Gənc musiqiçilərimizBirinci Uşaq Musiqi Akademiyasında

 

Samara vilayətinin Samara, Tolyatti və Novokuybışevsk şəhərlərində xalq artisti Yuri Başmetin himayəsi altında MDB ölkələrinin Birinci Uşaq Musiqi Akademiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, akademiyada Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Nigar Məmmədova (violonçel), Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Yusif Yusifov (klarnet), Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Atabala Manafov (fortepiano) iştirak ediblər.

Akademiya MDB ölkələrinin vətəndaşları olan, uşaq musiqi və incəsənət məktəblərində və orta ixtisas məktəblərində təhsil alan 10-15 yaşlı uşaqlar üçün ilk dəfə olaraq təşkil edilib. Akademiyada tanınmış musiqiçilər, beynəlxalq müsabiqələr laureatları Yuri Başmet, Aleksandr Buzlov, İqor Fyodorov, Yevgeni Finkilşteyn (Rusiya), Mariza Tansinni, Fulvio Fiori (İtaliya), Tatyana Samuil (Belçika) və Rostislav Krimerin (Belarus) müxtəlif ixtisaslar üzrə ustad dərsləri keçirilib. Görkəmli musiqiçilərin ustad dərsləri həm uşaqlar, həm də onların müəllimləri üçün çox maraqlı və səmərəli olub.

Azərbaycanlı şagirdlər Samara Dövlət Filarmoniyasında, Tolyatti şəhər Filarmoniyasında, Novokuybışevsk şəhər Mədəniyyət Sarayında keçirilən konsertlərdə uğurla iştirak edərək qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 17 iyun.- S.7.