HEYDƏROV (HEYDƏROĞLU) İBRAHIM BƏY İSA BƏY OĞLU (1879, Dərbənd – 1949, Ankara)

 

Azərbaycan torpağının yetişdirməsi olan bir çox görkəmli adamlarımızı özümüzə yad sayaraq Azərbaycan tarixindən silmişik. Onlardan biri də İbrahim bəy Heydərov/Heydəroğlu’dur. O, XX yüzilin başlanğıcında Azərbaycanın ictimai-ciyasi həyatında çox mühüm rol oynasa da “dağıstanlı”, “ləzgi” və başqa adlar altında yadlaşdırılaraq, haqqında, demək olar ki, heç bir araşdırma aparılmayıb.

İbrahim bəy Azərbaycanın ən əski torpaqlarından olan Dərbənd şəhərinin tariximizə bəxş etdiyi yüzlərcə görkəmli Türk aydın və siyasətçisindən biridir. Bu yazıda biz onun haqqında Azərbaycan tarixşünaslığında ilk və geniş bilgi verməyə çalışacağıq.

Məqalədə İbrahim bəyin nəvəsi, Ankarada yaşayan dostumuz Mina xanım Tansel’in bizə verdiyi bəzi bəlgə və bilgilərdən də yararlanmışıq. Yazının ilk variantı hazır olan kimi onu Mina xanıma göndərdik, o və anası – İbrahim bəyin qızı Fatma xanım çoxlu düzəliş və əlavələr edərək, bir çox bəlgələr də artırmaqla bizə qaytardılar. Beləliklə, indiki bitkin variant ortaya çıxdı. Məqalənin bu səviyyədə alınmasında bizə hər cür yardım göstərmiş möhtərəm Fatma xanıma və Mina xanıma ən dərin minnətdarlığımızı bildiririk.

 

DƏRBƏNDDƏN PETERBURQACAN

 

İbrahim bəy İsa bəy oğlu Heydərov 3 avqust 1879-da ən qədim şəhərimiz olan 5000 il yaşlı Dərbənddə qədim bir zadəgan ailəsində doğulub. Bu soyun böyükləri dəfələrlə Dərbənd şəhərinin başçılarından olub. O, əla təhsil alıb – öncə Teymurxanşura real məktəbini (1897), sonra o zamanlar üçün çox nüfuzlu sayılan Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib (1907). (Yeri gəlmişkən, onun qardaşı Ömər bəy də ali təhsilli mühəndisdi – 1915-də Sankt-Peterburqda I Nikolay adına Mülki Mühəndislər İnstitutunu qurtarmışdı).

Ali təhsilini başa vuran İbrahim bəy ana yurdu Azərbaycana üz çevirib və Bakıda müxtəlif sahələrdə yol mühəndisi işləyib. Hacı Zeynalabdin Tağıyev’in 1907-ci ildə Bakıda bir çox sahibkarlarla birgə çəkilmiş fotosunda İbrahim bəyin onunla yan-yana oturduğunu görürük.

İbrahim bəy çox ağıllı və enerjili bir insandı, bu ağıl və enerjini isə xalqının inkişafı, maariflənməsi işinə sərf etmək istəyirdi. 1907-ci ildə onu Bakıda “Nəşri-maarif” cəmiyyəti idarə heyətinin üzvləri arasında görürük. Həmin ildə 28 yaşlı İ.b.Heydərov artıq yetərincə nüfuzlu bir şəxs kimi Rusiya 3-cü Dövlət Dumasına (1907-1912) Dağıstan vilayəti və Zaqatala dairəsindən deputat seçilərək Peterburqa yola düşüb.

 

RUSİYA DÖVLƏT DUMASINDA

 

Bunu da ayrıca bildirməliyik ki, İ.b.Heydərov əqidəcə sosial-demokratdı. Dağıstanda ictimai-siyasi fikir tarixini araşdıranlar RSDF(b)P-nin Dərbənd təşkilatını məhz İbrahim bəyin Müslüm İsrafilov və başqaları ilə birgə yaratdığını göstərirlər. Buna görə də o, Dumada sosial-demokrat (bolşevik) fraksiyasına daxil olmuşdu. Ancaq çox keçmədən Dumada rus bolşeviklərinin millətçi velikorus şovinizmi yürütdüklərini, milli azlıqların hüquqlarına tam etinasızlıqla yanaşdıqlarını görərək bu partiyanı tərk edib və 3-cü sessiyada müsəlman fraksiyasına keçib. Bolşeviklər onun bu hərəkətinə kəskin mənfi münasibət bəsləyiblər.

Sosial-demokrat (bolşevik) fraksiyasından çıxması haqqında ərizəsində İ.b.Heydərov göstərirdi: “Əhali məni Dumada Dağıstan müsəlmanlarının yerli ehtiyaclarını müdafiə etmək üçün seçib. Fraksiyada qalmaqla mən bunu edə bilmirəm, ona görə də çıxıram... Partiyanın proqramı yerli əhalinin maraqlarını ödəmir... Əhalinin ehtiyacları, əsasən, dini sahədədir və mən onları müdafiə etməyə borcluyam”.

“XIX yüzildə Dağıstan xalqlarının fəlsəfi və ictimai-siyasi düşüncə tarixindən” adlı sanballı monoqrafiyanın müəllifi M.A.Abdullayev bu dönəmdə Dağıstanda islahatçı düşüncənin yayıcıları Həsən Əlqədari, Əli Qayayev, Maqoma-Süleyman, Bədəvi Səidov’la bir sırada İbrahim bəy Heydərovun da adını xüsusi qeyd edir. Onlar xalqın elm və texnikadan geri düşməsini təəssüflə qarşılayır, buna əlac etməyə çalışırdılar. İbrahim bəy Heydərov yazırdı: “Ağılla yaşamaq lazımdır, ağıl isə ondan ötrü gərəkdir ki, Allahı tanıyasan, sonra isə insanlarla yaxşı rəftar edəsən və zəmanənin tələbinə uyğun yaşayasan”.

Bu dövrdə İ.b.Heydərovun Dumadakı Rusiya müsəlmanlarının, xüsusən Cənubi Qafqazdakı dindaşlarının hüquqlarını müdafiə edən alovlu çıxışları Azərbaycanın da türkcə və rusca mətbuatında geniş işıqlandırılırdı. Məsələn, “Kaspi” qəzeti özünün 23 oktyabr 1910 tarixli 240-cı sayında Dövlər Dumasının üzvü İbrahim bəylə söhbət dərc edib və burada ibtidai məktəblərdə təhsil məsələsi geniş müzakirə edilib.

Ümumiyyətlə, İbrahim bəy Heydərovun Dumadakı fəaliyyətində təhsil və maarifçilik məsələsi daim öndə durub. Deputatlara ibtidai məktəblərlə bağlı bir qanun layihəsi təqdim edildiyi zaman Qafqazdan İbrahim bəy Heydərov, Xəlil bəy Xasməhəmmədov, N.S.Çxeidze və b. onu kəskin tənqid edərək bildirmişdilər ki, bu qanun layihəsi qeyri-rus xalqların dil və mədəniyyətinə qarşı yönəldilib. Dumanın Müsəlman fraksiyası adından çıxış edən İbrahim bəy demişdi ki, bu layihə ibtidai məktəbləri dövlətin şovinist siyasətinin alətinə çevirməyə yönəldilib. O, çıxışında dövləti qeyri-rusların hüquqlarının genişləndirilməsi, millətlərarası münasibətlərdə demokratikləşmə aparılması, Rusiyada konstitusiya quruluşunun möhkəmləndirilməsi zərurətinin yarandığına inandırmağa çalışırdı. Onun və X.b.Xasməhəmmədovun da qatıldığı bir qrup deputat Rusiyada dini təhsilin durumunu kəskin tənqid etmişdi.

İbrahim bəy Heydərovun çıxışları Azərbaycanda daim rəğbətlə qarşılanıb. Həmin çıxışlardan biri hətta ayrıca kitab şəklində nəşr olunub: “Dağıstan mahalı Zağatal okruğundan intixab edilmiş Üçüncü Dövlət Duması üzvü İbrahim bəy Heydərovun 3-cü Dövlət Dumasında söylədiyi nitqinin stenoğrafidən əxz olunan tərcüməsidir” (Bakı, İ.b.Aşurbəyovun “Kaspi” mətbəəsi, 1912, 16 s.). “İqbal” qəzeti özünün 12 iyun 1912 tarixli sayında onun Dumadakı çıxışını, 18 iyul tarixli sayında isə portretini dərc edərək bu kişini oxucularına tanıtmaq istəmişdi.

 

GENERAL ƏRƏBLİNSKİNİN VƏ H.Z.TAĞIYEVİN QOHUMU

 

Ankarada yaşayan qəzetəçi dostumuz Mina xanım Tansel’in anası Fatma xanım İbrahim bəy Heydərovun qızıdır. Bu yaxınlarda öyrəndik ki, sən demə, Fatma xanımın anası, yəni İbrahim bəyin həyat yoldaşı Nisə xanım (1900-1943) general Balakişi bəy Ərəblinski’nin (1828-1902) oğlu Cahangir bəy’in qızı imiş. Başqa sözlə desək, generalın nəvəsi ilə evlənmiş (1915) İbrahim bəy generalın qızı Sona xanım’la ailə qurmuş millət atası Hacı Zeynalabdin Tağıyev’lə də qohumdur.

İbrahim bəy Türkiyəyə getdikdən sonra onun ailəsiylə Tağıyevin Türkiyəyə mühacirət etmiş övladları arasında sıcaq münasibətlər yenə davam edib. Bunu Mina Tanselin bugünlərdə bizə yazdığı məktubdan öyrənirik. Mina xanım bildirir ki, Hacının qızı Leyla xanım’la İbrahim bəyin yoldaşı Nisə xanım çox yaxın olublar. Nisə xanım kiçik qızı Şermin’i dünyaya gətirmək üçün İstanbula getdiyində Leyla xanımın evində qalıb. Leyla xanım daha sonralar ailəsiylə Parisə köçüb.

Çox gənc qızla – Sona xanım Ərəblinskaya ilə evləndiyinə görə atasıyla münasibətləri pozulmuş İsmayıl’ın Türkiyəyə gəldiyini qeyd edən Mina xanım sonra yazır: “Mən onun oğlunu (yəni H.Z.Tağıyevin heç görmədiyi nəvəsini) – Əbdürrəhman Tağı bəyi tanıdım. Mən çocuqkən İstanbulda oturur, Ankaraya gəldikcə bizə uğrardı. Anam ona “dayı” deyərdi – anasının bibisi oğlu olduğu üçün... Əbdürrəhman bəy İstanbulda atasız çocuqların oxuduğu Darüşşəfəqəni bitirdikdən sonra Mühəndis Məktəbindən məzun olmuşdur”.

Doğrudur, İbrahim bəyin öz əsil-nəcabəti və bacarığı ona Bakıda nüfuz qazanmaq üçün yetərliydi, ancaq general Ərəblinski və H.Z.Tağıyevlə qohumluğu, sözsüz ki, bir çox bağlı qapıların açılmasında yardımçı ola bilərdi.

 

YENİDƏN BAKIDA

 

İbrahim bəy Heydərovun Dumadan sonrakı həyatı da Bakı ilə bağlıdır. Əlimizdəki onunla bağlı ilk arxiv bəlgəsi 1913-cü ilə aiddir; həmin sənəd AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Bakı Şəhər İdarəsinin (Uprava) üzvü İ.b.Heydərovun 27 martda imzaladığı, açıq vərəq adlanan bu bəlgədə Teymur bəy Rzabəyov’un, sorğu qiymətlərinin toplanması üzrə şəhər komissarı olması təsdiqlənib. Deməli, İbrahim bəy 1913-dən Bakı Şəhər İdarəsinin üzvüymüş. Bunu “Qafqaz təqvimi”nin 1913-də nəşr edilmiş LIX (59-cu) buraxılışı da təsdiqləyir.

Ibrahim bəy 1913-cü ildə A.Babayevlə birlikdə “Dəyanət” neft-sənaye cəmiyyətini təşkil edərək sahibkarlıqla da məşğul olub.

“Baku” qəzetinin yanvar 1914-cü il tarixli 5-ci sayında oxuyuruq ki, Məhəmmədhəsən Həsənov’un sədrliyi altında “Səfa” müsəlman maarıf cəmiyyətinin ləğv olunaraq onun yerinə yeni (qeyri-maarifçi) “Səfa” cəmiyyətinin yaradılması məqsədiylə yığıncaq keçirilib. Yeni cəmiyyətin sədri Tağı Nağıyev, onun müavini S.M.Kazımov, katib İslam bəy Qəbulzadə, xəzinədar Kərbəlayı Abdulla Zərbəliyev seçiliblər. Cəmiyyətin İdarə Heyətinin üzvləri arasında hamıdan öncə İbrahim bəy Heydərovun adı çəkilir.

“Kaspi” qəzeti 1914-cü ildəki 58-ci sayında Bakı Şəhər İdarəsi rəhbərlərindən Bıç, Məhəmmədhəsən Hacınski, İbrahim bəy Heydərov və başqalarının “Qafqazı Öyrənən Cəmiyyət” yaratmağa təşəbbüs göstərdiklərini yazıb. Xəbərdə bildirilir ki, Cəmiyyətin nizamnaməsi Bakı şəhər qradonaçalnikinə verilib.

İbrahim bəy Heydərov 1916-cı ilin martında “Nicat” cəmiyyəti sədrinin müavini seçilib. Bu dövrdə o artıq Azərbaycanın ən fəal və nüfuzlu ictimai-siyasi xadimlərindən biri sayılırdı. Bunu o dönəmin mətbuatı da təsdiqləyir. Məsələn, “Açıq söz” qəzeti 28 yanvar 1916 tarixli sayındakı “Müsəlman fraksiyasinda” adlı yazıda Rusiya Dövlət Duması müsəlman fraksiyasının təşəbbüsü ilə Petroqradda, fraksiyanın tutacağı yolu müəyyənləşdirmək üçün bir Məsləhət Məclisi qurulduğunu və bu Məclisə Rusiyanın hər yerindən görkəmli müsəlman aydınların, o sıradan Bakıdan Əlimərdan bəy Topçubaşov, İbrahim bəy Heydərov və Məhəmmədəmin Rəsulzadə’nin, Gəncədən Xəlil bəy Xasməhəmmədov’un çağırıldığını bildirir. (“Açıq söz”ün 2 oktyabr 1917 tarixli 579-cu sayından onların bu Məclisə gedə bilmədiyini öyrənirik). Deməli, İbrahim bəy artıq millət vəkili olmasa da millətin işinə Əlimərdan bəy Topçubaşov və Məhəmmədəmin Rəsulzadə qədər faydalı ola biləcək bir xadim sayılırdı.

1917-nin fevralında Rusiyada burjua inqilabı qalib gələrək çarizm devrildikdən sonra Kerenski’nin başçılığı altında Müvəqqəti Hökumət yarandı və Cənubi Qafqaz xalqları bu hakimiyyəti tanıdı. İndiyədək Bakıda qanuni hakimiyyətin təmsilçisi olmuş İbrahim bəy bu ağır və olduqca qarışıq dönəmdə doğulduğu torpaqda ona daha çox ehtiyac olduğunu görərək Dağıstana döndü.

 

 

(Ardı gələn şənbə sayımızda)

 

Ədalət Tahirzadə

 

Oğuztoğrul TAHİRLİ

 

525-ci il qəzet.- 2011.- 18 iyun.- S.28.