“Cəmiyyətimizin fəaliyyəti
bizə qurultaya alnıaçıq gəlmək imkanı
verir”
SAMİR İMANOV: “ƏGƏR DİASPORUMUZ FƏAL
OLMASAYDI, XARİCDƏKİ RƏSMİ QURUMLARIMIZ ÇOX
ŞEYƏ NAİL OLA BİLMƏZDİLƏR”
Dünya Azərbaycanlılarının
üçüncü qurultayına hazırlıq işləri
davam etdirilir. Müxtəlif ölkələrdə fəaliyyət
göstərən Azərbaycanın diaspor təşkilatları
qurultaya təqdim etmək üçün bir sıra yeni təkliflər
hazırlayıblar. Qurultay ərəfəsində “525”ə
müsahibə verən Birləşmiş Ərəb Əmirliklərində
(BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin
sədri Samir İmanov rəhbərlik etdiyi qurumun fəaliyyətindən
də danışıb.
– 1994-cü ildən digər
soydaşlarımızla birgə burada mehriban şəraitdə
yaşayıb, qarşılaşdığımız problemləri
müəyyən qədər özümüz həll edirdik.
Amma 2004-cü ildə Diasporla İş üzrə Dövlət
Komitəsinin təklifi və BƏƏ-dəki Azərbaycan səfirliyinin,
burada daimi yaşayan azərbaycanlıların iştirakı
ilə “Azərbaycan” Cəmiyyəti adlı qurum yaratdıq və
mən qurumun sədri seçildim. Ola bilsin ki, cəmiyyətin
yaranma gününə qədər 10 il ərzindəki müəyyən
xidmətlərim belə qərarın
çıxarılmasına imkan verdi. “Azərbaycan” Cəmiyyəti
üçün dövlətimizə və xalqımıza
xidmət etmək ən əsas məsələdir
Ötən müddət ərzində gördüyümüz işlərə gəlincə, qısaca onu deyə bilərəm ki, BƏƏ-də Azərbaycan xalqının və dövlətinin maraqlarını bütün sahələrdə (siyasi, ictimai, mədəni, təhlükəsizlik, milli və dini) yüz faiz təmin edə bilmişik. Dövlətimizin apardığı xarici siyasət, gördüyümüz işlər nəticəsində BƏƏ-də dövlət və ictimaiyyət tərəfindən istədiyimiz kimi qəbul edilirik.
– BƏƏ-də nə qədər azərbaycanlı yaşayır? Onlar hansı problemlərlə bağlı sizə müraciət edirlər?
–Bu ölkədə orta hesabla min nəfərə yaxın soydaşımız yaşayır. Problemlərə gəlincə, uşaqların məktəbə verilməsindən başlamış xəstəliklər, işə düzəlmə, təsadüfən yerli orqanların səhvi üzündən polisə düşmək, müxtəlif sahələrdə haqsızlıqlarla üzləşmək kimi problemlər ola bilər. Qətiyyətlə bildirmək istərdim ki, bütün bu müraciətlər öz müsbət həllini təmənnasız olaraq tapıb.
–Yerli ictimaiyyət və dövlətlə münasibətləriniz hansı səviyyədədir? “Azərbaycan” Cəmiyyətinin fəaliyyətə başlamasından sonra ölkəmizə və BƏƏ-də yaşayan soydaşlarımıza münasibət necə dəyişib?
–İstər dövlət, istərsə də ictimaiyyətlə münasibətlərimiz nümunəvi səviyyədədir. Bizim xalqın nümayəndələrinə hər zaman gözəl münasibət olub, çünki Azərbaycanla BƏƏ-nin həm mental, həm də dini və digər cəhətlərdən oxşarlığı çoxdur. Hətta böyük rütbəli zabit də bir dəfə mənə demişdi ki, sizin soydaşlarla hər hansısa bir texniki problem ortaya çıxarsa onlar özlərini çox mədəni, təmkinlə aparırlar, digər MDB dövlətləri vətəndaşlarından fərqli olaraq. Təbii cəmiyyətimizin təşkil etdiyi tədbirlər və toplantılarda hər zaman yerli qurum və vətəndaşlarla əlaqələrin hansı vasitələrlə daha da möhkəmləndirilməsi yolları müzakirə edilir.
Dubay əmirliyindəki bütün nazirlik və komitələrin rəhbərliyi cəmiyyətimizin rəhbərliyini yaxından tanıyır və bizimlə əməkdaşlıq edir. Hətta dövlət əhəmiyyətli böyük tədbirlərə, qurultaylara, simpoziumlara da bizi dəvət edirlər. Bir nümunə deyim. Azərbaycanda uzun illərdir Dubaya məxsus Derul-ber xeyriyyə cəmiyyəti fəaliyyət göstərir, onlar bu illər ərzində ölkədə xeyriyyəçilik aksiyaları keçiriblər, lakin kiçik məbləğlərdə və hazırda onların böyük xeyriyyə layihələri var. Azərbaycanda isə buna vəsaiti Dubayın müvafiq nazirliyi ayıra bilər. Mənə xəbər veriblər ki, məsələ müsbət həll olunub və vəsait ayrılacaq. Yalnız bu deyil, ümumiyyətlə bütün sahələrdə Azərbaycan dövlətinin maraqları çərçivəsində hər bir məsələ öz həllini bir neçə saat ərzində tapır.
–Bəs “Azərbaycan” Cəmiyyətinin qarşısında hazırda nə kimi vəzifələr durur?
–Yuxarıda qeyd etdiyim kimi ilkin vəzifəmiz bu ölkədə Azərbaycanı olduğu kimi tanıtmaq və bizim siyasətimizə dəstək vermələrinə nail olmaqdır. İstər Qarabağ məsələsində, istər iqtisadi və ya digər sahələrdə. Məqsədə çatmağın yalnız bir yolu var; gərgin iş sayəsində və ən əsası bu işi sevərək etmək.
– “Azərbaycan” Cəmiyyətinin BƏƏ-də fəaliyyət göstərən digər icmaların, məsələn türk, rus və digərlərinin təşkilatları ilə münasibətləri nə səviyyədədir? Hansısa əməkdaşlıq mövcuddursa, onu inkişaf etdirilməsi perspektivini necə qiymətləndirirsiniz?
–Təbii, Türk diasporu ilə əlaqələrimiz var. Cəmiyyətimizin rəhbərliyini bəlkə də 7 min türk arasında tanımayan yoxdur. Hətta Türkiyənin səfirlik və konsulluğu ilə də sıx əlaqələrimiz və mütəmadi görüşlərimiz olur. Ayda bir neçə dəfə müxtəlif tədbirlərdə görüşür və müxtəlif məsələləri müzakirə edirik. Amma BƏƏ-ki türk qardaşlarımız əsasən biznes sahəsinə üstünlük verir, nəinki diaspora işinə. Deyərdim ki, cəmiyyətimiz “erməni soyqırımı” məsələsində onlardan çox fəaldır. Bu gün əldə etdiyim məlumata görə, Amerikanın Dubay Universitetində qondarma “erməni soyqırımı” dərsləri keçilir, bu barədə Türkiyənin Dubaydakı konsuluna məlumat verib, müzakirələr aparmışıq. Əminəm ki, məsələni həll edəcəyik və bu, dərslərdən çıxarılacaq.
–BƏƏ-də erməni diaspor təşkilatları fəaldırlarmı? Azərbaycan diasporu onların təbliğat və fəaliyyətini zərərsizləşdirə bilirmi?
–Bir neçə il əvvəl müsahibəmdə demişdim, bir dəfə də təkrar edirəm ki, erməni diasporu bilir ki, Azərbaycanın ünvanına bir söz desə, onlara kömək edən kimliyindən asılı olmayaraq ən böyük cəza alacaq. Yerli dövlət tərəfindən artıq bu sınaqdan keçib və erməni bu ölkədə öz yerini bilir. Dediyim kimi türklər diaspora işində zəif işlədikləri üçün ermənilər onlara qarşı yalan olan aksiyaları keçirə bilirlər. Xatırlayırsınızsa, 2008-ci ildə futbol oyunu zamanı İrəvana Abdulla Gül də getmişdi. Yalnız onda onlar türklərə qarşı böyük məqalə dərc etdirdilər və cəmiyyətimiz türklərə bir söz demədən baş prokurorla və təhlükəsizlik nazirliyinin rəhbərliyi ilə bu məsələni müzakirə etdi. Bir ay ərzində qəzet təkzib verdi. Buna görə erməni gözəl bilir biz izin vermərik kimsə onlara kömək edib, bizə qarşı ədalətsizlik etsin. İşimizi elə qurmalıyıq ki, heç bir ərəb ermənini qəbul etməsin və onları dinləməsin. Bunun üçün hər gün 15 saat istirahətsiz işləmək lazımdır, bu bəlkə bir qədər çətin, amma şərəfli işdir.
–Azərbaycan həqiqətlərinin, ölkəmizin mədəniyyətinin və incəsənətinin BƏƏ-də təbliğatı hansı səviyyədədir?
– Hər ay bu məqsədlə müxtəlif tədbirlər keçirib, Azərbaycanın mədəniyyəti, tarixi incəsənəti barədə iştirakçılara məlumat verib, onlara kitablar, musiqi diskləri hədiyyə edirik. Salonda Azərbaycan musiqisi eşidilir və Qarabağla bağlı kitablar istər bayram, istərsə də hüznlü ildönümlərində tədbir iştirakçılarına verilir. Bu materiallar bizə DİDK tərəfindən mütəmadi göndərilir, əks təqdirdə sözlə hər şeyi anlatmaq mümkün olmazdı. Cəmiyyətlərə mütəamadi olaraq təkcə DİDK deyil, həm də XİN, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əyani vasitələr, kitab, broşurlar disklər göndərilsə, bu, ümumi işimizə çox kömək etmiş olar.
–Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz hansı səviyyədədir? DİDK ilə əməkdaşlıq sizi qane edirmi?
–Dediyim kimi, bizə DİDK-dən başqa digər heç bir qurum kömək etməyib. Sanki onlar ümumiyyətlə yoxdur. Düşünürəm ki, milli lider Heydər Əliyevin bu Komitəni yaratması, rəhbərliyə peşəkar diplomatları təyin etməsi onun uzaqgörən siyasətinin nəticəsidir. Əgər Komitə fəal işləməsəydi, əlaqələndirmə belə qurulmasaydı, biz xaricdə yaşayan azərbaycanlılar 1994-cü il səviyyəsində qala bilərdik. Hər bir işin uğuru o işin başında duran adamdan asılıdır. Qeyd etdiyim kimi cəmiyyətimiz Komitə rəhbərliyinin təşəbbüsü ilə yaradılıb. Biz xaricdəki diaspora qurumları da öz tərəfimizdən dövlətimizə və Komitəyə dəstək olmalıyıq və yalnız bu halda uğurlar əldə edə bilərik.
–Sizin fikrinizcə, Dünya Azərbaycanlılarının ikinci Qurultayından ötən müddət ərzində dünyada Azərbaycan diasporunun mövqeləri necə inkişaf edib? Siz Azərbaycan diasporunun xeyli gücləndiyi fikri ilə razısınızmı?
– İkinci Qurultaydan sonra xaricdəki təşkilatlarımız qarşılarında konkret məqsəd gördülər və bu məqsədə çatmaq üçün yollar müzakirə edildi. Yalnız ikinci qurultay deyil, bu tədbirdən sonra biz cəmiyyət rəhbərləri istər Azərbaycanda, istərsə də müxtəlif ölkələrdə toplanaraq ən aktual və lazımlı məsələləri müzakirə etmişik. Bu yığıncaqlar da DİDK tərəfindən təşkil edilib və maliyyələşdirilib. Tam əminliklə deyə bilərəm ki, əgər xaricdə Azərbaycan diasporu böyük səy və vicdanla işləməsə bizim xaricdəki rəsmi qurumlarımız çox şeyə nail ola bilməzdilər. Bizim də mütəşəkkil işləməyimizə əsas səbəb vaxtilə yaradılan DİDK peşəkar fəaliyyətidir. Bu sözləri əminəm ki, xaricdəki hər bir qurum rəhbəri təsdiq edər.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 29 iyun.- S.4.