Azərbaycanın maddi və
qeyri-maddi irsinə erməni təcavüzünün
dağıdıcı təsiri
Azərbaycan xalqı artıq iki əsrə yaxındır ki, erməni millətçiləri tərəfindən vaxtaşırı, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, həmçinin əsas insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və digər qeyri-insani, insan ləyaqətini alçaldan rəftarla müşayiət olunan etnik təmizləməyə və təcavüzə məruz qalmaqdadır.
Ermənistanın Azərbaycana artıq 20 ildən artıq müddətdə hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfər yaralanmış, müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olmuş, 4.500 nəfər itkin düşmüş, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülmüş, amansız işgəncələrə məruz qalmış, bir milyon nəfər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, 1000-dək yaşayış məntəqəsi dağıdılmışdır. Azərbaycanın ayrılmaz,
əzəli torpağı olan Dağlıq Qarabağ və
onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər,
Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl
rayonları Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmiş, ümumən 17 min kvadratkilometr ərazidə
ən məhsuldar torpaqlarımız zəbt olunmuşdur. Bu
işğalçılıq siyasətinin tərkib hissəsi
– Azərbaycan xalqının tarixi, maddi və qeyri-maddi irsinə
dağıdıcı təsiridir. Belə ki, beş minə
yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət
xalça muzeyinin filialı və xalq tətbiqi sənəti
muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin
Laçın rayonundakı Ağoğlan məbədi,
Xocalıdakı Əsgəran qalası, Kəlbəcər
tarix muzeyinin və digər mədəniyyət
ocaqlarının, rəsm qalereyalarının bənzərsiz
ekspozisiyaları dağıdılmış və talan
olunmuş, müqəddəs məbəd və məscidlər
təhqir edilmiş, kitabxanalar yandırılmış,
misilsiz əlyazmalar nümunələri məhv edilmişdir.
Dünya əhəmiyyətli arxeoloji abidə sayılan
paleolit dövrünə aid Azıx mağarası da bu gün
işğal altındadır. 1968-ci ildə həmin
mağarada Məmmədəli Hüseynovun rəhbərliyi
altında keçirilən arxeoloji qazıntılar zamanı
preneandertalise məxsus olan aşağı çənənin
fraqmenti tapılmış, bununla da dünya arxeoloji tarixinə
unikal və əhəmiyyətli eksponat kimi daxil olmuşdur. Bu gün isə işğal altında olan Azıx mağarasında ermənilər tərəfindən bütün beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq arxeoloji qazıntılar həyata keçirilməkdədir. Həmin qazıntılarda
beynəlxalq ekspertlər də iştirak edir. Bütün
dünya birliyi bu ədalətsizliyə göz yumur.
Erməni vandalizmi təkcə
canlılara deyil, həm də abidələrə qarşı
çevrilmişdir. Belə ki, erməni millətçiləri
Şuşa əhalisinə mənəvi-psixoloji zərbə
vurmaqla, insanlara güllə atmaqla kifayətlənməmiş,
həm də dünya mədəniyyətinin inciləri,
misilsiz sivilizasiya nümunələri sayılan tarixi abidələri
və Azərbaycan xalqının dünya şöhrətli
korifey sənətkarlarının bu şəhərdəki
heykəllərini də gülləbaran etmişlər.
Bu təcavüzün faciəli nəticələri
təkcə Azərbaycan ərazilərinin zəbt edilməsi
ilə məhdudlaşmır. Azərbaycana qarşı
Ermənistanda dövlət siyasəti səviyyəsinə
qaldırılmış terror və soyqırımı siyasəti
tariximizə, mədəni, dini abidələrimizə, toponimlərimizə
və digər milli dəyərlərimizə də
ağır zərbələr vurmuşdur. Ermənistan
Respublikası beynəlxalq sənədlərdə təsbit
olunmuş müddəaları kobudcasına pozaraq,
bütün dünyanın gözü qarşısında Azərbaycanın
bənzərsiz mədəni sərvətlərini talamaqda,
kütləvi şəkildə məhv etməkdə davam
edir. Belə ki, Azərbaycan Respublikasının işğal
edilmiş ərazilərində ölkə və dünya əhəmiyyətli
100.000-dən artıq mədəniyyət nümunəsi
yararsız hala salınmış və qəsb edilmiş,
500-dək tarixi və 100-dən çox arxeoloji abidə, 22
muzey dağıdılmışdır.
Erməni millətçiləri
maddi mədəniyyət abidələri ilə yanaşı,
xalqımızın zəngin folklor, musiqi, ədəbiyyat
nümunələri və digər mənəvi sərvətlərini
ardıcıl və sistemli şəkildə mənimsəməklə,
əslində işğalçılıq müharibəsini
həm də mədəni sərvətlər müstəvisində
genişləndirirlər. Ermənilər Azərbaycan bəstəkarlarının
musiqi əsərlərini, xalq mahnı və rəqslərimizi,
digər mədəni irs nümunələrimizi də
özününküləşdirirlər. Bununla bağlı
Ümumdünya Əqli Mülkiyyət Təşkilatına dəfələrlə
müraciət olunmuşdur. Heç bir qanuna və mənəvi-əxlaqi
meyarlara məhəl qoymayan erməni millətçiləri
mövcud cəzasızlıq şəraitindən yararlanaraq,
Azərbaycan mədəniyyətinə qarşı mənəvi
terroru dərinləşdirir, Şuşa şəhəri ətrafındakı
bürünc dövrünə aid yüzlərlə məzarda
arxeoloji qazıntılar aparmaqla beynəlxalq hüquq normalarına
daha bir saymazyana münasibət nümayiş etdirirlər. Ermənilər
zəbt olunmuş Azərbaycan ərazilərində
soydaşlarımızın məzarlarını sökür,
mərmər daşları, qəbirüstü abidələri
qarət edirlər.
İşğal
zonasındakı meşələr talan olunur, təbiətin
incisi sayılan çinarlıqlar məhv edilir, bu ağaclar
kütləvi şəkildə doğranıb aparılır.
Bu dəhşətli faktları nəzərə alaraq, mədəni
hüquqların və bütövlükdə mədəni
irsin qorunması ölkəmizdə xüsusi əhəmiyyət
kəsb edən sahələrdəndir. Belə ki, Azərbaycan
Respublikası 1954-cü il Haaqa Konvensiyasına və Birinci
Protokola 1993-cü ildə, ikinci Protokola isə 2000-ci ildə
qoşulub. Bu Konvensiya hərbi münaqişələr
zamanı hər bir dövlətin öz ərazisində və
rəqib tərəfin ərazisində yerləşən mədəni
dəyərlərin qorunması, arxitektura, incəsənət,
tarixi abidələr, arxeoloji qazıntılar kimi
daşınan və daşınmaz mədəni dəyərlərin
müdafiə edilməsini iştirakçı dövlətərin
qarşısında vəzifə kimi qoyur. Eyni zamanda
Konvensiyanın iştirakçıları özlərinin
qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu
konvensiya onun şərtlərini pozan və pozmağa göstəriş
verənləri cəzalandıra bilsin. Milli qanunvericilyə gədikdə
isə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit
olunmuş vətəndaşların vəzifələrinin
sırasında tarix və mədəniyyət abidələrinin
qorunması ilə bağlı müddəaların olması,
“Tarix və mədəniyyət abidələrini qorumaq hər
bir şəxsin borcudur” ifadəsinin öz əksini tapması
mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki,
xalqın milli sərvəti olan tarix və mədəniyyət
abidələrinin qorunması, öyrənilməsi və
onlardan istifadə ilə bağlı münasibətlərin tənzimlənməsi
hər bir dövlətin, o cümlədən beynəlxalq təşkilatların
diqqət mərkəzində olan məsələlərdəndir.
Təsadüfi deyildir ki, tarix və mədəniyyət abidələrinin
möhafizəsi, bununla da insanların mədəni hüquqlarının
təmini təkcə ölkələrin daxili qanunvericiliyi ilə
deyil, həmçinin beynəlxalq hüquq normaları ilə
tənzim edilir.
16 dekabr 1966-cı il tarixli
“İqtisadi, sosial və mədəni hüquqlar haqqında”
Beynəlxalq Pakt, 14 may 1954-cü il tarixli “Hərbi
münaqişələr zamanı mədəni sərvətlərin
qorunması haqqında” Haaqa Konvensiyası, 19 dekabr 1954-cü
il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr
1972-ci il tarixli YUNESKO-nun “Ümumdünya mədəni və təbii
irsin qorunması haqqında” Konvensiyası və digər beynəlxalq
sənədlər tarix və mədəniyyət abidələrinin
qorunması, öyrənilməsi, onlardan istifadə və
ümumilikdə insanların mədəni
hüquqlarının müdafiəsi ilə bağlı
müddəaları təsbit edir. Azərbaycan
Respublikası müstəqil dövlət olaraq, bir sıra
beynəlxalq müqavilələrə, o cümlədən
adları çəkilən konvensiyalara qoşulmuş, öz
milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına
uyğun olaraq formalaşdırmışdır. 10 aprel 1998-ci
il tarixdə “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul
edilmişdir. Bu Qanun tarix və mədəniyyət abidələrinin
möhafizəsi, öyrənilməsi və onlardan istifadə
ilə bağlı münasibətləri tənzimləyir.
Tarix və mədəniyyət
abidələri arxeoloji və memarlıq obyektləri,
etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə
və şəxsiyyətlərlə bağlı olan bina,
xatirə yerləri, əşyalar xalqın dini əqidəsi
ilə bağlı dəyərlərdir. Qeyd etmək istərdim
ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Elmira Söleymanova fəaliyyəti
dövründə Azərbaycanın tarixi və mədəni
sərvətlərinin Ermənistan Respublikası və erməni
millətçiləri tərəfindən
dağıdılması və mənimsənilməsi,
insanların mədəni hüquqlarının pozulması
hamılıqla qəbul edilmiş beynəlxalq hüquq
normalarına və prinsiplərinə tamamilə zidd olması
barədə Bəyanat vermiş və Azərbaycanın tarixi
və mədəni sərvətlərinə, xalqın dini əqidəsi
ilə bağlı dəyərlərə qarşı Ermənistan
Respublikasının və erməni millətçilərinin
ölkəmizə təcavüzünün
qarşısının alınması, həmçinin təqsirkarların
cəzalandırılması üçün beynəlxalq
birliyi həmrəyliyə və bu məsələdə ədalətli
mövqe nümayiş etdirməyə
çağırmışdır. 28 fevral 2005-ci il tarixdə
“Azərbaycanın tarixi və mədəniyyət abidələrinin
erməni millətçiləri tərəfindən
dağıdılması və öz mənafeləri
baxımından saxtalaşdırılması beynəlxalq
hüquq normalarının kobud pozuntusudur”” adlı Bəyanat qəbul
edərək nüfuzlu beynəlxalq təşkilatlara, o
cümlədən UNESCO-nun Baş direktoruna müraciət
ünvanlanmışdır. Həmin Bəyanatda Ermənistan
Respublikasının Azərbaycana təcavüzünün faciəli
nəticələrinin təkcə Dağlıq Qarabağ
bölgəsinin və onun ətrafındakı yeddi rayonun zəbt
edilməsi, milyona yaxın insanın qaçqına və məcburi
köçkünə çevrilməsi ilə məhdudlaşmadığı,
Ermənistanda xalqımıza qarşı dövlət səviyyəsinə
qaldırılmış terror və soyqırımı siyasətinin
Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın
dini əqidəsi ilə bağlı dəyərlərə də
ağır zərbələr vurduğu qeyd olunmuşdur.
Müvəkkil tarixi və mədəni sərvətlərimizin
Ermənistan Respublikası və erməni millətçiləri
tərəfindən dağıdılması və mənimsənilməsinin,
insanların mədəni hüquqlarının
pozulmasının beynəlxalq hüquq normaları və
prinsiplərinə tamamilə zidd olduğunu bəyan etmiş,
beynəlxalq birliyi bu təcavüzün
qarşısının alınması, təqsirkarların cəzalandırılması
üçün həmrəylik və ədalətli mövqe
nümayiş etdirməyə
çağırmışdır. Ombudsmanın
Şuşanın işğalı ilə əlaqədar Bəyanatları
xüsusi olaraq vurğulanmalıdır. Həmin Bəyanatlarda
beynəlxalq təşkilatların məlum münaqişənin
həllinə yönəlmiş səylərinin ikili
standartlara yol vermədən, beynəlxalq hüquq norma və
prinsiplərinə uyğun həyata keçirilməsinin,
monoetnik dövlətə çevrilmiş Ermənistanın
işğalçı, təcavüzkar etnik təmizləmə
siyasətindən, ərazi iddialarından əl çəkərək,
qəbul edilmiş mühüm sənədlərin müddəalarını
yerinə yetirməsinin, ölkəmizin ərazi bütövlüyü,
azərbaycanlı qaçqın və məcburi
köçkünlərin pozulmuş hüquqlarının bərpa
edilməsinin, onların öz doğma yurdlarına
qayıtmasının, əsir və girovların azad
olunmasının, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən
Ermənistan dövlətinə qarşı sanksiyaların tətbiq
olunmasının vacibliyi qeyd edilmişdir.
Ombudsmanın qeyd olunan sahədə
fəaliyyəti bu gün də sistemli şəkildə davam
etdirilməkdədir.
Nəcibə MUSTAFAYEVA,
Ombudsman Aparatının əməkdaşı
525-ci qəzet.- 2011.- 1 mart.- S.6.