən bir neçə radio-pyesimin
yayınlanmasına xeyir-dua vermişdi. Bu dəfə vəziyyət
bir az fərqli idi. Pyes Aqşin müəllimin “Dialoq” hekayəsi
əsasında yazılmışdı və o, hər
zamankı təvazökarlığı ilə
radio-tamaşanın efirə getməsinə icazə vermək
istəmirdi. Belə hesab edirdi ki, onun hekayəsi əsasında
hazırlanmış radio-pyesin efirdə getməsi, öz vəzifə
səlahiyyətlərindən sui-istifadə kimi başa
düşülə bilər. Mən isə təkidlə icazə
verməsini xahiş edirdim, çünki əsərin ideya məzmunu
sosial sifariş idi və son dərəcə aktualdı. Tam bu
əsnada məni dəstəkləyən biri “tapıldı”.
Keçmiş SSRİ məkanında Türkiyə türkcəsindən
rus dilinə bir nömrəli mütərcim Moskvada yaşayan
soydaşımız Ehsan Mustafayev hesab edilirdi. Ehsan müəllimin
türkcə-rusca və rusca-türkcə ikidilli irihəcmli məşhur
lüğətlərin tərtibçisi və redaktoru
olması ilə fəxr edirdik. Onunla 70-ci illərin
sonlarında Türkiyədə işlədiyim illərdə
tanış olmuşduq (Sonralar bu tanışlıq
aramızdakı böyük yaş fərqinə baxmayaraq səmimi
dostluğa çevrilmişdi). Həmin günlərdə
Bakıda qonaq idi və o gün öz yaxın dostu və həmkarı
Aqşin Babayevi ziyarətə gəlmişdi... Ehsan müəllim
radio-pyesin efirə verilməsinə nəinki Aqşin müəllimi
razı sala bildi, hətta mənim efirə hazırlanan Neft
daşlarından bəhs edən “Əfsanələr adası”
adlı başqa bir radio-tamaşamda baş rolu öz möhtəşəm
türkcəsi ilə səsləndirdi...
Və bir haşiyə:
1983-cü ildə elmi rəhbərlərim akademik Həmid
Araslı və türkşünas-alim Allahşükür
Qurbanov namizədlik dissertasiya işimə birinci rəsmi
opponent görkəmli şərqşünas Əkrəm Cəfəri,
ikinci rəsmi opponent tanınmış türkoloq Aqşin
Babayevi məsləhət görmüşdülər.
Aqşin müəllimin dissertasiya işimə
yazdığı son dərəcə səmimi və obyektiv rəyi
bu gün də saxlayıram. Müdafiədən sonra təşkil
edilən ənənəvi banketdə Əkrəm müəllim
başda olmaqla bütün əməyi keçən həmkarlarım
iştirak etdiyi halda, Aqşin müəllim ziyafətə gəlməmişdi.
Sonralar bir vəsilə ilə öyrənmişdim ki,
dissertasiya işinin Moskvada təsdiqinin gecikdirilməsinə səbəb
ola biləcək söz-söhbətdən,
çuğullamalardan (o zamanlar bu cür anonim donoslar dəbdə
idi!) rəvac verməmək üçün banketə gəlməyib.
Otuz beşə yaxın bədii
və elmi kitabın müəllifi olan A.Babayev
yaradıcılığa kiçik hekayə janrı ilə
başlamış, 1958-ci ildə “Oktyabr işıqları”
almanaxında “Azadlıq uğrunda” ilk hekayəsi çap
olunmuşdu. “Cazibəli üfüqlər” adlı ilk hekayələr
kitabı 1964-cü ildə işıq üzü
görmüşdü. Bunun ardınca “Gənclik” nəşriyyatı
onun 1967-ci ildə “Həmişə bahar”, 1971-ci ildə “Bir
parça həyat”, 1977-ci ildə “Ağ ulduzlar” hekayə və
povestlər kitablarını çap etmişdir.
Ümumiyyətlə,
70-90-cı illər A.Babayevin ədəbi-bədii
yaradıcılığında və elmi
axtarışlarında ən məhsuldar dönəmdir. Bu
dövrdə onun bir-birinin ardınca “Bir ürəyin hərarəti”
(1979), “Kişilər az yaşadı” (1981), “Ayrılıq”
(1982), “Dünya vəfalıdır” (1984), “Sünbül ətri”
(1986), “Söz gülləsi” (1989), “Dünyanın
axırı” (1992), “Başımıza gələnlər”
(1994), “Azərbaycan türk dünyası” (1998), “Müasir
türk dramaturgiyası” (1998), “Yanan Zürafə” (1999) kimi ədəbi-bədii
əsərləri və elmi-nəzəri monoqrafiyaları
çap olunur.
Yenə bu dövrdə onun
“Kişilər az yaşadı” romanı otuz min tirajla Moskvada
(1986), “Nazim Hikmət yaşamı” əsəri Berlində
(1989) işıq üzü görür. Povestləri, hekayələri
Türkiyə, İraq, Gürcüstan, Moldova, Belarus, Ukrayna və
başqa ölkələrdə dərc edilir.
A.Babayevin ulu öndərimiz
Heydər Əliyevə həsr edilən “Oğul” və
“Xilaskar”, eləcə də “Yaralar”, “Kim nə deyər...”,
“Olmuş əhvalat”, “Əlin cibində olsun”, “Şeytanın
yubileyi”, “Bir parça həyat”, “Nekroloq”, “Dəvətnamə”,
“Yol”, “Mükafat” kimi pyes, libretto və telefilmləri ölkəmizin
məşhur teatr səhnələrində tamaşaya
qoyulmuş, televiziya ekranlarında nümayiş etdirilmiş,
geniş tamaşaçı rəğbəti
qazanmışdır.
A.Babayev öz həmkarlarını
poetik şeirlər toplusu ilə də heyrətə
düşürməyi bacarıb. Onun “Bir içim su istədim”
adlı şeirlər kitabı 2002-ci ildə görkəmli
şairlərimiz Fikrət Qoca və Vaqif Bəhmənlinin
“Ön söz”ü ilə işıq üzü
görmüş, şeirlərinə mahnılar bəstələnmişdir.
A.Babayevin poeziyası haqqında tədqiqatçı Sevinc
Abbasovanın “Tikdim ki, izim qala” adlı dəyərli bir elmi məqaləsi
çap olunub (“Dil və ədəbiyyat jurnalı”, BDU, 3 (74)
2010).
A.Babayev bədii tərcüməçilik
sahəsində də fəaliyyət göstərmişdir.
İtalyan dramaturqu Terensinin “Qardaşlar”, türk
yazıçı-dramaturqu Haldun Tanerin “Keşanlı Əli
dastanı” pyeslərini, Əziz Nesinin “Hekayələr”
kitabını və s. əsərləri dilimizə
çevirmişdir. 30-dan artıq xarici ölkə filminin Azərbaycan
dilinə tərcüməsinin altında Aqşin müəllimin
imzası var. A.Babayev “Yusif Məmmədəliyev”, “Həsən
bəy Zərdabi”, “Humay”, “Qızıl Qələm”,
“Açıq söz”, “Nurlu qələm ustası”, “Ustad sənətkar”
kimi müxtəlif mükafatlara layiq görülmüş,
“Azərbaycan Ali Sovetinin Fəxri fərmanı”, “Əmək rəşadətinə
görə” və “Əmək veteranı” medalları ilə
təltif olunmuşdur.
Aqşin müəllim dəyərli
pedaqoqdur. 1967-ci ildən pedaqoji fəaliyyətlə məşğul
olan A.Babayev 70-80-ci illərdə Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsində
türk ədəbiyyatı kursundan mühazirələr
oxuyub. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin professoru olaraq öz
elmi-pedaqoji fəaliyyətini davam etdirir. “Ədəbi
yaradıcılıq” kafedrasının müdiridir. Yetirmələri
müxtəlif nüfuzlu qəzet və teleradio kanallarında,
incəsənət qurumlarında çalışırlar.
Onun “Azərbaycan kino sənətində ədəbi əsərlərin
təcəssümü” (A.Kazımzadə ilə birlikdə),
“Kino...kino”, “Kino sənətinin təməl daşı”
kitablarını sənətsevərlər maraqla
qarşılayıblar.
Bir müddət əvvəl
“Ədəbiyyat qəzeti”ndə (3 dekabr 2010-cu il) Aqşin
müəllimin “Toy” adlı miniatür bir hekayəsini
oxumuşdum. Hekayənin ağsaqqal qəhrəmanı
xanımı ilə birlikdə öz köhnə dostunun nəvəsi
Dursunun toyunda iştirak edir. Süfrədə
israfçılıq yoxdur. Musiqi səsi qulaq batırmır.
Sağlıqlar deyiləndə hər kəs diqqətlə
qulaq asır. Gəlin bir dəfə də olsun ortaya
çıxıb atdana-atdana rəqs eləməyib. Bir ara
ağsaqqal salondan çıxır, pul salmaq üçün
“oğlan evi”, “qız evi” yazılmış qutuları
axtarır, ancaq tapmır. Yerinə qayıtmaq istərkən,
dostu onu görür. Deyir ki, nə axtardığını
bilirəm, boşuna axtarma. Mənim gözümün
ağı-qarası bir nəvəmə toy etmək imkanım
var, ümumiyyətlə, “pul yığma” məsələsinə
də yaxşı baxmır. Ağsaqqal kövrəlir, “bilsəydim,
heç olmasa gül alardım”, – deyir. İçəri
keçirlər. “Tərəkəmə” sədaları
altında qol götürüb oynayırlar... və həyat
yoldaşı onu yuxudan oyadır. Arvadının “Yuxuda nə
görürdün?” sualına kişi: “Qutu”, – deyir və səhərəcən
yata bilmir.
Hekayənin məzmunu üzərində geniş dayanmağımın səbəbi var. Mövzu məni təxminən iyirmi beş il əvvələ qaytardı. Səksəninci illərin ortalarında Aqşin müəllim Universitetin Şərqşünaslıq fakültəsi əməkdaşlarına, o cümlədən mənə fakültəmizin ərəb filologiyası şöbəsini bitirmiş oğlu Gündüzün toy mərasiminə dəvətnamə göndərmişdi. Dəvətnamənin alt küncündə iri hərflərlə yazılan kiçik bir qeyd hamımızı xeyli təəccübləndirmişdi: Hədiyyəniz bir dəstə gül! Təbii ki, toy günü mən də, həmkarlarım da “pul yazanı” (o vaxtlar “oğlan evi”, “qız evi” qutuları dəbdə deyildi) tapmamışdıq....
Demək, onillərdir ki, bu məsələ Aqşin müəllimə rahatlıq vermir, onu düşündürür, hekayəsinin bədii materialına çevrilir. Yazıçı həyatda həlli yollarını axtardığı problemlərin estetik həllini bədii əsərdə verməyə çalışır. Xatırladaq ki, 2003-cü ildə tanınmış rejissorumuz Ramiz Həsənoğlunun Aqşin müəllimin ssenarisi əsasında çəkdiyi “Dəvətnamə” filmində də eyni mövzu işlənir. Beş toya dəvətnamə alan və maaşa baxan bank işçisi Cəfərin obrazında toy və yaslardakı lazımsız adət-ənənələrimiz tənqid edilir.
Türkiyə türkləri Aqşin müəllim kimi insanlar üçün alicənab, səmimi, etibarlı mənalarına gələn “babacan” ifadəsini işlədirlər. Bu söz ona çox yaraşır. Üstəlik, babacan olmaqla bərabər həm də ailəcanlıdır. “Ovqat” proqramında güvənc və söykənc yeri mənasında qürurla “arxa cəbhəm” dediyi vəfalı ömür yoldaşı Müzəyyən xanıma, övladları və nəvələrinə çox bağlıdır.
Ümidvaram ki, “Hədiyyəniz bir dəstə gül” cümləsinin başlığa çıxarılma səbəbini izah edə bildim. Məncə, bu cümlə minnətsiz və təmənnasız həyat tərzi ilə seçilən, dəyərli elmi və bədii əsərləri, xeyirxah əməlləri ilə insanları təəccübləndirməyə davam edən Aqşin Babayev şəxsiyyətinin mənəvi-əxlaqi kamilliyini dəqiq və sərrast ifadə edir.
Əsgər Rəsulov
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2011.- 25 iyun.- S.20.