Nuriyyə Əhmədovadan
oxucularına maraqlı nümunələr
Prezident administrasiyasının işlər idarəsinin kitab evində Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tanınmış şair- publisist, polis polkovnik-leytenantı Nuriyyə Əhmədovanın 80 illik yubileyi münasibətilə tədbir gerçəkləşib. Tədbirdə N.Əhmədovanın “Məni yaşadan xatirələr...” və “Dostlar, sizə minnətdaram” adlı kitablarının təqdimat mərasimi baş tutub. Mərasimi giriş sözü ilə açan AYB-nin üzvü, publisist Məsaim Abdullayev müəllifin mənalı ömür yoluna nəzər salıb: “ Elə insanlar var ki, onların ömür yollarını bir neçə kitaba sıxışdırmaq mümkün deyil. Nuriyyə Əhmədova məhz həmin insanlardandır. Müəllifin həyatındakı məşəqqətli, sevincli günləri qələmə alınan kitablarda ehtiva etdirilib. Bu kitablar üzərində işləyərkən əvvəlcə bir qədər tərəddüd hissi keçirdim. Lakin sonradan Nuriyyə xanımla işləmək mənə zövq verdi. Çünki onun hər detala, fakta dürüst yanaşma tərzi, işinə məsuliyyəti mənim üçün çox önəmli idi. Kitabda yer alan mövzular tək Nuriyyə Əhmədovanın ailəsinin başına gələn hadisələr deyil. Bu, ümumilikdə Azərbaycanın böyük bir hissəsinin taleyinin əksidir”.
Yazıçı, publisist Əhəd Süleymanov çıxış edərək N.Əhmədovanın sahib olduğu arxivdən danışıb. Onun sözlərinə görə, həmin arxiv hələ çox kitablar üçün zəngin məxəz rolunu oynayacaq. N.Əhmədovanın yüksək insani keyfiyyətlərini dilə gətirən Ə.Süleymanov bir yerdə işlədikləri illəri yada salıb.
Sonda çıxış edən müəllif tədbirdə iştirak edən hər kəsə dərin minnətdarlığını bildirərək kitabın yaranma tarixçəsini iştirakçılarla bölüşüb.
“Dostlar, sizə minnətdaram” kitabında N.Əhmədovanın son illər qələmə aldığı şeir və hekayələr, eləcə də mərhum həyat yoldaşı Əli Həşimovun cəbhə gündəliklərindən parçalar toplanıb.
Bu nəcib xanımın öz bədii yaradıcılıq nümunələrini nəşr etdirməkdə əsas məqsəd həyatda tanıdığı bütün mərd, xeyirxah insanlara öz səmimi minnətdarlıq hisslərini izhar etməkdir. Kitabın redaktoru Məsaim Abdullayev, ön söz müəllifi Əhəd Süleymanovdur.
“Məni yaşadan xatirələr...” adlı kitabda müəllifin nəsil şəcərəsindən olan adamların taleləri, kövrək, işıqlı xatirələrlə zəngin olan uşaqlıq dünyası, müəllifin yeniyetməlik və tələbəlik illəri, daxili işlər orqanlarındakı əmək fəaliyyətinin gərgin, çətin və şərəfli anları, qarşılıqlı hörmət və sevgi üzərində qurulan ailə səadəti, həyatda rastlaşdığı insanların xeyirxahlığı, yeganə oğlunun, bütün doğmalarının qədirbilənliyi kimi insani hiss və duyğular təsvir olunub. Müəllif həm də 1930-cu illərin təzadlı hadisələri, günahsız insanların faciələri, 1941-1945-ci illər müharibəsinin gətirdiyi fəlakətlər, sonrakı dövrdə təhsil və mədəniyyətimizin yüksəlişi, Azərbaycanımızın istiqlal mübarizəsi, Qarabağ münaqişəsinin ağrı-acıları və başqa ictimai-siyasi hadisələr də öz vətəndaşlıq münasibətini bildirib.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 17 iyun.- S.7.