“Məqsədimiz avropalının
ürəyinə musiqi vasitəsi ilə yol tapmaq idi”
Xəbər verildiyi kimi bu yaxınlarda Şuşa musiqi məktəblərinin bir qrup şagirdi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər proqramı çərçivəsində İtaliyada konsert proqramları ilə çıxış edib. Azərbaycan musiqisinin, Qarabağın sənət irsinin təbliği baxımından bu hadisə mühüm əhəmiyyətə malikdir. Başqa sözlə, Qarabağ problemi, onun ağır-acıları musiqinin, sənətin dili ilə növbəti dəfə Avropada, özü də klassik musiqinin vətəni olan İtaliyada təqdim edilib.
Xatırladaq ki, səfər “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin təşəbbüsü ilə baş tutub. İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev bu tədbirlər, Azərbaycan musiqisinin İtaliyadakı təntənəsi barədə “525”ə ətraflı danışıb.
– Azərbaycan səfirliyinin iştirakı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş bu konsert proqramı İtaliyada həqiqətən böyük maraqla qarşılandı. Şuşa musiqi məktəblərinin şagirdləri İtaliyanın tanınmış musiqiçilərinin, ekspertlərin, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri və ictimaiyyət qarşısında maraqlı konsert proqramları təqdim ediblər. Səfərə yüksək səviyyədə hazırlıq görülmüş, milli musiqilərimiz, habelə İtaliya bəstəkarlarının əsərlərindən nömrələr proqrama daxil edilmişdi. Proqram Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə hazırlanmışdı. Şuşalı yeniyetmə ifaçılardan ibarət “Şuşanın dağları” xalq çalğı alətləri ansamblı iyunun 7-də Milanda, ayın 9-10-da isə Romada konsert proqramı ilə çıxış etdi. Konsertlərdə xalq mahnıları və muğamlar, Şuşa haqqında mahnılar, klassik əsərlər ifa olundu. İtaliyaya gedən heyətdə 16 şagird yer almışdı.
Şuşalı musiqiçilər ilk konserti Milanda verdilər. Konsertdən əvvəl mən ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışdım, onların qabiliyyət və istedadının inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verdim. Azərbaycanda mədəniyyətin inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu, bu səfərin də ölkə prezidentinin mədəniyyətə, yaradıcı gənclərə diqqət və qayğısının təzahürü olduğunu vurğuladım.
Eyni zamanda Qarabağ münaqişəsi ilə bağlı icmanın mövqeyini, Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək istəyini, uşaqların münaqişənin günahsız qurbanları olduğunu bir daha önə çəkdim.
Səfir Vaqif Sadıqov isə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışdı, bu müharibədən ən çox qaçqın uşaqların əziyyət çəkdiyini söylədi.
Milan şəhərində bizim uşaqlar italiyalı uşaqlarla birgə konsert verdilər. Bu, hardasa beynəlmiləlçilik, uşaq hüquqlarının müdafiəsi ruhunda keçdi. Həm bu, həm də Roma şəhərindəki çıxışlarımız böyük marağa və alqışlara səbəb oldu.
– Nəzərə alsaq ki, digər musiqi proqramlarından fərqli olaraq bu, işğalın ağrılarını yaşayan və doğma yurdlarını görmək həsrəti ilə yaşayan uşaqların iştirakı ilə təqdim edilən bir proqram idi, bu mənada həmin ifalar iştirakçılarda hansı əhval-ruhiyyə yaratmışdı?
–Əsas məqsədimiz avropalının ürəyinə musiqi vasitəsi ilə yol tapmaq idi. Yəni avropalılara birdən-birə siyasətdən danışanda, işğal faktını önə çəkəndə, onlar belə məsələlərin üzərindən keçməyə cəhd edirlər. Yəni sanki belə informasiyalardan və daha onları qəbul etmirlər. Amma hardasa musiqi səslənəndə, çıxışlar olanda dəyirmi masada kiçik kofe süfrəsi arxasında şəkillərə baxa- baxa müzakirələrin aparılması artıq başqa təəssüratlar yaradır. Qeyd edim ki, biz orda fotosərgi də təşkil etmişdik. Şəkillər vasitəsilə bu uşaqların öz ata-babalarının yurdlarını, evlərini görmədiklərini, hansı ki, bu uşaqların orda oxumalı, böyüyüb boya- başa çatmalı olduqlarını göstərirdik. Həmin uşaqların ən ülvi arzusu oraları görmək, orda yaşamaq, həyatlarını qurmaqdır.
Qarabağ həqiqətlərini əks etdirən sərgilərdə Şuşanın dağıdılmış, yandırılmış abidələrinin fotoları, dilbər guşəmizin işğaldan əvvəlki və sonrakı vəziyyəti, erməni qəsbkarlarının törətdikləri vəhşiliklər italiyalı tamaşaçılarda müəyyən təəssürat yaradırdı.
Düşünürəm ki, bu məqamlar onlara daha çox təsir edirdi və bunu daha effektli üsul hesab edirəm.
–İctimai Birlik olaraq bu istiqamətdə işləri davam etdirmək niyyətiniz varmı?
–Cənab prezidentin dəstəyi ilə bu cür tədbirlər davam etdiriləcək. Çalışacağıq ki, bu istiqamətdə daha səmərəli və effektli tədbirlərə əl ataq ki, yenə də təkrar edirəm, Dağlıq Qarabağ problemi barədə beynəlxalq ictimaiyyət daha dolğun və ətraflı informasiya ala bilsin.
–Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Təbii ki, işğal faktı davam etdikcə İctimai Birlik olaraq sizin də üzərinizə müəyyən vəzifələr düşür. Bu istiqamətdə hansı işləri görməyi düşünürsünüz?
–Bizim başlıca vəzifəmiz öz yurd-yuvasından didərgin düşmüş insanların həmin əraziyə qayıtmasının təmin olunmasıdır. Təəssüf ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə buna nail ola bilməmişik. Amma ümid edirik ki, Kazan görüşündə münaqişə ilə bağlı müsbət irəliləyiş baş verəcək. Qarabağın Azərbaycanlı icması olaraq istər indi, istərsə də bundan sonrakı mərhələdə üzərimizə çox böyük məsuliyyət düşür, çox işlər görməliyik. Düzdür, müəyyən nəticəyə nail olmuşuq, amma düşünürəm, nə qədər ki, Qarabağ problemi həllini tapmayıb, biz daha artıq dərəcədə çalışmalıyıq.
–Kazan görüşündən hamı nə isə gözləyir. Əgər bu görüş ümidləri doğrultmasa, münaqişənin gələcək həlli yolunu necə görürsünüz?
–İcma olaraq biz əlbəttə ki, hər bir görüşə çox böyük ümidlə yanaşırıq. Ümid edirik ki, nəhayət Ermənistan öz tutduğu qeyri-konstruktiv mövqedən əl çəkərək, işğala son qoyacaq və imkan yaradacaq ki, o doğma torpaqların əsl sakinləri öz doğma yurdlarına dönsünlər.
Cənab prezidentin də qeyd etdiyi kimi ilk növbədə münaqişənin sülh yolu ilə həllini istəyirik. Əks halda biz hər birimiz bir əsgərik və Ali Baş komandanın əmrinə tabeyik.
–Bəs Qarabağ münaqişəsinə dair beynəlxalq ictimaiyyətin münasibətini necə dəyərləndirirsiniz?
–Biz İctimai Birlik olaraq beynəlxalq səviyyədə ilkin görüşlərimizi keçiririk. Bu məsələ ilə bağlı bütün dünyanın mövqeyi barədə danışmaq çətindir. Düzdür, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağı bizim ərazimiz kimi tanıyır. Amma kənar müşahidəçi kimi onu deyə bilərəm ki, dünyada bu cür məsələlərə yanaşmada ikili standartlar mövcuddur.
–Sizin icmaların Qarabağ üzrə danışıqlara qoşulmasına münasibətiniz necədir? Buna indiki mərhələdə ehtiyac görürsünüzmü?
– Azərbaycan icması hər bir danışığa hazırdır. Dəfələrlə deyildiyi kimi biz “iki dövlət və iki maraqlı icma” prinsipinə üstünlük veririk. Yəni Azərbaycan və Ermənistan dövlətləri münaqişə tərəfləri olaraq və Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icması. Bəli, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, konstitusiyasını tanıyan, ona əməl edən, riayət edən hər bir şəxslə danışıqlar aparmağa hazırıq.
–Yeri gəlmişkən, bir neçə dəfə Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərləri həyata keçirilib. Bir qədər əvvəl mətbuatda yeni bir səfərin olacağı barədə məlumat yayıldı. Sizcə, “xalq diplomatiyası”nın münaqişənin həllinə hansısa təsiri ola bilərmi?
–Yeni səfərin planlaşdırılması ilə bağlı məlumatım yoxdur. Amma onu deyə bilərəm ki, bu münaqişənin həllinə xidmət edəcək hər hansı bir addımı, hərəkəti biz dəstəkləməyə hazırıq. Arzu edərdik ki, hər bir cəhd münaqişənin həllinə az da olsa öz təsirini göstərsin.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 25 iyun.- S.11.