Mətbuat Şurasında Yunus
Oğuzun “Əmir Teymur” romanının birinci kitabının
təqdimatı olub
MÜƏLLİF “HƏQİQƏTƏ
XİDMƏTLƏRİNƏ GÖRƏ” MÜKAFATINA
LAYİQ GÖRÜLÜB
Dünən Azərbaycan Mətbuat
Şurasında (MŞ) yazıçı-publisist, “Olaylar” qəzeti
və eyniadlı informasiya agentliyinin rəhbəri Yunus
Oğuzun “Əmir Teymur” romanının “Zirvəyə
doğru” adlı birinci kitabının təqdimatı
keçirilib.
MŞ sədri Əflatun Amaşov “Əmir Teymur” kitabının Y.Oğuzun indiyədək işıq üzü görən on əsəri arasında xüsusi yer tutduğunu bildirib: “Bu əsərlərdən dördü tarixi mövzudadır. Yazıçının “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah” romanlarında da eyni dəsti-xəttə – tarixə dürüst, obyektiv mövqedən yanaşma üsuluna sədaqət duyulur. Məhz bunu əsas götürərək qərara almışıq ki, Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının birgə təsis etdiyi “Həqiqətə xidmətlərinə görə” mükafatı ilk olaraq Yunus Oğuza təqdim olunsun “.
Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə nümayəndəsi Mustafa Saatçı “Həqiqətə xidmətlərinə görə” mükafatının təsis olunması təklifinin Mətbuat Şurasından gəldiyini deyib. O bu mükafatın hər il Avrasiya məkanında həqiqətə xidmət edən yazarlara təqdim olunacağını vurğulayıb. M.Saatçı Y.Oğuzu tarixi həqiqətlərin oxuculara çatdırılmasında mühüm xidmətləri olan qələm sahibi kimi xarakterizə edib: “Oğuz ismindən qürur duyuram. Müəllifin əsərlərinin dərinliyinə varan zaman tarixi həqiqətlərə geniş yer verildiyi aydın olur. Müəllifə daha böyük yaradıcılıq uğurları arzulayıram”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də müəllifin yaradıcılığı və yeni kitabı barədə fikirlərini bildirib. R.Məcid deyib ki, Azərbaycan ədəbiyyatında tarixi roman janrının güclü ənənələri və dəyərli nümunələri var. O, Yunus Oğuzun tarixi mövzuda yazdığı əsərlərlə həmin ənənələri davam etdirməyə çalışdığını söyləyib: “Sovet dövründə bu janrda yazılan əsərlərdə tarixi şəxsiyyətlərlə bağlı əsl həqiqətlər çox zaman arxa planda qalırdı. Onda məqsəd bu yolla rəsmi ideologiyaya xidmət idi. Yunus Oğuzun isə əsərləri tarixə yeni, müstəqil Azərbaycan yazarının baxışıdır”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Y.Oğuza “Həqiqətə xidmətlərinə görə” mükafatının təqdim olunmasını qanunauyğun hadisə adlandırıb. O, kitaba “Əmir Teymur” adı
verilməsini indiyədək belə bir görkəmli şəxsiyyətə
bəzi xarici ölkə yazarlarının
yanaşmasındakı aşağılayıcı niyyətə
ötkəm cavab kimi dəyərləndirib. “Paralel” qəzetinin
baş redaktoru Tapdıq Abbas Y.Oğuzun ədəbi sahədəki
cəsarətinin onun vətənpərvərliyindən,
milli-azadlıq hərəkatının fəal
iştirakçısı olmasından
qaynaqlandığını deyib. “Bakı-Xəbər”” qəzetinin
baş redaktoru Aydın Quliyev Azərbaycan və Türk
tarixinin öyrənilməsi sahəsindəki boşluğun
aradan qaldırılması baxımından tarixi romanların xüsusi
əhəmiyyətə malik olduğunu söyləyib və
Y.Oğuzun bu yöndə önəmli iş
gördüyünü vurğulayıb. Tarixin təkcə
quru faktlardan, statistik rəqəmlərdən ibarət
olmadığını bildirən “Xalq Cəbhəsi” qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli romanda dövrün mənzərəsinin
real cizgilərlə təqdim olunduğunu vurğulayıb.
“Unikal” qəzetinin redaktoru Eldəniz Elgün də bu fikrə
şərik çıxaraq, Əmir Teymurun dövlət
qurucusu kimi dolğun obrazını yaradan müəllifin
reallığa üz tutduğunu söyləyib. “Assa-İradə”
İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas, “Xalq qəzeti”nin
baş redaktor müavini Tahir Aydınoğlu, “Qərbin səsi”
qəzetinin baş redaktoru İnşallah Hüseynov və
MŞ İdarə Heyəti üzvlərinin
çıxışlarında da müəllifin
yaradıcılığı və yeni əsəri müxtəlif
prizmalardan səciyyələndirilib. Sonda Y.Oğuza “Həqiqətə
xidmətlərinə görə” mükafatı təqdim
olunub.
Y.Oğuz mükafata görə Mətbuat Şurasına və Dialoq Avrasiya Platformasına təşəkkürünü bildirib. O, “Əmir Teymur”un ikinci kitabının də hazır olduğunu və yaxın zamanlarda nəşr ediləcəyini söyləyib.
AQİL
525-ci qəzet.- 2011.- 29 iyun.- S.7.