Evlənməli ya evlənməməli?

 

 “Evlənmə”, mütəxəssislərin fikrincə, Nikolay Vasilyeviç Qoqolun ən müəmmalı pyeslərindən biridir. İlk baxışda pyes sırf məişət komediyası təəssüratı yaradır, amma onun mətninə dərindən nüfuz etdikcə müəllifin az qala Mona Lizanın sirli təbəssümünü xatırladan, amma bicəltəkliyi ilə seçilən sirli təbəssümü sətirlər arasından görünür. Təsadüfi deyil ki, o özü də pyesin janrını iki hissəli ağılagəlməz, inanılmaz hadisə kimi müəyyən edir. Amma Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Bəhram Osmanovun quruluşunda təqdim etdiyi “Evlənmə” tamaşası məhz “Evlənmə” adından çıxış edərək müəmmadan, Qoqol qələminə məxsus mistikadan, tapmacadan uzaq adi məişət komediyası kimi hazırlanıb.

Əhvalat ondan başlayır ki, xırda məmur İvan Kuzmiç Podkolyosin evlənmək, yaşı keçmiş tacir qızı Aqafya Tixonovna ərə getmək istəyir. Aradüzəldən Fyokla İvanovna isə pul qazanmaq üçün vəzifə borcunu yerinə yetirir, bu iki nəfəri bir-birinə calamağa çalışır. Elə bu vaxt əsərin əsas personajlarından biri Koçkaryov da daima nəsə bir iş görmək istəyən, hər bir işdə canfəşanlıq göstərməyi sevən adam kimi yenicə başlayan hadisəyə müdaxilə edir və dostu Podkolyosini özü evləndirmək istəyir və bu işdə heç bir aradüzəldən qadını qabağa buraxmaq fikrində deyil. Amma məsələ təkcə Koçkaryovla Fyokla İvanovna arasında baş verən bu kiçik konfliktdən ibarət olsaydı, nə vardı? Aqafya ilə evlənmək istəyən əlavə dörd adaxlı da növbəyə dayanıb. Tərbiyəsinə, temperamentinə, dünyagörüşünə, cəmiyyətdəki mövqeyinə və sair əlamətlərinə görə bu adaxlılar əsərin əsas qəhrəmanları Aqafya və İvan Kuzmiç kimi bir-birlərindən kəskin şəkildə fərqlənən parlaq xarakterlərdir. Onları birləşdirən bir ümumi cəhət var, o da ibarət olsun evlənmək istəyindən. Obyekt isə bir nəfərdir, yaxşı cehizi olan tacir qızı Aqafya Tixonovna. Yazıldığı 130 ildə “Evlənmə”nin dünyanın ən müxtəlif səhnələrində tamaşaya qoyulmasının əsas sirri də elə ilk növbədə pyesdəki bu parlaq, bir-birlərindən fərqli obrazların olmasındadır. Fikrimcə rejissor istedadını, aktyorlarla işləmək məharətini dəfələrlə sübut etmiş Bəhram Osmanovun da bu pyesə müraciət etməsi təkcə N.Qoqolun 200 illik yubileyi ilə bağlı deyil, həm də bir pyes daxilində bu qədər parlaq, koloritli surətlərin olmasıdır. Təsadüfi deyil ki, rejissor tamaşanın hazırlanmasında üç teatrın aktyor qüvvəsindən istifadə etmiş, istedadına, statusuna, adına-sanına, aktyor imicinə, nəhayət, səhnə ampluasına görə tamam fərqli aktyorları bir araya gərirərək bütöv bir ansambl yarada bilmişdir. Bəhram Osmanov bu tamaşa ilə bir daha sübut etdi ki, o aktyorlarla səbr və hövsələ ilə işləməyi, onları amplualarından asılı olmayaraq istədiyi səmtə yönəltməyi bacarır. Belə cəsarətli, deyək ki, beynəlteatr layihəsinin reallaşmasına imkan və şərait yaratmış Mədəniyyət və Turizm Nazirliyinin və təbii ki, Musiqili Komediya Teatrının rolunu dəyərləndirmək gərəkdir. Elə bu layihənin Azərbaycan teatr reallığında cəsarətli addım olması səbəbindəndir ki, tamaşanın səhnəyə çıxmasını teatrsevərlər səbirsizliklə gözləyirdi və elə əvvəlcədən deyək ki, gözləməyə dəyərmiş. Biz qeyd etdik ki, rejissor həqiqətən tamaşada gözəl aktyor ansamblı yaratmağa nail olub. Amma ansambl yaratmaq üçün onu təşkil edən hər bir fərd, hər bir aktyor dramaturqun və rejissorun verdiyi tapşırığın öhdəsindən gəlməyi bacarmalıdır.

Başlayaq əsas rolun – İvan Kuzmiç Podkolyosinin ifaçısı Qurban İsmayılovdan. Uzun illər mərhum Hüseynağa Atakişiyevin rəhbəri olduğu Dövlət Gənclər Teatrında ən müxtəlif xarakterli rollar oynamış, həm səhnədə, həm də kinoda özünü təsdiq eləmiş, axır vaxtlarda isə Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru kimi bir neçə yeni tamaşada maraqlı rollar oynamış bu istedadlı aktyor “Evlənmə”də parlaq ifa göstərdi. Onun qəhrəmanı çoxtərəfli, çoxmənalı və məlahətli olmaqla bərabər dediyi mətnlə bədən plastikası arasında tam bir harmoniya yarada bilir. Aktyor personajın evlənməkqabağı şübhələrini, əzablı tərəddüdlərini, təzadlı istəklərini və bütün bunların motivirovkasını öz oyunu ilə ustalıqla verməyi bacarır. Əslində Podkolyosin pyesdəki qəribə adamlar arasında, karikaturaya bənzər adaxlılar sırasında öz ağlı, gözlənilməz mülahizələri ilə seçilir, qətiyyətsizliyi və ətaləti ilə bəzi məqamlarda məşhur Oblomovu xatırladan bu iddialı kiçik məmur, hətta dostu Koçkaryovla dialoqlarında və “Bu vaxtacan mən kimdim?” cümləsi ilə başlayan monoloqunda sağlam mühakimələrdən məhrum olmayan fəlsəfi fikirlər də yürüdə bilir. Elə bu yerdə qeyd etməliyəm ki, indicə haqqında danışdığım monoloq tamaşanın karnaval estetikasından çıxıb xeyli ciddi, birbaşa ifa olunur və nəticədə xaric səslənir. Fikrimcə monoloqun ifasında aktyor başqa rənglərdən istifadə etməlidir.

 Qoqolun pyesində əsas konflikt xətti əslində Koçkaryovla (Çingiz Əhmədov) Fyokla İvanovna rolunun parlaq ifaçısı Şükufə Yusupovanın arasında baş verir. Tamaşada isə bu xətt bir qədər zəif verilir, konflikt həddinə çatmır. Fikrimcə səbəb aktyorların ifa tərzində, aktyor üslubu fərqindədir: Şükufə xanım düşünülmüş jestləri, gözlənilməz mizanları, koloritli plastikası, replikalarının sərrast ifası ilə məhz Fyokla İvanovnanın bütöv obrazını yaradırsa, Çingiz Əhmədov Qoqolun Koçkaryovunu deyil, özünü oynayır. Ş.Yusupovanı “Şüşə heyvanxana”, “Şah Edip”, “Qatil”, “Köhnə ev”, “Mesenat”, “Şekspir” kimi tamaşalarda əsasən dramatik rollarda görməyə alışmış tamaşaçı “Evlənmə”də aktrisanın istedadının yeni bir cəhəti ilə tanış olmaq imkanı qazanır və bir daha əmin olur ki, istedadlı aktyor üçün amplua yoxdur: əgər aktyor verilən tapşırığı ustalıqla yerinə yetirib vəziyyəti oynaya bilirsə komediyada güldürəcək, faciədə isə ağladacaq. Elə bu yerdə deyim ki, bir tamaşaçı kimi məni təəccübləndirən Məleykə Əsədovanın Aqafya Tixonovnası oldu. Həmişə rafinə olunmuş tragik-dramatik kostyum tamaşalarında gördüyümüz aktrisa sözün həqiqi mənasında gözlənilməz oyun nümayiş etdirdi. Bir qədər sadəlövh, bir qədər infantil, yeri gələndə bir qədər də hesab-kitabla düşünən (havayı yerə tacir qızı deyil ki!) Aqafyanın obrazını M.Əsədova çox cazibədar ifa edir. Onun adaxlılarla bütün səhnələri, xüsusilə də Yaiçnitsa ilə dialoqları məlahətli ifa tərzi ilə seçilir. Aktrisa bütün tamaşa boyu səmimi aktyor oyunu nümayiş etdirə bildi. Söz ki adaxlılardan düşdü, deməliyəm ki, bu sıradan olan aktyorların hər biri həm xarici görkəmləri, həm duzlu-məzəli oyun tərzi, həm də son dərəcə fərqli olmaları ilə yadda qalırlar. Şəxsən bir tamaşaçı kimi mən qadın müğənniləri çox gözəl parodiya edən Elçin Həmidovu özüm üçün yenidən kəşf etdim. Yeri gəlmişkən, vaxtilə mənim “Səhnədə məhəbbət” adlı əsərimdə də bu aktyor Ofisiant rolunda çox gözəl oyun göstərə bilmişdi.

Elçin Həmidovun Yaiçnitsası səhnəyə çıxması ilə bütün diqqəti özünə yönəldə bildi. Əla qrim, rolun sambalını artıran faktura, xarakterə uyğun kostyum, düşünülmüş səhnə yerişi, ədalı maneralar, danışıq tərzi və səhnədə detal yaratmaq bacarığı qəhrəmanın qadın hesabına varlanmaq istəyindən doğan gülünc vəziyyətini yaxşı ifadə edir. Yaiçnitsa aktyorun sənət karyerasında ən uğurlu, əhəmiyyətli rolu olmaqla, onun aktyor potensialının zənginliyindən xəbər verir. Doxsanıncı illərin ən populyar komediya ustası, təkbaşına böyük tamaşaçı salonlarını doldura bilən Arif Quliyev isə bu tamaşada tamaşaçılar tərəfindən haqsız yerə unudulduğunu sübut etdi. Onun bu vaxta qədər komik arsenalına topladığı gülüş fəndləri istefada olan dənizçi Jevakin rolunda dadına yetdi, amma daha zövqlü, daha zərif, daha fərqli, hətta bir qədər də qəmli notlarda. Onun öz syurtuku haqqında məharətlə danışdığı tarixçə, Aqafya Tixonovnaya yaxın dayanıb eşq elan eləyəndə yaxasının harasındansa al qırmızı gülün antenna kimi dik qalxması və bu parlaq rejissor detalının bir neçə dəfə təkrar olunmasının alqışlarla qarşılanması həm də aktyor uğurundan xəbər verirdi. Anuçkinin xarakteri isə tamam başqadır, onun xarici görkəmi də, danışığı və plastikası da, daxili dünyası da özgədir. Əgər Yaiçnitsaya Aqafyanın özündən çox cehizi lazımdırsa, Anuçkin üçün qızın fransızca bilməsi ən vacib məsələdir. J.Anuyun pyeslərindən birində qəhrəmanın “Qadın yalnız Parisdə əsl qadın ola bilər” dediyi kimi Anuçkin də hesab edir ki, əsl qadın mütləq fransızca bilməlidir. Anuçkini Ramiz Məmmədov təmkinlə, lazım olan mədəni səviyyədə oynayır və ümumi ansamblda yerini tuta bilir. Dramaturq adaxlılar arasında ən kiçik yeri Starikova verib: rol cəmi-cümlətanı bir-iki replikadan ibarətdir. Müəllif bu personajı işləyərkən yəqin ki onun iş adamı olmasını nəzərə alıb az danışdırır. Starikov o biri adaxlılar kimi Aqafya Tixonovnanın istəyinə uyğun olaraq dil-dil ötüb ziyalılıq oynamır, o sözünü kobud fiziki qüvvəsi, saymazyana birbaşalığı ilə deyir ki, aktyor Möylə Mirzəliyev bunu məharətlə bacarır. Ümumi aktyor ansamblına qalan rolların ifaçıları da yaxşı uyuşur. Aqafyanın bibisi Arina Panteleymonovna rolunda Emma Məlikova özünü öz qabında hiss edir. Aktrisa hər bir cəhəti ilə obrazın təbii, koloritli alınmasına çox rahatlıqla nail olur. Ümumiyyətlə Musiqili Komediya Teatrının bu istedadlı aktrisasının xidmətini görmək vaxtı çoxdan çatıb. Tamaşanın uğurlu alınmasının bir səbəbi də rolun böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün ifaçıların yaxşı, səviyyəli oyun göstərə bilməsindədir. Tamaşada bir-iki replikası olan qulluqçu Dunyaşka rolunun ifaçısı gənc aktrisa Ülviyyə Əliyeva səmimi, isti oyunu, şux rəqsi ilə diqqəti cəlb edir, onun balet qrupuna qoşulub məharətlə rəqs etməsi məndə belə fikir oyatdı ki, rejissor bütün personajların məqamında rəqsə qoşulmasını və ona müəyyən məzmun verilməsini təmin etsəydi yəqin ki, tamaşa daha ritmik, daha hərəkətli olardı. Epizodik rolların ifaçıları haqqında dediyim tərifli sözləri Podkolyosinin xidmətçisi Stepan rolunun ifaçısı Məhərrəm Qurbanov haqqında da demək mümkündür. Bəs tamaşada çatışmayan nədir? Məşədi İbad demiş, tamaşanın eyibsizliyimi? Yox, tamaşanın bircə məşqlə aradan qalxacaq eyibləri də var. Bunlardan biri hərdən tamaşanın ümumi ritmini pozan səhnələrarası pauzaların özünü göstərməsi və hərdən də bəzi aktyorların partnyor üçün deyil, tamaşaçı üçün oynamasıdır. Əlbəttə, istənilən halda aktyor da, tamaşa da tamaşaçı üçündür, amma bunu zala hiss etdirməmək gərəkdir. Bir-birini əvəz edən səhnələrdən sonra final gəlir, bir az əvvəl evlənmək istədiyini bəyan edən Podkolyosin kilsəyə getmək məqamında “asta qaçan namərddir” misalında aradan çıxır, yəni qaçır, özü də qapıdan deyil, pəncərədən. Tamaşa bitir, tamaşaçı da personajların qəribə, bəzən inanılmaz münasibətlərinə, mənasız münaqişələrinə gülsə də, onların hamısının axmaq vəziyyətə düşmələrinə səmimi şəkildə təəssüflənir, onların halına acıyır. Bax elə bu münasibətin yaranması göstərir ki, teatr istəyinə nail olub. Son olaraq deyim ki, tamaşanın musiqi tərtibatı (bədii rəhbər Yalçın Adıgözəlzadə), rəssam işi (Nabat Səmədova), rəqslərin quruluşu (Zakir Ağayev) kifayət qədər savadlı və səliqəlidir, amma bu bir həqiqətdir ki, tamaşanın əsas uğurunu bölüşən quruluşçu rejissor Bəhram Osmanov və aktyor kollektivi tamaşaçı istəyini dəqiq tutub.

 “Evlənmə” göstərdi ki, bu günün tamaşaçısı Musiqili Komediya Teatrından (tək bu teatrdanmı?) “vır-vırım” teatr estetikasından köklü şəkildə fərqlənən tamaşalar gözləyir. Elə tamaşalar ki, bizi güldürməklə yanaşı mənəvi dünyamıza işıq salsın, bizi əyləndirməklə kifayətlənməsin, həm də düşündürə bilsin. XIX əsrin 30-cu illərində qələmə alınmış bu pyesdəki hadisə, müəllifin dili ilə desək, “ağlagəlməz, inanılmaz” olsa da, günümüzlə, həyatımızla, məişətimizlə səsləşir. Doğrudan da zaman dəyişir, ictimai formasiyalar bir-birini əvəz edir, insan münasibətləri yenilənir, insanın mahiyyəti isə dəyişməz olaraq qalır. Və gün gəlir ki, bu günümüzün özündə də insan Podkolyosin kimi çətin bir sualla üzləşir: evlənməli – evlənməməli? Cavab aydındır: evlənməli! Ancaq necə evlənməli? Təbii ki, İvan Kuzmiç Podkolyosin kimi yox, əks halda, Nikolay Vasilyeviç Qoqol kimi ömürlük subay qalarsan.

 

 

Əli ƏMİRLİ

 

525-ci qəzet.- 2011.- 2 mart.- S.7.