Kərkük sevdalı azərbaycanlı elm adamı

 

Bağdad Universitetinin filologiya fakültəsindən məzun olduqdan sonra ən böyük arzularımdan biri filologiya üzrə alimlik dərəcəsi almaq idi. Lakin Səddam Hüseyn rejimi və sonrakı məlum hadisələr buna imkan vermirdi. Bizlərdə deyərik: “Niyyətin hara mənzilin ora”. Nəhayət, arzum yerinə yetməyə başladı. İndi azərbaycanlı alim, professor Elman Quliyevin rəhbərliyi ilə “Şəhriyarın İraq yazarlarına təsiri və tədqiqinə dair” elmi iş üzərində işləyirəm.

Hər il azı bir dəfə Bakıya gəlirəm. Burdakı inkişaf məni heyran edir. Bakını tanımaq olmur. Mən Bakıya avtobusla İrandan gəlirəm. Dünən aeroport yolu ilə professor Qəzənfər Paşayevin Bilgədəki bağına getdik. Yollarınızı gördüm. Adam gözlərinə inana bilmir. Necə yollarınız vardır. Eşidəndə ki, bu yolları azərbaycanlılar özləri çəkiblər, sevincim yerə-göyə sığmadı. Allah sizi və Prezidentinizi qorusun!

Mən hər dəfə Bakıdan ədəbiyyata dair çoxlu kitablar, İraq türkmənləri ilə ilgili yazılar aparıram. Dərgilərdə, qəzetlərdə məqalələrimiz çıxır. Bakıya gələndə də Azərbaycanla ilgili İraqda çap olunan yazıları gətirirəm. Bu dəfə professor Mahir Naqibin professor Qəzənfər Paşayevə həsr elədiyi və “Türkman eli” (¹32, 2010) dərgisində ərəbcə nəşr etdirdiyi məqaləni gətirmişəm. Türk və ərəb dünyasında yaxşı tanınan professor Mahir Naqibin məqaləsi ərəb aləmi üçün nəzərdə tutulub. Güman edirəm ki, azərbaycanlı alimin ərəb dünyasına necə təqdim edilməsi azərbaycanlı oxucular üçün də maraqlı olar. Odur ki, həmin məqaləni diqqətinizə təqdim edirəm.

Osmanlı imperiyası süqut etdikdən, I Dünya Müharibəsindən sonra Yaxın Şərqdə bir çox ölkələr Qərb dövlətlərinin, türkdilli xalqlar isə Sovet İttifaqının təsiri altına düşdü. Bu səbəbdən də onlar istər mədəniyyət, istər başqa sahələrdə Türkiyədən ayrı salındı. Türklər həmin dövlətlərdəki elm, mədəniyyət adamları və başqa dairələrlə əlaqə yarada bilmədilər. Bu, 1990-cı ildə Sovetlərdəki türk xalqları istiqlaliyyət qazanana qədər davam etdi. Bu vaxta qədər isə siyasi azadlıqların olmamasını göz önünə gətirsək görərik ki, bu ölkələrdəki tədqiqatçıların çoxu əsərlərini içində yaşadığı siyasi rejimin ideologiyasına uyğun yaratmaq zorunda qalmışlar. Çünki burada türk dünyasının mədəniyyət baxımından eyniliyini isbatlamaq belə suç hesab olunurdu. Ancaq bunun az istisnaları da olmuşdur. Bu istisnalardan biri, bəlkə də ən önəmlisi dəyərli elm adamı Qəzənfər Paşayevin göstərdiyi xidmətlərdir. XX əsrin 60-70-ci illərində İraqda bir rus firmasında mütərcim işlədiyi vaxt gecəni gündüzə qataraq İraq-türkmanlarının folklor materiallarını toplamış, İraq türklərinin şair, ədəbiyyatçı və araşdırmaçıları ilə tanış olmuş, yazılı və şifahi qaynaqlara nüfuz etmişdir. Elmi və ədəbi əhəmiyyəti olan material toplamış, məmləkəti Azərbaycana çox zəngin bir irs ilə dönmüşdür. Həmin tarixdən sonra çoxlu qiyməğli kitablar yazaraq inci kimi sıralamağa başlamışdır. Bu ayrı düşmüş iki qardaşın ilk qovuşmasına gətirib çıxardı.

 

Ayrı düşən iki qardaşın ilk görüşməsi

 

İlk dəfə 1959-cu ildə Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadədən ibarət heyət Kərkükü ziyarət etmişdi. 1981-ci ildə dünyasını dəyişən Rəsul Rza Kərkükə dair silsilə xoyratlar və Kərkük qızına həsr etdiyi “Ağlayan çox, gülən hanı?” adlı uzun bir qəsidə yazmışdır.

Bəxtiyar Vahabzadə də şeirlərində Kərkükü çox dilə gətirmişdir (Alim Bəxtiyar Vahabzadənin bir şeirini ərəb dilinə tərcümə edərək məqalədə vermişdir – M.B.)

Altmışıncı illərdə kərküklü Sinan Səid də Azərbaycanda çalışdı, jurnalistika üzrə fəlsəfə doktorluğunu müdafiə etdi. Azərbaycan radiosunda Nərminə Məmmədova ilə bir neçə Kərkük mahnısını gözəl səsi ilə oxudu və lentə aldırdı. Bu mahnılar indiyə qədər Azərbaycan radiosunda səslənir (Mən şəxsən 22.06.11. səhər saat 10.00-da Azərbaycan radiosunda “Evlərinin önü yonca” mahnısını eşitdim – M.B.). Elm adamı Abbas Zamanov da ədəbi əlaqələr yolunda xidmətlər göstərib. 1968-ci ildə kərküklü Şakir Sabir Vaqifin yubileyinə gələndə Abbas Zamanovla görüşdü. Bu, ədəbi əlaqələrimizə təkan verdi.

 

Paşayevin inci kimi düzdüyü  kitablar

 

Qəzənfər Paşayev 1962-ci ildə Kərkük insanını sanki kəşf etdi. Onun qəlbində sevgi-məhəbbət aşıb-daşmaya başladı. O zamandan İraq-türkman folkloruna və ədəbiyyatına dair kitablar yazmağa başlayıb və indi də davam edir. İlk kitabı Rəsul Rza ilə buraxdığı “Kərkük bayatıları”dır (Bakı-1981).

İndiyə qədər Q.Paşayev 28 kitab yazıb ki, onun da iyirmi biri İraq türkmanlarına həsr olunub. Bu kitablar Azərbaycanda dönə-dönə İraqda, Türkiyə və İranda da çap olunub. Azərbaycan oxucuları İraq, xüsusən də İraq türkman mədəniyyətinə, ictimai və siyasi həyatına çox önəm verirlər. Bu, Qəzənfər Paşayevin təkrar-təkrar çap olunan kitabları sayəsində baş verdi.

Qəzənfər Paşayevin kitablarından əlavə müxtəlif dillərdə çoxsaylı məqalələri türkcə, ərəbcə, rusca, ingiliscə çap olunur, o, konfranslarda məruzələrlə çıxış edir.

Qəzənfər Paşayevin kitabları adi kitablardan deyil. Bu kitablar yüksək elmiliyi ilə seçilir. Onlardan aşağıdakıları göstərmək olar:

“Kərkük bayatıları” (Rəsul Rza ilə birgə. Bakı, 1968), “Arzu Qəmbər” dastanı (1971), “Kərkük mahnıları” (1973), “Kərkük atalar sözü” (1978), “İraq-Kərkük bayatıları” (1984), “Kərkük tapmacaları” (1984), “Altı il Dəclə-Fərat sahillərində” (Bakı, 1985), “Kərkük folkloru antologiyası (1987, 1990), “İmadəddin Nəsimi” (1987), “İraq-türkman folkloru” (1992), “İraq-türkman folkloru” (Bağdad, 1995), “Altı il Dəclə-Fərat sahillərində” (ərəbcə, Bağdad, 1996), “İraq-türkman folkloru” (İstanbul, 1998), “Azərbaycan folkloru antologiyası. İraq türkman cildi. Ə.Bəndəroğu ilə birgə (Bakı, 1999, 2009), “Kərkük folklorunun janrları” (Bakı, 2003), “Kərkük folklorunun janrlar sistemi”. Rusca (Bakı, 2003), “Kərkük dialektinin fonetikası” (Bakı, 2003), “İraq türkman ləhcəsi”, ortaqlı (Bakı, 2004) və s. (Müəllifin sonralar “Nəsimi haqqında araşdırmalar”, “Borcumuzdur bu ehtiram”, “Ədəbiyyatşünaslıq elmimizin patriarxı”, “Dilimiz – varlığımız” kimi kitabları da işıq üzü görüb – M.B).

Bu kitablara diqqət yetirdikdə bir həqiqət üzə çıxır. Türkiyədə İraq türklərinə dair yazılan kitabların yazarlarının hamısı kərküklü olduğu halda, Qəzənfər Paşayevin bu məsələdə iki müstəsna xidməti qabarıq görünür:

1. O, İraq xaricində İraq türklərinin folkloru barədə ilk kitab nəşr edən və iraqlı olmayan ilk elm adamıdır.

2. Qəzənfər Paşayev İraq xaricində İraq türklərinin folkloru mövzusunda 21 kitab nəşr edən ilk və tək elm adamıdır.

1988-ci ildə Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə Qəzənfər Paşayevə üz tutaraq yazmışdı:

“Sən İraqda altı il rəsmi vəzifədə işləyərkən bu sahədə öz vəzifə borcunu yerinə yetirməklə də kifayətlənə bilərdin. Lakin içində qımıldanan vətəndaşlıq hissi daha başqa bir borca səslədi. Bu səs damarlarında axan qan yaddaşının səsi idi. Sənin damarlarında dillənən səs Kərküklü qardaşlarının əsrlərdən bəri qanlarında qoruyub saxladıqları əcdadın – kökün səsi ilə həmahəng səsləndi və səni mənəvi borcunu ödəməyə çağırdı. Sən, bu mənəvi vəzifəni şərəflə yerinə yetirdin”.

Azərbaycan ədəbiyyatşünas alimləri Bəkir Nəbiyev, Yaşar Qarayev, Nizami Cəfərov Qəzənfər Paşayevin elmi fəaliyyətini Bağdadda çıxan “Birlik səsi” dərgisində yüksək qiymətləndiriblər.

İstər azərbaycanlılar, istərsə də İraq türkmanları olsun, bir mədəniyyət, bir mənəvi vətən içində yaşayırıq. Bunu anlamaq üçün Qəzənfər Paşayevin yaratdığı əsərlərə diqqət yetirmək kifayətdir. Bu əsərlər mənəvi birliyi sübutlayan qiymətli xəzinədir. Bu əsərlər nəinki bir vətən içində yaşamağımızı göstərdi, eyni zamanda mənəvi vətən sevgisini bizə anlatdı. Qəzənfər Paşayev 35 ildir ki, İraq türkmanlarına xidmət edir və İraq türkman folklorunu tədqiq edərək türk dünyasına tanıdır.

 

İki önəmli xidmət

 

1. Qəzənfər Paşayevin İraq türkmanlarına dair topladığı kitab, dərgi, qəzet və başqa əsərlər qiymətli bir xəzinədir. O, bu xəzinəni millətinə ərməğan etmək üçün İçərişəhərdə “İraq-Türkman ocağı” yaratdı. Bu ocağın açılışı 1995-ci ildə İhsan Doğramacının anadan olmasının 80-ci ildönümünə təsadüf etdi. İhsan Doğramacı, həyat yoldaşı və oğlu Əli Doğramacı, nümayəndə heyəti prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana gəlmişdi. “İraq-türkman ocağı”nı İhsan Doğramacı təntənəli şəkildə açdı. Qəzənfər Paşayevin İraq-türkman mədəniyyətinə, folkloruna, ədəbiyyatına dair kitabları, başqa əşyaları, eləcə də özünün İraq türkmanlarına dair kitablarını burada cəm etmişdir. Bu bir kitabxananı andırır. Türkman ocağı hər kəsin üzünə açıqdır.

2. 1912-ci ildə Türk hərbçisi Ənvər Paşanın yaratdığı “İslam qurtuluş ordusu” sonralar Azərbaycana gələrək Azərbaycanı xilas etmək üçün ermənilər və ruslara qarşı müharibəyə başladı. İslam ordusuna 600 nəfər azərbaycanlı əsgər də daxil olunmuşdu. Müharibədə İslam Ordusu 1130 şəhid vermişdi. Bu şəhidlərin içində İraq türkmanları da var idi. Onların sayı və məmləkətin hansı məkanından olduğu məlum deyildi. Yalnız Qəzənfər Paşayevin tədqiqatı sayəsində onların 11 nəfər olduğu və 7 şəhidin Kərkükdən, 3 nəfərin Süleymaniyyədən, bir nəfərin isə Bağdaddan olduğu məlum oldu. Kərküklülərin adları Qəzənfər Paşayevin göstərdiyi kimi aşağıdakılardır: Zeynalabdin Xurşid, Tofiq Dərviş Məhəmməd, İbrahim Həsən Saqi, Əli Qalib Abbas, Məhəmməd Abdulla, Sıddıq Hacı Süleyman və Tofiq Məhəmməd. Qəzənfər Paşayev onların doğum və ölüm tarixini də göstərmişdir.

Qəzənfər Paşayev İraq türkman folkloruna, adət-ənənəsinə, məişətinə o qədər bağlanıb ki, bu onun ailəsinə də dərin təsir etmişdir. Onun həyat yoldaşı Arəstə xanım sanki bir kərküklü qadındır. Arəstə xanım kərküklülərin sevincinə sevinir, üzüntülərinə üzülür.

Qəzənfər Paşayevin böyük ailəsi vardır – dörd qızı, bir oğlu. Hamısı Kərkük həyatı ilə bağlıdır. Sanki bu ailə bir Kərkük ailəsidir. Qəzənfər Paşayevin Kərkükə olan məhəbbəti onun “Bu sevda ölüncədi” kitabının meydana gəlməsinə gətirib çıxardı.

 

Bir sual

 

Həqiqətdə Qəzənfər Paşayev Azərbaycan türklərindəndir. Lakin ürəyi Kərkük sevdası ilə döyünür. Kərkük folkloruna dair 21 kitab yazmaq elə də asan iş deyil. Bu, zəngin biliyə, məxəzlərə bələdlik tələb edən işdir. Əcnəbilər və yerlilər ərəblər və kürdlər üzərinə kitablar yazıblar. Lakin Qəzənfər Paşayev yeganə əcnəbidir ki, Kərkükün mədəniyyətinə, ictimai həyatına qiymətli kitablar həsr edib. Biz sormaq istəyirik, Qəzənfər Paşayevdən başqa kimsə bu işləri görə bilibmi? Kərkükdə yaşayan qeyri-türkmanlar Qəzənfər Paşayevin türkmanların zəngin mədəniyyətinə dair topladığı materiallardan özlərində toplaya biliblərmi? Gələcək nəsillərə mədəni irslərindən bir şey qoya bildilərmi? Onların Qəzənfər Paşayev səviyyəsində kimsələri varmı ki, mədəni irslərini üzə çıxarsın?

Kərkükün kimliyini doğru isbat etmək üçün Qəzənfər Paşayev ən mühüm istinad mənbəyidir. Bu, təkcə mənim deyil, bütün İraq-türkman ziyalılarının fikridir.

 

 

Məhəmməd BAYAT,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Mahir NAQİB,

Professor

 

525-ci qəzet.- 2011.- 29 iyun.- S.7.