Damcılardan yaranan dəniz   

 

(“Ədəbi düşüncələr” haqqında düşüncələr)

 

Əlimin vərəqlədiyi, gözümün oxuduğu bir kitabla – xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr”i ilə üz-üzüyəm. Müəllif ərməğanıdır. Saydığı üçün sağ olsun. Nəşr tarixi xeyli geridə qalıb. Adətən, təzə kitablar haqqında söz açırlar. Təzə kitablar?.. Mübahisəli məsələdir. Məncə, kitab qəzet və ya paltar deyil ki, dəyəri təzəliyi-köhnəliyilə ölçülsün. Kitabın “təvəllüdü” oxucu ilə təmasa girdiyi andan hesablanır. Söz gücü oxu sevdasına çəkə bilirsə, bu sevda dönə-dönə təkrarlanırsa, o kitab həmişə təzədir. Nə gözəl ki, xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr”i də bu sıradadır.

 Mətləbə keçməzdən əvvəl bir balaca gəzişmə ilə məşğul olmaq istiyirəm. Elçinin federativ ədəbi aləmi andıran “Ədəbi düşüncələr”i haqqındakı mülahizələrimi “Vaxta sığmayan yazıçı” başlığı altına toplamaq fikrindəyəm. Ədalətli saydığım qərarıma müəllifin özü mane oldu – “Fantasmoqoriya” qənaətilə. Elçin yazır: “İyirminci illərdən başlamış bu günə kimi Sovet İttifaqında tarixdə misli görünməmiş ədəbi təyinat prosesi gedir: Sən, Süleyman Stalski, XX əsrin Homeri vəzifəsində təyin olunursan!” Sonra müəllif siyahını davam etdirərək, bir neçə nümunədə idarə olunan ədəbiyyatın və onun daşıyıcılarının mənəvi mənzərəsini ustalıqla açır. Hər şey – geyim də, şöhrət də təbii ölçüyə görə olmalıdır. Bu baxımdan, deyəsən, mən düzgün hərəkət etmədim. Elçinin qələmi çoxdan ölkə sınırlarını keçib. Olanı demək ifrata varmaq deyil. Onun haqqında mənim də xoş sözlərim olacaq. Bu xoş sözlərin söykəyi mütəxəssis qərarı, oxucu möhürüdür. Yaxşı bilirəm ki, öz yerini və çəkisini bilən hörmətli yazıçımız tərif tamarzısı deyil. Onun heç mənim doğru olan xoş sözlərimə də ehtiyacı yoxdur. Maraqlı olan odur ki, bu fikirlər də əyalətdən Gəncə ədəbi muxtarlığından səslənir. Bəli, Elçin maraqlana bilər ki, görüm oralarda onun yaradıcılığı haqqında nə düşünürlər.

Elçin Azərbaycan ədəbiyyatının qapısını hekayələri ilə açdı. Sonra onun təqdiri və tənqidi ilə hesablaşdılar. Nəsr əsərləri mətbuatda daha geniş yer aldı. Son illər dram əsərləri... Elçini təhlilçi, nasir, dramaturq kimi də qəbul etmək düzgündür, dramataturq, nasir, təhlilçi kimi də. Soldan sağa, sağdan sola necə sıralasan, fərq eləməz. Nəticə yazıçı anlamında dayanır. Necə ki, Ana, Ata sözlərini hansı səmtdən eyni mənanı verir. Xeyli illər bundan əvvəl, indi adı yadımda qalmayan bir hekayəsini oxuduqdan sonra anladım ki, Elçin mövqeyindən vəzifəsindən asılı olmayaraq çərçivəsındıran qələm sahibi olacaq. Hekayədə əsərin qəhrəmanı ayağını sıxan təzə ayaqqabı geyinir. Bu vəziyyətdə hərəkət etmək ona çətinliklər törədir. Özünü buxovlanmış hesab edir. Sərbəstliyi (azadlığı) bütün varlığı ilə arzulayan qəhrəman, nəhayət, çıxış yolu tapır. Ayaqqabılarını çıxarıb yalın ayaqla mənzilinə – məqsədinə doğru irəliləyir. Yazıçınını ədəbiyyatımıza bəxş etdiyi sonrakı əsərləri həmin ideyanın “şinelindən” çıxıb.Sərbəst düşüncəyə sahiblənməyən, basqı altında yaradıcılıqla məşğul olan sənətkar həqiqətlə çiyindaşlıq edə bilməz. Belə olmasaydı, Elçin “Mahmud və Məryəm” nağıldan gerçəyə, “Ölüm hökmündə gerçəkdən daha gerçəyə meydan verə bilməzdi.

Qüdrətli nasir və daramaturqumuz mərhum İlyas Əfəndiyevdən sonra səhnəmizi enməyə qoymayan da oğlu Əfəndiyevdir. Elçin bir-birindən uğurlu, baxımlı pyeslərilə sübut edir ki, o, sənətdə də atasının layiqli varisidir. Elçinin qələmi Tanrı tərəfindən “viza”lıdır. Bu ecazkar qələmin dairəsi çox genişdir. O qələm əlçatmaz uzaqlıqdan tutmuş, əlçatar yaxınlığa qədər dolaşmaqdadır. Və günlərin birində bu qələm çağdaş Gəncə ədəbi mühitindən də keçdi. Tərifindən Nüşabə xanım Məmmədli (“Yarpaq tökümü” kitabına yazdığı ön söz), tənqidindən bu sətirlərin müəllifi bəhrələndi.

Azərbaycan məkanı ədəbi aləminin müşküllərindən biri də Ağıllı Oxucu məsələsidir. Oxucular bir yana, indi qələmçilər də bir-birinin əsərini oxumur. Böyük yazar olmaq, əlbəttə, çətindir. Sözün həqiqi mənasında böyük hərflərlə yazılan BÖYÜK OXUCU olmaq heç də böyük yazar olmaqdan arxada dayanmır. Ədəbiyyatın bu tələbinə hərtərəfli cavab verən Elçin həm Böyük Yazıçı, həm də Böyük Oxucudur. Elə Böyük Oxucu olduğuna görə son dərəcə maraqlı olan “Ədəbi düşüncələr”i meydana gətirə bilib. Elçinin bir üstünlüyünü də nəzərə çatdırmalıyam. Deyirlər, xeyli sayda intellekt sahibi ağlına, dilinə gələn qiymətli fikirləri, kəlamları tənbəllik ucbatından yazıya almır. Belə Oblomovlar, Usta Zeynallar müdrik olmaq şanslarını itirirlər. Yaxşı ki, Allah vergisinin qədrini qiymətləndirən, Şərq və Qərb ədəbiyyatı xəzinəsinə yiyələnən, canında Tostoy zəhmətkeşliyini yaşadan, Böyük Oxucu yükündən zövq duyan, üstəgəl İlyas Əfəndiyevin layiqli oğlu olan xalq yazıçısı Elçin belələrindən deyil. Elə belələrindən olmadığı üçün də vaxtında qeydlərini aparıb “Ədəbi düşüncələr” kimi stolüstü bir kitabı ərsəyə gətirdi. “Ədəbi düşüncələr”in necə yaranması barədə müəllif daha müfəssəl xəbər verir. “Uzun illərdən bəri, ağlına gələn cürbəcür fikirləri, düşüncələri, rastlaşdığım hadisələri, mənə təsir edən epizodları, xüsusən də oxuduğum kitablar haqqında təəssüratları harda oldu və hara gəldi, qeyd etmişəm: siqaret qutusunda, salfetkada, qəzet kənarında, iclas sənədində, cürbəcür proqram və dəvətnamələrdə, hətta trolleybus biletində (!) və bu yaxınlarda arxivimi saf-çörək edəndə, bu cür tələsik qeydlərdən ibarət on-on beş yekə qovluq dolu kağız-kuğuz yığıldı”. Və bu ədəbi damcılardan ədəbi dəniz yarandı. Bu kitab Elçinin maraq dairəsinin Azərbaycan da daxil olmaqla, dünyanın klassik və müasir sənət nəhənglərinə münasibətinin kimliyidir. Kitabda bir cümləlik yazı da var, bir-iki vərəqlik də. Bu yığcamlıqda fikir nəhayətsiz ənginliklərə qanad açır. Elçin bu kitabı hansı dahinisə təsdiqləmək, hüzurunda “Bəli! “Bəli! Demək məqsədilə yazmamışdır. Əsas qayə onun başqalarından fərqlənən özəl fikirləridir. Əsərin dəyəri də doğruya söykənən fərqliliyidir. Elçin qeyrilərinin görmədiyini görəndə özünü rahat hiss edir. Müəllif yazır: “Mənim ən istəkli arzularımdan biri haçansa belə bir kitab yazmaqdır: “Mən nə üçün Tolstoyu sevirəm?” Tolstoy haqqında çox yazılıb və mən də o yazılanların çoxunu oxumuşam, amma mənə elə gəlir ki, mənim yazacaqlarımı heç kim yazmayıb və yazmayacaq çünki mənim Tolstoyda gördüklərimi, duyduqlarımı başqası bu cür görməyəcək”. Başqa bir müstəqil deyimində Elçin rus ədəbiyyatının iki dahisini müqayisə edərək yazır:

“Dostoyevski əvvəlcə böyük filosofdur, psixoloqdur, sonra yazıçıdır. Tolstoy isə əvvəlcə böyük yazıçıdır və bundan sonra filsofddur, psixoloqdur, sonra yazıçıdır.”. Kitabda bu cür qədərsiz fikirlərlə üz-üzə qalıb heyrətlənirsən. Bu deyimlərin hərəsi bir ədəbi teoremdir. Deyilən yığcam fikirlər açılsa, on belə kitab yaranar. Maraqlıdır ki, oğul Əfəndiyev yeri gəldikdə böyük yazıçımız ata Əfəndiyevlə də mövqe müxtəlifliyinə varmağı mümkün sayır.

“Atam üçün XIX əsr fransız ədəbiyyatında iki böyük fiqur var. Stendal və Balçak. Qəribədir, mən Stendalı bu dərəcədə qəbul edə bilmirəm, mənim üçün o Düma tipli bir yazıçıdır, amma Dümanı daha maraqla oxuyuram, çünki Düma macəraçıdır və onda ciddi ədəbiyyat iddiası yoxdur. Stendal isə iddialıdır”. Elçinin həm də Böyük Oxucu olması, kitabın nə olduğu haqqında “Ədəbi düşüncələrdə bir təzahür edir: “... Bu film (söhbət dəhşət püskürən Amerika filmindən gedir – Q.M.) yeni texnika ilə çəkilib, şübhəsiz ki, buna külli miqdarda xərc qoyulub, amma mənim üçün Meri Şellinin 150 il bundan əvvəl lələyi mürəkkəbə batırıb yazdığı “Frankşteyn” o filmdən (və bu tipli filmlərdən) qat-qat təsirli və yaddaqalandır. Dünyada nə qədər kəşflər olacaq (kino sayaq), amma, görünür, kitabın kəşfinə çatan bir kəşf olmayacaq”. Kitab barədə başqa bir qeydində baqa bir klassikin sözü diqqətini çəkir: “Bir kitab yazmaq üçün, min beş yüz başqa kitab oxumaq lazımdır”- bu da Floberin fikridir”. Tarixi hadisələrin ədəbiyyata, ədəbiyyatın tarixi hadisələrə münasibəti necə olmalıdır? Bu müştərəklikdə əsas olaraq hansı meyar seçilməlidir? Elçin buna da cavab verir: “Əsas o deyil ki tarixdə həqiqətən Troya müharibəsi olub, ya olmayıb, əsas odur ki, “İliada”var”. Başqa bir qənaəti təkcə yazıçı adamlarını deyil, sıradan olanları da düşündürməlidir.

“Sənətdə (və həyatda) ilkin şərt o deyil ki, səni başa düşsünlər, odur ki, sən başa düşəsən ki, həyat nədir! Sən biləsən ki, insan kimdir! Sən anlayasan ki, xislət nəyə qadirdir!”.

Publisistikanı jurnalist peşəsi hesab edirəm. İllərlə bundan əvvəl mən də publisistika ilə məşğul olmşam. Oxucularım mənim bu janrda yazdıqlaırmı məmnuniyyətlə qəbul edirdilər. Deməli, nə isə fərq vardı. Bu seçilməni özüm də duyurdum. Milli Azadlıq hərəkatı, erməni təcavüzünə qarşı müqavimət, müstəqillik uğrunda mübarizə güclü bir dalğa yaradaraq günün tutumlu sözü olan publisistikanı ön cərgəyə çıxartdı. Bu janrda başqa müəlliflərin də maraqlı yazılarını oxudum. Özümütədqiq davam edirdi. Nəhayət, publisistikanı oxunaqlı edən səbəbin sirrini tapdım. Bu, ədəbiyyatın jurnalistikanı öz içinə almasıydı. Həmin məhsullarımın əlyazmasını arxivləşdirəndə qovluqların üzərinə “bədii publisistika” və ya “yazıçı publisistikası” sözlərini yazırdım. Bu deyimi bir dəfə mərhum yazıçımız Sabir Əhmədlinin publisistikası haqqında fikir söylərkən dilə gətirmişdim. Mənə çox xoş oldu ki, əsasən gizli saxladığım “bədii publisistika” məsələsinin təsdiqini “Ədəbi düşüncələr”də tapdım və ürəkləndim. Bundan sonra həmin terminləri çəkinmədən işlədə biləcəyəm. Qələm dostlarımla hərdən Tolstoy-Dostoyevski mübahisəsinə giririk. Mən üstünlüyü birinciyə verəndə çoxu bu qənaətimlə barışmır. Şadam ki, mövqeyimin təsdiqini Elçin müəllimin fikirlərində tapdım. Bəli yaradıcı adamlar şəraitsizliyin özündən də şərait kimi istifadə edib, faydalı işlərini davam etdirirlər. Onlardan biri də vaxtının xeyli hissəsini iclaslarda keçirən Elçindir. Yazıçılar İttifaqının partiya iclasında o, düşüncələrini kağıza köçürüb. Yəni, hər yazıçıdan bir hekayə seçməklə “Azərbaycan hekayə antologiyası” tərtib edib. Onlar aşağıdakılardır. Füzulidən “Şikayətnamə” Mirzə Fətəli Axundovdan “Aldanmış kəvakib”, Cəlil Məmmədquluzadədən “Poçt qutusu”, Əbdürrəhim bəy Haqverdiyevdən “Bomba”, “Süleyman Sani Axundovdan “Qaraca qız”, Abdulla Şaiqdən “Məktub yetişmədi”, Süleyman Rəhimovdan “Su ərizəsi”, Mehdi Hüseyndən “Rəqiblər”, İlyas Əfəndiyevdən “Qırçı və qızıl göl”, İsa Hüseynovdan “Plyajda Salam Qədirzadədən “Xəzan yarpaqları” Əkrəm Əylislidən “Ürək yaman şeydir”, Anardan “Keçən ilin son gecəsi”, Yusif Səmədoğludan “Foto Fantaziya”, Elçindən “Parisdə avtomobil qəzası”. Gözüm bu müəlliflər arasında bir imza sahibini də aradı. Təəssüf ki, tapmadı. Nə yaxşı olardı ki, gözəl hekayələr ustası Altay Məmmədovun da adı o siyahıda olaydı. Elçinin bir-birindən maraqlı olan ədəbi düşüncələri çox, qəzetdə isə yer az. Mən hələ düşüncələr dənizinin boy verən yerindəyəm. Sahildən aralandıqca dənizin dərinliyi artır. Bəs necə etməli? Zənnimcə, bu deyilənlərlə də bu kitaba maraq oyada bilmişəm. Buradakılardan artığbına sahib olmaq üçün kitabı əldə etmək gərəkdir. Yazımın sənədli povestə çevrilməməsində, sözün müsbət yozumunda çıxış yolu budur. Mən 547 sənətçi haqqında söz deyilən, fikir yürüdülən bu kitabı yazıçı yazıçını oxuyan kimi oxumağa başlayıb, oxucu yazıçını oxuyan kimi bitirdim. Sonda ensiklopedik biliyə malik, çoxşaxəli yaradıcılığında nümunə sayılacaq əsərlərə müəlliflik edən Elçinin ədəbi sərvətini və səltənətini belə ümumiləşdirərdim: Elçinin haqqı var desin ki, ədəbi-tənqidi belə yazarlar. Amma demir. Elçinin haqqı var desin ki nəşri belə yaradarlar. Amma demir. Elçinin haqqı var desin ki, səhnə əsərini belə canlandırarlar. Amma demir.

 Fərq etməz. Özü deməsə də, bunları müəllifin ölkədə və dünyada qazandığı uğurlar deyir.

 

Gəncə 

 

 

Qərib MEHDİ

 

525-ci qəzet.- 2011.- 2 mart.- S.7.