Milli azlıqların III Respublika incəsənəti
festivalı yekunlaşıb
Opera və Balet Teatrında
“Azərbaycan – doğma diyar” devizi altında milli
azlıqların III Respublika incəsənəti
festivalının yekun konserti gerçəkləşib. Konsert
rəqs ansamblının rəqsləri ilə start
götürüb.
Tədbirdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
çıxış edərək Azərbaycanda yaşayan
milli azlıq və etnik qrupların mədəni irsinin qorunub
saxlanılması və inkişaf etdirilməsi, habelə
xalqlar arasında qarşılıqlı anlaşma və
tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi
məqsədilə bu cür tədbirlər böyük əhəmiyyət
daşıdığını diqqətə
çatdırıb: “Biz çalışırıq ki, Azərbaycanda
yaşayan hər bir xalqın adət-ənənələrini,
mədəni irsini qoruyaq. Eyni zamanda bütün bunlar gələcək
nəsillərə çatdırılmalıdır. Bilirsiniz
ki, biz ənənəyə sadiq qalaraq artıq
üçüncü dəfədir, azsaylı xalqların
böyük mədəniyyət festivalını
keçiririk. Görülən işlərin davamı olaraq
ölkədə yaşayan milli azlıq və etnik
qrupların mədəni irsinin qorunub saxlanılması və
inkişaf etdirilməsi, habelə xalqlar arasında
qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin
möhkəmləndirilməsi məqsədi ilə nazirlik tərəfindən
bu festivalın 2 ildən bir keçirilməsi nəzərdə
tutulub. Festival çərçivəsində “Azərbaycanın
ənənəvi musiqi atlası” və Azərbaycan etnik
musiqisinə həsr olunmuş albom hazırlanıb,
respublikanın görkəmli alimlərinin iştirakı ilə
təşkil edilmiş “Azsaylı xalqların mədəni
irsi və müasirlik”, “Milli azlıqların mədəni
irsinin qorunması” mövzularında elmi konfranslarda maraqlı
məruzələr dinlənilib. Bu zamana kimi keçirilən
festivallarda respublikamızın 15-dək rayonunda fəaliyyət
göstərən və demək olar ki, bütün milli
azlıq və etnik qrupları təmsil edən, 800 nəfər
iştirakçını özündə birləşdirən
40-dan çox kollektivin çıxışları
tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanıb”.
Gecədə Lənkəran
şəhər “Nənələr” talış folklor xalq
mahnı və rəqs kollektivinin, “Suvar” ləzgi mahnı və
rəqs ansamblının, Rus Mədəniyyət Mərkəzinin,
Balakən rayonundakı “Cahan” avar folklor qrupunun, Qəbələ
rayonu “Cəngi” udin folklor ansamblının, Azərbaycanın
Yəhudi Mədəniyyət mərkəzinin və digər
kollektivlərin çıxışları böyük
maraqla qarşılanıb.Sonda fərqlənən kollektivlərə
nazirliyin xüsusi diplomları təqdim edilib.Qeyd edək ki,
festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə həyata keçirilib.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 21 iyun.- S.7.