Heyvanpərvər
Deyirsən,bu boyda imarəti necə tikdim? Mənsə deyərdim,imarət yox saraydı,əsl saray! Kəndin harasından baxsan, Sultan Süleymanın qəsri kimi, hər yandan görünür.
Bilirsən, rəhmətlik kişidən mənə bir daxmadan başqa heç nə qalmadı.
Çox düşünüb-daşındım, xeyli götür qoy etdim, neynim, necə eləyim!? Üz tutdum Avropaya. Orada bizim millətdən olan zəhmətkeş mühacirlər çoxdur. Elə mənim getməyimə də onlar kömək elədi, Allah da onların köməyi olsun.
Avropanın ortasında oturub fikirləşdim, hansı ölkədə qərar tutum? Avstriyanın üzərində dayandım.
Bunun da səbəbi var idi.
Gəncliyimdə, yadımdadı, yay tətilində dağ kəndinə qohumlardan birinin evinə getmişdim. Bütün yayı dağda qaldım. Həmin qohumun bir mərtəbəli evin qonaq otağında (onlar ona saxlama otaq deyirdilər) divarlara oboy əvəzi başdan-başa dünya xəritəsi vurmuşdu. Səhv etmirəmsə, siyasi xəritələr idi. Kələ-kötür suvaqlı divardan orası-burası qopub ayrılmış xəritə-aboyların altında siçan məskunlaşmışdı. İnan sözlərimin səmimiyyətinə, həmin siçan gündüz xəritələrin altı boya bütün dünya ölkələrini məşhur səyyahlar kimi dönə-dönə dolaşırdı. Axşam düşüb, qaş qaralanda gəlirdi Avstriyanın altına, orada dinşiyib ta sabaha kimi tərpənmirdi.
Bax, səbəb bu siçan oldu ki, Avropanın çeşidli ölkələri arasında Avstriyanı seçdim, düşündüm, heyvanlarda duyğu güclü olur. Bəlkə də həmin siçan mənə əzəldən verilən talenin bir işarəsi idi.
Nə isə, üz tutdum Avstriyaya, bir başa Vyana şəhərinə. Amma sən saydığını say, gör fələk nə sayır. Ciddi-cəhdlə axtarsam da, heç yerdə iş tapa bilmədim. Cibimdəki pul isə ovucdakı qar kimi qaşla-göz arasında əriyib gedirdi. Artıq vətənə, qoyub getdiyim daxmama qayıtmaq barədə düşünürdüm. Barmaq boyda siçana inanıb bu ölkəyə gəldiyimə itdən peşman olmuşdum.
Bir gün kirayələdiyim yarım zirzəmidən çıxıb bir-bir puça çıxan planlarımı fikrimdə irdələyə-irdələyə Vyananın küçələrində yenə boş-bekar veyillənirdim.
Bir də gördüm, yolun qırağında it mərəzinə çatmamış bir küçük ayağını sürüyə-sürüyə gəlir. O məni görüb dayandı.Gözlərini üzümə mərətləyib baxdı.
Ayaq saxladım.Yaralı tulanın göz baxışları yurdda daxmamın yanında qoyub gəldiyim itimin baxışlarını xatırlatdı.Gözləri onun gözləri kimi vəfalı idi.İlahi,it itə belə oxşayarmış.
Küçüyə tərəf bir-iki addım atdım.O tərpənmədi. Gözlərini gözlərimə zilləmişdi, sanki məndən kömək diləyirdi.
Yaxınlaşdım, onun yumşaq tüklü başını beliqarışıq sığalladım.
Tula zingillədi.
Ürəyim kövrəldi. Fikirləşdim,savab işdi,bunu burdan götürüm, aparım qarşıma çıxan ilk veterinar klinikada (belələrinin sayı Vyana şəhərində insan klinikası qədərdir) həkimə göstərim, zədəli ayağını sarıtdırım.
Fikirləşdiyim kimi də elədim.
Məni əlitulalı görən baytar-həkim üzümə nəvazişlə gülümsəyib onu astaca öz qucağına keçirdi.
–Adı nədir?-Baytar
soruşdu.
–Mənim?-Sualı sualla qarşıladım.
–İtin adı!-həkim
dedi.
–Bilmirəm.
–Bilmirsiniz?
–İndicə küçədə
tapdım,- dedim-, gördüm, ona kömək
lazımdır,götürdüm, bura gətirdim.
Baytar üzümə xoş
bir təbəssümlə gülümsündü.
–Siz gözləyin, bu dəqiqə
buna nə lazımdır eləyərik – Bu sözləri deyib
küçüyü üstünə “əməliyyat
otağı” yazılan qapıya tərəf
apardı.Qapını arxasınca örtəndən bir az
sonra yaralı tulanın zəif zingiltisini eşitdim. Fikirləşdim
indicə ayağını sarıyıb buraxar.
Amma yox. Vaxt uzandıqca
uzandı.
Qolumdakı saata baxdım.
Bir saatdan çox keçmişdi.
Sözün düzü, yol
kənarında gördüyüm yiyəsiz
küçüyü götürüb bura gətirdiyimə
bir ara peşman oldum. Vaxtın bu qədər uzanması məni
şübhələndirdi. Öz – özümə dedim, həkim
hər yerdə həkimdir. Klinikada boş-bekar oturmuşdu. Əlinə
fürsət düşdü. Məndən imkan daxilində
çoxlu pul çıxarmaq üçün zədəni
mürəkkəbləşdirib şişirdəcək,
ağlına gələni deyəcək, təki mənfəəti
bol olsun. Gərək gətirməyəydim, yolumla
çıxıb gedəydim, mənə deyən ola, burada nə
itin azmışdı!?
Biz tərəflərdə
deyərlər, həkimin əlinə düşmənim
düşsün. Cibimdə şaha quruş qalıb, yol xərcimə
güc-bəla ilə çatardı, onu da, bu həyasız
baytar alacaq əlimdən. Deyəcək, gətirməyəydin,
sənə deyən var idi, qıçı
qırılmış sahibsiz tulanı götür bura gətir!?
Gətirdin, indi zəhmət çək, əlini cibinə
sal, müaləicə xərcini ödə!
Yadımdadır, hələ
vətəndə nənəmi həkimə
aparmışdıq, buzun üstündə ayağı
sürüşüb onun da qıçı
sınmışdı. Arvadın özü
ağırlığında pulumuz çıxdı. Həkim
min bir hoqqa çıxardı, əndirabadi bir diaqnoz qoydu, hələ
bu harasıdır, cərrahiyyə pulu çatmamış xəstəyə
əlini vurmadı, dedi, qolhaqqım gəlməmiş bu
işə qol qoya bilmərəm...
Bu cür qaramat xatirələrdə
idim ki, əməliyyat otağının qapısı
açıldı, baytar-həkim çıxdı.
– Hər şey
qaydasındadır,- o alnının tərini silib
xoşmüjdəli təbəssümlə üzümə
gülümsündü.
– Bəs küçük
hanı? – qeyri- ixtiyari soruşdum.
– Küçük hələ
narkozdan çıxmayıb, – dedi.
– Narkozdan?- heyrətlə
dilləndim.
– Məsələ ilk
baxışda göründüyündən qat-qat ciddi
imiş. Əməliyyat eyləməli olduq...
qıçının sümüyü üç yerdən
ovxalanmışdı. On-on beş günə təmiz
sağalar.
Udqundum. Ürəyimdə
fikirləşdim, bu nə işdi düşdüm, buna cibimdəki
pul da yetməz.
Heç nə olmamış
kimi aradan çıxmaq istədim. Qapıya tərəf
dönər- dönməz baytarın səsi kürəyimi
döyəclədi..
– Tələsməyin!
Geri dönüb
gördüm o masa arxasına keçib xüsusi bir anket-qəbzin
içini yazır. Dalağım sancdı.
– Əməliyyat dəyəri
nə qədərdir?- dilim topuq vura-vura soruşdum.
– İki yüz əlli avro!-
həkim-baytar dedi.
– İki yüz əlli
avro?!- karıxmış halda təkrarladım.
– Standartdır, – baytar
üzümə mehribancasına gülümsündü,- itlərə
görə iki yüz əlli, pişiyə iki yüz avrodur...
hər heyvanın öz qiyməti var,- bunu deyib anket-qəbzi
doldurmağa davam etdi.
– Mənim bir o qədər
pulum yoxdu axı, – ciblərimi eşələyib olub-qopan
pulumu çıxardım, – budur, cəmi yüz on dörd
avrodur.
– Sizin pulunuzun bura nə dəxili
var!? – baytar başını qaldırıb üzümə təəccüblə
baxdı.
– Bəs kim ödəyəcək?
– soruşdum.
– Biz sizə ödəyəcəyik!-
üzümdəki heyrəti görüb həkim əlavə
etdi, – aciz heyvanın qeydinə qaldığınız
üçün , onu xilas edərək baytarlıq
klinikasına çatdırdığınıza görə
biz sizə iki yüz əlli avro ödəməliyik.
– Mənə ödəməlisiniz?
– sevincimi gizlədə bilmədim.
– Bəs kimə?! Tulanı
siz gətirmədiniz?
– Mən gətirdim!
– Avstriyanın qanunlarına
görə bu cür heyvanpərvər hərəkətinizin
və mövqenizin müqabilində sizə dediyim məbləğdə
mükafat çatmalıdır, – baytar bu sözləri deyib,
yanındakı seyfin ağzını açaraq, oradan düz
iki yüz əlli avro götürdü, pulu mənə
uzadıb,- buyurun,- dedi.
– Mən bu məbləği
götürüb cibimə qoyanda, hiss etdim ki, həyatımda
və Avropadakı taleyimdə ciddi bir dönüş baş
verdi.
– Sağ olun! Deyib getmək
istədim.
– Zəhmət olmasa, buraya
qol çəkin,- deyə baytar- həkim qabağındakı
kağızı mənə uzatdı.
Kağızı
götürüb qol çəkdim. Təəccübləndim
ki, iki yüz əllini sözlə də yaz demədi.
Səxavətli baytara bir daha
təşəkkürümü bildirib klinikanı tərk edəndə,
hiss etdim ki, keçirdiyim həyəcan-iztirablardan kürəyim
tərləyib.
Amma kürəyimə gələn
tər özü ilə bolluca qismət gətirdi, bərəkət
gətirdi...
O gündən etibarən
Vyananın itinə-pişiyinə qənim kəsildim,
ümumiyyətlə qarşıma çıxan heyvanın
yağısına və yaxınına çevrildim.
Yəqin, özümə
ciddi gəlir yeri tapdığımı başa
düşdünüz.
Avstriyanı kor-peşman tərk
etmək fikirində olduğun bir anda yaralı it
küçüyünə kömək əli
uzatdığıma görə fələk məni
ömürlük çörək yiyəsi elədi.
Özümə, bizim
çobanlarda olan çomaq-dəyənəksayağı bir
dənə çomaq düzəltdim, sumkama daş- yalama
doldurub düşdüm şəhərin küçələrinə.
Başladım gözümə sataşan iti-pişiyi
vurmağa, vurub onlara xəsarət yetirməyə.
Çomaqla vurduğumu çomaqla vurdum, dəyənəyin
qabağından qaçanlar isə yalama hədəfinə
çevrildi. Yalama, tolamaz atmaqda elə
ustalaşmışdım ki, beşindən bir yalamam boşa
keçərdi ya keçməzdi.
Orasını da deyim ki, bu
cür ovçuluğun öz incəliyi var. Vurduğumu elə
vurmalı idim ki, ölməsin, sadəcə xəsarət
alsın. Elə olurdu, gündə beş –altı it-tula,
iki-üç pişik vururdum. Bir neçə dəfə dələ,
porsuq vurduğum da olub (bunların qiyməti nisbətən
aşağıdır).
Xülasə qarşıma
çıxan heyvanı vurub yıxırdım. Elə ki,
vurdum yıxıldı, görürdüm tövşüyə-tövşüyə
böyrü atır, ya da xəsarət nisbətən
yüngüldürsə, sürünüb canını
qurtarmaq istəyir, quzğun kimi şığıyıb
qapırdım. Heyvanların ən yaxın dostu kimi yaralı
heyvanı bağrıma basıb qaçırdım
yaxındakı baytarlıq klinikasına. Xəstəni həkimə
verib, alacağımı alıb yenidən
qayıdırdım şikar, daha doğrusu, yardıma
ehtiyacı ola biləcək heyvan, it- pişik
axtarışına.
Pişiyi vurmaq çətindir,amma
həkimə çatdırmaq asandır.Yüngüldür,
qoltuğuna vur, üz tut klinikaya...Bacar
üst-başını cırmaqlamasın.
Fəqət itin irisi olur,
xırdası olur, küçüyü olur, tulası olur. Bəzən,görürdün
ki, çomağın zərbindən yerə leş kimi sərilib
hıqqıldayan itin cəmdəyi ağırdır,qucaqda gedən
deyil. Belə hallarda dəyənəyi atırdım səkinin
qırağına,zəng edib təcili yardım
maşını çağırırdım. Deyirdim,bu
yazığı belə halda qoyub gedə bilmədim, kömək
edin, hələ ki canı üstündədir, baytar
klinikasına çatdıraq!...
İşim yaxşı
gedirdi, elə olurdu, günümə min beş yüz, iki min
avro qazanırdım.
Heyvan da insan kimidir, sayı
var, sanbalı var. Tükənməz deyil ki! Hərdən məcburiyyət
qarşısında qalıb bir vurduğumu bir də vururdum.
Etiraf edim ki, öncə vurub sonra dadına
çatdıqlarımın aralarında üç-dörd dəfə
vurub xilas elədiyim it-pişik də var idi. Onlar məni
tanıyırdılar, mən də onları
tanıyırdım. Belələri uzaqdan gəldiyimi görən
kimi qaçıb aradan çıxmağa cəhd edirdilər.
Amma faydasız. Deyim ki, bir dəfə ayağından, belindən
zərbə alan heyvan, sən deyən, əvvəlki sürətlə
qaça bilmir.
Əvvəl bir neçə
dəfə vurulub müalicə alanların içərisində
yenidən ehtimal olunan zərbədən qaça bilməyəcəklərini
duyub-anlayanlar da olurdu. Belələri məni görcək yerlərindəcə
qalıb (aqibətləri ilə barışırdılar desəm,
düz olmaz ) yan-yanı baxıb mırıldaşıb
fısıldaşırdılar. Bu yerdə deyim ki, biz
qafqazlılar həddindən artıq ürəyi
yumşağıq. İnan səmimiyyətimə, belə
anlarda neçə dəfə olub əlim-qolum boşalıb.
Donub yerində qalan heyvanı növbəti dəfə
vurmamışam, kişiliyimə
sıxışdırmamışam, qıymamışam,
qayıdıb öz yolumla getmişəm.
Halal gəlirimin fantan kimi
vurduğu bir vaxtda qəzetlər şəhərdə heyvanların
tez-tez vurulmasından, Vyananın ayrı-ayrı yerlərində
dəhşətli zərbə almasından yazmağa
başladılar. Bunu müasir insanın heyvanlara qarşı
soyuması, insanla təbiətin arasında ümumi
harmaniyanın pozulması ilə izah edirdilər. Ancaq oradaca əlavə
olaraq deyirdilər ki, şükürlər olsun, aramızda hələ
də ürəkləri heyvanların ürəkləri ilə
döyünən insanlar da var. Belələrinin
sırasında, daha dəqiq sıranın başında
bir-iki qəzetdə öz adımı da oxudum. Belə
düşünürəm ki, bununla da Avropada yaşayan
eloğlularıma başucalığı gətirdim.
Bir gün evdə
oturmuşdum. Qəflətən qapı döyüldü. Tənbəl-tənbəl
durub qapını açdım.
Qapı arxasında xüsusi
geyimli, ortayaşını keçmiş kişi dururdu.
Dedi, sizə
çağırış var. Bax, bura qol çəkin,
çağırışı qəbul edin.
Dedim ( ürəyimdə),
aman Allah, deyəsən mərhəmətimin iç
üzü açıldı.
Çağırışı
gətirən adama ( yazıq-yazıq) dedim, olmazmı , qol
çəkməyim?
Dedi, lütfən qol çəkməli,
çağırışın sizə
çatdığını imzanızla təsdiq etməlisiniz!
Neyləməli, qol çəkdim,
çağırış kağızını gətirənə
təşəkkür edib otağa qayıtdım. Əllərim
əsə-əsə üstü it-pişik şəkilli zərfi
açıb çağırışı oxudum, gözlərimə
inanmadığıma görə bir də oxudum. Heyvanların
hüququnu müdafiə edən mərkəzi cəmiyyət
məni, heyvanların ən fəal müdafiəçisini və
sadiq dostunu haqlı olaraq təltif etmək və
qazandığım ali adı əks etdirən diplomu vermək
üçün öz baş ofisində keçiriləcək
təltifetmə mərasiminə dəvət edirdi.
Getdim.Məni ehtiramla
qarşıladılar. Başda,sədrin yanında oturtdular.
Çıxışçılar hamıya nümunə
olduğumu dedilər. Axırda təxminən altı aylıq
qazancım miqdarda pul mükafatı və divardan
asdığım o diplomu verdilər.
Tədbirdən sonra axşam
evə dönüb qapını arxadan bağlayıb
sabahkı günüm barədə düşünməyə
başladım.
Qəflətən anladım
ki,artıq vətənə qayıtmağımın vaxtı
çatıb. Daha Avstriyada qalmağa dəyməz.
Gördüyümü gördüm, qazandığımı
qazandım. Vuracağım it-pişikdə qalmayıb. Hərəsini,
azından, üç-dörd dəfə vurmuşam. İyimi
bir kilometrdən duyub gizlənirlər. İyi bilməyənlər
evdən çıxdığımı bilib aradan
çıxırlar.Vəziyyət get-gedə
ağırlaşır, yardıma ehtiyacı olan heyvanı, mədəni
dildə desəm, təşkil etmək günü-gündən
çətinləşir.
Əlbəttə, şəhəri,
lap belə ölkəni dəyişə bilərdim, qonşu
ölkələrdən birinə, məsələn Almaniyaya
keçib heyvanların müdafiəsini, onların
haqqının və həyatının qorunması işini
orada da uğurla davam etdirə bilərdim, orada da külli
miqdarda pul, şan-şöhrət qazanardım, amma...
Amma hər şeyin bir həddi
var. İnsan vaxtında dayanmağı bacarmalıdır. Bax,
sən yazıçısan, nöqtəni hara
qoyacağını hiss edirsən. Iş adamı da eləcə,
nöqtənin məqamını və yerini bilməlidir.
Fikirləşdim, yaş
ötür. Qürbət eldə ömür-gün
çürütməyə dəyməz. Gedim, çətinliklə
qazandığım pulları vətənə qoyum,
özümə ev-eşik düzəldim, sahibkar olum.
Dediyim kimi elədim.
Elə oradaca son model
bahalı bir maşın aldım, təyyarəyə qoydum,
özümdə oturub qayıtdım vətənə. Gələn
kimi ata-babadan qalan o daxmanı himiqarışıq
götürdüb, yerində bax bu sarayı ucaltdım.
Söz düşmüşkən deyim ki, bundan birini də
paytaxtda tikdirmişəm. Sərmayə qoydum, böyük bir
daş-dəmir sexi açdım, altımışa yaxın
fəhləm var. Camaata çörək pulu verirəm.
Heç kəs də bilmir ki, qazandıqları məvacibin əsası
nə ilə qoyulub.
Kim saya bilər, o qürbət
eldə yaxşılıq naminə törətdiyim
yamanlığı neçə dəfə xeyirxahlıqla nəticələndirmişəm;neçə-neçə
vurduğum heyvanın həyatını xilas etmişəm.
İtə-pişiyə olan hədsiz mərhəmətimin əvəzində
qazandıqlarımı da görürsən, göz
qabağındadır.
İmir Məmmədli
525-ci qəzet.- 2011.- 18 iyun.- S.29.