Əhməd Ağaoğlu: Paris illəri

 

Xeyli müddətdir ki, XX əsrdə türk dünyasının siyasi və mədəni fikir tarixində son dərəcə böyük xidmətləri olan Azərbaycan əsilli fikir adamı Əhməd Ağaoğlu (1869-1939) barəsində kitab üzərində işləyirəm. Hazırda başa çatdırmaqda olduğum həmin kitabdan bir fəsli

“525-ci qəzet”in oxucularına təqdim edirəm.

Maraqlıdır ki, Paris mühiti Əhməd bəyin yalnız Qərb mədəniyyəti və ictimai fikri ilə sıx əlaqələr qurmasına imkan yaratmamışdı, həm də onun milli kimliyini dərk etməsində mühüm mərhələ olmuşdu. Qərb sivilizasiyası ilə təmas iman gətirdiyi dinin, mənsub olduğu xalqın problemləri üzərində daha ciddi düşünməyə təkan vermişdi. Yeni cəmiyyətin və münasibətlərin bütün cəlbediciliyinə baxmayaraq o, fransız təsiri altına düşməmişdi. Əksinə daxili müqavimət hissi nəticəsində zaman keçdikcə vətəninin təəssübkeşinə və milli maraqların ifadəçisinə çevrilmişdi.

Bu prosesdə demokratik Fransa elmi-mədəni mühiti ilə bir sırada Parisdə tanış olduğu açıq fikirli türk gəncliyinin, habelə Şərq ölkələrindən gəlmiş ayrı-ayrı görkəmli şəxsiyyətlərin də müəyyən rolu olmuşdu. Əhməd bəy özü belə şəxsiyyətlər sırasında ilk növbədə islam birliyi ideyasının müəllifi, məşhur islahatçı, dini-siyasi xadim və filosof Seyid Camaləddin Əfqaninin (1839-1897) adını çəkir. Müəllifin natamam xatirələrində oxuyuruq: “İslam aləminin mütəfəkkirlərindən Camaləddin Əfqani həzrətləri Parisdə olduğu zaman mənim sadə evimi başqalarının saraylarından üstün tutmuş, həftələrlə bir yerdə qalmışdıq”.

“İran və inqilabı” kitabında Əhməd bəy XX əsrin əvvəllərində bu ölkədə baş vermiş Məşrutə hərəkatının “mənəvi atalarından” saydığı, “kəskin zəkası, dərin biliyi, ötkün qələmi və sözü ilə yalnız İran deyil, bütün islam aləmi üzərində böyük təsir göstərmiş olan” Əfqani ilə şəxsi tanışlığını bir daha yada salırdı: “Ona tələbə ikən Parisdə təsadüf etmişdim. İri gözləri, gözəl qarayanız siması və zadəganlara xas görünüşü ilə ilk baxışdan adama hörmət təlqin edirdi. İslam alimlərinə və fəlsəfəsinə bələdliyi o dərəcədə yüksək idi və zəkası o dərəcədə kəskin idi ki, məşhur Ernst Renan onun haqqında deyirdi: “Onunla görüşəndə İbn-Rüşdü xatırlayıram”.

Göründüyü kimi, Əhməd bəyin Əfqani ilə Parisdəki görüşü təsadüfi səciyyə daşımamışdı, özünün də yazdığı kimi, həftələrlə bir yerdə qalmış, bir çox mətləblər haqqında fikir mübadiləsi aparmışdılar. Həm onun Renanla söhbətlərində iştirak etmiş, həm də Şərqin yetirdiyi bu görkəmli şəxsiyyət haqqında müəlliminin fikirlərini öyrənmişdi. Yeri gəlmişkən, Əfqaninin dinlərin, ələlxüsus da islam dininin mahiyyəti ilə bağlı fəlsəfi düşüncələrini əks etdirən “Renana cavab” traktatı təkcə fransız aliminin mətbu əsərlərinə deyil, həm də şəxsi ünsiyyət zamanı eşidilən mülahizələrə əsaslanırdı. Renana istinadla onun digər mənbədə rast gəlmədiyimiz analogiyasını xatırladan Əhməd bəyin iki görkəmli mütəfəkkirin mükalimə və fikir mübadiləsində şəxsi iştirakını güman etmək mümkündür.

Bu məsələni araşdıran amerikalı tədqiqatçı A.Holli Şissler Əhməd bəyin hələ ilk gənclik çağlarından etibarən Əfqani irsindən öyrənməsi və təsirlənməsi fikrini qəbul etsə də, onların Parisdə görüşməsini zaman baxımından qeyri-mümkün sayır. O, yazır: “Ağaoğlunun Əfqaninin fikirlərinə bələd olduğu və ona heyran kəsildiyi şübhə doğurmur. Tərcümeyi-halında Əfqani ilə Parisdə tanış olduğunu, şeyxi bir neçə həftə evində qonaq etdiyini yazır. Lakin şeyxin bu tarixlərdə Parisdə olması barəsində əldə heç bir dəqiq məlumat yoxdur. Bəlkə onu Əfqaninin İngiltərədə yaşadığı 1892-ci ildə, şərqşünasların IX Beynəlxalq konqresinin keçirildiyi zaman görə bilərdi”.

Yuxarıda üzərində geniş dayandığım London səfəri və konqreslə bağlı qeydlərində Əhməd bəy şəxsi tanışlıq dərəcəsindən asılı olmayaraq beynəlxalq forumun az-çox tanınan bütün iştirakçılarının adlarını çəkmiş, onların elmi xidmətlərindən və məruzələrindən mümkün qədər geniş bəhs etməyə çalışmışdı. Əgər o, Əfqani ilə Londonda, konqresin gedişində görüşsəydi, şübhəsiz, bu diqqətəlayiq faktı mütləq səfər təəssüratlarında əks etdirərdi.

Əhməd Ağaoğlu isə həm xatirələrində, həm də geniş tərcümeyi-halını verdiyi “İran və inqilabı” kitabında Şeyx Camaləddin Əfqani ilə məhz Parisdə görüşdüyünü yazırdı. Məlum olduğu kimi, Əfqani 1884-1887-ci illərdə Fransa paytaxtında yaşamış, əqidə dostu və silahdaşı, misirli islahatçı Məhəmməd Abdu (1849-1905) ilə birlikdə “Əl-urva əl-vutqa” (“Qırılmaz əlaqə”) qəzetini nəşr etmişdi. 1887-ci ildə mühafizəkar rus jurnalisti M.N.Katkovun dəvəti ilə Rusiyaya getmişdi. İki ilə yaxın Moskva və Peterburqda qalmışdı. Səfərdən əsas məqsəd Hindistanın Britaniya əsarətindən xilas olunmasında Rusiyanın mümkün yardımını təmin etmək idi. Ruslar isə İngiltərə əleyhinə fəaliyyətdə onun islam dünyasındakı nüfuzundan faydalanmaq istəyirdilər. Əfqani ilə görüş və tanışlığın Böyük Fransa inqilabının yubileyi münasibəti ilə dünyanın bir çox tanınmış adamlarının Parisə toplaşdıqları 1889-cu ildə baş tutduğunu düşünmək üçün daha çox əsas vardır.

Əhməd Ağaoğlunun həyatının Paris mərhələsində müsəlman aləminin köklü problemləri ilə ciddi maraqlanmasında Əfqaninin şəxsiyyəti və əsərləri öz müsbət təsirini göstərməmiş deyildi. O, üzərində düşündüyü bir çox suallara ilk növbədə böyük islahatçının əsərlərində cavab tapa bilmişdi. İstər Qafqaza döndükdən sonra, istərsə də həyatının Türkiyə dövründə Camaləddin Əfqaninin şəxsiyyətinə və əsərlərinə dönə-dönə müraciət olunması bunu bir daha göstərir. Xüsusən islama dair çoxsaylı məqalələrində Əhməd bəyin ən mühüm istinad nöqtələrindən biri Əfqani irsi idi. 1899-cu ildə “Kaspi” qəzetində onun barəsində ayrıca məqalə ilə çıxış etmişdi. Böyük islahatçının Məmməd Əmin Rəsulzadənin farscadan tərcüməsində 1912-ci ildə “Türk yurdu” məcmuəsində dərc olunan “Milli birlik və dil birliyinin həqiqi anlamı” traktatı da Əhməd Ağaoğlunun diqqətindən kənarda qalmamışdı.

Həmin jurnalda dərc etdirdiyi “Türk aləmi” adlı məqaləsində (1911/12, ¹ 3) isə Əhməd bəy həm farsların (İranda Camaləddin Əfqani indi də doğulduğu yerin adı ilə, Əsədabadi kimi tanınır – V.Q.) , həm də əfqanların şərik çıxdıqları filosofun milli mənsubluğu ilə bağlı əhəmiyyətli bir faktı xatırladaraq yazırdı: “Əslən türk olan Şeyx Camaləddin Əfqani həzrətləri aləmi-islamda ilk dəfə bütün müsəlmanların düçar olduğu xəstəliyi ətraflı təhlil edərək xilas yollarını göstərmişdi”. Şübhəsiz, Əhməd bəyin yaxınlığının və şəxsi rəğbətinin meydana çıxmasında milli mənsubluq amilinin də ciddi təsiri olmuşdu.

Camaləddin Əfqaninin müsəlman cəmiyyətinin islahı ilə bağlı fikirlərini onun gənc davamçısı ehkam kimi qəbul etməmişdi. Əksinə, yeni şəraitdə onları təkmilləşdirmək və zənginləşdirmək yolunu tutmuşdu. Məsələn, əgər Əfqani islamda vaxtı keçmiş bir sıra ehkamları aradan qaldıraraq müasirləşmə yolu tutmağı məqbul sayırdısa, Əhməd Ağaoğlu bu prosesdə milliyyətçilik və milli özünüdərk məsələsini çox mühüm tərkib hissələrindən biri hesab edirdi.

Onların hər ikisinin din ətrafındakı polemikaları ilahiyyatdan daha çox siyasətə xidmət edirdi. Ağaoğlu cəmiyyət həyatı ilə bağlı məsələlərdə öz məşhur müasirinin siyasi baxışlarını paylaşırdı. O da Qərbin təzyiqlərinə davam gətirmək üçün müsəlmanlar arasında müasir tələblərə cavab verən güclü ziyalılar ordusunun yetişdirilməsi və heç bir halda despotlarla iş birliyinə gedilməməsi fikrinə böyük əhəmiyyət verirdi. Yalnız fransız mətbuatındakı yazıları deyil, “Kavkaz”, xüsusən də “Kaspi” qəzetlərində islam dininə və onun islah yollarına dair dərc olunmuş onlarla məqaləsi Əhməd Ağaoğlunu Əfqaninin sadiq davamçılarından və sağlam əsaslarla islam birliyi ideyasının qızğın tərəfdarlarından biri adlandırmağa əsas verir.

Əhməd Ağaoğlunun Rusiya təbəəliyindən, “islamçılıq” və “iranlılıqdan” türkçülüyə doğru irəliləyişində Parisdə yaxınlaşıb dostlaşdığı “gənc türklərin” də təsiri az olmamışdı. Onların arasında sonralar “İttihad və Tərəqqi” partiyasının rəhbərlərindən biri, siyasətçi, dövlət xadimi, alim və publisist kimi tanınan Əhməd Riza (1859-1930) xüsusi yer tuturdu.

Əhməd Riza İstanbulda, Osmanlı idarəçiliyində yüksək vəzifə tutan məmur ailəsində doğulmuşdu. Anası avstriyalı idi. Qalatasaray liseyini bitirib Parisdə, Griqnon Əkinçilik Məktəbində aqronomluq təhsili almışdı. Vətənə döndükdən sonra əvvəlcə ziraət, sonra maarif nazirliyində çalışmışdı. Bursa maarif müdiri vəzifəsində çalışarkən rejimə müxalif olduğu üçün istefa vermişdi.

1889-cu ildə Parisdəki Beynəlxalq sərgiyə göndərilən Əhməd Riza vətənə dönməmişdi. Sonralar “gənc türklər” adı alan və Osmanlı imperiyasında siyasi islahatlar aparılmasını qarşısına məqsəd qoyan hərəkatın Avropada ilk təmsilçilərindən olmuşdu. Ehtiyac içərisində yaşasa da Sultan II Əbdülhəmidin siyasi fəaliyyətdən çəkiləcəyi təqdirdə vəd etdiyi mənsəb və mükafatdan boyun qaçırmışdı. Səməd Ağaoğlu atası haqqındakı xatirələrində biri əsarət altındakı Azərbaycandan, o biri Osmanlı imperiyasından olan iki gənc Əhməd haqqında “qırx il əvvəl Parisdə, yad bir məmləkətin baş gicəlləndirən mərkəzində, milyonlarla insan arasında bir-birlərinə təsadüf edən, ürəklərinin və beyinlərinin bütün ideallarında müştərək və həmfikir olduqlarını görüb talelərini birləşdirən, böyük Türk dünyasının uzaq iki əks qütbündən gəlmiş iki gənc” – deyə söz açmışdı.

Lüksemburq bağında saatlarla davan edən söhbətlər, türk-müsəlman dünyasının köklü problemləri haqqında mülahizə və mübahisələr onları biri-birinə daha da yaxınlaşdırmışdı. “Əsir türk ellərinin” Osmanlı türklərinin rəhbərliyi altında bir araya gəlməsi, türk irqinin öz istedadına və bəşər tarixində tutduğu yerə uyğun həyata qovuşması söhbətlərinin əsas mövzusu idi. Mövqelərinin haçalaşdığı, baxışlarının fərqli çalarlar kəsb etdiyi məqamlar az olmamışdı. Fikir münaqişələri hətta mətbuat səhifələrinə də yol tapmışdı. “La sosiete persiane” silsilə məqalələrinə yazdığı son sözdə Əhməd Ağaoğlu bu yazılarındakı bəzi iranpərəst müddəalara Parisdəki Osmanlı türklərindən şiddətli etirazlar gəldiyini etiraf edirdi. Həmin etirazların fransız mətbuatı ilə sıx əlaqələrə malik olan Əhməd Riza tərəfindən edildiyini düşünmək üçün əldə kifayət qədər əsas var. 1894-cü ildə vətəninə dönən Ağaoğlu dostunun təşviqi ilə bir neçə ay İstanbulda ləngimiş, “gənc türklər” hərəkatının Mizançı Murad (əslən Dağıstandan idi, “İttihad və Tərəqqi” partiyasında daha demokratik və liberal mövqeli Əhməd Pzanın opponenti kimi tanınırdı) və Münif Əfəndi kimi tərəfdarları ilə görüşmüşdü.

Əhməd Riza isə “İttihad və Tərəqqi”nin hakimiyyətə gəldiyi 1908-ci ilə qədər Parisdə siyasi mühacir həyatı yaşamışdı. Partiyanın Avropada əsas tribunası olan “Məşvərət” qəzetini və onun fransızca əlavəsini nəşr etmişdi. 1890-cı illərin ortalarında Fransa paytaxtındakı “gənc türklər” iki dəstəyə ayrılmışdılar. Onların birinə prins Sabahəddin, o birisinə Əhməd Riza başçılıq edirdi. Hakim sülalədən incik düşmüş prins sultan hakimiyyətini devirmək üçün zorakı üsulları, hətta Avropa dövlətlərinin hərbi müdaxiləsini məqbul sayırdı. Əhməd Riza isə dəyişikliklərin islam və Osmanlı ənənələri əsasında, siyasi məsləhətləşmələr yolu ilə həyata keçirilməsinə tərəfdar idi. “Gənc türklərin” 1902 və 1907 –ci illərdə Parisdə keçirilən hər iki konqresində o, kiçik istisnalarla mövqeyinə sadiq qalmışdı.

II Sultan Əbdülhəmid hakimiyyətdən uzaqlaşdırılandan sonra İstanbula qayıdan Əhməd Riza Məclisi – Məbusan (Parlament) sədri seçilmişdi. Lakin dinçi qüvvələr onu “həqiqi müsəlman” saymadıqlarından istefa verməli olmuşdu. Bir müddət adı sədrəzəm-baş nazir postuna hallansa da, sonda maarif nazirliyi ilə kifayətlənmişdi. 1912-ci ildən “Ayan Məclisinin” (Senat) üzvü idi. Əhməd Ağaoğlu məhz onun kimi dostlarının dəvətinə əsaslanaraq 1908 – ci ildə həmişəlik Türkiyəyə köçmüşdü.

Təmənna güdmədən özünü millətinə fəda edənlərin çoxu kimi Əhməd Rizanın da həyatı kədərli sonluqla başa çatmışdı. Səməd Ağaoğlunun “Atam” adlı xatirələrində oxuyuruq: “Bir gün atamın yanına orta yaşlı bir adam gəlmişdi. Bir saata yaxın danışdılar. Ziyarətçi gedəndən sonra onun dərin kədər içərisində olduğunu gördüm. Kəlmə kəsmədən salonda var-gəl edirdi. Sonra anama tərəf çevrilib “Bilirsənmi gələn kim idi ?”- deyə soruşdu. Sualına özü də cavab verdi: “Əhməd Rzanın qohumlarından idi. Mənə “Əhməd bəy, – dedi, – Əhməd Rza Yurdsuzlar xəstəxanasında ac, səfil, pərişan halda ölümünü gözləyir. Onun necə böyük qürur sahibi olduğunu bilirsiniz. İndi sizin yanınıza gəlməyimdən qətiyyən xəbəri yoxdur. Lakin sizi çox sevir. Bu səbəbdən də günahımdan keçəcəyini düşünürəm. Onun son günlərini iztirabsız keçirməsini, rahat ölməsini təmin edin”.

Əhməd bəy əski dostundan bacardığı yardımları əsirgəməmişdi. Amma daha gec idi. Səməd Ağaoğlu yazır: “Əhməd Rza öldü. Bu xəbəri aldığımız gün nahar süfrəsində atam: “Onun haqqında yazı yazmışam. Qulaq asın !”- dedi və oxumağa başladı. Əhməd Rza ilə Parisdə təhsil aldığı illərdə tanış olduqlarından bəhs edirdi: “Görüşünə getdim. Qapını üzümə özü açdı. Uzun, boz saqqallı, bəyaz və nurlu bir çöhrə ilə qarşılaşdım...” Birdən kağızlar əlindən töküldü. Hıçqıra-hıçqıra ağlayaraq başını süfrəyə qoydu. Sonra yeməyinə əl vurmadan bağçaya çıxdı” .

Parisdə yaxınlaşdığı gələcək “İttihad və Tərəqqi” liderlərindən biri də Əsəd Paşa (1865-1936) idi. İstanbulda Əsgəri –Tibbiyyəni (Hərbi Tibb Akademiyası –V.Q.) bitirdikdən sonra Sorbonnada göz xəstəlikləri üzrə ixtisasını təkmilləşdirirdi. Sonralar Türkiyədə ilk müasir oftalmoloji klinikanın qurucusu kimi tanınmışdı. 1919-cu ildə Britaniya işğal qüvvələri tərəfindən həbs olunaraq Malta adasına sürgünə göndərilən ittihadçılar arasında Əsəd Paşa da vardı.

Parisdən başlanan ideya birliyi və dostluq burada daha ciddi sınaqlardan keçmişdi. Əhməd bəy görmə qabiliyyətini itirmədiyinə görə həkim dostuna minnətdar idi. Onun gözlərində yaranan problemə ingilislər tam laqeydliklə yanaşmışdılar. Pulu olmadığından adadakı Britaniya hərbi hospitalına da müraciət edə bilməmişdi. Yalnız Əsəd Paşanın zəruri tibbi alətlər taparaq çox çətin şəraitdə cərrahiyyə əməliyyatı aparması sayəsində kor olma təhlükəsinin qarşısı vaxtında alınmışdı.

Sorbonna universitetinin tibb fakültəsində təhsil alan doktor Salonikli Nazim (1872-1926) də Əhməd Ağaoğlunun yaxın dostlarından idi. Türkiyənin maraqları uğrunda mübarizəsinə görə onu 1902-ci ildə II Sultan Əbdülhəmid rejimi, 1919-cu ildə Kürd Mustafa Paşa məhkəməsi edam cəzasına məhkum etmişdi. Adı daşnak terrorçularının “qara siyahısında” qətlə yetirilməsi zəruri sayılan 43 nəfər türk vətənpərvərinin siyahısında idi. Amma bu ölümlərdən xilas ola bilmişdi. 1926-cı ildə Atatürkə sui-qəsd hazırlanmasında təqsirli bilinərək İstiqlal Məhkəməsinin hökmü ilə edam olunmuşdu. Əhməd bəy onun xilası üçün çalışmağın öz həyatına təhlükə yaratdığını bilsə də, son ana qədər bu yoldan çəkinməmişdi.

“Gənc türklərin” görkəmli simaları ilə Parisdə qurulan dostluq əlaqələri Əhməd Ağaoğlunun türkçülük dəyərlərini daha dərindən mənimsəməsinə mühüm təkan vermişdi. Doğrudur, onun inanclı türk milliyyətçisi kimi yetişməsi prosesi məntiqi davamını Qafqazda, rus imperiyasının böyük dövlətçilik siyasəti və erməni şovinizmi ilə mübarizə şəraitində baş vermişdi. Lakin prosesin əsasının Parisdə qoyulması da danılmaz faktdır. Hətta Fransa paytaxtında “gənc türklər” hərəkatının liderləri ilə sıx əlaqələr qurmasaydı, onun sonradan yeni Türkiyənin mühüm simalarından birinə çevrilməsi də çox güman ki, böyük sual altında qala bilərdi.

Paris dövrünün azərbaycanlı gəncin həyatında yaratdığı dəyişiklikləri Ağaoğlu ailəsinin yaxın dostu, türk yazıçısı Pəyami Səfa çox dəqiq ifadə etmişdi: “Əhməd bəy mürtəce şərqli mühitindən modern qərb mühitinə getmiş, gənc yaşında iki dünya arasında müdhiş fərqi idrakının beş duyğusu ilə mənimsəmişdi. Bu fərqi illərlə yaşayaraq anlamış, beyninin içindəki ilk məna savaşı və fikir qırğını belə başlamışdı. Qarabağ axundları ilə Paris professorları arasındakı dünyagörüşü fərqləri onda ana vətəni Şərqlə fikrinin vətəni Qərb arasındakı məsafəni böyük bir idrak dinamiti ilə partlatmaq sevdasını doğurmuşdu. Eyni zamanda bu təzadın ona hər iki dünyanı yaxından tanımaq imkanı verərək bir üstünlük qazandırdığını da deyə bilərik”.

1888-1894-cü illərdə Parisdə yaşayan Əhməd Ağaoğlu “Ecole des Hautes Etudes Pratiques”lə bir sırada “Ecole des Languages Orientales vivantes”in (“Canlı Şərq dilləri məktəbi”) məşğələlərinə də davam etmişdi. Buradakı müəllimləri arasında Ceyms Darmstaterlə yanaşı Pol Şeffer və Azərbaycan ədəbiyyatına dair tədqiqatların müəllifi Barbye de Meynard kimi tanınmış fransız şərqşünasları da vardı.

Sadəcə maraq naminə getdiyi bu tədris ocaqları ilə bir sırada Sorbonna universitetinin Hüquq məktəbini də bitirmişdi. Məhz aldığı mükəmməl hüquqi təhsil sayəsində yaradıcılıqdan və siyasi mübarizədən bir qədər geri çəkilmək məcburiyyəti qarşısında qaldığı 1930-cu illərdə İstanbul və Ankara universitetlərində konstitusiya hüququ professoru kimi çalışmışdı.

Fransadakı mükəmməl hüquq təhsili bütün həyatı boyu həm özünün, həm fikir və ideyalarının, həm də xalqının müdafiəsi işində dönə-dönə yardımına çatmışdı. Ona görə ingilislərlə hüquqi müstəvidə qeyri-bərabər mübarizə apardığı Malta adasından qızı, Türkiyənin ilk qadın hüquqşünası Sürəyya Ağaoğluna yazırdı:

“Cəza hüququ fənnini çox xoşladığını eşitdim. Sənin bu marağın yadıma özümün otuz iki il əvvəlki meylimi saldı. Mən də o zaman Paris Hüquq Məktəbində bütün fənlərdən daha çox cəza hüququna maraq göstərirdim. Bunun səbəbi bilirsənmi nədir? Cəza hüququ fəlsəfə ilə, yəni maddiyyatdan daha çox mənəviyyatla bağlıdır. Lakin cəza nəzəriyyələrini yaxşı başa düşə bilmək üçün fəlsəfə ilə, mənəviyyat və iqtisadiyyatla məşğul olmaq lazımdır. Bu səbəbdən də hüquq fakültəsinin dərslərinə davam etməklə bərabər, ədəbiyyat fakültəsindəki dərslərə də ikinci bir ixtisas kimi getməyi yaddan çıxarma !” Başqa sözlə desək, o, özünün Fransada keçdiyi universal təhsil yolunu övladlarına da məsləhət görürdü. Təsadüfi deyil ki, sonralar hər iki oğlu – Səməd və Əbdürrəhman ali təhsillərini Fransada tamamlamışdılar.

Əhməd bəyin həyatının Paris dövrünə yekun vurarkən şəxsi səciyyə daşıyan, amma mahiyyət etibarı ilə onun cəsurluğundan və yüksək milli ləyaqət duyğusundan xəbər verən bir epizodu xatırlatmaya bilmirəm.

Müasirləri Əhməd bəyin təbiət etibarı ilə əsəbi, dəli-dolu adam olduğunu bir səslə etiraf edirdilər. O heç vaxt haqsızlığın yanından sükutla keçə bilmirdi. Başqalarının əhəmiyyət vermədikləri nöqsanlar belə onu haldan çıxarırdı. Hətta Əli bəy Hüseynzadə “Həyat” qəzetini çıxardıqları zaman növbəti say üçün vəd etdiyi yazını vaxtında hazırlamadığı üçün ən yaxın dostu və sirdaşı Əhməd bəyin onunla əlbəyaxa olduğunu xatırlayırdı...

Bu tipli hadisələrdən biri də Parisdə baş vermişdi. Ağaoğlu irsinin Türkiyədəki tədqiqatçısı Şükufə Nihal dostlarının xatirələrinə əsaslanaraq gənc azərbaycanlı tələbə üçün az qala ölümlə nəticələnə biləcək həmin olayı belə təsvir edir:

“Parisdə bir qəhvəxanada bir fransız türklərin əleyhinə çıxır, artıq-əskik sözlər danışır. Həqarətə dözə bilməyən Əhməd Ağaoğlu işə qarışır, münaqişə böyüyür. Bu səfər Ağaoğlunun həqarətinə dözməyən fransız onu duelə çağırır. Dueldə sekundantı o zaman Parisdə tibb təhsili alan məşhur göz həkimi Əsəd Paşadır. Keçmiş səfirlərimizdən, keçmiş Xarici İşlər və Milli Müdafiə nazirlərimizdən Həsən Əsəd bəyin atası. Qayda-qanunla duel şərtlərinin müəyyənləşdirilməsi Ağaoğlunun üzərinə düşürmüş. Həyatında o ana qədər əlinə tapança almamış Əhməd bəy bu macəranın ölümlə sona yetəcəyini bildiyi halda, duel dəvətini qəbul edir. Şərt olaraq iki addım aralıda dayanacaqlarını, sonra hərəsi qabağa bir addım atıb döş-döşə vuruşacaqlarını söyləyir. O zaman fransız ölümün qarşısına belə qorxmadan çıxan və ölərkən öldürməyi də ağlına gətirən bu cəsur türk gəncindən qorxub duel fikrindən əl çəkir”.

Haqqında bəhs edilən hadisə hətta baş verməmiş olsa belə, Əhməd Ağaoğlunun xarakterini çox dəqiq əks etdirir. Yeniyetmə ikən getdiyi Parisdən o, yetkin insan, mübarizəyə hazır fikir və əməl adamı kimi dönmüşdü. Və geri döndükdən sonra qırx ildən çox müsəlman Şərqinin, ilk növbədə isə türk dünyasının maraqlarının keşiyində dayanmışdı. Dönə-dönə fikir savaşına, söz duelinə çıxmış, əzmi və iradəsi, dözümü və yenilməzliyi ilə əksər hallarda Paris kafesində olduğu kimi düşməni yerində oturtmuş, özünün və xalqının qələbəni təmin edə bilmişdi.

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2011.- 18 iyun.- S.24-25.