Mahur-yubiley ərəfəsində

 

Bakıxanov qəsəbəsinin mərkəzində yerləşən neftçilərin A.İsgəndərov adına mədəniyyət sarayında uşaqların, yeniyetmə və gənclərin estetik tərbiyəsinə böyük diqqət verilir. Bu saray 1962-ci ildən “Balaxanıneft” NQÇİ-nin balansında olaraq AHİK-in Neft və Qaz Sənayesi İşçiləri HİRK-nin tabeliyində fəaliyyət göstərib,1992-ci ildən tam təsərrüfat hesabına keçirilib. 2006-cı ildən isə mədəniyyət sarayı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Azneft” İB-nin 09 fevral 2006-cı il tarixli 08 saylı, eləcə də Mədəniyyət və İstirahət İşləri İdarəsinin 16 iyul 2006-cı il 01 saylı əmrlərinin icrası ilə əlaqədar Mədəniyyət və İstirahət İşləri Departamentinin balansına daxil edilmişdir.

Tez-tez bu saraydan şən mahnılar, gözəl musiqi sədaları hər tərəfə yayılır. Neftçilər öz asudə vaxtlarını bu sarayda keçirməyi çox sevirlər. Çünki burda onlar üçün tez-tez maraqlı tədbirlər təşkil olunur. Yeni il və Novruz şənlikləri, müxtəlif müsabiqələr, konsertlər, görüşlər təşkil edilir. Məktəblilər, yeniyetmə və gənclər böyük həvəslə mədəniyyət sarayına gəlir, sevdikləri dərnəklərdə məşğul olurlar. Mədəniyyət sarayında “Günay” rəqs ansamblı, bal rəqsləri studiyası, “Vətən” bədii-qiraət dərnəyi, təsviri-sənət studiyası, “Çocuq” studiyası, müxtəlif musiqi dərnəkləri fəaliyyət göstərir. Bu kollektivlərdə 500-dən çox istedadlı yeniyetmə və gənclər məşğul olurlar.

Belə kollektivlərdən biri də sarayın yaradıldığı gündən fəaliyyətə başlayan “Mahur” instrumental ansamblıdır. “Mahur”un maraqlı yaradıcılıq yolu var.

Yüksək sənət yolu nədən başlanır? Əlbəttə ki, onun özülündən, ilk quruluşundan.

“Mahur” ansamblının fəaliyyətində Bəxtiyar və Firuzə Nurməmmədovların böyük əməyi olub. Firuzə xanım 1980-cı ildən ansamblın bədii rəhbəri, onun həyat yoldaşı Bəxtiyar müəllim isə musiqi rəhbəri kimi birgə çalışıb. Firuzə xanım mədəniyyət sarayının bədii rəhbəri vəzifəsinə keçəndən sonra, 1987-2001-ci illər ərəfəsində ansambla Bəxtiyar müəllim rəhbərlik edib.

Gənc həvəskarlara musiqini sevdirən, onun incəlikləri ilə tanış edən Bəxtiyar Nurməmmədov bütün çətin məsələləri həll edən, öz işini sevən, sənətinə vurğun bir adam idi. Bəxtiyar müəllim dünyasını dəyişsə də, onun kollektivdə gördüyü işlər, qoyduğu ənənələr bu günə kimi davam edir.

Ansamblın fəaliyyət göstərdiyi uzun illər ərzində bir çox yeniyetmə və gənclər bu kollektivdə böyük estetik tərbiyə məktəbi keçmiş, sənət aləminə ilk addımlarını məhz burda ataraq öz talelərini professional incəsənətə bağlamışlar. Bunlardan xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər Almaz Ələsgərova, Teyyub Aslanov, ürəklərə yol tapmış Rüfət Axundov, Mehriban Quliyeva, Asif Qurbanov, “Azəri-star” televiziya müsabiqəsinin qalibləri Aynurə Şirinova, Xuraman Ələsgərova, Sadiq Əlimusa oğlu, Cahid Əlibəyov və başqalarını göstərmək olar.

Uşaq yaşlarından ansamblın fəal üzvləri olan Elxan və Etibar Nurməmmədov qardaşları kamança və tar sinfi üzrə A.Zeynallı adına Bakı Musiqi Məktəbini bitirib və hazırda valideynlərinin yolunu davam etdirərək Elxan ansamblın bədii rəhbəri, Etibar isə konsertmeysteri kimi birlikdə “Mahur” instrumental ansamblına rəhbərlik edirlər.

Bu gün ansamblın 30 nəfər üzvü var. Onların əksəriyyəti əməkçi insanlardan, tələbə gənclərdən və müxtəlif müəssisələrdə çalışan oğlan və qızlardan ibarətdir. Kollektivin üzvləri arasında neftçilər, mühəndislər, müəllimlər və ali təhsilli musiqiçilər də var. Qocaman üzvlərdən ansamblın solistləri 70 yaşlı Seymur Xəlilov, 45 yaşlı evdar xanım Uəmalə Arzumanova, 55 yaşlı qarmonçalan Vəkilxan Bağırov kollektivinin ilk təməlini qoyanlardır. Seymur Xəlilov neftçidir, hal-hazırda təqaüddədir. Vəkilxan Bağırov isə 26 saylı Dairə Seçki Komissiyasında gözətçi işləyir. Onlar hər işdə Elxan müəllimin ən yaxın köməkçiləridir.

Ansamblda istedadlı gənclər çoxdur. Bunlardan Mələk Əsədova, Ruhiyyə Əliyeva, Kamil Quliyev, Hidayət Əliyev, Rafiq Ağayev, Anar Cəfərov, Eltun Mehdiyev, Firudin Axundov, Seymur Rəsulov və digərlərini qeyd etmək olar.

Səbuhi Rəsulov ansamblın ən fəal üzvlərindən biridir. Öz məlahətli səsi ilə ürəklərə yol tapan Səbuhi mahnıları özünəməxsus tərzdə ifa edir. Anar Qayıbov İncəsənət Universitetini qırmızı diplomla bitirib, o, həyatını musiqisiz təsəvvür edə bilmir, onun çıxışları tamaşaçılar tərəfindən həmişə alqışlarla qarşılanır. Musiqiyə vurğun olan Rakif Rüstəmov və Etibar Məmmədov mədəni-maarif texnikumunda oxuyurlar. Ansamblın üzvləri müxtəlif peşə sahibləri olsalar da, onları bir arzu, bir amal birləşdirir-musiqiyə olan həvəs. Elə bu həvəs də gənc musiqisevərləri neftçilərin A.İsgəndərov adına mədəniyyət sarayına gətirib çıxarıb. Mədəniyyət sarayı onlar üçün ikinci evə çevrilib. Bu mehriban dostlar mədəniyyət sarayının demək olar ki, bütün tədbirlərində fəal iştirak edirlər. Konsertlərdə çıxış etmək, musiqi ilə məşğul olmaq onlar üçün bir istirahətdir.

Artıq “Mahur”u təkcə Bakıxanov qəsəbəsində deyil, respublikanın bir çox yerlərində də yaxşı tanıyırlar. Gənc musiqiçilər daim yeni auditoriyalar axtarışındadır, yəni mədəniyyət sarayına gəlməyə imkanı olmayan insanların əhatəsindədir. “Mahur” mədəniyyət sarayının tədbirlərində çıxış etməklə yanaşı, tez-tez əmək kollektivlərinin, neft zəhmətkeşlərinin də qonağı olur, istirahət zonalarında, respublikanın bir çox rayonlarında, Ramanadakı “Gənc əlillər evi”ndə, Bilgəhdəki Müharibə və Əmək Əlilləri Pansionatında, uşaq evləri və internat məktəblərində, fəhlə yataqxanalarında, uşaq bağçalarında, hərbi-hissələrdə, Sabunçu rayonunun bütün əlamətdar tədbirlərində maraqlı konsert proqramı ilə çıxış edirlər. Əmək və müharibə veteranları ilə görüşlər, Gül bayramı, Yeni il və Novruz şənliklərindəki çıxışları, neftçilər gününə həsr edilmiş tematik konsertləri hər dəfə tamaşaçılar tərəfindən maraqla qarşılanır. Hər yerdə onları sevinclə qarşılayır, gurultulu alqışlarla yola salırlar.

Kollektivdə təlim-tərbiyə və yaradıcılıq işi düzgün aparılır. Musiqi savadı və vokal üzrə məşğələlərə xüsusi diqqət yetirilir. Müntəzəm olaraq musiqi mədəniyyəti haqqında mühazirələr, azərbaycan bəstəkarlarının əsərlərinin müzakirəsi, görkəmli musiqi xadimlərinin ev-muzeylərinə kollektiv gəzinti və s. təşkil olunur. Bu cür maraqlı məşğələlər gəncləri kollektivə daha çox cəlb edir.

Ansamblın qazandığı nailiyyətlərdə repertuarın düzgün seçilməsi də böyük rol oynayır. Gənc həvəskarların repertuarları çox geniş və rəngarəngdir. Repertuara nəzər saldıqda görürük ki, onlar müxtəlif istiqamətli mövzulara müraciət edib. Ü.Hacıbəyovun, S.Rüstəmovun, U.Cahangirovun, T.Quliyevin, O.Rəcəbovun əsərləri repertuarın əsasını təşkil edir. Azərbaycan bəstəkarlarının mahnılarından əlavə xalq mahnıları, təsniflər, rənglər, dünya xalqlarının mahnıları də repertuara daxildir. Yaxşı mahnılar çoxdur, onları saymaqla qurtarmaz. Lakin əsas yeri doğma vətənimizi, sülhü, əməyi, neftçiləri tərənnüm edən əsərlər tutur.

“Mahur” instrumental ansamblı təkcə iştirakçılara deyil, onu əhatə edən bütün dinləyicilərə sevinc gətirir. İstedadlı gənclər öz mahnıları, ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə hamını cəlb edir. Bu da təsadüfi deyil. Axı, gənc ifaçıların böyük yaradıcılıq xidmətləri vardır. Ansambl dəfələrlə bir çox baxış-müsabiqələrin, festivalların laureatı olub, diplom və fəxri fərmanlarla təltif edilib.

Neft və Qaz Sənayesi İşçiləri HİRK-nin 1999-cu ildə keçirdiyi dənizdə ilkin neftin çıxarılmasının 50 illiyinə həsr edilmiş “Xəzər nefti – 50” xalq yaradıcılığı müsabiqəsində “Mahur” instrumental ansamblı laureat olaraq III yerə layiq görülüb.

2004-cü ildə Respublikanın Silahlı Qüvvələrinə mədəni-hamilik işinin təşkilində yaradıcı və səmərəli fəaliyyət göstərdiyinə, 2009-cu ildə uşaq ilinə həsr edilmiş “Dünyanı uşaqlara verin!” Uşaq Yaradıcılıq Dekadasında fəal iştirakına görə AHİK-in diplomları ilə təltif olunub.

2008-ci ildə AHİK-in Bəstəkarlar İttifaqı və İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə keçirdiyi “Ötən illərin mahnıları” retro-musiqi festivalında ansamblın solisti, hal-hazırda dünyasını dəyişmiş Rəcəb Musayev III yerə layiq görülmüş və pul mükafatı ilə təltif olunub.

Ansamblın nailiyyətlərində mədəniyyət sarayının direktoru Hacı Əliyevin də zəhməti böyükdür. 15 ilə yaxındır ki, bu mədəniyyət ocağına rəhbərlik edən, Ə.Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin məzunu, yüksək ixtisaslı və təcrübəli mədəniyyət işçisi olan Hacı Əliyev mədəniyyət sarayının hər bir üzvünə diqqət və qayğı ilə yanaşır, onların yaradıcılıq planları ilə tanış olur, repertuarların seçilməsində, konsert proqramlarının tərtibatında gənc istedadlara düzgün istiqamət verməyə çalışır. Hacı müəllim “Mahur”ün nailiyyətlərindən fərəhlə danışaraq qeyd etdi:

“Bu yaxınlarda mədəniyyət sarayının 50 yaşı tamam olacaq. Bununla əlaqədar planlarımız böyükdür. Digər kollektivlərlə yanaşı “Mahur” da yubileyə ciddi hazırlaşır. Kollektivimizin öz peşələrinə vurğunluğu, işlərinə ciddi yanaşması bizi çox sevindirir və tamaşaçılar qarşısında məsuliyyətimizi artırır. Sarayımızın yubileyində özfəaliyyət kollektivlərinin çıxışları bir növ hesabat xarakteri daşıyacaq”.

“Mahur” instrumental ansamblı böyük yaradıcılıq yolundadır. Qazanılan müvəffəqiyyətlər onları ruhdan salmır, əksinə gənc musiqiçiləri daha yaxşı çalışmağa ruhlandırır. “Mahur”un qazandığı nailiyyətlər neftçilərin sevinc və fərəhini daha da artırır. Bu nəğməli gənclərdən, istedadlı musiqisevərlərdən ibarət “Mahur” instrumental ansamblı neftçilərin fəxr yeridir.

 

 

Xoşqədəm BAĞIROVA

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının mütəxəssisi

 

525-ci qəzet.- 2011.- 17 iyun.- S.6.