ÇAMAYRA

 

 (“Kuba dəftəri” silsiləsindən)

 

Gözlədiyim olmadı – qapını incə, lətafətli qadın yerinə yekəpər bir kişi açdı. Üz-gözündən yorğunluq, biganəlik tökülürdü. Gəlişimizdən məmnun olmadığını dərhal duydum.

Evin xanımını soruşduq, dedi günortadan sonra gələcək. İspandillilərin vaxta münasibəti elə bizimki kimidi, “günortadan sonra” dəqiq zaman ölçüsü deyil, “Allah bilir nə vaxt gələcək” anlamı verir.

Qarşımızdakı Giselanın türmədən təzə çıxan əriydi, buna şübhə yoxuydu, divardakı şəkli də bu əminliyə şahidlik edirdi.

Könülsüz yer göstərdi, özü də əvvəlki səfərimiz zamanı xanımı oturan kətildə əyləşdi.

Bizi ittihamedici nəzərlərlə süzür, narazı tonda əvvəl-əvvəl həvəssiz, candərdi danışırdı. Danışa-danışa cuşa gəlir, coşduqca da dediklərini anlamaqda tərcüməçini çətinə salırdı. Gileyli sözlərindən əməlli-başlı çaşmışdıq: “Burada ciddi mübarizə gedir, diasporun, beynəlxalq təşkilatların yardımları isə gəlib çıxmır. Bir hissəsi elə orada, bir hissəsi də yolda itib batır”.

Belə bir ittihamla üzləşəcəyim yatsam yuxuma da girməzdi. Söhbətin nədən getdiyini bilmirdim. Nə deyəcəyimi də ilk anda kəsdirmədim. Mayamidəki varlı Kuba diasporunun yardımları barədə eşitmişdim. Hökumət əvvəllər bu yardımlara imkan vermirdi, indi isə göz yumur, çünki ac əhalinin xeyli hissəsi xaricdəki qohumlarının göndərdiyi yardımların hesabına yaşayır. Bizdə “uruset”dən göndərilən pul kimi.

Yəqin bizi kimlərləsə səhv salırdı. Amma cavab verməyə də bilməzdim, odur ki, elə onun özü kimi sərt dedim: “Biz yardım paylamırıq, bizi nahaq ittiham edirsiniz. Ona qalsa, biz də eşitmişik ki, burada siyasi müxalifət, dissidentlər, ictimai fəal şəxslər marginallaşıb. Bura da sizə görə yox, Gisela üçün gəlmişik”.

Elnur dediklərimi həvəslə tərcümə elədi, həmsöhbətimizdən onun da xoşu gəlməmişdi. Sözlərim onun üzündəki ifadəni də, səsinin tonunu da dəyişdi. “Əlbəttə, mən hamını nəzərdə tutmuram” dedi.

O bizi tanımamışdı. Bəlkə də Gisela ərinə Azərbaycandan gəlmiş “Nostradamus” haqqında heç nə deməyibmiş. Yoxsa bizi belə qarşılamazdı.

Söhbəti özümüz açdıq. Altı ay əvvəl burada olmağımızdan, tezliklə onun azad olacağına inamımızı xanımına əminliklə bildirməyimizdən, “Ağ paltarlı qadına” adlı məktubdan danışdıq. Nəyisə qəfil xatırlayıbmış kimi dik ayağa qalxdı, “Nostradamus” deyib bizi qucaqladı. Bir anın içində onun davranışı 180 dərəcə dəyişdi. Tanımışdı. Çox keçmədi, daha onun üzündə əvvəlki yorğunluqdan, biganəlikdən əsər-əlamət qalmadı.

Roberto “Unidos” adlı qeyri-leqal siyasi hərəkatın koordinatorlarından biridi. Bu təşkilat iqtisadi islahatlar paketi hazırlayıb. O, iqtisadi azadlıqların ardınca siyasi islahatların gələcəyinə inanır, Çini də Kuba üçün model hesab edir:

– Biz Çini diqqətlə öyrənirik. Onların inkişaf modeli bizə daha uyğundu.

– Demokratiyasız hər hansı bir modelin ixraca yaradığına inanmıram. Məncə, Kubanın öz modeli olmalıdı. Ölkə varlı ola bilər, ərəblərin də bir neçə zəngin dövləti var, amma siyasi azadlıqlarsız sabit inkişafa, nəsillərdən-nəsillərə ötürülən rifaha təminat yoxdu.

– On bir milyonluq Kubada 26, iki milyardlıq Çində 25 jurnalist həbsdədi. İqtisadi inkişaf siyasi azadlıqları artırır.

– Avtoritar rejimlər kənddə, aqrar ölkələrdə daha güclüdü. İqtisadi inkişaf ölkədə urbanizasiyanı gücləndirir. Urbanizasiya avtoritar rejimləri çökdürür. Çinin qüdrətli gələcəyi iqtisadi yüksəlişlə demokratiyanın simbiozundan keçir. Sizdə isə bu proses daha sürətlə baş tuta bilər. Urbanizasiya və iqtisadi inkişafa tək elə ABŞ-dakı varlı Kuba diasporunun sərmayəsi kifayətdi.

– Onların qayıdıb əvvəlki əmlaklarını istəməsi ciddi problemlərə səbəb olar.

– Ədalətli qanun qəbul olunsa, böyük fəsadlar verməz. Postkommunist Şərqi Avropa ölkələri bu problemin öhdəsindən uğurla gəldilər. Bir də niyə yaxındakı Amerikanı qoyub, uzaq Çində model axtarırsınız?

– Antiamerikanizm güclüdü. İnqilabdan əvvəl və inqilab dönəmində ABŞ-ın tutduğu mövqe, apardığı siyasət, üstəgəl hakimiyyətin 50 illik antiamerika təbliğatı beyinlərdə diridi.

Onunla söhbətimiz xeyli çəkdi. “Günortadan sonra” gələsi Giseladan xəbər yox idi. Getməliydik. Onları axşam yeməyinə dəvət edib, görüş yerini və saatını danışıb evdən çıxdıq.

Taksiyə minib sahil boyu Malekon prospektiylə şəhərin qədim hissəsinə – Havana Viejaya gəldik. Növbəti görüşəcən gəzmək, nahar eləmək fikrindəydik.

Taksi Karlos Kespedes prospektindən Empedrado küçəsinə burulub saxladı. Sağ-solu köhnə, təzə kitablar, çoxunda Çe Gevaranın şəkilləri əks olunmuş suvenirlər satılan küçəylə gedib 156 saylı ünvandakı nəhəng binanın qarşısında dayandıq. Elnurun kitablara baxmağa həvəsi yox idi, əksəriyyəti inqilab, Çe Gevara və bu sayaq mövzulara həsr olunmuşdu. Əvvəllər bizdə Leninin, Brejnevin kitabları aləmi bürüdüyü kimi burada da hara baxsan Xose Martinin, Kastronun, Çe Gevaranın kitablarını görürsən.

Əzəmətli bina San Kristobal kilsəsidi. 1748-ci ildə tikilib. Kilsənin hər iki yanında uca qüllə qoruqçu kimi durub, birində iki zəng var. Məşhur Kuba yazıçısı Alexo Karpantiyer Barokko üslubunda tikilmiş bu kilsənin fasadını “daşa çevrilən musiqi”yə bənzədirmiş.

Kilsənin qarşısındakı turistlərlə dolu böyük meydan Plaza de Armas adlanır. Meydanın əks tərəfində zəngin eksponatları olan Kolonial İncəsənət Muzeyidi.

Şəhərin tarixi hissəsi neoklassik memarlıq üslubu ilə tikilib. Əsasən kolonial dövrün yadigarı olan bu abidələrə Barokko memarlıq məktəbinin təsiri güclüdü. Lakin 18-ci əsrdən etibarən Havana özünün müstəqil, ekspressionist memarlığı ilə seçilməyə başlayıb. Burda klassik Avropa memarlığı – Roma, qot, mavritan üslublarla yanaşı Antil Barokkosu deyilən yerli memarlıq da inkişaf edib. Binaların fasadında Barokko əlamətləri, Əndəluz elementləri açıq göründüyü kimi, müxtəlif tərəflərdən divar, qalereya, darvaza və məhəccərlə əhatələnmiş patio adlanan açıq daxili həyətlər Roma üsulundadı.

İsti, bürkülü havada burada soyuq pivə içməyin ləzzətini heç nə əvəz eləməz!

Bina divarlarındakı freskalar, divar naxışları, sqraffito deyilən divar oymaları, ornamentlər, qapı və pəncərələrin mozaikası, vitrajı göz oxşayır. Yoğun sütunlar binaların əzəmət və qədimliyini daha da artırır. Adamı riqqətə gətirən bu tikililər qocalıb qarımış, amma gəncliyində füsunkar gözəlliyi şübhə doğurmayan qadına bənzəyir. Baxımsızlıq ucbatından uçub dağılmış, qopub tökülmüş, kif basmış binaları görəndə hiss edirsən ki, şəhərin nə vaxtsa çox gözəl dövranı olub.

20-ci əsrin ortalarında ABŞ şəhər memarlıq üslubunun təsiriylə Havanada hündür binalar tikilməyə başlayıb. Miramar və şəhərin digər varlı qərb rayonlarında villalar eklektik tərzdə tikilirdisə, sahil boyu 7 kilometr uzanan Malekonda modern memarlıq stili daha çox özünə yer eləyib.

...Mərkəzi küçələr üfunət qoxuyur. Çünki şəhərin mərkəzində kanalizasiya sistemi yaxşı işləmir. Getdiyin yerdə balkondan başına sabunlu su tökülə bilər. Burada su da problemdi. Yuxarı mərtəbədə yaşayanlar suyu vedrələrdə kəndirlə balkonlarına dartırlar. Plaza Vieja meydanındakı fəvvarəni hündür dəmir cağla hasarlayıblar ki, camaat hovuzdan su daşımasın.

Yayın cırhacırında susuzluqdan dodağın çatlaya, özün də pörşələnə-pörşələnə qəfəs içində fontan vuran suya baxasan. Yezid də kənardan tamaşana dura. Mənzərə lap İntibah dövrünün dini tablolarına oxşadı...

Bu tarixi abidələr baxımsızlıq üzündən dağılmaq təhlükəsi altındadı. Yaxşı ki, YUNESKO var. Bəzi binaları bu təşkilatın hesabına bərpa edirlər. Hökumət isə öhdəsinə düşən binaları belə təmir etməyə çətinlik çəkir. Xaraba qalmış binanı Elnura göstərib deyirəm ki, buna bir neçə milyon dollar veriləcək zaman hələ qabaqdadı, vaxt gələcək bu şəhər dünyanın ən gözəl şəhərləri sırasına qayıdacaq.

“Floridita” barında əyləşdik. Obispo və Monsereta küçələrinin kəsişməsində yerləşən bar 1817-ci ildən fəaliyyətdədi. 1953-cü ildə dünyanın 7 ən populyar barından biri seçilib. Onun belə tanınmasında məşhur yazıçı Ernest Heminquey də böyük rol oynayıb. O, tez-tez bura baş çəkər, özünün sevimli “Darkiri” kokteylini içərmiş.

İndi bilmirəm, dünyanın neçənci barı sayılar, məncə, heç ilk 7 yüzlüyə də düşməz. Burada da Amerika brendli bir içkiyə rast gəlməzsən, ofisiant kola, pepsi haqqında yalnız eşidib, düşmən ölkənin malını yalnız turistlərdə görərsən. Elnur Meksika istehsallı şirə istədi, mənsə yerli Bucanero pivəsi, bir də çipsi sifariş elədim. Pivə gəldi, çipsi isə yox, çünki onun tək adını eşidiblər, üzünü görən olmayıb.

Küçədə gül satan qaradərili bir qız açıq pəncərədən bizə baxıb gülür, nəsə deyir, yenə gülürdü. Əl eləyib stolumuza dəvət etdik. Ömrümdə belə gözəl qaradərili qız görməmişəm. Stul çəkib oturdu. Onu yeməyə qonaq edib söhbətə tutduq. Söhbət onun nə işlə məşğul olmasından başladı. Çamayra bizə dolanmaq üçün əyalətdən necə əzab-əziyyətlə gəlməsindən danışdı. Kuba qanunları bunu qadağan edir, hər an onu tutar, həbs edərlər. Amma onun başqa əlacı yoxdu, evə, ailəsinə pul göndərməlidi. Anası, balaca bacı-qardaşları, xəstə körpə balası acdı. Gül satışından gündəlik qazancı 1-2 dollar civarındadı. Buna baxmayaraq ayda evlərinə 15-20 dollaradək göndərə bilir.

Çamayra deyir ki, burada kim necə bacarır, pulu da elə qazanır, ac qalmamaqdan ötrü kimi şəkil çəkir, kimi ağac yonur, kimi camaatı əyləndirir, kimi də bədənini satır. Aclıq və ehtiyac fahişəliyin hədsiz artmasına, QİÇS-in sürətlə yayılmasına, cəmiyyətin tənəzzülünə, insan mənəviyyatının pozulmasına gətirib çıxarır.

Onun ağıllı sözləri kimi ağıllı gözləri də təsirliydi. İri gözləri gecə zülmətində parlayan bir cüt ulduz kimiydi. O, danışığı, yeməyi, içməyi, bəzən bir anlıq bədbin xəyala dalması, bəzən məsum gülüşüylə bizi sehirləmişdi. Heminqueyin “Qoca və dəniz” əsərindəki qoca balıqçı Santyaqonun onların kəndindən olmasını xüsusi manera ilə elə fəxr və şövqlə deyirdi ki, adamın o qoca balıqçı olmağı gəlirdi.

Bir saat ərzində onunla əməlli-başlı dostlaşdıq. Bayırdakı güllərindən arxayın idi, almaq istəyən olsaydı, ona xəbər edərdilər. Yeməyi bitirsək də, durmaq istəmirdik. Bu sadə, gözəl kubalı qızla vidalaşmaq heç ürəyimizcə deyildi. Qalxıb kafeni tərk etmək istəyəndə Çamayra gözlənilmədən Elnurun qulağına nəsə dedi.

Elnur donub qalmışdı.

Çamayra bizə özünü təklif edirdi.

Elə bil içimdə nəsə qırıldı. Nə deyəcəyimi bilmədim. Küçəyə çıxıb onun gül piştaxtasına yaxınlaşdıq. Heç nə demədən 10 dollar çıxarıb hərəyə bir dəstə gül aldıq. Gülləri Çamayraya bağışlayıb, sağollaşdıq.

Tini burulanadək durub baxan o məsum qadının iri, parlaq, yarı nisgil, yarı da həsrət dolu gözlərini, yəqin, ömrüm boyu unutmayacam. Bu, xəstə körpəsi üçün həyatın dibinə belə baş vurmağa hazır olan gənc ananın kədərli gözləriydi.

Viktor Hüqo, “... istibdad əxlaq sərhədini pozur” deyərkən sən qədər haqlıymışsan.

Axşam 7-də vədələşdiyimiz kimi Gisela, əri Roberto, qızı Giselle bizi “Paris” kafesində gözləyirdilər. Gisela bizi köhnə dostu kimi sevinclə qarşıladı, Giselle Elnurun boynuna sarıldı, Roberto məni mağazalarda satılmayan, xüsusi qaydada hazırlanmış 13 ədəd “ev” siqarıyla salamladı. Həmin gecə bu xoşbəxt ailənin sevincinə şərik olduq, yedik, içdik, rəngarəng mahnılar dinlədik, gah Salsa, gah da Rumba rəqslərinə baxdıq, hələ istəsən, Ça-Ça-Ça havasına oynadıq da. Səs-küyün fasilələrində xeyli söhbət də elədik. Gecə yarısı kafedən çıxıb Havananın küçələriylə gəzəndə hamı bəxtəvər insanlar kimi sevinc içindəydi.

Bütöv bir gecəni nurlandıran bu sevinc isə ürəyimə dolmuş nisgili dağıtmaq gücündə deyildi, gözüm Havananın ala qaranlıq küçələrinin ümidsizlik tökülən döngələrində – vicdanın öldüyü tində Çamayranın məni ovsunlamış gözlərini, bir də onun balaca, köməksiz körpəsini gəzirdi...

 

 

Vahid QAZİ

 

525-ci qəzet.- 2011.- 25 iyun.- S.19.