Avropa Şurasında siyasi məhbus
problemi və onun həlli yolları
I məqalə
Azərbaycan Respublikasının Avropa Şurasına tam və bərabərhüquqlu üzv qəbul edilərkən insan hüquqları və əsas azadlıqların təminatı sahəsində bir sıra öhdəliklər götürüb. Bu öhdəliklər sırasında daha çox mübahisə doğuran və uzunmüddətli müzakirələrə səbəb olan “hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan məhkumların işinə baxılması və onların azad edilməsi məsələsinə baxmaq” öhdəliyidir. Avropa Şurası tərəfindən tətbiq edilən “siyasi məhbus” anlayışının hüquqi təbiəti və bu anlayışın Avropa Şurasına üzv olan dövlətlərdən yalnız Azərbaycana münasibətdə istifadə edilməsi, vaxtaşırı bir sıra dairələr tərəfindən Avropa Şurasında bu problemdən şişirdilərək istifadə edilməsi və son dövrlərdə həmin qüvvələr tərəfindən onun yenidən gündəmə gətirilməsi cəhdləri, qeyd edilən məsələlərin mahiyyəti ilə ölkə ictimaiyyətini məlumatlandırmaq zərurəti yaradır.
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin və AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin üzvü Elxan Süleymanovun bu məsələlərdən bəhs edən“Avropa Şurasında siyasi məhbus problemi və onun həlli yolları” məqaləsini oxuculara təqdim edirik.
Problemin icmalı
Azərbaycan Respublikası Avropa Şurasına bərabər hüquqlu üzv qəbul edildikdən sonra dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi, o cümlədən insan hüquqlarına və əsas azadlıqlara dair beynəlxalq standartların milli qanunvericilikdə təsbiti və təmin edilməsi, bazar iqtisadiyyatının bərqərar olması, ölkənin sosial-iqtisadi inkişafı və Avropa hüquq məkanına inteqrasiyası sahələrində ciddi irəliləyişlərə nail olmuşdur. Azərbaycanın Avropa Şurasına bərabər hüquqlu üzv olmasından keçən dövr ərzində insan hüquqları və əsas azadlıqlar ilə bağlı qanun layihələri bu mötəbər beynəlxalq təşkilatın tövsiyyələri nəzərə alınmaqla hazırlanmış və onun müvafiq qurumlarında ekspertizadan keçdikdən sonra qəbul edilmişdir. Bu konstruktiv və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Odur ki, Azərbaycanda demokratik təsisatların daha da inkişaf etdirilməsində, demokratik proseslərin, insan hüquqlarının təmin edilməsi mexanizmlərinin daha da genişləndirilməsində və insan hüquqlarının müqafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasında Avropa Şurasının rolu danılmazdır. Digər tərəfdən, Azərbaycan Respublikası üzv dövlət kimi Avropa Şurasının müxtəlif qurumlarının fəaliyyətində yaxından iştirak etmiş, bir sıra sənədlərin, o cümlədən konvensiyaların hazırlanaraq qəbul edilməsinə öz töhfəsini vermiş və bununla da Avropa Şurasının daha inkişaf etməsi prosesinin iştirakçısı olmuşdur. Odur ki, Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq hər iki tərəf üçün faydalı olmuşdur.
Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanın bu nüfuzlu təşkilatla əməkdaşlığı problemsiz ötüşməmişdir. Hətta bəzi məsələlərin həlli ilə bağlı tərəflər indiyədək ortaq məxrəcə gələ bilməmişlər ki, bu da Avropa Şurasının digər beynəlxalq təşkilatlara xas olan və müasir beynəlxalq münasibətlər sistemində ciddi problemlərin yaranmasına gətirib çıxaran ikili standartlardan sığortalanmadığından xəbər verir. Uzun müddət ərzində müzakirələrə səbəb olan belə məsələlərdən biri siyasi məhbus problemidir. Odur ki, siyasi məhbus probleminin mahiyyətinin, bununla bağlı tərəflər arasında mövcud olan fikir ayrılığının, onun obyektiv və hüquqi müstəvidə həlli yollarının araşdırılması aktuallıq kəsb edir.
Azərbaycan Respublikasının Avropa Şurasına bərabər hüquqlu üzv olması ərəfəsində AŞPA-nın Siyasi Komitəsi tərəfindən hazırlanmış Tovsiyələr Paketi 2000-ci ilin əvvəllərində ölkə ictimaiyyətinə təqdim edilmişdir. Dövlət başçısı, Baş Nazir, Milli Məclisin sədri, aparıcı müxalifət partiyalarının liderləri tərəfindən imzalanmış və ilkin variantda on yeddi bənddən ibarət olan Tövsiyələr Paketində Azərbaycan Respublikasının yaxın gələcəkdə Avropa standartlarına uyğunlaşdırılması məqsədilə yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən, Dağlıq Qarabağ problemi ilə bağlı AŞ-ın mövqeyi açıqlanmışdır. Sənəddə AŞPA Azərbaycan Respublikasından xarakter etibarı ilə beş qrupdan ibarət müəyyən öhdəliklərin qəbul olunmasını xahiş emişdir.
Tövsiyələr Paketinin İnsan hüquqları və əsas azadlıqların təmin edilməsi ilə bağlı olan dördüncü bölümündə Azərbaycan qarşısında hər hansı bir məhdudiyyət və şərt qoyulmadan Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Komitəsilə məhkumların görüşməsinə təminat verən müqavilə imzalamaq, vəzifə borcunu yerinə yetirərkən insan hüquqlarını, o cümlədən, işgəncənin qadağan edilməsi ilə əlaqədar normaları pozan hüquq-mühafizə orqanlarının nümayəndələrini məhkəmə məsuliyyətinə cəlb etmək, söz azadlığına, KİV-in və jurnalistlərin müstəqilliyinə təminat vermək, mətbuat azadlığı ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq və s. kimi tədbirlərlə yanaşı hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan məhkumların işinə yenidən baxılması və onların azad edilməsi məsələsinə baxmaq barədə öhdəliklər irəli sürülmüşdür. AŞPA-nın tövsiyələrdən ibarət 222 saylı rəyi əsasında Avropa Şurası Nazirlər Komitəsinin 9 noyabr 2000-ci il tarixli 107-ci sessiyasında qəbul etdiyi 14 saylı xüsusi Qətnamədə Azərbaycanı Avropa Şurasına üzv olmağa və bu beynəlxalq təşkilatın nizamnaməsinə qoşulmağa dəvət edilmişdi. Nəhayət, 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tam və bərabər hüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul edilmiş və 25 yanvar 2001-ci ildə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə bağlı rəsmi mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Avropa Şurasına bərabər hüquqlu üzv qəbul edilməsi Azərbaycan cəmiyyətində dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun Avropaya inteqrasiyası və beynəlxalq münasibətlər sistemində mövqelərinin əhəmiyyətli dərəcədə gücləndirilməsi istiqamətində mühüm mərhələ olmuşdur.
Avropa Şurasına üzv olmaq ərəfəsində bu təşkilat tərəfindən Azərbaycan üzərinə qoyulan öhdəliklər sırasında daha çox mübahisə doğuran “hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan məhkumların işinə baxılması və onların azad edilməsi məsələsinə baxmaq” öhdəliyi olmuşdur. Əsas mübahisə predmeti isə əsasən “siyasi məhbus” anlayışının hüquqi təbiəti, ondan irəli gələn subyektiv və gərəzli nəticələrdən, ayrıseçkili yanaşmadan ibarət olmuşdur. Belə ki, Azərbaycan Avropa Şurasının üzvlüyünə qəbul edildiyi zamana qədər “siyasi məhbus” anlayışı və onun hüquqi təbiəti heç bir beynəlxalq sənəddə, o cümlədən Avropa Şurasının sənədlərində müəyyən edilməmişdi və həmin problem bu günədək beynəlxalq-hüquqi müstəvidə öz həllini tapmamışdır.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, “siyasi məhbus” anlayışı 1989-1990-cı illərdə BMT-nin Namibiyada, sonradan isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Cənubi Afrika Respublikasında həyata keçirdiyi missiya zamanı professor Karl Aage Nerqaard tərəfindən hazırlanmış və “Nerqaard prinsipləri” adlandırılan meyarlar əsasında istifadə edilmişdir. Bununla yanaşı, “siyasi məhbus” anlayışı hazırda yalnız Amnesty İnternational təşkilatı tərəfindən özünün hazırlamış olduğu meyarlar əsasında istifadə edilir. Lakin “siyasi məhbus” anlayışından istifadə edilməsi ilə bağlı nümunələr nə universal, nə də regional səviyyədə qəbul edilmiş beynəlxalq-hüquqi meyarlar hesab edilə bilməzlər.
Məhz “siyasi məhbus” termininin anlaşıqlı və dəqiq anlayışının mövcud olmamasının nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar və yerli QHT-lərin siyasi məhbusların müəyyən edilməsində irəli sürdükləri tələblər ciddi şəkildə fərqlənirlər. Belə ki, bəzi təşkilatlar daha böyük siyahı tərtib etdikləri halda, digər təşkilatların siyahıları qısa olur və bu təşkilatların hər biri həbs edilmiş şəxslərin siyasi məhbus kateqoriyasına daxil edilməsində öz xüsusi kriteriyalarına əsaslanırlar. Bir sıra hallarda isə bəzi təşkilatlar “siyasi məhbus” anlayışına öz siyasi maraqları müstəvisindən məna verirlər. Beləliklə, “siyasi məhbus” anlayışının hüquqi təbiətinin universal və ya regional beynəlxalq təşkilatlar səviyyəsində müəyyənləşdirilməməsi praktikada bu və ya digər mühakimə edilmiş və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin “siyasi məhbus” kateqoriyasına aid edilməsində kolliziyaların yaranmasına gətirib çıxarmışdır. Bu kolliziyaların aradan qaldırılmasına nail olmaq, bəzi QHT-lər tərəfindən iddia edilən “siyasi məhbusların” azad edilməsi və ya yenidən mühakimə edilməsinə nail olmaq məqsədilə Avropa Şurasının Baş Katibi Ermənistan və Azərbaycanda siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün meyarlar hazırlamaq üçün Stefan Treçel, Evert Alkema və Aleksandr Arabaciyevdən ibarət müstəqil ekspertlər qrupu yaratmışdır. Qısa müddət ərzində müstəqil ekspertlər qrupu tərəfindən siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün meyarları özündə əks etdirən məruzə hazırlanaraq, 16 iyun 2001-ci ildə AŞ Baş Katibinə göndərilmiş və həmin məruzə 24 oktyabr 2001-ci ildə Avropa Şurasının sənədi kimi qəbul edilmişdir (SG/Inf (2001) 34).
Elxan SÜLEYMANOV,
Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin üzvü,
AŞPA-nın Hüquq Məsələləri
və İnsan Haqları Komitəsinin üzvü
525-ci qəzet.- 2011.- 1 mart.- S.4.