Bir yazıçı itirdik...

 

 Bir neçə gün əvvəl maraqlı, bənzərsiz bir yazıçımızı itirdik. Bu, sadə kitab cümlələri deyil, həqiqətdir, doğrudan da itirdik. “İtən tapılmaz, ölən dirilməz”. Görünür, bu sözləri heç nə ilə əvəz olunmayan itkilər barədə deyiblər.

Eyvaz Əlləzoğlu! Bəlkə də bu imza oxucuların hamısına tanış deyil. İndi kim-kimin kitabını oxuyur ki...

Murad Köhnəqala zəng elədi. Gecə saat 22.10-da. “Eyvazı da belə yola saldıq da...” – hüznlü səslə dedi. “Hara yola saldıq ki?” – soruşdum. “Bilmirsən ki?”. Mən bilmirdim. Düzü, inanmadım da. Köhnə dostların zarafatı hesab elədim. İlin-günün bu vaxtında, cavan yaşda adam ölər!? “Belə şeylərnən zarafat eləməzlər. Zəng elədim ki, dərdləşəm”. Doğrudan da ölümnən zarafat eləməzlər. Hərçənd ki, bir dəfə Əjdər Olgilin dəstəsi belə bir zarafata tuş gəlib. Şükürlər ki, hamısı sağ-salamatdır. Amma bu zarafat-zad deyildi. Əzrayıl həmişə zarafat eləmir ki...

Dostları yığışmışdı. Əksəriyyəti qələm əhli, bir qismi köhnə və təzə qonşular. Sağ olsun, Arif Əmrahoğlu, Nəriman Əbdülrəhmanlı, Allahverdi Təhləli, Kamran özlərini hamıdan qabaq bu dərdli evə yetirmişdilər... Eyvaz uzun müddət yataqxanada yaşadı. Bir gün metroyla işə gələndə (Biz onunla tez-tez bu məkanda görüşürdük) dedi ki, tay bir otağa yerləşmirik, uşaqlar da yekəlib, bir ev kirayələmişəm, köhnəni də başqasına vermişəm, birtəhər yola veririk. Eyvaz dərdli adam idi. Əlli beşi haqlamışdı, amma ev-eşik yox, uşaqların təhsili pullu, doğmaları Gürcüstanda... Və ölümü qarlı-çovğunlu bir günə düşdü. Sanki onun həyatıyla ölümü arasında bir harmoniya vardı. Hamısı qara rəngdəydi. Qara deyirəm, amma Eyvazla tanışlığımın işıqlı bir günü yadıma düşür. Onda Gürcüstandan təzə gəlmişdi, Tərcümə Mərkəzində işə düzəlmişdi. Üç uşaq atasıydı. Ona baxanda mən xeyli cavan idim, təzə evlənmişdim. Bir xeyli ədəbiyyatdan, Gürcüstandakı tələbəliyindən, ilk hekayəsindən danışdı. Sonra dostluğumuz başladı.

 Onun isti, ilıq, mənə doğma hekayələrini oxudum. Eyvaz bizim yazıçıydı, külçəydi, hər nə vardısa özündən gəlməydi. Təsirlərə biganəydi. Ədəbiyyatda gedən dava-şavanı da ciddiyə almırdı. Müdrik adamlar kimi o da yazılanların qalacağına inanırdı. Onun şən və qəfil gülüşü hələ də qulaqlarımdadı. Bir şeyə istehza eləyəndə, ürəkdən gülərdi. Bir yataqxanada qalırdıq, hərdən bir-birimizə qonaq gedirdik. Balaları gözümün qabağında böyüyüb, həyatının bir kəsimi gözümün qabağında keçib. Sonra Prezident Aparatında işlədi, axırda Gürcüstandakı səfirliyimizdə çalışdı, amma həyatını qura bilmədi. Çünki təmiz adam idi. Bu cür adamlar rüşvətə əfi ilan kimi baxırlar. Balaları halal çörək yedi. Son illər tərcüməylə ailəsini dolandırırdı...

 1994-cü ildə məni Yazıçılar Birliyinə üzv qəbul eləmək istədiblər. Təklif, deyəsən, Arif Əmrahoğludan gəldi. Zəmanətin birini (onda qayda beləydi) Eyvaz Əlləzoğlu yazdı, amma sənədlərimi Birliyə təqdim eləmədim. “Bəs bizim zəmanətimiz?”-Eyvaz soruşdu. “Onları arxivimdə saxlayıram. Gələcəkdə sözününzün üstündə durmasanız çap eliyəcəm”-dedim. O da ürəkdən qəşş elədi. Axı, həmin zəmanətdə “istedadlı” sözü ilə yanaşı xeyli xoş epitetlər vardı. Bir neçə ay öncə yenə də görüşdük. Sahil bağında ayaqüstü söhbət elədik: ordan-burdan, ölkədəki vəziyyətdən, dolanışıqdan və bir az da ədəbiyyatdan. “Beş litr çaxırım var, təzə göndəriblər, vaxt elə, onu içək”. Amma vaxt eləyə bilmədik. Yenə də zəhrimar qayğılar... Demədiyimiz sağlıqlar, oynamadığımız toylar qaldı. (Hərçənd ki, oynamaqla arası yox idi...) Bir də Eyvazın yarımçıq yazıları...

Ayxanla (kiçik oğlu Ayxan Kiçikbəy) fəxr eləyirdi. Onun yaradıcılığından ağızdolusu danışırdı. Hərdən də acıqlanırdı, amma bu acıqda bir qürur vardı. O, açıq-aşkar öz davamçısı ilə fəxr eləyirdi və inanırdı ki, Ayxan onun həyatda və ədəbi cameədə qazana bilmədiklərini əldə edəcək. “Əyə, dəhşətdi e, yazısını mənə oxutdurur, ancaq deyir ki, bir cümləmə də əl vurma. Əsl yazıçı kimi danışır!...” Mən də inanıram ki, Ayxan Eyvazın çata bilmədiklərinə çatacaq. Sahil bağı ilə işə gəlirəm. Eyvaz tez-tez bu bağda gəzişərdi. İndi o yoxdu. Həyat öz axarında, insanlar öz işində, ağaclar da həminki... Həyatın faniliyi adamın beyninə bir də batır və ədəbi cameəmiz haqqında, orada gedən proseslər barədə düşünürsən.

 Hamıya o dünyada yer çatdığı kimi, bu dünyada da çatar, dostlar. Sevin bir-birinizi. Sevin ki, dostlarla vidalaşanda işıqlı xatirələri yadınıza salıb gülümsünəsiniz!

 Biz Eyvazı itirdik, amma yazılarını itirmədik. Onlar daim bizimlə qalacaq, elə xatirəsi də. Allah Eyvaza qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun, balalarının başı sağ olsun!

Amin!

 

 

Elçin HÜSEYNBƏYLİ

 

525-ci qəzet.- 2011.- 1 mart.- S.7.