“Muğam sənəti haqqında” yeni qanun layihəsi hazırlanıb

 

QANUN LAYİHƏSİNİN MÜƏLLİFİ, MİLLƏT VƏKİLİ RAFAEL HÜSEYNOV: “MUĞAM TƏMƏL KƏRPİCİMİZ, BİZİ BİZ EDƏN DƏYƏRLƏRDƏNDİR”

 

Bir sıra müsahibələrində və Milli Məclisin Mədəniyyət Komitəsinin iclasalındakı çıxışlarında millət vəkili Rafael Hüseynov mədəniyyət haqqında təməl qanunun vaxtın tələbilə artıq ciddi şəkildə yenidən işlənməsi zərurətinin yarandığını ifadə etməklə yanaşı, ayrı-ayrı milli-mədəni sərvətlər və dəyərlər haqqında da yeni müstəqil qanunların hazırlanmasının vacib olduğunu dilə gətirib. Millət vəkili ilk növbədə YUNESKO çərçivəsində qorunmağa başlanmış, dünyanın maddi və təbii irsi, eləcə də dünyanın qeyri-maddi mədəni irsi konvensiyalarının mühafizə siyahılarına salınmış Qobustan abidələri, novruz bayramı, ozan-aşıq sənəti qanunların hazırlanmasının gərək olduğunda israrlıdır. Eyni zamanda R.Hüseynov Azərbaycan miniatür sənətinin, Azərbaycan xalq rəqslərinin, Göygölün, Azərbaycan alban dövrü daş abidələrinin, qədim daş heykəllərimizin və digər bir neçə nominasiyanın həm adıçəkilən konvensiyalara daxil edilməsi barədə təşəbbüs qaldırılmasının, həm də elə onlarla əlaqədar qanunların hazırlanmasını gündəlikdə duran, növbəsini və həllini gözləyən ümdə məsələlər kimi səciyyələndirib.

Deputat R.Hüseynov artıq həmin qanun layihələrindən birini hazırlayaraq başa çatdırıb və ilk olaraq həmin sənədin MM-in mədəniyyət komitəsində nəzərdən keçirilməsi gözlənilir. Elə millət vəkili ilə müsahibəmiz də həmin yeni “Muğam sənəti haqqında” qanun layihəsi ilə bağlıdır.

– Rafael müəllim, niyə təklif etdiyiniz silsilədə birinci “Muğam sənəti haqqında” qanun layihəsini hazırlamaqdan başladınız?

– Əslində, haqqında qanun hazırlanması təklif olunan sahələrin hər biri çox mühümdür və onları vaciblik dərəcəsinə görə sıralamaq mümkün deyil. Hamısı milli sərvətlərimizdir, hamısı birinci dərəcəlidir. Mən paralel olaraq o qanun layihələrinin bir neçəsi üzərində işləyirəm və yaxın həftələrdə daş heykəllərimiz, həmçinin ozan-aşıq sənətimiz haqqında qanun layihələrini də bitirərək ilkin ekspertiza üçün mütəxəssislərin diqqətinə təqdim edəcəyəm. Sadəcə olaraq muğam haqqında qanun layihəsi daha tez hazır oldu, amma görünür burada da bir qanunauyğunluq var. Son illər sözün gerçək mənasında muğamımızın bəxti açılıb. Muğam və muğamçılar son illər birbaşa dövlətin qayğısı ilə əhatə olunub, Heydər Əliyev fondu muğam sənətinə və muğam sənətkarlarına himayədarlıq edir, muğamımız YUNESKO konvensiyası ilə qorunan sərvətlər cərgəsinə qəbul edilib, televiziyalar, radiolar, səhnələr muğam üçün açıqdır, vaxtaşırı müsabiqələr, muğam problemlərinə həsr edilmiş konfranslar keçirilir, bir-birindən qiymətli, həm də çox nəfis nəşrlər ortaya çıxır. Bir sözlə, muğam Azərbaycanda əsl intibahını yaşayır. Yeri gəlmişkən, Azərbaycan muğamının YUNESKO siyahılarına daxil edilməsinin bir cəhətini də qeyd etmək istərdim. Muğam yalnız bizdə deyil, bir sıra başqa Yaxın və Orta şərq ölkələrində də mövcuddur. YUNESKO siyahısına muğam da novruz kimi ortaq abidə olaraq daxil edilə bilıərdi. Lakin müstəqil şəkildə, sırf Azərbaycan muğamı olaraq daxil edilib. Bu ilk növbədə Birinci Xanım, millət vəkili Mehriban xanım Əliyevanın xidmətidir. Onun xoş məram səfiri kimi YUNESKO-dakı böyük nüfuzunun nəticəsidir. Bunu işin içərisində olan, o mətbəxə bələd bir şəxs kimi deyirəm. Yetərincə xəbərdaram ki, Qobubustan təki nadir və mütləq YUNESKO siyahılarında olmalı bir göyaltı muzeyi belə Mədəniyyət Nazirliyimiz 20 ilə yaxın səy göstərsə də o konvensiyalara daxil edə bilmirdi. Ona görə yox ki, bacarıqları az idi, xeyr, müqavimət, irəli sürülən şərtlər, qoyulan əmmalar həddən ziyadə idi. Amma Mehriban xanım bunu qısa müddətdə həll etməyə müvəffəq oldu. Lazımi hazırlıq işi gördü, sənədlər-sübutlar hazırladı, YUNESKO-nun baş direktorunu birbaşa Qobustana qayaüstü rəsmlərə baxmağa apardı və nəticədə Qobustan siyahıya daxil edildi. Muğam da beləcə. Muğam ortaq Şərq sərvəti olsa da, Azərbaycan muğamı fərqlənir, muğamın ifa edildiyi Azərbaycan musiqi alətlərinin də digər bu qəbil Şərq alətlərindən əsaslı fərqləri var. Bütün bu sualların cavablarını verməyə hazır olmadan YUNESKO kimi uca mərtəbədə belə nominasiyaları keçirmək asanlıqla başa gəlmir. Bir sözlə, bu gün Azərbaycan muğamının işləri avanddır, iqbalı ayaq üstədir və bəlkə həmin səbəbdən də muğamla bağlı qanun da o biri yaxın sahələrə aid qanunlara nisbətən daha erkən tamamlandı. Lakin qalanları da qələmin ucundadırlar və belə düşünürəm ki, qarşıdakı uzaq olmayan müddətdə onlar da yazılıb başa çatdırılacaqlar.

– Muğama ən yüksək səviyyədə bu qədər qayğı varsa, əlavə olaraq bir qanun da hazırlamaq nə dərəcədə vacibdir?

– Azərbaycan muğamının tarixi uzundur və heç də bu tarixi yol həmişə rəvan olmayıb. XX yüzilin sovet onillərində muğam keşməkeşli tale yaşayıb. 1920-ci illərdə, proletkultçuluq dönəmlərində tarı susdurmaq, muğamı elə çadra, ərəb əlifbası kimi tarixin arxivinə atmaq kimi quduz çağırışlar da olub. Həm də bu tərpənişlər fəqət bir komsomol şairin bağırdığı: “Oxuma tar, oxuma tar, sevmir səni proletar” kimi hədyanlardan ibarət olmayıb. Bu təzyiqlər dövlət səviyyəsində, bir siyasət olaraq həyata keçirilib. 1920-ci illərin sonları, 1930-cu illərin əvvələrində yeni yaranan Azərbaycan radiosunda muğama qarşı rəsmi səviyyədə yürüdülən qısma-boğmalar haqqında həmin hadisələrin axarında olmuş böyük bəstəkar Müslüm Maqomayevin gündəliklərində, məktublarında həyəcanlı sətirlər qalır. Unudulmaz tarzənimz, bu il 100 yaşını qeyd etdiyimiz, özü də, nəsli də həmişə muğamın fəal, canıyanan təəssübkeşi olmuş tarzən Bəhram Mansurov vaxtilə hökumətin qərarı ilə “Muğam komisiyonu” yaradılmasından, həmin qurumun iclaslarında muğamların da və onların şöbə və guşələrinin də tarixən müəyyənləşmiş adlarını dəyişdirmək üçün cəhdlər edilməsini qəlb ağrısı ilə xatırlayırdı. Həmən qara yellər əsib keçmişdi, muğam yaşamışdı, çünki o səksəkəli əyyamlarda muğamı qorumaqçün mərdanəliklə sinəsini qabağa vermiş və buna görə başı az ağrımamış Mirzə Mansur, Mirzə Fərəc, Üzeyir bəy Hacıbəyli, Müşfiq, Cabbar Qaryağdı oğlu, Qurban Primov... kimi vətənpərvərlərimiz olmuşdu. Amma kim deyə bilər ki, sonrakı onillərdə muğamın işləri yağ kimi getmişdi? Yox, radioda, televiziyada muğama məhdud saatlar ayrılırdı. Elə o səbəbdəndir ki, hər bazar günü Azrbaycanm radiosundakı 1 saatlıq muğamat konsertini hamı həftə boyu səbirsizliklə gözləyərdi. 1980-ci illərdə, 1990-cı illərin əvvəllərində də muğamımız və muğamatçılarımız xeyli nigaran günlər yaşayıblar. Toylar, el şənlikləri olmasaydı, onların dolanışığı da xeyli ağır keçərdi. O zamanlarda bir sıra xalq musiqisi ifaçılarımız konsertlər verməkçün Avropaya dəvət olunmağa başladılar, oralarda bir neçəsinin diskləri buraxıldı. Elə həmin vaxtlarda tanınmış muğamçılarımızdan birinin kinayə qarışıq incikliklə dediyi sözlər yadımdadır: “Yaxşı ki, bu fransızlar varmış, yoxsa muğamatımız əldən gedərdi”. İllər ötdü və müstəqil Azərbaycanda muğamçılarımızın gözlədiyindən də onqat artıq qayğını muğam sənətinə və muğam ifaçılarına Mehriban xanım Əliyeva göstərdi. Bu sözləri isə muğamçılarımızın dilindən tək mən yox, hamınız, özü də dəfələrlə efirdən eşitmisiniz : “Nə yaxşı ki, Mehriban xanım varmış, yoxsa muğamatımız gözdən düşmüşdü”. Muğamın yaşını heç kəs bilmir və muğam bizim hamımızdan da çox yaşayacaq. Muğam bizim ortaq ana südümüz, müştərək milli sərvətimizdir. Amma tarix göstərir ki, hətta bu müqəddəs nemətə də müxtəlif dövrlərdə dövlətin də, insanların da münasibətlərində fərqlər olub. Bu gün muğam xoşbəxtdir, bəs sabah necə? Elə illər də yetişə bilər ki, əlində səlahiyyət olanlar bu musiqiyə biganə qalar, muğam sənətinə və muğam sənətkarlarına lazım olan diqqəti əsirgəyər. Azərbaycan dövlətdir. Artıq müstəqilliyinin yaşı 20-yə çatmış, ayaq üstdə inamla duran, sabaha qətiyyətlə irəliləyən dövlətdir. Biz elə etməliyik ki, heç bir sahədə heç bir sərvətimizin taleyi yalnız ayrı-ayrı insanların iradəsindən, xeyirxah, ya biganə münasibətindən asılı olmasın. Hər şey qanunlarla tənzimlənsin, qanunların iradəsi ilə yaşayaq və sərvətlərimizə soyuqluq duyanda bunun qarşısınıı qanunla ala bilək, sərvətlərimizin inkişafını təmin etməyə də möhkəm qanuni bünövrələrimiz olsun. O səbəbdən də Azərbaycanın ən əziz və ən əbədi sərvətlərindən sayılan muğam sənətimiz, onun qorunması və inkişafı haqqında ayrıca qanunumuzun olmasına və bu qanunun işləməsinə ehtiyac mütləq mənada var.

– İstərdik, hazırladığınız qanunun təfərrüatları haqda bir qədər məlumat verəsiniz.

– “Muğam sənəti haqqında” qanun layihəsi bu sənətin ictimai əlaqələr sistemindəki yerini və hüquqi vəziyyətini müəyyənləşdirir, azərbaycanlıların tarixən ifa etdikləri və irsini yaratdıqları, hazırda peşəkar musiqiçilər və xalq sənətkarları tərəfindən çalınıb-oxunan muğamların qorunması, tədqiqi, tədrisi, təbliği və inkişaf etdirilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. İndi mən həmin qanuna daxil edilmiş maddələrdən birində əks olunmuş Azərbaycan muğam sənətinin qorunması, tədrisi, tədqiqi və təbliği sahəsində dövlət təminatı ilə bağlı müddəaları sadalayacağam və sizdə ilk yaranan qənaət belə olacaq ki, axı bütün bunların hamısı zahirən bu və ya digər dərəcədə yerinə yetirilir. Qanunun vəzifəsi məhz olanları və olmalı olanları sistemləşdirmək, gələcəkdə kimlərinsə bu meyarları ixtiyari şəkildə dəyişməməsi, sabah da bu yolun məhz bu ülgülər əsasında davam etdirilməsi üçün zəruri qanuni əsaslar yaratmaqdır. Dövlət bu qanunla — Azərbaycan muğam sənətinin qorunması, tədrisi, tədqiqi, təbliği və inkişaf etdirilməsi haqda dövlət proqramı qəbul edilərək həyata keçirilməsinə; Azərbaycan muğam irsinin toplanaraq mühafizə edilməsi, sistemləşdirilməsi, tədqiqi, nəşri, klassik və müasir seçmə ifaların kütləvi istehsalı və yayımının təmin edilməsinə; Azərbaycan muğam sənətinin ibtidai, orta və ali musiqi təhsili müəssisələrində tədrisinə və bu sahədə səriştəli kadrların hazırlanmasına; Azərbaycanın radio və televiziyalarında, konsert proqramlarında muğamların təqdimi və təbliğinə; Azərbaycanın müxtəlif bölgələrindən yeni istedadlı muğam ifaçılarının aşkarlanması üçün zəruri tədbirlərin gerçəkləşdirilməsinə; Simli və nəfəsli xalq musiqisi çalğı alətlərinin milli standartlara müvafiq olaraq daimi kütləvi istehsalına; Azərbaycan muğam sənəti haqqında sistemli elmi tədqiqat işlərinin aparılmasının təşkili və əlaqələndirilməsinə, tədris proqramları, dərslik və dərs vəsaitlərinin hazırlanaraq nəşr edilməsinə; Beynəlxalq səviyyədə Azərbaycan muğam sənətinin təqdimi və təbliğinə; Azərbaycan muğam sənətinin inkişaf etdirilməsi və milli xüsusiyyətlərinin qorunması proseslərinə davamlı nəzarəti həyata keçirmək məqasədilə müvafiq icra hakimiyyəti yanında daimi fəaliyyət göstərən və yüksək peşəkarları əhatə edən muğam şurasının yaradılması və ardıcıl fəaliyyətinə; Klassik Azərbaycan musiqişünas alimlərinin xarici dövlətlərin kitabxana və arxivlərində saxlanan muğam risalələrinin kataloqlaşdırılmasına, onların orijinallarının, yaxud surətlərinin ölkəyə gətirilməsinə, həmin əsərlərin transliterasiya edilməsinə, əcnəbi dillərdə yazılmış olduğu halda Azərbaycan dilinə tərcümə edilməsinə, bu qəbil əsərlərin sistemli şəkildə tədqiqi və nəşrinə; Azərbaycanın dünya muğam ifaçılığı və muğamşünaslığının əsas mərkəzinə çevrilmıəsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirməyə; Bakı şəhərində dünya incəsənətinin muğamat, makom, məqam, raqa və digər muğam ənənəli musiqisinin tarixini və müasir mənzərəsini əks etdirən və daimi fəaliyyət göstərəcək “Muğam muzeyi” yaradaraq beynəlxalq əlaqələr əsasında onun ekspozisiyasının mütəmadi zənginləşdirilməsinə təminat verir.

– Yəqin ki, muğamın tədrisi ilə bağlı da qanun layihəsində müvafiq maddələr vardır?

– Muğama bir müddət elmi ədəbiyyatda da şifahi ənənəli peşəkar musiqi deyirdilər. Muğam nəsil-nəsil elə şifahi şəkildə ötürülüb, bunda həqiqət var. Lakin ən köhnə əsrlərdən başlayaraq muğamın yazılı ötürülüşü və öyrədilişi ənənələri də varmış. Səfiəddin Urməvinin, Əbdülqadir Marağayinin, Vəhid Təbrizinin, Mir Möhsün Nəvvabın və bir çox başqa musiqişünas alimlərimizin əsərləri buna sübutdur. Bu gün və bütün gələcəkdə muğam sənətinin tədrisinin Azərbaycanda elmi əsaslarla davam etdirilməsi çox önəmlidir. Bu, bütün başqa məziyyətlərindən əlavə muğamın dünyaya çıxışı, başqa musiqi formaları ilə üzvü əlaqələrə girməsi üçün də geniş fəza açır. Ona görə Muğam sənəti haqqındakı qanunun layihəsində — Azərbaycan muğam sənətinin ibtidai, orta ixtisas musiqi məktəblərində, konservatoriya və Musiqi Akademiyasında peşəkar tədrisinin təmin edilməsi; Azərbaycan muğam sənətinin dövlət və özəl musiqi təhsili müəssisələrində öyrədilməsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş tədris proqramları, dərsliklər və dərs vəsaitləri əsasında həyata keçirilməsi; Azərbaycan muğam sənətinin ibtidai, orta və ali musiqi təhsili müəssisələrində tədrisi zamanı Azərbaycan muğamlarının tarixən sabitləşmiş adlanma, quruluş, ifa xüsusiyyətlərinin mühafizə edilməsi; Poeziyanın muğamın ayrılmaz tərkib hissəsi olduğunu nəzərə alaraq Azərbaycan muğam sənətinin tədris proqramında ayrıca əruz vəzni, Azərbaycan ədəbiyyatı və bədii qiraət üçün saatlar nəzərdə tutulması; Azərbaycan muğam sənətinin rəsmi tədrisi zamanı bir qayda olaraq tarixən müəyyənləşmiş standartlara tam uyğun olan Azərbaycan milli musiqi alətlərindən istifadə edilməsi; Azərbaycan muğam sənətinin kütləviliyinin daha artıq təmin edilməsi məqsədilə muğamın digər uyğun mədəniyyət və təhsil təsisatlarında təşkil edilən dərnəklərdə öyrənilişinə şərait yaradılması; Muğam sənətinin zəruri komponenti olan Azərbaycan xalq musiqi alətlərinin istehsalı məqsədi ilə peşə təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə kadrlar hazırlanmasının təmin edilməsi; Dövlət orta ümumtəsil məktəblərinin, litsey və texnikumların, universitet və akademiyalarının, eləcə də eyni qəbildən olan özəl təhsil qurumlarının müvafiq dəsliklərinə Azərbaycan xalqının ümummilli mədəni və mənəvi sərvəti olan muğam sənəti, onun tarixi və mahiyyəti haqqında müvafiq icra hakimiyyəti orqanının təsdiq, ya tövsiyə etdiyi zəruri bilgilərin daxil edilməsi kimi müddəalar əksini tapmışdır.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 2 mart.- S.5.