Azərbaycan təsviri sənətinin kraliçası

 

Azərbaycan təsviri sənət tarixində öz layiqli dəsti-xətti və yaradıcılıq manerası ilə seçilən qadın sənətkarlarımıza az-az təsadüf etmək olar. Özünün xüsusi yaradıcılıq istedadı ilə həmkarlarından fərqlənən və dövrünün qabaqcıl sənət adamlarının diqqətini cəlb edən belə rəssamlarımızdan biri Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədova (1924-1965-ci illər) olub. Onun keçdiyi qısa, lakin dolğun sənət yolu ilə tanış olanda tamaşaçı bir daha sadalananları özündə yəqin etmiş olur.

Tanışlıq üçün qeyd edək ki, Vəcihə Əli qızı Səmədova Bakı şəhərində dünyaya göz açıb. Onun atası Türkiyənin Qars şəhərindən, anası isə Cənubi Azərbaycandan idi. Valideynlərinin sənətə olan maraqları balaca qızcığazın tale yolunda öz həlledici rolunu oynayıb desək, səhv etmərik. V.Səmədvanın sənətə gəlişi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbindən başlayır (1939-cu il). Beləliklə V.Səmdova 1944-cü ildə rəssamlıq məktəbini müvəffəqiyyətlə bitirir. Sənətə olan sonsuz məhəbbət gənc rəssamı ölkəmizdən uzaqlara – Moskva şəhərinə gətirir. V.Səmədova V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunur və sənətin mürəkkəb və özünəməxsus incəliklərini müəllimləri – V.Yakovlevdən və P.Korindən böyük maraqla öyrənir. 1951-ci ildə tamamladığı diplom işinə (“Azərbaycan bəstəkarları”) tamaşa edən müəllimləri təkidlə rəssamın təhsilini daha üç il aspiranturada davam etdirməsini məsləhət görürlər. Beləliklə V.Səmədova mükəmməl şəkildə sənətin sirlərinə yiyələndikdən sonra artıq onun institutda qalıb tələbələrə dərs verməsi tövsiyə olunur. Lakin rəssamın ölkəsinə olan sevgisi onu öz doğma şəhəri Bakıya gətirir. Yüksək istedad və xüsusi səylə arayıb-axtarmaq həvəsi tezliklə rəssamın daxili potensialının təzahürünü üzə çıxarır. Hələ rəssamın tələbəlik illərində yaratmış olduğu diplom işi təsviri sənət aləminə ciddi və istedadlı rəssamın gəlişindən xəbər verirdi. “Azərbaycan bəstəkarları” əsəri mürəkkəb kompozisiya quruluşuna və dərin bədii fəlsəfi sənət meyarlarına malikdir. Rəssam əsərdə təsviri sənətimizdə mövcud olan portret ənənələrindən yaradıcı şəkildə bəhrələnərək və özünün qazandığı biliklərə əsaslanaraq uğurlu bədii əsər yaradıb. İlk qrup portret əsərində rəssam müasir musiqi sənətimizin banisi Ü.Hacıbəyli və onun istedadlı tələbələri F.Əmirov, C.Cahangirov, S.Ələsgərov və Ə.Hüseynzadənin yaddaqalan obrazlarını və fərdi psixoloji cizgilərini təsvir edib.

V.Səmədovanın yaşadığı ömür payını zaman kriteriyasından müqayisə etmiş olsaq, heç də böyük olmayan bu zaman içərisində istedadlı rəssamımızın nələrə qadir olduğunu bir daha yəqin etmiş olarıq. Qısa zaman içərisində rəssam portret, mənzərə süjetli tablo, natürmort və digər janrlarda bir-birindən maraqlı və yüksək sənət meyarlarına xidmət edən əsl sənət inciləri yaradıb. Rəssamın istər portret və mənzərə, istərsə də tematik tablo və natürmort canrında işləmiş olduğu əsərlərinə tamaşa etmiş olsaq onun bir prinsipi əsas götürdüyünü asanlıqla müşahidə edə bilərik. Bu da rəssamın yaratdıqlarına məhəbbəti və yüksək sənətkarlıqla yaratmaq bacarığıdır.

Rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi forma və məzmun dolğunluğunu, mövzuya sərbəst yanaşma ustalığı və professional kompozisiya qurma məharətini, zəngin kolorit həlli və sərbəst yaxı manerasını, ritmik rəng keçidləri, dinamik plastika və işıq-kölgə münasibətlərinin mahiranə əlaqələndirməsi bacarığını qeyd etmək olar.

V.Səmədova portret yaradıcılığında uğurlu nailiyyətlər əldə edib. Onun qısa zaman kəsiyində müxtəlif peşə adamlarının yaratdığı nportet əsərləri bir daha qeyd olunanları təsdiq edir. Rəssam hansı peşənin sahibinin portretini yaratmasından asılı olmayaraq ilk növbədə surətini yaradacağı şəxsin keçirdiyi daxili hisslərini, yaşadığı daxili duyğularını fırçasının gücü ilə kətana köçürməyə çalışırdı.

Rəssamın yaradıcılıq aləminə nəzər yetirdikdə aydın şəkildə duymaq olur ki, V.Səmədova təəssürat rəssamı idi. Yəni sənət dili ilə ifadə etmiş olsaq impressionist idi. Bunu rəssamın mövzuya yanaşmasında daha çox ani məqamlara üstünlük verməsi, nəqledici yox, əhval yaradıcı süjetləri təsvir etməsi ilə, obrazların sadə biçimdə və səmimi hərəkətlərdə təsvir etməsi ilə, təbiət guşələrinin təsvirində daha çox ovqatyaradıcı görüntülərə üstünlük verməsi ilə, kompozisiya quruluşunda ani, keçici məqamları təsvir etməsi ilə, kolorit həllində təmiz günəş işığının, sanki yağış yağmasından sonra yaranmış təmiz hava təravətinin kətanda təsvir etməsi və digər xüsusiyyətlərlə izah etmək olar. V.Səmədovanın portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar.

“Aktrisa Leyla Bədirbəylinin portret”i əsərində rəssam ciddi, son dərəcə səlis rəng yaxıları ilə tam biçimdə qəhrəmanın surətini yaradıb. Yarım profildən masaya söykənmiş halda əllərini qoşalayaraq, başını bir qədər əymiş vəziyyətdə tamaşaçıya sarı baxan aktrisanın bir qədər kədərli çöhrəsi seyrçini həyəcanlandırır. Əsərə öndən verilmiş işıq həlli obrazın üz cizgilərinin bədii ifadəliliyini daha da qüvvətləndirir. Əsərin fonunun sağ tərəfinə düşən surətin kölgəsi tablonun həzin “melodiyasını” gücləndirir.

“Geoloq Minurə Məmmədbəylinin portreti” olduqca bədii təsir qüvvəsinə malikdir. Rəssam son dərəcə uğurlu kompozisiya həllinə nail olub. Belə ki, xanım dəniz gəzintisi zamanı sanki çöhrəsini qəfil tamaşaçıya çevirdiyi anda təsvir edilib. Surətin ani pozası və səmimi hərəkəti – obrazın küləyin təsirindən saçlarının və köynəyinin yaxalığının ritmik yellənməsi dalğaların ləpələnməsi ilə vəhdət təşkil edir və dəniz dalğalarının şahanə görüntüsünü daha da rövnəqləndirir. Dənizin səmanın ənginlikləri ilə qovuşduğu nöqtədə günəşin qürub etdiyi məqam, dənizin dalğalanan ləpələri üzərində işaran günəş şüalarının əksi və bu cür fonda obrazın bədii həlli tamaşaçıya yüksək bədii estetik zövq verir. Əsərin kolorit həlli xüsusi qeyd edilməlidir. Rəssam mahiranə rəng yaxıları və qırmızı, çəhrayı, bənövşəyi, qızılı və gümüşü rəng keçidlərinin əlaqələndirilməsindən məharətlə istifadə edib. Rəssamın bu əsərini bədii işlənilmə və süjet imkanlarının əhatəliliyi baxımından mənzərə janrında işlənilmiş əsər kimi də xarakterizə etmək olar.

Rəssamın yüksək sənətkarlıq metodu ilə yaratdığı portret əsərlərinə xas bədi xüsusiyyətləri onun tematik tablolarına da şamil etmək olar. V.Səmədovanın tematik tablolarına misal olaraq “Mahnı”, “Toy günü”, “Nişan aparanlar”, “Kür qırağında”, “Xəbər gözləyənlər”, “İmtahandan əvvəl”, “Gözləmə” və başqa əsərlərini qeyd etmək olar. Sadəcə bu əsərlərin adlarını eşitdikdə belə tamaşaçıda artıq müəyyən duyğular yaranmağa başlayır. Qaldı ki, bu tablolarla geniş sənət salonlarında baş-başa qalmış olasan.

“Toy günü” əsərində rəssam kənd yerində toya hazırlıq zamanı baş verən olayları görüntüyə gətirib. Bir neçə qadının əhatəsində öz toyuna hazırlaşan gəlinin bəzəndiyi anda təsvir edilməsi cəlbedici görünür. Ətrafdakı qızların sevinc dolu həsədlə baxdıqları gəlinin güzgü qarşısında saçlarını daradığı səhnə dolğun bədii ifadə həlli və emosional təsir gücü ilə seyrçini valeh edir. Mövzunun etnoqrafik və folklor ənənələrinə söykəndiyini də nəzərdən qaçırmaq olmaz. Rəssamın bu səpkidə yaratdığı əsərinə “Nişan aparanlar” adlı əsərini də göstərmək olar.

Rəssamın ən yaddaqalan əsərlərindən olan “Kür qırağında” tablosu mürəkkəb kompozisiya quruluşuna və dərin bədii ifadə həllinə malikdir. Oturmuş vəziyyətdə saçlarını sıxan məqamda təsvir edilən qadının ekspressiv hərəkəti və heyrətdoğurucu plastikası inanılmaz ustalıqla və əsil təkraredilməz sənət metodu ilə yaradılıb. Artıq bu tabloya tamaşa edəndə bir daha duymaq olar ki, rəssam ən ani anda yaranan vəziyyətə xüsusi diqqət yetirərək, çoxlarının belə əhəmiyyət vermədiyi incə nüansları kətana köçürməyi düşünür və əksər hallarda öz istəyinə nail olurdu.

V.Səmədovanın “Xəbər gözləyənlər” adlı əsərinin əsas mahiyyətini intizar, nigarançılıq və kədər təşkil edir. Süjetdə balıqçıların həyatına həsr edilmiş əsəri eyni ilə rəssamın öz həyatı ilə də bağlamaq olar. Belə ki, rəssamın düçar olduğu xəstəlik artıq onun yaxınlarını və dostlarını nigaran qoymuşdu. Qeyd etmək lazımdır ki, belə dramatik mövzulu tablolara rəssamın yaradıcılığında təsadüfi hallarda rast gəlmək olar.

Rəssamın mənzərə əsərlərinə yüksək əhval doğuran lirik estetik bədii xüsusiyyətlər xasdır. Onun ayrıca işləmiş olduğu mənzərə əsərləri ilə yanaşı, portret və tematik tablolarında da təbiət görüntülərinə, dəniz mənzərələrinə və ovqatyaradıcı mənzərə əsərinin xüsusiyyətlərinə rast gəlmək olar. V.Səmədovanın mənzərə əsərlərindən “Qoşqar yaylağında”, “Göy göl”, “Kəpəz”, “Kür sahillərində”, “Zığ”, “Çadırlar” və s. qeyd etmək olar. Rəssam yay aylarında ailəsi ilə birgə rayonlarımıza etdiyi səfərləri zamanı təbiətlə yaxından ünsiyyətindən qaynaqlanaraq maraqlı mənzərə əsərləri yaratmışdır.

Rəssamın ilahinin qüdrətinin möcüzəsi olan Göy gölə həsr etdiyi tabloya tamaşa etmiş olanda, asanlıqla təbiətin gözəlliklərinin onun fırçasının xüsusi dili ilə daha təsirli şəkildə təqdim olunduğunu hiss edirsən. Əlvan yazı manerası və dolğun kolorit həlli ilə tablonun emosional təsir gücü tamaşaçını xoş duyğularla heyrətləndirir.

V.Səmədovanın Bolqarıstana yaradıcılıq ezamiyyəti onun yaradıcılığında yeni istiqamətin inkişafına gətirib çıxarır. Rəssam bir aylıq səfər müddətində yaradıcılıq təcrübəsini artırır və yeni məzmun və forma dolğunluğu ilə yaratdığı əsərləri ilə tamaşaçılarının görüşünə gəlir. Rəssamın bu silsiləyə daxil olan əsərlərinə “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo”, “Sozopolun dənizdən görüntüsü” və başqa əsərlərini qeyd edə bilərik.

V.Səmədova uğurlu yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub. Rəssam qazandığı bilik və bacarığını, özünün yaradıcılıq təcrübəsini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs verdiyi tələbələrindən əsirgəməyib.

Rəssam daima gərgin yaradıcılıq axtarışlarında olub və yüksək əzmkarlıqla fırçasının təkraredilməz yaxıları ilə daxili dünyasını əsrarəngiz tablolarında əks etdirib. Ömür sarayının astanasında onu gözləyən ölüm kabusunu hiss etmədən belə. Qəfil ölüm istedadlı rəssamı çox tez sənət dostlarının sıralarından və yaradıcılıq aləmindən apardı. Yaradıcılığının çiçəklənən dövründə dünyadan köçən V.Səmədova yaşasaydı, hələ neçə-neçə uğurlu tabloların müəllifi ola bilərdi.

V.Səmədovanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Rəssamlar İttifaqının Bədii Sərgi Salonuna rəssamın adı verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın həyat və fəaliyyətinə həsr edilmiş “Azərbaycan Rəngkarlığının kraliçası” adlı sənədli film çəkilib. Sadalananlar bir daha istedadlı rəssamın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən unudulmadığının bariz göstəricisidir. İnanırıq ki, əsl sənətə xidmət edən sənətkar və yaratdığı sənət inciləri heç zaman unudulmayacaq.

 

 

Əsəd QULİYEV,

sənətşünas

 

525-ci qəzet.- 2011.- 17 iyun.- S.6.