Azərbaycan
kitabxanaçıları Minskdə ixtisasartırma və təcrübə
keçiblər
Azərbaycan kitabxanaçılarının Minskdə ixtisasartırma və təcrübə keçməsinə imkan yaradan mühüm bir səfər Mədəniyyət və Turizm Nazirliyi, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibində səfərdə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin aparıcı mühəndis-proqramçısı Tural Qədirov, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Yeganə Sadıqlı, Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli, Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev iştirak ediblər. Nümayəndə heyəti proqrama uyğun olaraq “Kitabxana işinin müasir metod və metodikaları” mövzusunda keçirilmiş dəyirmi masa və diskussiyalara da qatılıblar.
Azərbaycan kitabxana mütəxəssisləri Belarus Respublikası Milli Kitabxanası və bir sıra kitabxanalarının fəaliyyəti ilə tanış olub və təcrübə mübadiləsi aparıblar. Görüşlər zamanı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası, Azərbaycanda kitabxana-informasiya sahəsində aparılan islahatlar barədə belaruslu mütəxəssislərə məlumat verilib. Görüşlərdə əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin işlənməsi barədə razılıqlar əldə edilib.
525-ci qəzet.- 2011.- 21 iyun.- S.7.