“Səs”in işığı və kölgəsi

 

Kamil Vəlinin “Səs”indən ilham alaraq...

 

Səsə etiqad edən,

Səsi Allahda görən,

Sözünə vurulduğum,

bu səslə harda varsan?

Haralarda yaşarsan?

Sən bir gün bir daş olsan,

O daşda od yandırsan,

Odun səsi ney olar,

Həzin-həzin pıçıldar,

Kamançadan güc alar,

Tarın telin sındırar.

Sonra “ehey-y-y” hayqırar.

Mən bu səsi tez duyaram, görərəm,

Səsin əlindən tutaram, öpərəm,

Səsi ovcuma alaram, susaram.

Həsrətin çəkdiyim o körpə kimi,

Gözlərinə düz baxaram,

Əzizlərəm, qoxlaram...

Vətən oğlu, Sən – torpaqsan.

Axtardığın o səs ilə –

Mən də varam.

 

lll

 

Səslərdən bir uca qala qurardım,

Səsləri rənglərlə ahəngə salardım.

Qaldırıb günəşə səs parçasını,

Baxardım görməkçün Göy Tanrısını,

Bu dünyanın ulu sirri səs imiş.

Yerlə göyü birləşdirən xətt imiş.

Günahlardan hifz eləyən sədd imiş.

Görəsən alarmı, versəm canımı?!

 

lll

 

Əbədi səsləri eşidən insan!

Sən gizli yolların yolçususan ki.

Məbədə, dərgaha yol salan insan!

Sən əbədi odun ər oğlusan ki.

 

lll

 

Harayıma səs ver, qardaş,

Hal əhli, dost, sirdaş.

Yenə ruhum göylərdədir,

cilovlanmır hisslərim.

Ağıllı necə olum?

Necə ağılla sevim?

Eşq – ruhum,

Eşq – cismim.

Əlimdən çıxmış bəxtim.

Özümü kəsmiş səsim.

Təslim olun,

Yenilin – o ağ səsi eşidin...

 

Səsimə səs verdi Kamil Vəlinin bu “Səs”i. Səsimə hayan durdu, könlümə toxtaqlıq gətirdi. Mənim ürəyimi oxudu “Səs”iylə, illərimi silkələdi. Fizuli ilə Alimin ruh dünyasını mənim gəncliyimə və əbədiyyətin bir eşqlə tamlığına ümidimə və   bu ümidlə qaranlığı nura boyamaq istəyimə birləşdirdi. Tək məni mən eləmədi. Səsdən qopub tənhalıqda səssizləşmiş, qəlbində eşq boyda səsi gizlətmiş, özünü bir zərrə kimi hiss edən bütün məhkumları başına topladı. Səsimi çıxartdım bu “Səs”dən sonra. Ömrümün ən gözəl çağlarından bu yana məni narahat edən, məni dara çəkən, dağın başına qaldıran, yox edib, yerin dibinə salan, qanad verib göyə çıxaran, səhralara sürgün edən səs qavramımı, səs duyumumu, səslə etdiyim söhbətləri, səslə yazdığım, səsə yazdığım şerləri ruhumda diriltdi bu “Səs”. Hər həftə bircə səs eşitmək istədim. Kamil Vəlinin səs haqda söyləmək istədiyi “Səsi”. Allah! Necə böyüksən!!! Çünki sən səsin özüsən. İlahi! Qarşında bu qədər kiçildikcə, daxilimizdəki səs necə böyüyür, ucalır, səslərə, sözlərə calanır. Beləlıklə, elə dünyanın özü qurulur. Hərə öz səsini yox, əzəli səsi duyub-eşidə bilsə, ötürüb, ətrafa paylaya bilsə, yer üzündə dərdlər azalmazdımı?!

Allah xofu –

qorxuların ən gözəli.

Onu gec tanıyanların

əcəli.

Bu sonlu dünyanın

əbədi əzəlı.

 

lll        

 

Yağışlar yağanda

            ağlayıram mən.

Torpaq göz yaşımı                  

uda bilməyir.

Nəfəsim ruhuma

            verir təsəlli.

Sevgisiz varlığa

            inanmağım gəlməyir.

 

Bizim evdə ən tənəli ifadə belə səslənirdi: “Deyəsən, öz avazın özünə xoş gəlir”. Atalarımız avazın mahiyyətini önə çəkiblər. Quran avazını nənəmin lentə yazılmış səsində eşitmişəm. Bu yazının tarixi mənim yaşımdan böyükdür. Üzünü görmədiyim nənəmin səsi qalıb bu yazıda, oxuduğu “Quran” isə o rəhmətə gedəndən sonra nadir nüsxə olduğu üçün o zaman Mərdəkan nəbatat bağını cənnətə çevirmiş Rəşid Abbasovun atası tərəfindən Nardaran məscidinə təqdim olunub. Kitab evimizdə qalsaydı da pis olmazdı. Bəlkə o, mənə başsız qalan evimizi, atamı, sevgimi qorxulu səslərdən qoruyub hifz etməyə kömək edərdi? Bəlkə səsim qırılmazdı, qopmazdı, səsimin haradan kökləndiyini bilsəydim?

Səsin müqəddəsliyini bir az gec dərk etmişəm. Onu o zaman dərk etmişəm ki, Kamil Vəli demişkən, havanın varlığına, geriyə, dünyaya qayıda bilmişəm. Bəlkə bu dünyaya bel bağlaya bilməyəndə, o dünyanın səsinin eşq və Yaradana eşq olduğunu qəbul etmişəm? Mən səs eşidəndə, səsə qulaq asmaq istəyəndə, səsi yaşatmaq istəyəndə, o işığı söndürmək istəmişəm. Bu səs- işıq, o işıq isə arzu idi. Bu işıq o işıqdan deyildi.

 

Bu ümid o ümid deyil

Bu ümid bir od işığı.

Bu ağrı o ağrı deyil,

Bu bir məcnunluq duyğusu.

Məni nələr xoşbəxt edir?!

İnsanın Allah duyğusu.

Məni gör nə sevindirir?!

Eşqlərə inam arzusu.

Məni gör nə rahat edir?!

Yadların Allah qorxusu.

 

“Niyə Allahımızı dərk edə bilmirik?”, “Eşqin sonu varmı?”, “Səbrin hüdudları haradan başlayır, harada bitir?” – Kamil Vəli bu sualları ilə ruhumuzun gözünü açır, onu muğamın sədaları, səsləri ilə kainata qovuşdurur, başlayan və bitən yaşamımızın əbədiliyinə dolayısı ilə bizi inandırmaq istəyir. Alimin nəfəsi onu narahat edir, həm də xilas edir. Səbrə səsləyən bu ilahi nidalar mənim cahillikdən “Quran”ı əlimə alıb duymaq istəyimə qədər yaşamımda bir ömür qədər dinləyə, sonsuzluğa qədər daşıya bıləcəyim bir həqiqətdir, var olandır. Alımın məcnunluğunu mən də gözləyirəm. Allah qismət eləsin! (Necə ki, 90-lardan bura konsertlərini izləmək qismət olub) Mən kor da olsam, bu gözəlliyi görərdim. Bəlkə Alimin Məcnunu çox korların gözünə işıq gətirərdi. Allah göydən enib, yerə muğam sədası gətirib, Alimə verib, çağır deyib, məni də, Kamil Vəlini də bu səsin sehrinə bələnib yol getməyə səsləyib oralara: dağlara, səsin tək qaldığı yerlərə, səsin Yaradana məxsus olduğu məqamlara, ot göyərən, quzu mələyən, ney sızlayan, lalənin bağrı qan ağlayan, sular şırıldayan yerlərə... Torpaq bizə necə dözür, İlahi! Ayağımızı nə bərk basırıq, yerdən nə bərk yapışırıq? Səni unudanda nə bərk çığırırıq bir-birimizin üstünə, nə hökmlər çıxarırıq? Avazımız özümüzə xoş gəlir...

 

lll

 

Kamil Vəlinin “Səs”i məni yenə əbədi cənnətin qoynuna qaytardı, xalçanın dilini yadıma saldı. Atam hər övladına qonaqkənd üslubunda əllə toxunulmuş bir xalça bağışlayıb. Özümü həyatda yolsuz yolçu hiss edəndə, əl uzadıb divardakı xalçanın naxışlarını oxşamışam, onlardan imdad ummuşam. Şirvanın dəvə yolları, Alimin azad ruh axtarışları, zikr edən sufilərin səs yaddaşı, pir olmuşların qəlb gözəlliyi, ilahi nuru bu rənglərə, fiqurlara çevrilib, karvan-karvan yol gedir bu dünyanın sirrinə...

 

lll

 

Yolumda nə qədər qar-boran oldu mənim! Gözlərimi yaz nə qədər yolda qoydu mənim. Sən demə yer üzündə məndən başqa da ətrafını sazaqlı qış bürüyəndə, könlündə isti nəfəs, hənirti, köz, pıçıltı, laylay gəzdirən, “yar, yar-aman” deyə inildəyən bir biçarə dərviş varmış... Kamil Vəli! nə gözəl oldu, bu duyğuları qələmə alıb, dərc etdirdiniz. Səsiniz o qədər güclü və mahiyyətli oldu ki, mənim səsim, çoxdan bəri mənimlə yalnızlığımın acısını-şirinini yaşayan səsim, susa bilmədi, dilləndi. Çünki onunla Allahdan gələn səsin sözü ilə danışılan tapıldı. Siz necə yazmısınız? Hə, bu cür: “Uzaq ellərdən gülün qoxusu gəlir, Allahım...”

Kamil Vəli, gül həsrətiylə cənnətə növbə tutsanız, məni unutmayın. Fənafiallahlıq dediyiniz duyğu məni həm də ölmək haqda düşündürüb, o qədər ruhuma hakim olub ki, qovuşub, sonra Allahın dərgahına minnətdarlığımı bildirmək üçün, əbədi yol almaq üçün yar mənə “get, eşq uğrunda Xəzərə atıl” söyləsəydi, mən gedərdim, atılardım. O söyləmədi, mən getmədim. Amma bu o demək deyil ki, mən ölmədim... İlahi, elə bilirdim, insanlar bunu dərk etməzlər, inanmazlar. Mən ki sizə inandım, alim qardaş, vətən oğlu, Kamil Vəli! Deməli, kimsə mənə də inanacaq...

 

Bir ah çəkdim –

sevgi ahı.

Ahım tutsun

insanları...     

  

lll

 

Gecənin gözəlliyini duyan insanlar, məncə, xoşbəxtdirlər. Gecənin səsini yaşayıb, yaşadan Kamil Vəli kimi. Mənim də gecələrim var idi. Lap nağıllardakı kimi. Biri var idi, biri yox idi. Günlərin bir günü mənim gecələrim yoxa çıxdı. Gündüz ömrümə hakim kəsildi. Gecə səslərinin həsrətini çəkməyə başladım.

Gecəm dönübdür gündüzə,

İşıqlar sıxılmış bir küncə.

Burdan bir yol, bir çıxış var –

nurla dolu könüllərə, qəlblərə

Pənah yeri heç tükənməz...

İnam və vəhdət.

 

lll

 

Bu gecə bir quşun səsində,

sənin həsrətində

Köçdü qəlbimə.

Cənciz yaşadığım bu səssiz gecə,

Səni yaşatdığım bu aylı gecə

Hicran nəğməsiylə,

Tənhalıq yüküylə

Köçdü qəlbimə.

 

lll

 

“Gecənin bir aləmi” deyirlər xalqda,

Məgər bir aləmi varmı gecənin...

Gecənin min sazlı söhbəti vardır.

Sevgiyə gumanı vardır gecənin,

Gecənin gündüz tək inamı vardır.

Ümid sorağında yaşar gecələr...

 

lll

 

Salamınızı aldım, şair! Şer olmasa da, yazdığınız. “Səs” başdan-başa poeziyadır, duyğuların həm fizikası, həm metafizikasıdır. Salamlarımı eşidin, çünki pıçıltının səsini eşitmiş ən bəxtiyar Allah bəndələrindən biri də mənəm. Onu məqamına çatdırıb, göyləri sevindirə bilməyən ən bədbəxt Allah bəndələrindən biri də mənəm.

 

Mənim deyəsi sözüm

Qışqıra bilmir.

Qışqırtılar içində

O, eşidilmir.

Səs-küy çoxdu,

Hamı qışqırır.

Heç kim yaşamır.

Həyat yanımızdan

Ötüb keçir.

Qışqırıqdan qorxub, gedir.

Kar olanlar həm də kordu.

Pıçıltını görməyirlər

Vaxtın səsində,

Haqqın yerişində

Pıçıltı – sevgidir.

Onun xisləti isti.

İstilik – ocaq rəmzidir

Məkanı insan qəlbi.

Qışqırıq – ögeylik,

Qışqırıq – yadlıq.

Mayası soyuq.

Soyuqluq iblisin

Nişanəsidir.

 

lll

 

Cavabsız heç bir sual yoxdur. Ən maraqlısı budur ki, suallar heç zaman bir-birini təkzib etmir, cavablar isə, əksinə, o qədər rəngarəngdirlər ki, adlayıb üstündən keçməsən, dünyanın bütün ahəngi pozular, hər şey xaosa qərq olar. Səsin özü itər, yoxa çıxar. Kamil Vəli səsin ən möhtəşəm poetik mənzərəsini açıb göstərməyə çalışıb. Səsi xanə-xanə, məqam-məqam, addımbaaddım, qarabaqara izləyib, ucsuz-bucaqsız kainatın bütün məkan və zamanını dəf edib, yenidən yer üzündəki insanlara gətirib çatdırıb. Mən öz payıma nə qədər düşdüsə, götürə bildim. O qədər minnətdaram ki... Öz adıma və Kamil Vəli adına çox sevindim.          

Çünki onun “Səs”i mənim qəlbimi riqqətə gətirdi. Onu “Səs”ə səsləyən səslər, naxışlar, tellər, mizrablar, iniltilər, heylər, amanlar, diləklər mənimdir, bəşərindir, sevənlərindir, Allahını tanıyanlarındır, bir-birindən xəbərsiz göylərə eyni dualarla səcdə edən türklərindir. “Mən içindəki işığı üfürülüb keçirilən eşq əhlinin dəli harayını oxumaq istəyirəm”. “Mən bir gün görməmiş atamı, gözləri yaşlı anamı, sevgimi, bölünmüş yaralı vətənimdən damlayan qanı oxumaq istəyirəm”. Allah bu gücü vermiş, vermiş sizə, vətən oğlu! Verməsəydi, nə bilərdiniz ki, bunlar mənim də oxumaq istədiklərimdir, çünki mənim özümdür. Özümüzü səsdə dərk edə bilsək, hər şeyi anlamış olardıq yer üzündə...

Bir də bu bənövşə söhbəti. Çöx yerinə düşdü. Qəribədir, boynubükük bənövşə həyat müjdəçisidir. Qışdan çıxarıb bizi yaza səsləyir. Özü boynubükük, o qədər cansız və zərif, amma ümid, yenidən doğulmaq müjdəçisi. Heç bilmirsən, bənövşə var, ya yox. Yox olanı var edən qüvvənin torpağa əkdiyi mələk qanadlı, cənnət ətirli və yer üzünə yalnız özünə məxsus bir rəng qatmış bənövşə. Bəlkə cənnətin rəngi elə bənövşəyidir...

 

Gecələr ulduzlar

Göylərdən yerə enir.

Ulduzlar qəlbimdə

Bir ümid isindirir.

Sənə əta borcum,        

Səcdə borcum var:

Məni işığında qoru, İlahi!

 

lll

 

Qaçardım bu dünyanın

Torpağından, tozundan.

Qaçardım göy çəmənə,

dağ başına, al günəşə.

Qaçardım ayaqyalın,

başıaçıq, əlim göydə.

Yumardım gözlərimi

Görmək üçün günəşi mən...

Bir də görrəm

Göylərdəyəm. Qanadlanıb

quş olmuşam.

Dar otaqda havam çatmır.

Mən Allahçün darıxmışam.

 

lll

 

Səsiniz gəlsin, Kamil Vəli! “Özünə dalan” səsiniz, “özünü qazan” səsiniz, “özündə boğulan” səsiniz var olsun. Allah sizdən bu heyranlıq duyğusunu əsirgəməsin. L.Tolstoy yazırmış ki,“göyləri verin quşlara, insanların yeri buradır”. Görəsən bunu L.Tolstoy yazıb? Yəqin söhbəti gedən heyrətlətmək, cazibəyə düşmək halından xəbərsız imiş. Bəlkə 81 yaşlı müdrik qoca evindən çıxıb gedərkən əslində cənnətdən qaçırmış. Bəlkə o, ömrünün son üç günü cəhənnəm məqamını cənnətə tapşırmaq üçün, hara getdiyini, niyə getdiyini bilmədən gedib. Bəlkə o da “səslər içində səs olmaq” istəyib... Hə bilək ki... Bilinən Allaha qovuşub, imana yetişmək eşqini yaşayan Kamil Vəlinin səslə dolu düşüncələridir. Canlı düşüncələri... O qədər canlı ki, eşıtməmək, türklər demiş, duymamaq olmur.

 

Mən sənə sevgimi deyə bilmədim,

Sözlər bir səs olub səpələndilər.

Qəlbimdə bu eşqi boğa bilmədim,

Hisslər sətirlənib şerə döndülər.

 

lll

 

Susdum... gözümə bax.

Gör məni, anla.

Məgər sözdən azmıdır

Baxışlardakı məna.

Sözdə səs var:

Qorxuram səsim məni azdırar.

Duy məni.

Duyğularım sənindir, apar.

Ömrüm sənsiz bir yalandır.

Bu yalanlar dünyasından

Məni qurtar.

Özünlə apar,

Özümə qaytar...

Sevgiləri

Qatar-qatar, düzüm-düzüm

Yol gedərdi o dünyamın.

Gecə-gündüz şəbi-hicran odlarına

Qalanardı sevgiləri o dünyamın.

İlahi!!! Eşq səndəndir!

Ayrılığı bəs kim salır?!

Sevgiyə məhkum bir insan

Biganələr sırasına

Qatılmağa məcbur olur.

Axırına lap az qalır

Sənsız yolların. Çatdıq sona. Susdum.

Mən qorxuram... indi sən danış...

 

lll

 

Kamil Vəlinin “Səs”inin növbəti hekayətini, hikmətini oxuyub, qəzeti bir kənara qoydum, İsa Muğannanın “Azərbaycan” jurnalının 2010-cu il yeddinci sayında “Xatirələr, duyğular” rubrikasında dərc olunmuş “Həyatımdan səhifələr”ini götürüb oxumağa başladım. “Səs” kimi, onu da birnəfəsə oxudum, bir udum su kimi, hava kimi, odlu bir baxış kimi vücuduma hopub əriyirdi, ilğıma çevrilirdi bu böyük yazıçının yazdıqları. Söylədikləri o qədər həqiqətdir ki, sözlər safa düzülmüş kimi, fikirlər tam bir-birinini bağlayır, nur kimi ürəyimə daxil olurdu. Onun söyləmək istədikləri o qədər qədim dildə, əsl dilimizdədir ki, duyan-görən bəxtiyardır. O qədər xoşbəxtəm ki, bu iki səsi eyni vaxtda eşitdiyimə görə. İkisi də atəş odunda, sevgi axtarışında, ikisi də qərinələrdən gələn ünün-səsin peşində. “... Sonra gördüm işıq mənim özümdəymiş”, – söyləyərkən, Kamil Vəli insanın tam səmimiyyətini açıb göstərir. Özündə işığı dərk etməyən insanın bütün and-amanı yalandır. “Elmi helmlə dindirən” (“Azərbaycan” jurnalı, 2008, ¹6). İsa Hüseynov kimi, Kamil Vəlini də “ruh dilinin, səs dilinin bir başqa olduğu uca aləm” qollarını açıb, alıb aparır. Haqqa qovuşan insanlar sevgisiz yaşayamazlar. Uca aləmin sevgisini duymayanlar insanları sevə bilməzlər, yerdə yaşamı qoruya bilməzlər. Bəlkə hamımızın səsə, ünə, oda-atəşə, saf ağ elminə helmlə qayıtmaq zamanımız çatıb. Təki gec qalmayaq... Tanrının bizimlə gizli sevdasını duymağa...

 

 

Kəmalə Umudova

 

525-ci qəzet.- 2011.- 1 mart.- S.6.