55-ə 5 gün qalmış...
...Sənə bu məktubu yazmaq qərarına gəldim. Cəmi 5 gündən sonra tamamlanacaq 55 yaşına mənim hədiyyəm də qoy bu yazı olsun. İnanıram ki, iyulun 4-də səni çoxları təbrik edəcək, doğmaların, əzizlərin, dostların, həmkarların, tanışların, yaxından-uzaqdan ünvanına teleqramlar, təbrik zəngləri olacaq, hədiyyələr, gül-çiçəklər çox sevdiyin yaz yağışları kimi başına yağacaq, şəninə gözəl sözlər, təriflər söylənəcək . Sağlığına qismət! Bu sənin halal-hümmət haqqındır! Hümmət dedim, yadıma səni bu dünyaya bəxş edən iki gözəl insandan biri- cənub bölgəsinin sayılıb seçilən ağsaqqalı rəhmətlik Hümmət Lalayev düşdü, Allah yerini cənnət eləsin ki, sənin kimi bir oğul tərbiyə edib. Canın, nəfəsin saydığın Əzizə ananın ruhu şad olsun ki, sənin kimi övlad yetişdirib.
Sən də sağ ol ki, düz 55 ildir ki, Tanrının verdiyi ömrü insan kimi, Vətəndaş kimi yaşamağa, xalqına, millətinə xidmət etməyə, layiqli övlad, yaxşı qardaş, istedadlı yaradıcı, ürəyi uşaqlarının, nəvələrinin, qardaş-bacılarının qayğıları ilə alışıb yanan ata-baba, günün istənilən məqamında dost çağrışına tələsən şəxsiyyət kimi bizimlə bir yerdəsən. Allah səni bizə çox görməsin, qardaşım!
Biz hamımız bir-birimizi kiminsə vasitəsi ilə tanıyırıq, bəzən bu tanışlıq səmimi dostluğa çevrilir, bu insanlarla bir ömür boyu bərabər yol gəlirik, dostlarımız həyatımızın bir parçasına çevrilir, bir gün də görürük ki, qaynayıb qarışmışıq, sanki eyni ailənin üzvləriyik, bir-birimizin sirr ortağı, qədər yoldaşı, əziz, doğma adamlarıyıq...
Mən səni, bugünkü çoxsaylı dostlarının bəzilərindən daha əvvəl tanıyıram. Bizim tanışlığmıza vəsilə olan xanımsa mənim gənclik rəfiqəm, çox sevdiyim Svetlan xanım Qibləliyevadır. Mənim dostum, sənin həyat yoldaşın Svetlana xanımla indi də tez-tez görüşürük və hərdən deyir ki, sənin qardaşın (səni nəzərdə tutur) yaxşı övlad, qayğıkeş qardaş, canını balalarına və nəvələrinə verməyə hazır olan ata, səmimi dost, xeyirxah insan və çox əsəbi...həyat yoldaşıdır. Sonra tez də əlavə edir, əslində bu qədər qayğının arasında onun bu xasiyyəti heç gözümə də görünmür, çünki bu əsəbi və kirli dünyada şəffaf və sakit qalmaq hələ ki, heç kəsə nəsib olmayıb, neçə deyərlər hərə öz qayğı dağarcığını alıb çiyninə, bir təhər yaşamağa çalışır. Ətrafımız bütövlükdə bir əsəb kələfidir, onun bir teli də bizim Əliqismətin payına düşür. Bu da onun bir naxışı, bir gözəlliyi, evdəkilərə ərkidir! Biz onu belə sevirik...
Sənin portretini cızmaq üçün illərin yaddaş kitabını vərəqləməliyəm, Əliqismət! İlk dəfə görüşdüyümüz Naxçıvandan başlayaq.
Onda mən televiziyanın əməkdaşı kimi və gözəlim Naxçıvana (indi doğrudan doğruya bu şəhər də, bir vaxtlar tamaşaçılarıma tanıtdığım rayonlar da tanınmaz dərəcədə gözəlləşib, illər boyu gəzdiyim qərb şəhərlərini də ötüb keçib. İnşallah, bu mövzuda düşüncələrimi yazacam) tez-tez gedərdim və bu səfərlərdə şəhər mədəniyyət şöbəsinin müdiri Svetlana xanım bizi qarşılayar və çəkiliş müddəti yanımızdan ayrılmazdı. Mən çox vaxt onların evində qalardım, onun rəhmətlik anası Püstə xala bizə dadlı-tamlı yeməklər hazırlayar, maraqlı söhbətlər edərdi.
Belə səfərlərin birində mən əsgəri xidmətdə olan və bir-iki günlük Svetlana xanımgilə baş çəkməyə gələn bir oğlan gördüm. Tanış olduq. Əlini mənə uzadıb gülə-gülə ;
– Mən Əliqismət Lalayevəm, Naxçıvan teatrının aktyoru və rejissoru, özüm də Salyandanam.
Əliqismətin əlini sıxdım və o vaxt heç ağlıma da gəlmədi ki, bu əlin sahibi günlərin birgünü, mənim həyatımın böhranlı anlarında ən sadiq və dəyanətli dostlarımdan birinci kimi yanımda olacaq, mənə qismən də olsa acımı unutdurmağa kömək edəcək, arxa-dayaq duracaq...
Açığını deyim ki, o vaxt hərbi geyimli bu cavan oğlanı mən Svetlana xanımın yaxın qohumlarından biri saymışdım, onun Salyanlı olması, İncəsənət İnstitutunu bitirdikdən sonra təyinatla Naxçıvana gəlməsi və Cəlil Məmmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrında həm rejissor, həm də aktyor kimi özünü tanıtmağa, təsdiq etməyə çalışması da məni heç təəccüblənmədi və düşündüm ki, hər birimizin Ordubaddan Qubaya, Bakıdan Şəkiyə, Gəncədən Salyanacan hər yerdə qohumumuz, yaxınımız ola bilər, bu qohumumuz da bizə qonaq gələ bilər, burada qəribə nə var ki...
Həmin axşam üçlükdə xeyli söhbət etmişdik, teatrdan, poeziyadan, musiqidən, təsviri sənətdən danışmışdıq, Əliqismət arzularından, oynamaq istədiyi rollardan, quruluş vermək niyyətində olduğu əsərlərdən söz açmışdı..
Lap sonralar öyrəndim ki, əslində Əliqisməti bu evə çəkib gətirən mənim düşündüyüm qohumluq bağları deyilmiş.Bu cavan oğlan sevdalıymış mənim dəmir xarakterli, ötkəm və dilli-dilavər rəfiqəmə. Ancaq onda o qədər saf və sadədil idim ki, iki gəncin səmimi münasibətinə hansısa bir məna vermək, don geyindirmək heç ağlımın ucundan da keçmirdi. İndi fikirləşirəm nə yaxşı ki, Əliqismət mənim yaxşı tanıdığım, nəslinə, nəcabətinə bələd olduğum bir xanımla ailə qurub, əks təqdirdə ona bu qədər ərk eləməzdim, arxalanmazdım, sirrimə-sözümə ortaq eləməzdim onu.
Sonralar da dəfələrlə görüşdük. Naxçıvan Poeziya teatrında oynadığın tamaşaya baxdım. Azərbaycan poeziyasının parlaq siması, Şərqin ən böyük şairi və filosofu Hüseyn Cavidi oynayırdın. Sən o vaxt milli teatrımızın səhnəsində Cavid obrazını canlandıran ilk aktyor idin.
O vaxt sən səhnəyə çıxanda yaxşı bilirdin ki, Hüseyn Cavidi görən, hələ də onu xatırlayan insanlar yaşayır bu torpaqda, onlar da baxacaq bu tamaşaya. Ən əsası, Turan Cavid “illər sonra sevgili babasını yenidən, həm də canlı görmək üçün gələcək”. Turan xanıma da nəyisə bəyəndirmək hər oğulun hünəri deyildi ha...
Sən çiyinlərinə düşən məsuliyyəti sövq-təbii hiss eləmişdin və tamaşa boyu bütün varlığınla Cavidə sevgini izhar eləməyə çalışırdın. Sən o arıq, cılız vücudunun (maşallah, indi kilolarla əməlli-başlı dostlaşmısan) bütün əzaları ilə ulu şairin dilindən “Mənim Tanrım gözəllikdir, sevgidir” –deyirdin və salona toplaşan tamaşaçılar kimi mən də sənə elə Cavid əfəndiymişsən kimi inanırdım, bu böyük və qüdrətli söz ustadımızı dinləyirmişəm kimi heyranlıqla səni izləyir, söylədiyin hər kəlməyə, hər sözə inanırdım...
Sənin
yaratdığın Cavid, fikri-düşüncəsi,
amalı-məramı ilə bu millətin sənət xəzinəsinə
misilsiz əsərlər bəxş etmiş düha, bu kirli,
bu əclaf və şərəfsiz dünyanın
yetişdirdiyi alçaq və vicdanı sapıq insanların
riyakarlığına, paxıllığına, şərinə-böhtanına
qurban getdiyini bilə-bilə, haqqın nahaqqın
ayağından asıldığını dərk edə-edə,
qurdlar süfrəsində təkləndiyinin fərqinə
vara-vara, uçruma sürükləndiyini görə-görə
şam kimi öz içindəcə əriyir,
çırpınıb, çabalayıb bu yalanların
girdabından özünü və ailəsini qoparmağa
çalışır, mənəvi iztirablarını və
əzablarını qəlbinin dərinliklərinə
gömüb hayqırırdı:
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer
üzünü!”.
Sonralar başqa tamaşalar
da oldu, amma mənim yaddaşımda sən Hüseyn Cavid kimi
qaldın, çünki mən Cavidi də, Cavidin yeganə
yadigarı Turan xanımı da çox sevirdim.
Naxçıvanda işlədiyin
8 ildə həm Musiqili Dram Teatrında, həm də “Poeziya
teatrında” müxtəlif xarakterli obrazlar yaratdın,
tamaşalara quruluş verdin, Naxçıvanın mədəni
həyatında fəal iştirak etdin, tanındın,
istedadın, qabiliyyətinlə yaşıdların
arasında sayılıb seçildin, sözünə, fikrinə
hörmətlə yanaşdılar. Bir vaxtlar özünü
tənha-yalqız saydığın şəhərdə
xeyli dost-tanış qazandın, sevdiyin xanımla ailə
qurdun və günlərin bir günü Bakıya dönəndə
artıq iki gözəl qızın-qoşa qanadın Nurlana
ilə Əzizən vardı, səni o füsunkar torpağa
bağlayan unudulmaz xatirələrin vardı.
Tale bizi Bakıda yenidən
bir araya gətirdi. Sən Filarmoniyada direktor müavini işləyəndə,
Mədəniyyət Nazirliyində məsul vəzifədə
çalışanda, Musiqili Komediya teatrının direktoru
olanda...
Biz səninlə bərabər
bir sıra xarici ölkələrə ezamiyyətə getdik,
mən səni bir insan kimi bu yollarda daha yaxından
tanıdım, sənin ürəyini “gördüm”, hər kəsə
diqqətinin, xeyirxahlığının şahidi oldum, sənə
tapşırılan işə necə məsuliyyətlə
yanaşdığını müşahidə etdim və əmin
oldum ki, Əliqismət Hümmət oğlu məhz belə
olmalıdır, onun başqa cür yaşamağa haqqı
yoxdur....
Bir dəfə böyük nəvən
Vaqifdən soruşdum ki, Əliqismət baban sənin
üçün kimdir, yəni onun nəvəsi olmaq sənin
içində hansı hissləri oyadır, səni
yaşıdların-dan, başqa uşaqlardan fərqləndirirmi?
Xeyli fikirləşdi,
düşündüm ki, bəlkə ona verdiyim sual çətin
görünüb, bir az da fikrimi dəqiqləşdirdim,
sualımı lap sadələşdirdim.
O isə sakitcə:
– Mən sizin
sualınızı başa düşdüm, sadəcə
babamın mənim üçüm nə qədər dəyərli
və əziz olduğunu söyləməyə qadir olacaq
söz tapa bilmirəm, o mənim hər şeyimdir. Kaş mən
də onun kimi ola biləydim, ona bənzəyəydim.
Qəribədir...Vaqifin dediklərini
sən də həmişə öz atan barədə deyirsən.
Deyirsən ki, mən nə qədər
çalışıram-vuruşuram ki, atam kimi olum, amma
görürəm ki, o həmişə məndən öndədir.
Bütün yaxşı xüsusiyyətləri, müdrikliyi,
ağlı, zəkası ilə o təkcə bizim nəslin
deyil, bütün Salyanını ağsaqqalı idi...
Əziz qardaşım, dəyərli
sənətkar dostum! Əməkdar İncəsənət
xadimi fəxri adın, sənətşünaslıq elmləri
namizədi elmi titulun, müəllimlik fəaliyyətin, 100
yaşlı bir teatrın direktoru olmaq məsuliyyətin sənin
yorulmaz fəaliyyətinin, əzminin,
çalışqanlığının bəhrəsidir.
Bunları sən zəhmətinlə, alnının təri ilə
qazanmısan, sağlığına qismət. Amma
Tanrının və taleyinin sənə bəxş etdiyi elə
dəyərli nemətlər, əziz qismətlər var ki, onu
qurban olduğum, hər bəndəsinə nəsib eləmir.
Bu da sənin ağıllı, gözəl balaların, 4
altunsaçlı nəvən-Vaqifin, Ayanın, Riyadın,
Minanıdır ki, sənə bu dünyanın
yamanlığını yalnız onlar unutdura bilər...Allah
pis nəzərdən qorusun...
Biz hamımız 5
yaşımızda 55 (bəlkə bir az, bir az çox) arzu ilə
yaşayırıq, yaşımız artdıqca
arzularımız da çoxalır. 55 yaşında isə bu
arzular məncə daha dəqiq, daha konkret 5 arzu ətrafında
cəmləşir ki, mən sənin həyatının bu
55-ci aşırımında 5 arzumu dilə gətirmək istəyirəm.
Elə bilirəm ki, bu, səni tanıyan və sevən
insanların hamısının arzusudur:
1. Ulu Yaradan sənə uzun
ömür versin. 2. Həmişə canın sağ olsun. 3. Nəvələrinin
toyunu görəsən. 4. Dostların həmişə sənə
sədaqətli və etibarlı olsunlar. 5. Sevdiyin və
ömründən illər verdiyin sənətin daima sənə
sevinc, rahatlıq bəxş etsin.
Köhnə dostun: Telli Pənahqızı
525-ci qəzet.- 2011.- 29 iyun.- S.6.