Diplomatlar və şairlər, yaxud diplomat şairlər
Atam Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə
ithaf edirəm
“Peyğəmbərlərdən sonra şairlər gəlir”.Nizami
Gəncəvi
Tarixçilər tərsinə
peyğəmbər (yəni
ancaq keçmiş və
dünənlər haqqında
danışanlar), şairlər
isə düzünə
peyğəmbərlərdir
(yəni gələcək və
sabahlar haqqında fikir
söyləyənlərdir)
Artur Şopenhauer.
– Ay oğul, əgər tarixə
fikir versən özün görərsən ki, dünyanın
ən böyük və ən mahir, ən nəhəng və
ən bacarıqlı diplomatları, ən fəndkar və
çevik siyasətçiləri elə şairlər,
yazıçılar olublar. Çünki onlar irəlini,
sabahı, intuitiv, təhtəlşüur görürlər,
hiss edirlər. Bu bir vergidir, istedaddır. Bu isə hər adama
verilməyib. Bəlkə bu barədə bir fikirləşəsən.
Bəlkə bu barədə nəsə yazasan. Axı bu olduqca
maraqlı bir mövzudur. Həm də hələ ki heç
kim tərəfindən işlənilməyib.
Atamla olan axırıncı söhbətlərimdən
Diplomatiya və şairlik,
yazıçılıq. Başqa sözlə desək,
diplomatiya və poeziya. Çox qəribədir. İlk
oxunuşda bu iki söz qədər bir-birlərini tam inkar edən
bir-birləri ilə bir araya sığmayan bəlkə də
ikinci belə bir anlayış yoxdur. Və sanki bu iki söz
bir-birləri ilə daban-dabana zidd olan sözlərdir. Əlbəttə,
diplomatiya hara, poeziya hara? Hiyləgərlik, sünilik hara səmimilik
romantika hara? Gördüyün, keçirdiyin müdhiş həyat
hadisələrindən sarsılmamaq, heyrətlənməmək
soyuqqanlılıq, əsəblərini cilovlamaq hara, əsəbilik,
coşqunluq, yanmaq hara?
Və ən nəhayəti,
sözünü dolayı yolla, hiyləgərcəsinə
aldadıb demək hara, bir başa heç kimdən qorxmadan,
çəkinmədən, heç nədən, heç kimdən
ehtiyat etmədən sözü üzə demək hara?
Bunlardan biri diplomatiyadır digəri isə şairlikdir,
yazıçılıqdır. Ədəbiyyat, poeziya incəsənətdir.
Bəs diplomatiya?
Vaxtilə SSRİ xarici
işlər naziri olmuş mahir diplomat, gözəl şair,
şerlərini həmişə sevə-sevə oxuduğum
Aleksandr Bessmertnıx demişkən: “Diplomatiya incəsənət
deyil, incə sənətdir”.
Amma həqiqətən də
bir vaxtlar heç ağlıma belə gətirə bilməzdim
ki, diplomatiya və poeziya bir-birlərinə bu qədər
yaxın, bir-birlərinə bu qədər oxşar olsunlar.
Yuxarıda dediyim kimi bir-birlərini tam inkar edən iki ən
müxtəlif söz. Əlbəttə, diplomatiya hara, poeziya
hara?
Hər halda bu iki sahənin
bir-birlərinə yaxınlığı barədə
böyük rus şairi, eyni zamanda böyük rus diplomatı
Fyodor İvanoviç Tutçev demişdir. Romantik məktəbə
məxsus olan qatı, slavyanpərəst, yazdığı
şerlərinə görə, hətta mən deyərdim,
qatı millətçi, böyük rus şovinisti
Rusiyanı bir başa Bizansın varisi, ömrü boyu
İstanbulu (Konstantinopolu) pravoslovizmin paytaxtı görməyi
arzulayan F.İ.Tutçev öz xatirələrinin birində
belə yazır: “Susmaq, öz fikirlərini, arzularını,
mətləbini gizli saxlamaq diplomatiyanın ən əsas məğzini,
cövhərini təşkil edir. Poeziya, ədəbiyyat isə
hər bir fikri, mətləbi, məramı tam
çılpaqlığıyla açıb göstərmək,
ləzzətlə yanmaq, məmnunluq hissi ilə əsəbiləşmək,
içindəki sözü coşa-coşa,
çığıra-çığıra heç nədən
ehtiyat etmədən deməkdir. (Tutçevin bu sözləri
isə sovet dövrünə aid deyildi. Çünki o sovet
dövrünün nə olduğunu bilmirdi).
Təəccüblüdür.
Özü də çox təəccüblüdür.
Bir-birlərini tam inkar edən iki ən müxtəlif deyilən
fikir bir araya necə sığa bilər axı?
Daha sonra Tutçev öz
fikirlərinə tam olmasa da müəyyən qədər
aydınlıq gətirir. Deyir ki, “hər hansı bir diplomat
öz ölkəsindən kənarlarda çıxış
etdiyi zaman və yaxud da hər hansı bir sənədi
hazırlayıb ona imza atarkən o nə öz imperatorunun, mənafeyini
nə saray dəbdəbəsini, nə də ki öz gələcəyini,
taleyini düşünməlidir. Xeyir. Diplomat ilk növbədə
öz xalqının taleyini, hansı yolla olursa olsun öz
ölkəsinə gələn nəfı düşünməlidir.
Bu onun birbaşa vəzifəsi olmalıdır”.
Hə... Burada Tutçevin
fikirləri ilə tam razılaşmaq olar. Çünki bu
sözlər həm ölkə xaricində
çalışan diplomatlara, həm də ölkə daxili
yazıb yaradan şair yazıçıya aiddir. Amma
aralarında bir fərq vardır, kiçicik bir fərq. Diplomat
öz vəzifə borcunu yerinə yetirir,
şair-yazıçı isə ürəyinin
tapşırığını. Diplomat öz ölkəsinin
problemlərini, dərdlərinin görür, başa
düşür, hiss edir, hər bir məsələyə tədbirlə,
təmkinlə yanaşır, şair-yazıçı isə
bu problemlərdən, dərdlərdən alovlanır, yanır.
Yana-yana onun həllinə çalışır. Diplomat
çərçivə daxilində iş görür,
şair, yazıçı isə belə bir çərçivə,
belə bir sərhəd tanımır. Diplomat müəyyən
bir sərhədə qədər gedir çıxır,
şair-yazıçı isə bütün sərhədləri
vurub dağıdır. Çünki
şair-yazıçı qədər öz xalqını
düşünən, millətinin dərdlərini çəkən,
onun ağrılarını hiss edən, bu ağrılardan
yanıb kül olan və şair-yazıçı qədər
də öz xalqı, milləti yolunda döyülüb,
söyülən, zərbələr yeyən, amma bu zərbələrdən
inildəməyən, şikayətlənməyən ikinci bir
adam da yoxdur. Əlbəttə bu sözləri hər hansı
bir şairə, hər hansı bir yazıçıya bir
sözlə, saray cızmaqaraçısına, məddahlara
şamil etmək olmaz. Tutçevin sözünə qüvvət,
söz həqiqi vətənpərvər yanıb, yandıran
yaxılan şairdən gedir.
Tutçevin elə bu
sözlərinə görə də şairlərlə,
diplomatlar arasında tam sintez baş verir. Yəni əqidə
birliyi yaranır.
Vaxtilə Sovet
İttifaqının Türkiyədəki səfiri milliyyətcə
Karaim olan (amma nədənsə onun Erməni olduğu deyilir.
Bu düzgün deyildir) L.Karaxan Türkiyə xarici işlər
naziri Tövfiq Rüştü bəy Arasla söhbəti
zamanı soruşur:
– Əfəndim
Rüştü bəy, nədən sizlərdə, hətta
Osmanlı imperatorluğu zamanından xarici ölkələrdə
çalışan bir çox elçiləriniz,
diplomatlarınız yazıçılar-şairlər
olmuşlar? Bu elə indi də davam edir. Səbəb nə
imiş?
Rüştü bəy Aras
isə ixtisasca həkim olub, həyat yoldaşı isə
yazıçı. Onun üçün də hər bir məsələyə
həkim kimi yanaşırdı. Sovet səfirinin bu sözlərinə
gülümsəyərək cavab verir:
– Əvvəla bu tək
Türkiyədə belə deyil, bütün dünya
praktikasında belədir ki, ən bacarıqlı diplomatlar,
elçilər, yazarlar, şairlər olmuşlar. Bunun isə
səbəbini mən izah edim. Hər bir diplomat
özü-özlüyündə və
ayrı-ayrılıqda bir başdır. Həm də bu
diplomat tək deyildir. Yeddi xəbər gətirəni, məlumat
ötürəni var. İki qulağı, iki gözü, iki
burun dəliyi və bir ağzı başa xidmət edir. Və
bu diplomat dediyimiz baş öz xəbər gətirənləri
vasitəsilə dünyada baş verən bütün hadisələrdən
xəbərdar olur. Əgər onun bu xəbər gətirənləri
olmasa, bu baş özü-özlüyündə heç nəyə
qadir deyildir. Bu başı diplomat edənlər də elə
onun bu xəbər gətirənləridir. Əlbəttə
onların vasitəsilə iyləyib, havanın necə, haradan
nəyin əsdiyini, qoxunun nə cür olacağını
duyur, gördüyü hadisənin nə olduğunu bilir,
eşitdiyi hər bir hadisənin yalan və doğru
olduğunu anlayıb, nəyin də acı və şirin
olduğunu dərk edib qərar çıxarır. Və
bütün bunlara görə də öz hərəkətini
gələcək addımlarını nizamlayır. Amma
şair isə ürəkdir. Dünyada baş verən
heç bir həyat hadisəsindən onun xəbəri yoxdur.
Dünyaya çıxışı yoxdur. Dünya barədə
onun xəbər gətirəni yoxdur. Elə ona görə də
çöl dünyası haqqında heç bir təsəvvürə
malik deyildir. İç dünyanın heç bir işıq
üzü görməyən qəfəsinin altındadır.
Elə ona görə də hər bir hadisəni intuitiv
görür, təhtəlşüur hiss edir. Baş deyir
“başa düşdüm”, ürək isə deyir “ürəyimə
damıb”. Baş hər bir məsələni tədbirlə,
təmkinlə həll edir, çünki hər bir şeyi
eşidir, görür, duyur və yavaş-yavaş, ehtiyatla, tələsmədən
onu yoluna qoyur və öz sözünü sakit-sakit, ehtiyatla
deyir. Çünki, elə dil də ona xidmət edir,
başın rəhbərlik etdiyi sahədə yerləşir.
Ürək isə yox..... Qaranlıq dünyada
qaldığından, dildən uzaqda yerləşdiyindən,
onu eşitsinlər deyə, hər şeyi
çığıra-çığıra deyir. Biçarə
dil də başla ürək arasında qaldığından
hər ikisinə xidmət edir. Elə buna görə də
başla ürəyi birləşdirəndə çox əla
bir diplomat yaranır. Belə diplomatlar əvəzsiz olur.
Diplomatiyada isə ən əsası intuisiyadır, yəni
ürəkdir. Mən ixtisasıma görə həkiməm. Hər
bir məsələnin izahını həkim kimi də verirəm,
sənətim diplomatdır, zövcəm isə
yazıçıdır. Hə... Elə bu cəhətdən
də biz bir-birimizi yaxşı tapmışıq.
Sözsüz ki, Tövfik
Rüştü bəy Arasın başla ürək barəsində
dediyi sözlər obrazlı deyilmişdir. Bədii təhkiyə
üsulu ilə deyilmişdir. Bəlkə də bizim bu
mövzuya heç bir aidiyyəti yoxdur. Amma hər nə
cür deyilibsə, çox gözəl deyilmişdir, gözəl
təsvir olunmuşdur.
“Ola bilsin ki, Tövfik
Rüştü bəy diplomatik bicliklərdən, hiyləgərliklərdən
bir o qədər də hali deyildir, amma ondan gözəl xarici
işlər naziri təsəvvür etmək də
mümkün deyildir. Çünki o öz ölkəsini, mənsub
olduğu millətini əla tanıyır, onun zəif yerlərini
bilir, hiss edir və bir həkim kimi onu müalicə edir.”
Mustafa Kamal Atatürk
“Şairlər,
yazıçılar uşaq kimi saf, təmiz olurlar. Onları
aldatmaq, onlara kələk gəlmək çox asandır.
Gördükləri hər hansı bir müdhiş həyat
hadisəsindən dərhal sarsılır, hissə
qapılırlar. Hər şeyə tez inanır, tez də
aldanırlar. Lakin milli məsələlərdə onları
aldatmaq, onlara kələk gəlmək mümkün deyildir. Vətən
barəsində, milli məsələlərdə onlar olduqca
ayıq olurlar. Ən mahir diplomatlar ən fəndgir kəşfiyyatçılar
belə onlara kələk gələ bilməz, onları aldada
bilməz. Milli məsələlərdə onları heç
öz ölkəsinin başçısı belə aldada
bilmir. Onlar dərhal duyuq düşürlər”.
Mehmet Fuad Köprülü, Şair, ədəbiyyatşünas,
diplomat. Türkiyənin xarici işlər naziri (1950-1957)
Mehmet Fuad Köprülü
böyük şəxsiyyət olub. Çox böyük alim
olub. Eyni zamanda çox böyük, nəhəng diplomat olub. Ədəbiyyata
dekadent, sentimental şerləri ilə gəlib. Çox
böyük uzaqgörən, mahir, bacarıqlı,
sözün əsl mənasında fəndgir diplomat olub (Qətiyyən
bir-biri ilə tutuşmayan sözlər – sentimental, dekadent
şair və olduqca mahir, fəndgir diplomat) Avropada türk ədəbiyyatşünaslığı
məktəbinin yaradıcısı olub. 1952-ci ildə
Türkiyənin NATO-ya üzv olması elə birbaşa onun
adı ilə bağlıdır. Elə onun uzaqgörənliyi,
çevikliyi sayəsində də Türkiyə NATO-ya üzv
olmuşdur. Son dərəcə əsəbi, hikkəli, sərt,
tez özündən çıxan, sözü bir başa
üzə deyən heç nədən, heç kimdən
çəkinib ehtiyat etməyən millətçi
olmuşdur. Lakin sadaladığım bu xüsusiyyətlərin
heç biri nə onun əsəbiliyi nə də ki, tez
özündən çıxması, sərtliyi onun
bacarıqlı bir diplomat olmasına qətiyyən xələl
gətirməmişdir.
Kiçik bir haşiyə
1952-ci il. Türkiyənin
NATO hərbi blokuna daxil olmaq məsələsi müzakirə
olunurdu. Özünün də üzv olduğu hakim demokrat və
bir çox müxalifət partiyaların nümayəndələri
buna qarşı çıxaraq, bu hərbi bloka daxil
olacağımız təqdirdə tələb olunan
paraların haradan, veriləcəyi, haradan nəyin kəsiləcəyi
haradan və nədən nəyin ixtisar olunacağı,
ölkənin onsuz da borc içində boğulduğu və əgər
üstəlik buna da gedəriksə ölkə vəziyyətinin
bir az da ağırlaşacağı, dözülməz
olacağı deyilirdi.
Mehmet Fuad söz alaraq
kürsüyə qalxıb:
– Osmanlı imperatorluğu
çadırda yarandı, sarayda bitdi. Bu gün o saray yoxdur
artıq. Məhv olmuşdur, dağılmışdır. Biz
isə nəyin bahasına olursa olsun, o
dağıdılmış sarayı qurmalı, tikməliyik.
Başqa əlacımız yoxdur. Biz bunu etməliyik. Yoxsa məhv
olarıq. Biz isə bu gün birbaşa sarayda yaşamaq istəyirik.
Xeyr, bu belə olmaz. Bir başa sarayda yaşamaq istəyən öz
ömrünü çadırda bitirər. Sarayda yaşamaq
istəyən gərək əvvəlcə çadırda
yaşasın, çadırı görsün. Ətrafımızda
olan bu qədər xristian canavarları arasında asudə
yaşamaq istəyiriksə, bizim başqa yolumuz yoxdur. NATO
blokuna daxil olmağımız gərəkdir. Para haqqında
danışdız. Haradan verəcəyimizi soruşduz. Mən
sizə deyim, Avropa banklarında para saxlamarıq. Bərli-bəzəkli
mənzillərdən çıxarıq. Çadırlarda
yaşarıq. Avropadan gətirilən şık avtomobillərə
minməriz. Tanrı bizə ayaq vermişdir. Piyada gedib-gələrik.
Atdan, ulaqdan istifadə edərik. Bitdi bu məsələ
artıq. Heç bir müzakirəyə ehtiyac yox. NATO blokuna
daxil oluruz. Bu gün məmləkətin nicat yolu bu. Yarın nə
olacaq bilmirəm. Amerikaya olan borcumuzun haradan veriləcəyini
soruşdunuz: Amerika Türkiyədən Koreya savaşı
üçün yardımçı olmağımızı
istəyir. Əgər yardımçı olarıqsa, Koreyada
savaşmaq üçün əsgər göndərəriksə,
borcların xeyli hissəsini ödəmiş olarıq. Qan
tökəriz, borcu ödəriz. Hamımız fəda olaq bu
məmləkətə.
“Turanlılarız, can verəriz, nam alarız biz”
Maliyyə naziri Paşazadə
göz yaşlarını saxlaya bilməyib, kürsüyə
tərəf qaçıb Mehmet Fuadı bağrına
basır. Qəhərdən boğula-boğula bir kəlmə
söz deyir:
– Əfəndim
Köprülüzadə, siz bizim hamımızı
inandırdız.
Sonra isə üzünü
millət vəkillərinə tutaraq əli ilə Mehmet Fuadı
göstərib:
– Diplomatın, xarici işlər
nazirinin ağzından od tökülməlidir, – deyir.
Ertəsi gün minlərlə,
on minlərlə cavan oğlan hərbi komutanlığın
qarşısında Koreyada savaş üçün növbəyə
yazılmışdılar.
(Mehmet Fuad
Köprülünün millətçi, vətənpərvər,
ruhu qarşısında baş əyirəm. Əlbəttə,
hər bir diplomatın, hər bir xarici işlər nazirinin
ağzından od tökülməlidir, alov püskürməlidir.
– İ.V.)
“Mehmet Fuad
Köprülünün bir xarici işlər naziri, bir diplomat
kimi böyüklüyü, müdrikliyi onda olmuşdur ki, o
xalqını, millətini əla tanıyırdı. Millətinin
ən zəif yerlərini bilirdi, hiss edirdi. O dünyaya səpələnmiş
irili-xırdalı bütün türk xalqlarının
ağrısını – acısını hiss edirdi, duyurdu. Bu
ağrılar-acılar ona rahatlıq vermirdi. Xalqının
kökünü, tarixini bilmək, millətini tanımaq xarici
işlər naziri üçün ən başlıca şərtdir”.
Yaqub Qədri Qara Osman
oğlu, yazıçı, jurnalist, diplomat, Türkiyənin
Albaniyadakı səfiri,
İsveçrədə Millətlər
cəmiyyətindəki Səlahiyyətli nümayəndəsi
( 1934-1940)
Bütün bunlar ən
gözəl, ən müqəddəs xüsusiyyətlərdir.
Lakin millətini, xalqını tanımaq, onun
ağrısını-acısını duymaq, onun tarixini,
keçdiyi yolları bilmək, ədəbiyyatmı oxumaq,
tanımaq nəinki xarici işlər naziri üçün
bütün diplomatlara xas olmalıdır. Əgər belə
olmazsa diplomat yad məmləkətlərdə öz
xalqına, vətəninə, millətinə layiqincə xidmət
edə bilməz.
“Mehmet Fuad Köprülü
misilsiz əvəzi olmayan bir diplomat olub. Onun ürəyi həmişə
vətənində, gözləri isə vətəninin sərhədlərindən
kənarlarda olub. Makedoniyadan Çinin sinirlərinə qədər,
Doğudan Batıya qədər dünyaya səpələnmiş
türkləri arayıb-axtarıb, onların dərdlərini
araşdırıb öyrənib. Beyni, ürəyi həmişə
onlara xidmət edib. Mötəbər kürsülərdən
onları, dillə döyüşsüz, qansız qoruyub hifz
edib”.
Yəhya Kamal Bayatlı,
şair, diplomat. Türkiyənin İspaniyada, Polşada,
Pakistandakı fövqəladə və səlahiyyətli səfiri
(1944-1958)
Gətirdiyim bu misallar
türkiyəli diplomat Bilal Şimşirin “Bizim diplomatlar” və
Yaşar Şəfiqin “Çağdaş diplomatiya”
kitablarından götürülmüşdür. Əlbəttə
qürbət ölkələrdə mənsub olduğun
ölkənin keşiyində durmaq vətənini
qansız-qadasız dillə qorumaq, millətini hifz etmək...
şəxsən mən bu dünyada bundan şərəfli,
bundan müqəddəs heç nə tanımıram, bilmirəm
və ömrümün sonuna qədər də bilməyəcəyəm.
Kiçik bir haşiyə
Vaxtilə Yaponiya Xarici
İşlər Nazirliyinin qarşısına vurulmuş
lövhədə belə bir yazı yazılmışdı.
“Mayxomu Syuqi”. Bu sözlərin dəqiq tərcüməsi və
hərfi mənası belədir: – yəni “mənim evim, mənim
ailəm” – amma hamımız üçün Xarici İşlər
Nazirliyi “bu sözlər çox lakonik, qısa və bəlkə
də ilk oxunuşda bir o qədər də aydın olmayan mənası
tam dəqiq açıqlanmayan sözlərdir. Amma bu sözlərin
dərininə enib, fərqinə varıb onu tam
açıqladıqda məncə məna belə
aydınlaşır. “Mənim evim, mənim ailəm” ən
müqəddəs bir yerdir. Amma mənim ailəmdən də,
evimdən də müqəddəs olan yer xarici işlər
nazirliyidir. Çünki xarici işlər nazirliyi bizim
hamımızın müqəddəs yeri olan vətənimizi,
kiçik vətənimiz sayılan evimizi kiçik millətimiz
olan ailəmizi qansız, qan tökmədən
döyüşsüz qoruyur. Hifz edir. Əlbəttə öz
ailəsinin qədrini bilməyən, öz ölkəsinin də
qədrini bilməz.
Bütün bunlar çox
müqəddəs və çox gözəl sözlərdir.
Olmuş əhvalat
Əbdülhəq Hamid
türk ədəbiyyatı, tənzimat dövrünün ən
görkəmli nümayəndələrindən, romantizmin
banilərindən biri olmuşdur. Nəhəng şair
olmuşdur. Onun yaradıcılığında vətənpərvərlik,
azadlıq ideyaları əsas yerləri tuturdu. Eyni zamanda
böyük diplomat olmuşdur. Mən bu yazımda Əbdülhəq
Hamidin bir şair kimi yaradıcılığından deyil onun
bir diplomat kimi fəaliyyətindən söz açacağam.
Öz dövrü üçün dünyada baş verən
bir çox mühüm siyasi hadisələrdə Türkiyənin
də bəhrələnməsində sözsüz ki, müəyyən
qədər xidmətləri olub. Doğrudur bu xidmətlər
çox cüzi olub. Heç bir yerdə də
işıqlandırılmayıb. Amma hər halda Türkiyə
diplomatiya tarixində bu xidmətlər nəzərə
alınıb. Dediyim kimi bu xidmətlər az olub.
Çünki II Sultan Əbdülhəmidin qorxusundan heç
kim heç bir yerdə özündən təşəbbüs
göstərə bilmirdi. Sözünü deyə bilmirdi. O da
nəzərə alınmalıdır ki, hər hansı bir
diplomatın diplomatik fəaliyyəti gizli, qapalı
saxlanılmalıdır.
Əbdülhəq Hamid
ziyalı ailəsində dünyaya gəlmişdi. Atası
Xeyrulla bəy Sultan II Əbdül Həmidlə yaxın
dostluq münasibətlərində olmuşdu. O, öz
dövrinin sevilən və oxunan şairlərindən
sayılırdı. Tez-tez evlərində şeir məclisləri
olardı. Görünür ki, balaca Əbdülhəq Hamidin
də gələcəkdə bir şair kimi
formalaşmasında belə məclislərin, belə
yığıncaqların böyük rolu olmuş və ona
böyük təsir etmişdir.
Amma məncə XIX əsr
türk ədəbiyyatında tənzimat dövrünün
bir çox şairləri o cümlədən Xarici
İşlər Nazirliyinin məsul əməkdaşı,
böyük şair Namiq Kamalın, Əbdülhəq Hamidin,
Avstriyada uzun müddət səfir işləmiş romantik
şair Sədulla paşanın, Xarici İşlər
Nazirliyinin məxfi şöbəsinin müdiri, şair Mahmud Əkrəm
Rəcaizadənin, elə ondan da sonrakı dövrlərdə
onların ardıyca gələn Tofiq Fikrətin və bir
çoxlarının bir şair kimi, bir vətənpərvər,
millətsevər diplomat kimi yetişməsində Fransa ədəbiyyatının
eyni zamanda diplomatiyasının korifeylərinin,
şair-yazıçılarının böyük rolu,
böyük təsiri olmuşdur. Bu danılmaz bir faktdır.
Adlarını çəkdiyim
bu türk diplomat şairləri Fransada və digər qərb
ölkələrində diplomatik xidmətdə olduqları
müddətdə XVIII- XIX əsrlərdə Fransa dövlət
xadimi, uzun müddət diplomat olmuş, Fransa xarici işlər
naziri işləmiş, Fransa romantizminin banilərindən
Alfons Lui de Lamortinin, romantik yazıçı, diplomat uzun
müddət Fransanın Berlində daha sonra Londonda səfiri
olmuş Fransua Rene Şatobrianın, C.Bayronun ən yaxın
dostu olmuş romantik yazıçı, əsərlərini həmişə
sevə-sevə oxuduğum, Fransanın İtaliyada və digər
ölkələrdə konsulu, daha sonralar səfiri işləmiş
Anri Lui Stendalın və digərlərinin əsərləri
ilə tanışlığının daha böyük təsiri
olmuşdur.
Sonralar bu əsərlərin
türk diplomat-yazıçıları tərəfindən də
türkcəyə tərcümə olunması özlərindən
sonra gələn bir çox diplomat şair və
yazıçı nəslinin o cümlədən uzun müddət
Fransada diplomatik xidmətdə olmuş, İtaliyada konsul,
Türkiyənin YUNESKO-dakı daimi nümayəndəsi Rəşad
Nuri Güntəkinin, Buxarestdə səfir işləmiş
yazıçı Sübhi Tanrıverin, Budapeştdə
baş konsul olmuş şair Enis Behic Korürəyin və digərlərinin
bir şair-yazıçı və bir diplomat kimi yetişməsində
onların daha böyük rolu olmuşdur.
Əbdülhəq Hamid uzun
müddət müxtəlif xarici ölkələrdə
diplomatik xidmətdə olmuşdur. Hindistanda müşavir, Potidə
konsul, Fransada, İngiltərədə, Belçikada səfir
işləmişdir.
1876-ci ildə Türkiyə
üçün biabırçı San-Stefan sülh
müqaviləsinin əsasında Batum, Qars, Ərdahan,Bayazid,Cənubi
Bessarabiya bir sözlə bir çox ərazilərin Türkiyədən
qoparılıb Çar Rusiyasına verilməsi və
bütün bunlar azmış kimi yüz minlərlə təzminatın
ödənilməsi ölkəni tamam bərbad hala
salmışdı. Müharibədə Türkiyənin məğlubiyyəti
bir yana qalsın həm də ölkədə zülm,
haqsızlıq baş alıb gedirdi. San Stefan
biabırçı sülh müqaviləsinin şərtlərinə
arxayın olub, ölkə daxilində yaşayan yerli yunanlar,
ermənilər, rumınlar, yəhudilər istədiklərini
edirdilər. Guya ki, vaxtilə onlara olmazın böyük
zülmlər, təzyiqlər olmuşdu. Xüsusilə də
ermənilərə. Çox təəccüblü və
çox qəribədir. Axı ölkə daxilində ermənilərə
necə zülm oluna bilərdi ki, Sultan II Əbdülhəmidin
doğma anası erməni idi. Ölkədə əsas
mühüm vəzifələrin də bir çoxu ermənilər
və yaxud da ermənilərlə qan qohumluğu olanların əlində
idi.
Sultan Əbdülhəmid isə
müharibədə biabırcasına məğlubiyyətini
öz ölkəsinə qələbə kimi
sırıyır, torpaqlarının xeyli hissəsinin əldən
çıxmasını xalqına unutdurmağa
çalışıb gecə-gündüz eyş-işrətlə
məşğul olurdu. Ölkədə rüşvətxorluq,
harınlıq, əxlaqsızlıq baş alıb gedirdi.
Sultanın bu zülmünə qarşı çıxıb
öz sözünü deyən neçə-neçə
ziyalı, düşünən beyin, alim, müəllim,
şair-yazıçı həbs olunub sürgünə
göndərilmişdi. Çünki Sultan Əbdülhəmid
düşünən beyinlərdən qorxurdu. Vaxtilə Xarici
İşlər Nazirliyində çalışan tənzimat
dövrü ədəbiyyatının görkəmli nümayəndələrindən
olan şair diplomat Namik Kamal da biabırçı “San-Stefano
sülh müqaviləsinin” əleyhinə çıxaraq rus
qoşunlarının Türkiyəyə soxulmasını
İstanbulun cəmi 10-15 kilometrliyinə qədər gəlib
çatmasını və Türkiyənin zorla sülhə məcbur
edilməsinə dözməyərək yazdığı:
Biz baxmadıq sağa-sola
Düşmən girdi
İstanbula
Vətəni satdıq bir
quruşa
Nə utanmaz köpəkləriz
Getmə vətən
qovğasına
Yetiş rütbə
yağmasına
Daldıq dünya səfasına
Nə utanmaz köpəkləriz
–
və digər şerlərinə
görə həbs olunub Xios adasına sürgünə
göndərilmişdi.
Ölkəsindən
çox-çox uzaqlarda diplomatik xidmətdə olan Əbdülhəq
Hamid bütün bunlara dözməyib birbaşa Sultan Əbdülhəmidin
üzünə onun zülmünü açıq, birbaşa
deyən bir məktub yazıb göndərir. Məktubda
Sultanın bütün eyibləri açılıb göstərilirdi.
Amma, nədənsə bəzi rus tədqiqatçıları
Qarbuzov, Alkova, Qordlevski və digərləri öz tədqiqat əsərlərində
yazırlar ki, Əbülhəq Həmid Fransada diplomatik xidmətdə
olarkən Sultan II Əbdülhəmidin zülmünü
ifşa edən onun iç üzünü açıb
göstərən “Nəstəran” adlı bir pyes yazıb vətənə
göndərir. Və Sultan da tamaşaya baxarkən əsərdə
təsvir olunan zülmkar padşahın özü olduğunu
görüb dərhal başa düşüb, əsəbiləşib
Əbdülhəq Hamidi Fransadan geri
çağırtdırır. Xeyir. Əslində isə bu
belə deyil. Bu belə olmayıb. Əgər səbəb həqiqətən
Sultan II Əbdülhəmidi ifşa edən dram əsəri
idisə, o zaman Sultanın qorxusundan bu əsər heç səhnələşdirilməyə
də bilərdi. Bunun qarşısı dərhal
alınardı. Əbdülhəq Hamidin geri
çağırılması, onun Sultana açıq məktubu
idi, dram əsəri deyildi. Çünki Sultan Əbdülhəmidin
senzurası çox güclü idi. Ölkədə
özbaşınalıq edən Sultan Əbdülhəmidin
qırmızı fəsli casusları hər yerdə
açıq-aydın heç nədən çəkinmədən
fəaliyyət göstərir, Sultan haqqında pis
danışanı yox hətta pis düşünənin belə
beyninə girib nə düşündüyünü öyrənir
onu məhv edib həbsxanalarda, sürgünlərdə
çürüdürdülər. Gedər-gəlməzə
göndərirdilər. Və bu məktubda da, həm də
dram əsərində də Sultan Əbdülhəmidin
bütün eyibləri ölkədə baş verən
haqsızlıqlar, qanunsuzluqlar yazılmışdı. Elə
bunun nəticəsində də Əbdülhəq Hamid
Sultanın qəzəbinə tuş gələrək Fransadan
geri çağırılır.
Dediyim kimi bu həmin o
ağır illər idi ki, Əbdülhəq Hamidin əqidə
dostları, məsləkdaşları o cümlədən ən
yaxın dostu xarici işlər nazirliyin məsul əməkdaşı,
tənzimat dövrü ədəbiyyatının görkəmli
nümayəndələrindən olan şair-diplomat Namik Kamal
da siyasi şerlərinə görə həbs olunub vətəndən
uzaqlaşdırılıb Xios və Rados adalarına
sürgünə göndərilmişdi.
Vətəndə işsiz,
pulsuz-parasız ən başlıcası yaxın dostlarsız
qalan hər bir yerdə haqsızlıq, səfalət,
qanunsuzluq, aclıq, rəzalət görən Əbdülhəq
Hamid ruhi sarsıntılar keçirir, başını itirmək
dərəcəsinə gəlib çatır öz təsəllisini
ancaq içkidə tapır.
Həmişə belə
odlu-odlu danışan indi isə acizləşib,
yazıqlaşan Əbdülhəq Hamidin belə acı həyat
tərzindən sözsüz ki, Sultanın xəbəri var
idi. “Mən onu digərləri kimi sürgünə göndərmirəm,
həbsxanalar küncündə çürütmürəm.
Bu isə mənim ona olan ən böyük ənamımdır.
Qoy gedib şerini yazsın. Dövlətin işlərinə
qarışmasın, şairsə, getsin şairliyini eləsin”
– deyir.
Sultan isə bir məsələni dərk eləmirdi ki, şair əgər dövlət işlərinə, dövlət məsələlərinə qarışmasa, millətinin, xalqının carçısı olmasa, haqsızlıqlara qarşı çıxmasa, alovlanıb yanmasa şair ola bilməz. Elə onu şair edən də haqsızlıqları görüb dərk etməsidir.
Aradan bir müddət ötür. Bütün bunlara işsizliyə, pulsuzluğa bir sözlə çətinliyə dözməyən Əbdülhəq Hamid günlərin bir günü canını dişinə tutaraq Sultanın ayağına gəlib “səhv” etdiyini boynuna alır. Bir daha belə “qələtlər” eləməyəcəyini, əfv olunmasını xahiş edir. Bu həmin o ağır illər idi ki, həmişə ona maddi yardım edən atası Xeyrulla bəy də artıq bu dünyada yox idi, vəfat etmişdi.
Ax... insan necə də
qırıldı, əyildi. İnsanda qiymətli hər nə
varsa ləyaqət hissi, bütövlük, əyilməzlik,
bir sözlə insana xas olan bütün ali keyfiyyətlər
bir andaca yox oldu, itirildi. Və... nəticədə Əbdülhəq
Hamid Potiyə konsul təyin olundu.
(Ardı var)
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet.- 2011.- 18 iyun.- S.18-19.