Duyğuların dərvişi
ELXAN ZAL QARAXANLININ 50 YAŞINA
I təəssürat
Onun şeirləri məndə hərdən çox qəribə, hərdən də heç bir qəribəlik doğurmayan bir ovqat yaradır.Bu iki hissin arasında çırpına-çırpına oxuduğum şeirlərin fikri-konstruktiv mahiyyətinə varmaq istəyirəm. Bilirəm ki, bu tipli şairlərin şeirlərindən söz açmaq o qədər də asan deyil. Gərək belə şeirlərin bəzilərinin düşündüyü kimi bir möcüzə yaratmadığına əmin olasan. Eyni zamanda düşünəsən ki, həm də bu şeirlər sənin hər gün oxuduğun, qulaqlarında misraları, qafiyələri döyənək olmuş şeirlərə də bənzəmir. Bunlar müasir Azərbaycan şeirinin artıq formalaşmaqda olan bir üslubi tendensiyasının ifadəsidirlər.
Bəli, demək istəyirəm ki, Elxan Zal Qaraxanlı müasir şairdir, şeirlərində modern ifadə vasitələri, deyim tərzi, köhnə, ənənəvi təsvir vasitələrindən imtina və ən başlıcası sözün müasir biçimi, seçimi və bunların fikir ardıcıllığına uyarlığı diqqəti cəlb edir. Təbii ki, mən müasir sözünü “modernist” sözü ilə də əvəz edə bilərdim. Lakin “modernist” sözü “müasir” sözünün, anlamının tərkibindədir və mənim fikrimcə, əsl müasir şairlər elə modern şairlərdir.
Nədir Elxan Zal Qaraxanlının şeirlərinin özünəməxsusluğu və tutaq ki, Rasim Qaracadan, Zahir Əzəmətdən, Səlim Babullaoğlundan, Qəşəm Nəcəfzadədən və həmin üslubi tendensiyanın şairlərindən hansı xüsusiyyətləri ilə seçilir bu şair?
Birincisi; Elxan Zal Qaraxanlının şeirlərində müasir Avropa şeirilə Şərq şeirinin sintezi duyulur. Söhbət ondan getmir ki, Elxanın şeirlərində modern Qərb mədəniyyətinin simvolları olan müəyyən adlar xatırlanır Tutaq ki, “Parisin xanımları” ilə “Şirazın gülləri”, “Pikassonun göyərçinləri” ilə Alp Ər Tonqa bir şeirdə bir araya gəlirlər (vaxtilə Asif Ata belə bir “qovuşmanı”-Koroğlu ilə Meri Pikfordun bir araya gəlməsini tənqid hədəfinə çevirsə də), bu, modern şeirin zahiri təcəssümüdür. Amma söhbət ondan gedir ki, Elxan Zal Qaraxanlı iki mədəniyyətin, iki dünyagörüşün poetik modelini yaratmağa səy göstərir. Fikrimizi sübut üçün əvvəlcə Elxanın “Virtual gecə” şeirinə diqqət edək:
bayquş baxışlı
gecə
susqun fortopiano.
nə Esxil qapı
döymür,
nə Bercerak Sirano.
ulduzlar boşalmada,
ürək dolu, Ay kəsik.
duyğuların dərvişi,
getdi tələm-tələsik.
Bu şeirdə milliliklə
bəşəri çalarlar qovuşur. Amma Elxanın elə
şeirləri var ki, Şərq poetik leksikonu şeirin
bütün quruluşuna hakim kəsilir və Elxan Mendelsondan,
Şopendən danışsa da, Aşıq Qurbaninin, Məstan
Günərin, hətta Zirəddin Qafarlının poetik
libasında görsənir. Həm də aşıq
libasında. Amma o tovuzlu aşıq öz mahnısını
sazda yox, gitarada ifadə edir. Tutaq ki, belə oxuyur:
qapqaynardı dodaqlar,
öpsəm şirinmi olur?
baş vurmağa hovuz var,
dibi dərinmi olur?
yer düzəltdik
çardaqda,
rakı vurduq bardaqda,
can bezəndə bordaqdan,
qucağım yerinmi olur?
görüşümüz
rusfason,
əvvəl-axır gəlir
son,
marş çalanda Mendelson,
oynaşın ərinmi olur?
İkincisi; Elxan Zal
Qaraxanlının şeirlərində müasir şəhər
ritmləri səslənir.O, təbiəti etibarilə kəndçi
olsa da,şəhər şairidir. Bu günkü şəhər
etikasını, məişət ritmlərini şeirlərində
səsləndirən tək-tük şairlərdəndir.Nə
qədər qəribə olsa da, deyim ki, o, Bakının
Torqovı küçəsindən dünyaya boylanır və
Torqovı peyzajı onun şeirlərində dünya şəhərlərinin
poetik illüstrasiyasını yaradır.Mənə
inanmırsınızsa, onun “Bu gün İzidanı Bakıda
gördüm”, “Kefli Bakı”, “İntellektual gecə” və s.
şeirlərini oxuyun.
Üçüncüsü:
Elxan Zal Qaraxanlı sərbəst şeir ərazisinin
adamıdır. Onun hətta hecada yazdığı şeirlər
də (savaş şeirləri istisna olmaqla) nəfəs
etibarilə sərbəst şeirin müxtəlif modellərini
xatırladır.
II təəssürat
Mənim Elxan Zal
Qaraxanlının şeirləri və onun özü ilə
tanışlığım 2003-cü ildən
başlayır.Onun şeirləri “Azad Yazarlar
Ocağı”nın “Yaquar yerişli zaman” adlı almanaxında
çap olunmuşdu. Nə az, nə çox-düz 43
şeiri. Şeirlərin yazıldığı ən uzaq
tarix 1982-ci ilə, ən yaxın tarix isə 2002-ci ilə aid
idi.
Bu şeirlər məndə
müxtəlif təəssürat yaratdı. Saz-söz
mühitində-Tovuzda doğulan bir insanın bizə əziz
olan hecanın qoşma, gəraylı, təcnis
bağçasından bircə gül dərməməsi təəccübümə
səbəb oldu. Amma onun şeirlərinin bir çoxunda
dilimizin şirinliyini, zərifliyini özündə əks
etdirən nəfəsi hiss etdim. Mənim üçün
heç də təəccüblü görünmədi ki,
Elxan öz modern ruhlu şeirlərinin əksəriyyətini
hecada yazmışdı.
Ümumiyyətlə,
Elxanın 43 şeirini və ondan sonra iki şeir
kitabını oxuyub bitirəndən sonra ilk təəssüratımı
birinci növ təyini söz birləşməsi ilə ifadə
etdim: MÜASİR ŞEİR. Ancaq mən istəmirəm bu
kiçik yazıda uzun-uzadı müasir şeir nədir
sualına cavab axtaram, sonra həmin lepka ilə Elxanın
şeirlərini təhlil edəm. Qısaca deyim ki, müasir
şeir hər bir arif oxucunun anlaya, dərk edə biləcəyi
şeirdir, dövrün ritmini, zamanın xaosunu, həyatın
reallıqlarını əks etdirir (dəxli yoxdur hansı
formada). Müasir şeirdə miflə bu günün kosmos
möcüzələri, irreallıqla ən real həyat
görüntüləri, klassik Məcnunla müasir Leylilər,
zaman və zamansızlıq bir araya gəlir. Dünyanın
obrazı yaranır və bu DÜNYA obrazında Yer vətəndaşı
Şairin öz dünyasını seyr edirsən.
Zanbaq gülüşünə
bənzəyir almaların qış yuxusu, quşların səhər
nəğməsinin niyyəti zəncinin dişlərindən
bəyazdı.
Pişiksiz bir təbəssümdür
mənasız adamın ömrü kefli şairlər tox dəvənin
gülüşü kimidir.
Dalğalar kökləyir səhərin
udunu
Külək üfüqə
çəkir yovşan dadını.
“Dan üzünün qəzəli”
adlanın bu şeirdə bir zamanlar bizdə dəbdə olan
assosiativ şeirin bir qədər də mürəkkəb bir
növü ilə qarşılaşırsan. Vaxtilə bizim
gözəl şairlərimizdən biri yazmışdı ki:
“Ağ bir zanbaq kimi açıldı səhər” (Ələkbər
Salahzadə). Bu tipli gözəl təşbehlərin
hesabına altmışıncı illərin poeziyası
şeirimizdə dan yerinin açılmasından xəbər
verirdi. İllər keçdi, həmin dan yeri yeni rənglərini,
şüalarını şeirlərimizə səpələdi.
“Dan üzünün qəzəli” də belə yaranır.
Elxanın ayrı-ayrı şeirlərindəki qəribə,
gözlənilməz təşbehlər, metaforalar da məhz
şeirimizin əşya və hadisələrə, dünyada
mövcud olan bütün varlıqlara yeni bir prizmadan
boylanmağın nəticəsidir.Elxan deyir ki: Reklamların
işığında manat-manat yanır bu yaz, Bu dünyada gecə
yoxdur, Bundan bəyaz- burada müasir oxucunun heç bir çətinlik
çəkməyərək sanki gözlərinin
qarşısında canlandıra biləcəyi bir tablo
yaranır. Ümumiyyətlə, Elxan Zal Qaraxanlı şeirlərində
təbiətlə bağlı lövhələr “rəsm” etməyi
çox sevir, daha doğrusu, o, öz hiss və
duyğularından təbiətə boylanır. Və
baxıb görürük ki: Qaranlıqda zümzümə,
söyüdlükdə sığal var. Qübbəli səmanın
mavi yuxusu süzülür insanın könlünə rəng-rəng,
zəng-zəng. İlahə üzünə bənzəyir səma
Tutub dodağıma sıxmağım gəlir. Su
üstündə rəqs eləyir,Yarpaqların
qışqırığı.
Elxan Zal Qaraxanlının
“Savaş ayələri” şeirlər kitabında isə onun
şairliyinin başqa bir xüsusiyyəti ilə tanış
oldum. “Dan yerinin qəzəli”ni, “ləhləyən
işıqlar”ı, “yağışlı sonet”i türk
savaş şeirinin ritmi, intonasiyası əvəz edir.
Ruhumuz cəngə varanda,
Ad üstünə ad gələcək.
Qan iyini alan kimi,
Ağzınıza dad gələcək.
Ərənlər nərə
çəkəndə,
Yarağımız pas
tökəndə,
Tanrıdağdan,
Ötükəndən
Gözlənən imdad gələcək.
Və yaxud:
Yürü, qardaşım,
yürü,
Ərin yorulmaz dizi.
Əbədi bir
çağırış
cəngə səsləyir
bizi.
Alplar zamanı gəldi,
Hızlı əsrin
başıdı.
Ölümlə ölməzliyin
Sonuncu savaşıdır.
Elxan bu şeirlərində
təsdiq edir ki, türk ruhu yenilməzdir, basılmazdır.
Yunis İmrədən üzü bəri bu həqiqət
müxtəlif poetik leksikonda səslənib. Türk
atlarının nallarından qopan odlu
qığılcımlar, savaş və cəng səslərinin
yaratdığı qalibiyyət nidası, yalnız türkə
məxsus qürur, əzəmət və bahadırlıq təntənəsi,
ƏBƏDİLİK iddiası zaman-zaman həmin o ölməz
ruhun poetik marşına çevrilib. Elxanın şeirlərində
həmin o ruh yaşayır – “Əbədi bir
çağırış, cəngə səsləyir bizi”.
Nəhayət, bu yazıda
Elxan Zal Qaraxanlının “Torqovı peyzajı” – sonuncu
şeirlər kitabının onun poetik istedadının tam
göstəricisi olduğunu söyləyirəm. Onun
poeziyasının mənzərəsini bütünlüklə
tamamlayan, fərdi üslubunun formalaşmağından xəbər
verən və öncə qeyd etdiyim MÜASİR ŞEİR
anlamına tam cavab verən şeirlər bu kitabda öz əksini
tapır. Hər hansı bir ədəbiyyat
araşdırıcısı-tənqidçi
üçün bu kitab poeziyamızın orijinal bir
qütbü (tendensiyası) haqqında söz açmağa
yetərlidir. Elə əlli yaşı tamam olan Elxan Zal
Qaraxanlı haqqında söhbətimi də həmin kitaba
ön söz yazmış Xalq şairi Vaqif Səmədoğlunun
bu sözləriylə yazıma nöqtə qoyuram: “Sən əsl
şairsən, dilimizə, ədəbiyyatımıza layiq
şairsən. Öz üslubu, öz dünyaduyumu, öz
sözü olan şairsən. Sənə uğurlar
arzulayıram. Nə yaxşı ki, ədəbiyyatımızda
sən varsan”.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2011.- 18 iyun.- S.20.